Məzmuna keç

Pərvanə (Birinci hissə)/II fəsil

Vikimənbə saytından
I fəsil Pərvanə (Birinci hissə). II fəsil
Müəllif: Mirzə İbrahimov
III fəsil


1

Böyük və geniş həyət adamla dolub-boşalırdı. Məmməd Rza bəyin qırxını verirdilər. Həyətin bir küncündə tüstüləyən ocaqların üstündə iri mis qazanlar və tavalar buğlanırdı. Bu qazanlar, bu iri tavalar düyü, ət qovurması, şabalıd və sairə ilə dolu idi... Qaravaşlar və nökərlər ocaqların ətrafında fırlanır, məcməilərə və boşqablara çəkilən plovu üz-gözüylə ara qapıları laybalay açılmış böyük otaqlara daşıyırdılar. Dekabrın axırları olduğuna baxmayaraq yaxşı gün çıxmışdı, hava ilıqdı. Buna görə də Cahan xanım əmr etmişdi, həyətin böyük bir hissəsinə gəbə və kilimlər döşəmişdilər. Baxırdın hey adamdır, bir-bir, iki-bir, bəzən də dəstə-dəstə gəlib oturur, yeyib-içir, ayağa dururdular:

— Allah rəhmət eləsin! Allah əcr versin! — deyib qara geyimli, başına qara yaylıq örtmüş, həm ocaqlara baş çəkən, həm nökərlərə və qaravaşlara göz qoyan, həm də gəlib-gedəni qarşılayıb yola salan Cahan xanıma müraciət edirdilər.