Pərvanə (Birinci hissə)/I fəsil

Vikimənbə saytından
Pərvanə (Birinci hissə). I fəsil
Müəllif: Mirzə İbrahimov
II fəsil


Keçən əsrin (1) əvvəllərində rus çar ordusunun ilk azərbaycanlı zabitlərindən olan Məmməd Rza bəy hələ dünyaya gəlməmiş atasının adını ona vermişdilər və bunun da maraqlı-dramatik bir tarixi vardı...

O, varlı ailədən idi. Ata-babası Qazax mahalının məşhur bəylərindən olmuşdu. Silah tutmaqda, qoçaqlıqda ad çıxarmışdılar. Öz zəmanələrinə görə dini kitablardan, mollaxana təhsilindən başqa bir şey oxumamış olsalar da, gözüaçıq və ayıq adamlardı. Həyat isə onları ictimai-siyasi mübarizələrin girdabına atmışdı. Atası Məmməd Rza bəy 1795-ci ilin sentyabr ayında Tiflisin müdafiəsində böyük şücaət göstərmiş, Ağa Məhəmməd xan Qacarın qoşunlarına qarşı vuruşlarda ad çıxarmışdı. Onun igidliyi dost və düşmən dillərdə dastan olmuşdu. Məhz buna görə də amansız müstəbid Tiflisi fəth edib əhalisini qılıncdan keçirdiyi zaman Məmməd Rza bəydən amansız intiqam almışdı. Bu barədə xalq arasında, xüsusən Rza bəyin qollu-qanadlı böyük nəslinin dilində çoxlu rəvayətlər dolanırdı. Bu nəslin ağsaqqalları və ağbirçəkləri həmən rəvayətləri xüsusi diqqətlə qoruyub saxlayır, nəsildən nəslə verir, öz babalarının qəhrəmanlığı ilə fəxr edirdilər. Nağılların və əfsanələrin cazibədar rəngləri ilə aşqarlanmış bu rəvayətlərdən birini elə bir inamla və hərarətlə yadda saxlayıb danışırdılar ki, onun sözsüz, danışıqsız həqiqət olduğuna bir tikə də şübhə etmədikləri bilinirdi. Bu rəvayətə görə Ağa Məhəmməd Qacar Tiflisin sağ salamat ələ keçmiş müdafiəçilərindən bir dəstəsini hüzuruna gətirməyi əmr edir. Bu dəstənin içində Məmməd Rza bəy də varmış. O, şümşad boyu, şəstli görkəmi, qartal baxışları ilə min adamdan seçilirmiş, onun bu dünyada qorxub çəkindiyi bir qüvvə yox imiş.

Əsirləri qaranlıq zirzəmidə xüsusi qarovul altında saxlamışdılar. Məmməd Rza bəy bütün gecəni yatmayıb diş-dırnağı ilə zirzəminin divarlarını söküb yoldaşlarını xilas etmək istəyir. Lakin mümkün olmur. Qarovul başçısı onların qaçıb qurtarmaq təşəbbüsünə gülüb deyir:

— Ay bədbəxtlər, bu cür zindanı uçurmaq bəni-adəm işi deyil. Ömrünüzdən bircə gecə qalıb, yatın, dincəlin, özünüzə əziyyət verməyiniz nahaqdır. Onsuz da səhər Ağa Məhəmməd xan sizə elə bir işgəncə verəcək ki, anadan əmdiyiniz süd burnunuzdan gəlib töküləcək. Sonra da diri-diri sizi divarın içinə qoyub hördürəcək!..

Əsirlərin bəzisini əsmə tutur, bəzisinin üzünün qanı qaçır, rəngi kağız kimi ağarır. Hətta qəşş edib özündən gedənlər də olur. Lakin Məmməd Rza bəy bir neçə özü kimi qoçaqla çiyin-çiyinə verib qarovul gözətçisinə deyir:

— Mənim bu sözlərimi Ağa Məhəmməd xana çatdırın: heyif olsun ki, dava meydanında onunla üz-üzə gəlmədim, onda bilərdi ki, analar necə oğullar doğub! Onu da deyin ki, heç bir zülm yerdə qalmayıb. Mən min-min ürəkdən onun sinəsinə uzanmış intiqam xəncərini yaxşı görürəm. O xəncərlərdən birinin o qara sinəni necə deşdiyini, inşallah, övladlarımız görəcək!..

Bu sözləri Qacara çatdırırlar. O, Məmməd Rza bəy haqqında bir kəlmə də olsa, danışmayıb bu cür pis xəbər gətirməyə cəsarət etmiş qarovul başçısını zindana atmağı əmr edir. Əsirləri qolları bağlı halda onun hüzuruna gətirəndə isə Məmməd Rza bəyi soyuq qılınc kimi parlayan ala gözlərindən, şəstli qamətindən tanıyıb:

— Açın bunun qollarını! — deyib və bir anda qandaldan azad olmuş Məmməd Rza bəyə baxıb əlavə edir: — Sən dava meydanında mənimlə üz-üzə gəlməyinə heyifsilənmisən. Mən də ona heyifsilənirəm ki, bu qamətin, bu cəsarətin cahibi mənim düşmənlərimin cərgəsindədir. Səni din qardaşlarına qarşı qılınc çəkməyə vadar edən nədir?

Məmməd Rza bəy bir addım irəli ataraq bütün vücudu ilə köklənmiş tar simi kimi gərgin vəziyyət alıb deyir:

— Sənin tökdüyün günahsız qanlar! Sənin zülmün!

Qacar bağırsaqlarını doğrayan bir sancıdan qıvrılır kimi üz gözünü büzüşdürür, qeyri-ixtiyari bir hərəkətlə az qalır Məmməd Rza bəyin boğazından yapışsın. Lakin özünü ələ alıb deyir:

— Mən binamus, biqeyrət dərəbəylərin əlində parçalanıb didilən böyük bir ölkəni, qədim bir səltənəti yenidən diriltmək istəyirəm. Bu, Allahın əmri ilə olan ədalətli bir işdir!..

Məmməd Rza bəy təmkin və iradəsini itirmədən qanlı hökmdara cəsarətlə cavab verib deyir:

— Sənin ədalətdən danışmağa haqqın yoxdur. Cən ədalət bayrağını yerlə-yeksan etmisən. Bircə il əvvəl Kirman şəhərinin günahsız uşaqlarını, köməksiz arvadlarını insaf və mürüvvət bilməyən əsgərlərə qul kimi bağışlayan sən deyilsənmi? Sənin hansı əməlin Allaha xoş gedəcək? Haman Kirman şəhərində iyirmi min kişinin gözünü çıxartdıran sən deyilsənmi?! Ədalət sözü sənin dilini yandırmalıdır!

Fərraşlar, başqa qulluqçular bu sözləri eşitdikləri üçün dəhşətdən titrəyirdilər. Hökmdara sədaqətlərini göstərmək üçün onlar Məmməd Rza bəyin üstünə yer-yerdən qılınc çəkdilər, az qaldılar bir anda onu tikə-tikə edələr. Qacar əlinin bir işarəsi ilə onları çəkilməyə, qılıncları qınına salmağa məcbur etdi. Özü isə qəzəb və maraq içərisində donaraq əcaib bir məxluqa baxar kimi gözlərini cəsarətli döyüşçüyə dikib baxdı. Deyirlər ki, hakimiyyət qılıncını əlinə keçirdiyi gündən o heç kəsdə bu cəsarəti görməmişdi. Birinci dəfə belə sözlər eşidirdi. Bu sözləri deyən adama qarşı ürəyində qəribə bir maraq oyanmışdı. Sanki ovsunlanmış kimi nə etdiyini bilmədən o, hakimiyyətinə, qanlı təbiətinə, xəstə mənlik duyğusuna zidd olan bu söhbəti, bu əcaib mübahisəni davam etdirirdi:

— Kirman əhlinə bu da azdır! Onlar nə cəsarətlə mənim dədə-baba düşmənim Lütfəli bəy Zəndə öz şəhərlərində sığınacaq vermişdilər?!.

— Yazıq kirmanlılar nə edə idilər? Lütfəli bəy Zənd də sənin kimi bir yırtıcı idi! Onların əlindən nə gələrdi?!

Qacar hansı bir fikrin təsirindənsə bir an sarsılan kimi olur. Deyirlər ki, guya iki bir-birinə zidd duyğu — qəzəb və qorxu hər ikisi birdən onun varlığını bürüyür: qaranlıq mağara kimi vahiməli, zülmət gecəyə bənzər üzünün dəyişən ifadələri Məmməd Rza bəyi didib-parçalamaq istədiyini bildirirdisə, titrəyən əlləri və səsi onun qabağında qeyri-iradi olaraq özünə bəraət qazandırmağa çalışdığını bildirirdi:

— Mənim yerimə Zənd tayfasından kim olsaydı, Kirmanda nəfəs çəkən bir ins-cins qoymazdı qalsın! Məni amansızlığa onlar öyrədiblər! Heç bilirsənmi onlar mənim başıma nə gətiriblər?! Bəli, kim mənim yerimə olsaydı, insan qanı ilə dəstəmaz alar, yediyi çörəyin xəmirini insan qanında yoğurardı. Haqdan qorxmasaydım, mən çox şeylər edərdim!

Burada Məmməd Rza bəy acı-acı gülərək demişdir:

— Haqqa bax! Ədalətə bax! Sənin adın gələndə haq deyən dillər lal olur. Həqiqət üçün açılmış gözlər işığını itirir! Doğrudan da Allah-taala dünyada insandan əcaib məxluq yaratmayıb. Xirtdəyə qədər qan içində olan bir cəllad insanlıqdan dəm vura bilərmiş!..

Ağa Məhəmməd Qacar sərxoşluq yuxusundan ayılar kimi silkələnir, qeyri-ixtiyari olaraq əli xəncərin qəbzəsinə gedir. O çığırmaq istədiyi halda boğuq bir xırıltı ilə deyir:

— Aparın! Bunun dili çox uzundur! Gözləri isə soyuqdur, adamın canına üşütmə salır!..

Cəlladlar Məmməd Rza bəyi və yoldaşlarını aparırlar. Əvvəlcə onun dilini kəsir, sonra odda qızarmış millərlə gözlərini çıxardırlar və nəhayət, divarın arasında qoyub hörürlər.

Bu hadisə baş verdiyi zaman onun arvadı hamilə idi. İki ay sonra oğlan doğdu. Atanın adını qəsdən uşağa verdilər. Yəni Məmməd Rza bəy ölməyib yaşayır. Gecə-gündüz uşağın qundağına pıçıldadılar: atan kimi ol! Atanın qisasını al! Guya bu nəsildə müstəbidlərə nifrət müqəddəs bir vəsiyyət kimi atalardan oğullara, analardan qızlara keçməli imiş! Lakin ağsaqqal və ağbirçəklər bilmirdilər ki, bu nəslin özü də getdikə haçalanacaq, öz içindən içindən heç bir istibdadla barışmayanlar yetirdiyi kimi qəddar müstəbidlər də, insaf və mürüvvətdən məhrum adamlar da yetirəcəkdir.

İkinci Məmməd Rza bəy də böyüdükcə şəstli, gövdəli bir kişi oldu. İri ala gözləri, qartal baxışları, boy-buxunu göstərirdi ki, irsiyyət qanunu bu nəslin toxumunda möhkəm kök salıb və bütün pozulmaz əbədi qüvvəti ilə özünü büruzə verir. Xasiyyət etibarı ilə də, yəni qanlı-qadalı müstəbidlərə soyumaz nifrətdə də o, atasına çəkmişdi. Bu isə hər şeydən qabaq mühitin, tərbiyənin təsiri idi. Məmməd Rza gözünü açan gündən o zamankı İranı, Azərbaycanı, Gürcüstanı bürmüş dərəbəylik davaları, xanlıqlar arasındakı çəkişmələr, Qacarın Tiflisə və Şuşa qalasına yürüşləri, qarətləri, yanğınlar, sürgünlər, nizə və xəncər davaları, qorxaqlar və qoçaqlar barədə nəhayətsiz nağıllar, əhvalatlat rəvayətlər eşitmişdi. Onu xüsusən İran feodallarına və hakimlərinə düşmənçilik ruhunda tərbiyə etmişdilər. Uzun qış gecələrində buxarının dibində, ulduzlu yay axşamlarında eyvanda anasından, nənəsindən, bibilərindən və xalalarından eşitdiyi fərraşların, qoşun sərkərdələrinin, töycü yığanların, dərəbəylərin amansızlığı, filankəsin evinə basqın etməsi, filan çöldən naxırı və qoyun sürülərini çəkib aparması, filan kəndi çapıb talaması barədəki hekayətlər olardı. Yaşa, boya-buxuna dolduqca hekayətlər onun ürəyində kök atır, Qacarı yetirmiş mühitə qarşı nifrət oyadırdı. Bu nifrət bütün ailəni, bütün nəsli başqa bir yerdə özünə arxa, söykənəcək axtarmağa vadar edirdi. Bu söykənəcəyi onlar o zaman artıq Qafqazda öz mövqelərini bərkitməkdə olan rus hərbi dairələrində tapırdılar. Bu dairələrin özlərinə sadiq tərəfdarlar toplamaqda göstərdiyi həssaslıq, dərindən düşünülmüş incə rəftar, mehriban insani əlaqələri amansızlıqdan və hərc-mərclikdən cana gəlmiş adamları ahənrüba kimi özünə çəkirdi.

Məmməd Rza bəyin İran hakimlərinə və feodallarına nifrətini sönməyə qoymayan, daim alovlandıran yalnız eşitdikləri deyil, daha artıq gözü ilə gördükləri idi. On yaşı ola-olmaya ömrü boyu unutmadığı bir fəlakətin şahidi oldu. Bu, elə dəhşətli, elə ağır bir fəlakət idi ki, aylar, illər gəlib keçir, günlər böyük qala divarlarına hörülən kərpic kimi onun ömrünə qalaqlanırdı, lakin bu fəlakəti bir zərrə də kölgələndirə bilmirdi. O gün o hadisə, o fəlakət hafizəsinə əbədilik həkk olub qalmışdı...

...1805-ci ilin baharı idi. Günəş qızır, sular oynayıb daşır, ağaclar pöhrələnir, çəmənlər yaşıllaşır, dağlarda gül-çiçək açılmağa başlayırdı. Yer üzün işıqlandıran, insana səadət vəd edən bir bahar gəlmişdi. Kəndlərdə cavan qızların barmağına üzük taxır, nişan aparır, əllərə xına qoyurdular. Lakin üzlər həmişəki kimi gülmürdü, gözlərdə həmişə olan sevinc və şadlıq yoxdu. Əksinə, nişan taxanlar da, taxmayanlar da, əli xınalılar da, xınasızlar da nigaran idi, kədərli və fikirli görünürdülər. Heç kəsdə bu gündən sabaha arxayınlıq yox idi. İnsanlar gecə yatanda bilmirdilər ki, səhər sağ-salamat açılacaq, ya yox, ev-eşiyini abad görəcək, yoxsa bərbad, qonum-qonşunu evində tapacaq, yoxsa sürgündə... Sanki nagahani, gözlənilməz bir tufan hər dəqiqə, hər an adamların başının üstünü ala bilərdi. Xüsusən burada — Məmməd Rza bəyin ata-baba yurdu Qazax mahalında bu tufan daha dəhşətli və qorxulu olacaqdı. — O, Qazaxdakı çalxalanan iki dəryanın arasına düşmüşdü. Sağ sahilini bir dərya döyəcləyirdi, sol sahilini o biri dərya. Bir yanında narahat halda Gürcüstan çırpınırdı, o biri yanında Azərbaycan!

Bu dəryadakı fırtına yatmaq bilmirdi, yatmayacaqdı, çünki şimalın soyuq küləkləri ilə cənubun isti yelləri burada rastlaşır, toqquşur və bu fırtınanı yeni qüvvətlə coşmağa məcbur edirdi...

Məmməd Rza o dövrün keşməkeşləri barədə hələ uşaq ikən başqalarından deyil, qohumlarından eşidir və ağır faciələri gözü ilə görürdü. O zaman yalnız Azərbaycanda yox, bütün Qafqazda qarışıqlıq idi. General Sisianovun komandanlığı altında çar qoşunları bir-birinin ardınca xanlıqları özlərinə tabe olmağa məcbur edir, ağır şərtləri onlara qəbul etdirirdilər. O biri tərəfdən də İranda taxt-tacı əlinə keçirmiş Fətəli xan xanlıqkara təzyiq edir, onların ruslara yaxınlaşmalarını casuslar və xüsusi elçilər vasitəsilə hədələyir, vədlər verir, öz ağalığı altına qaytarmağa çalışırdı. Fətəli xan Ağa Məhəmməd Qacarın qardaşı oğlu idi. Müstəbidlikdə və qan içməkdə onun səviyyəsinə qalxa bilməsə də, ağılsız siyasətdə və gələcəyə baxa bilməməkdə ondan geri qalmamışdı. O öz xarici siyasətini gah ingilislərin hiylə ilə, riyakarlıqla dolu yalançı vədlərinə və təhriklərinə, gah da Napoleon Fransasının tez-tez dəyişən, sabitlik bilməyən fütuhatçı siyasətinə tabe edir, ərazi qonşusu olan qüdrətli bir xalqla ağıllı, ölçülüb-biçilmiş münasibətlər yaratmağa çalışmaqdansa, onunla əlaqələrini pisləşdirir, avantur mahiyyətli qədəmlər atırdı. Hər belə qədəmdən sonra da böyük ərazi və siyasi itkilərlə geri çəkilməli olurdu.

Fətəli şahın oğlu Abbas Mirzə o zaman Azərbaycan üzrə şahın vəliəhdi idi. Təbriz şəhəri ona daimi iqamətgah olmuşdu. Dövlətin Azərbaycanda və bütün Qafqazdakı siyasətini yerinə yetirməkdə bu qızğın şahzadə böyük rol oynamışdı. Həmən siyasətin real vəziyyəti və həqiqi imkanları nəzərə almadığını onun facianə nəticələri aydın göstərirdi. Lakin nə Fətəli şah və onun əyanları, nə də başında ağıldan çox hərarət olan oğlu Abbas Mirzə bunu görəcək halda deyildilər... Siyasət hər şeydən qabaq elmdir və hər bir elm kimi o da hər şeydən əvvəl ağıl və düşüncəyə əsaslanmalıdır. İstər İran dövlətinin siyasətini müəyyən edən Fətəli şahın, istərsə bu siyasəti yerinə yetirməkdə canfəşanlıq göstərən Abbas Mirzənin hərəkətlərində ağıldan artıq havayı həvəsin təsiri görünməkdə idi. Kor bir ədalətin hökmü ilə dövlətin siyasətini qələm yox, Qacarın amansızcasına başları bədənindən qoparan qılıncı müəyyən etməkdə idi. Bu qılınc isə çoxdan korşalmışdı. Taleyran və fuşelərin məsləhəti ilə şəkildən-şəklə düşən Napoleon siyasətinə, Avropa elmi fikrinin yaratdığı döyüş sursatına qarşı dura bilmirdi, silahsız və köməksiz adamların başını isə asanlıqla bədənindən qopara bilirdi...

Məmməd Rza bəyin yeganə əmisi Xosrov bəyin də uca və dik başını qoparan bu korşalmış qılınc oldu!

Xosrov bəy qardaşının facianə ölümündən sonra böyük bir nəslin içində salamat qalmış əli qılınc tutan yeganə başıpapaqlı idi. Yerdə qalanlar — beli bükülmüş qocalar, körpə uşaqlar və bığ yeri tərləməmiş yeniyetmələr idi. Bütün bu nəsil gözünü Xosrov bəyə dikmişdi, onun köməyi və məsləhəti ilə yaşayırdı. Xosrov bəy qardaşı kimi cəsur və mübariz olamasa da, qorxaq da deyildi. Tədbirdə və təmkində isə ondan artıq ad çıxarmışdı. O, məişətdə də, siyasətdə də özünü ifrat hərəkətlərdən gözlərdi. Buna baxmayaraq, onu da el arasında təzə cərəyanların tərəfdarı kimi tanımışdılar. Onun gürcülər və ermənilər arasında yaxşı dostları vardı. Onlar Qarayazı meşəsinə ova, Dilcan yaylaqlarına səyahətə çıxanda mütləq Xosrov bəyin qapısında ayaq saxlar, onun evində qonaq qalar, süfrəsi başında duz-çörək yeyərdilər. Rus hərbi qulluqçularının da yolu bu tərəfə düşəndə hörmətlə Xosrov bəyin qapısını açar, hədiyyələrlə evinə girib hədiyyələrlə də gedərdilər...

1805-ci ilin yazında Abbas Mirzə Qarabağ xanlığının mərkəzi Şuşa qalasına müvəffəqiyyətsiz yürüş edib sayca özündən çox-çox az olan polkovnik Qaryaginin dəstəsinə qalib gələ bilmədi. Geri qayıdıb Gəncə qalasını almaq istədi. Orada da müvəffəqiyyətsizliyə uğradıqda Dilcan yolu ilə İrana keçmək üçün üzünü Qazağa tərəf tutdu. Qazaxlıların Fətəli şahı tanımaq istəmədikləri Abbas Mirzəyə məlum idi. Buna görə də onlara hələ çox-çox əvvəlcədən xəbər göndərmişdi ki, bu fikirdən daşınsınlar, Allahın yoluna gəlsinlər və qanuni İran dövlətinə tabe olsunlar: "Əks halda mal-heyvanınızı, var-yoxunuzu qarət edib arvad-uşağınızı əsir aparacağam!" Bu təhdit və hədə-qorxu Qazax camaatının heysiyyətinə toxunaraq qəzəbinə və əks cəbhə ilə əlaqəni möhkəmləndirməsinə səbəb olmuşdu. Abbas Mirzənin Qazağa tərəf gəldiyini, yol boyu camaata əziyyət verdiyini, mal-heyvanı çəkib nə qarnı, nə də gözü doymayan əsgərlərinə yedirtdiyini eşidən qazaxlılar özlərini və əmlaklarını müdafiə üçün xüsusi silahlı dəstələr düzəltmişdilər. Əlbəttə, Xosrov bəy nə qədər ehtiyatlı və təmkinli olsa da, belə gündə mübarizədən kənarda qala bilməzdi. O da bu dəstələrə başçılıq edən, ağıllı müdafiə mövqeləri seçməkdə və tədbirli hərəkət etməkdə onlara məsləhətlər verən beş-üç nəfərdən biri idi. Məhz bu ağıllı tədbirlərin və təşkilatın sayəsində Qazax silahlı dəstələri şahzadə Abbas Mirzənin nizamlı əsgərlərini qaçmağa məcbur etdi. Qazaxlılar çoxlu qənimət ələ keçirdilər.

Lakin bu qələbə zamanı Xosrov bəyin taleyi uğursuz çıxdı. Döyüşün qızğın yerində Abbas Mirzənin qoşunlarından böyük bir dəstə Xosrov bəy olan səngərlərə soxuldu. Qırdıqlarını qırdılar, bir neçə adamın da ağzına dəsmal basaraq gözlərini və əl-qolunu bağlayıb, atların tərkinə atıb qaçırtdılar. Xosrov bəy də bunların içində idi. Deyirdilər ki, qaçıb Qazaxdan uzaqlaşaraq Dilcan dağlarına çıxanda Abbas Mirzə əsirləri dindirmiş, Xosrov bəyi tanıdıqda əmisi qacarsayağı ondan intiqam almışdı: onun başını nizəyə taxıb yolun qırağındakı qayadan asmış və üstünə yazmışdır: "Qazaxlılar, hamınız üçün belə bir gün var!.."

Gənc Məmməd Rza bəy bu hadisəni xatırlayara deyərdi: "Qardaş! O gün ki əmimin nizəyə taxılmış başını gördüm, o gün bütün dünyayi-aləm başıma fırlandı. Onda and içdim ki, böyüyəcəyəm, atamın və əmimin yolu ilə gedəcəyəm!"

Elə o zaman rus komandanlığı Xosrov bəyin ailəsini və qohumlarını öz himayəsi altına aldı, onlara xüsusi qayğı göstərməyə başladı. Məmməd Rzanı Tiflisə, oradan da Petroqrada oxumağa apardılar. O, iyirmi iki yaşında rus ordusunun zabiti olaraq Qafqaza qayıtmışdı. Məmməd Rza bəy bir müddət Qafqaz hərbi dairəsində işlədi, sonra Qazax mahalına naçalnik təyin olundu. Nə Petroqrad, nə də Avropa təhsili onu dədə-baba mühitini bir sıra təsirlərindən azad edə bilməmişdi: o, üç dəfə evlənmişdi, həm də bir arvadı o birinin üstünə almışdı. Hürü xanım onun əlli beş yaşında evləndiyi üçüncü arvadı idi. O zaman Hürü xanımın on altı yaşı vardı. Adi, yoxsul bir kəndli qızı idi. Lakin çox gözəldi. Çöllərin ortasında bitən qırmızı lalə kimi kəndin bütün qız gəlinindən seçilirdi. Onu bir görən çətin ki, ikinci dəfə dönüb baxmaya idi. Nazik, incə beli, gözəl gərdəni, mərmər kimi ağ sinəsi, ağ üzündə şölələnən qara gözləri, qara qaşları və qara buruq telləri ilə o, qüdrətdən yaranmış bir afət idi. Bu afətə çoxları vurulmuşdu. Lakin o heç kəsə könül vermədiyi kimi, ata-anası da heç kəsə "hə" demirdi: "Allahın könlü olanda bunu yaradıb. Belə məxluqun ürəyinə dəymək, istəmədiyinə vermək günahdır!"

Atası Babaş kişi elçiləri belə yola salırdı. İki arvadı, hər arvaddan bir-iki uşağı olan Məmməd Rza bəy əlli beş yaşına çatmış olsa da, çox gümrah qalan, ruhuna da, canını da cavan saxlayan kişilərdən idi. O, Hürünü görən kimi: "Alacağam!" — dedi. Onun şəstli qaməti zabit paltarında bir az da təsirli idi. Hürünün xoşuna gəlmişdi. Xüsusən paqonları onu gənc qıza dağ kimi əzəmətli göstərmişdi. Ona getməyə razılıq vermişdi.

Yaxşı yaşamışdılar. Məmməd Rza bəy Hürünü o qədər sevmiş, ona elə əsir olmuşdu ki, aylarla o biri iki arvadına — Cahan xanıma və Afəridə xanıma baxmırdı. Buna görə də onlar Hürüyə ata-baba düşmənlərindən artıq nifrət bəsləyir, gecə gündüz ona nifrin deyirdilər.

Xüsusən artıq solmağa başlamış, lakin həvəsdən düşməmiş hökmlü-hikkəli böyük arvad Cahan xanım hazır idi ki, Hürünün tükünü bir sərçə kimi didsin. O öz nifrətini gah göz yaşları ilə, gah da qəzəb və kin dolu sözlərlə ailənin böyük oğlu Xaspolada bildirir, onun ürəyində bu gözəl göyərçinə qarşı nifrət oyadırdı:

— Atan elə eşqə düşüb, elə alışıb-yanır ki, cilovunu verib onun əlinə. Biz heç, biz bədbəxtik. Mənim sizə — uşaqlara yazığım gəlir. Bu bal pətəyi qız da doğsa, oğlan da, atan varını-yoxunu verəcək ona!

Evin böyük xanımı bununla da kifayətlənməyib Hürünün gəlin gəldiyinin üçüncü ayı söz buraxmışdı ki, o, Məmməd Rza bəyi məcbur edib vəsiyyətnamə yazdırıb. Bütün əmlakını hələ dünyaya gəlməmiş "küçüyə" vəsiyyət elətdirib!

Beləliklə, hekayəmizin qəhrəmanı Sahib hələ ana bətnində ikən ona qarşı bacı və qardaşlarının ürəyində nifrət qaynayırdı. Xüsusən Xaspolad hazır idi ki, onu Hürünün qarnından çıxarıb tikə-tikə doğrasın! Lakin Hürü xanım günülərinin nifrətindən, dedi-qodusundan uzaq idi. Bu nifrətin alovu ona gəlib çatmırdı. Məmməd Rza bəy öz qaya vücudu ilə bu alovun qabağını kəsmişdi və "ağ göyərçin"i "qara qarğalar"dan diqətlə qoruyurdu. Hürü səadət içərisində nazlanır, yaşına, gözəlliyinə məxsus şirin və hər cür qeydlərdən azad bir həyatla yaşayırdı. Bu zamanlar rus-türk müharibəsinin qızğın çağı idi. Nə Hürünün, nə də Məmməd Rza bəyin gözləmədiyi halda bu müharibənin alovları onların həyatını qarsdı. Məmməd Rza bəyi cəbhəyə göndərdilər. Hürü taleyin gözlənilməyən bu zərbəsindən elə sarsıldı ki, günlərlə evdən çölə çıxmadı, nökərlər və qaravaşlarla danışmadı. Eyvanda oturub gözünü uzaq üfüqlərə tutaraq Məmməd Rzanın yolunu gözlədi.

Bir neçə ay sonra Məmməd Rzanın özü yox, "vay" xəbəri gəldi. O, 1855-ci il noyabrın 16-da Qars uğrunda döyüşlərdə həlak olmuşdu...

Günülər də, qaravaşların və nökərlərin çoxu da belə düşünürdülər ki, bu xəbəri eşitsə, Hürü xanım dəli olacaq. Lakin o, dəli olmadı, hətta o biri arvadlar saçını yolub üz-gözlərini didərək həyətdə həşir-qiyamət qopardıqları halda o, heykəl kimi lal-dinməz otağına çəkildi, uzun müddət tək qaldı. Yalnız ana və atası gələndə onların qolları arasına yıxılıb həzin-həzin ağladı... Ölənin nəinki qırxı, heç üçü də çıxmamış günülər arasında onun varidatını bölmək barədə pıç-pıç başlandı, vərəsə söhbəti ortalığa çıxdı. Məmməd Rza bəyin o biri arvadları əl altından otaqlara əl gəzdirir, xalçaları və daş-qaş olan mücrüləri gecə qaranlığında ora-bura itirir, qohumlarının evində gizlədirdilər. Vərəsə bölgüsü ölü yerinə gəlib-gedənlərin də dilini geyişdirirdi. Hansı evin kimə çatacağı, torpaqların və mal-qaranın necə bölünəcəyi, hansı arvadın qiymətli daş-qaşlara sahib duracağı barədə pıç-pıç kəsilmiridi. Günü arvadların qohumları bir-birini düşmən gözlələ izləyir, bir-birinə nifrəti gizlədə bilmirdilər. Yalnız Hürü xanım və onun ata-anası bu söhbətlərdən, bu pıç-pıçdan kənar idi. Yuxarıda, eyvanlı otaqlarda ağır matəm içində dərdə-qəmə dalaraq səslərini çıxarmırdılar. Bircə dəfə atası Babaş kişi aşağı mərtəbədəki geniş və böyük zala endi, hüzür yerinə gəlib-gedənlərin arasında əyləşdi. Yarım saatın ərzində günülərin qohumları az qaldılar kişini gözləri ilə didib-dağıdalar. Pıç-pıçları da ki qulağını deşirdi. Ömrünü əkinçilikdə, rəncbərlikdə keçirmiş qoca kəndçi elə bildi ki, onu havasız, işıqsız bir zirzəmiyə salıb boğurlar. Təsvirə gəlməz bir ikrah hissi ilə durub yuxarı qalxdı, arvadının sualedici gözlərinə baxıb yavaşca dedi:

— Cəhənnəm olsun belə var da, belə dövlət də! Adamlarda adamlıq qoymayıb, ora toplananlar elə bil ki, qarğa-quzğundur, leşə yığılıblar...

Vərəsə üstündə xüsusilə Cahan xanım əldən-ayaqdan gedirdi: o, ərindən sonra bütün var-dövlətə yiyələnmək, evin də, çölün də ixtiyarını əlinə almaq fikrində idi. Belə hesab edirdi ki, baş hərəm kimi, uşaqların içində hamıdan böyük olan Xaspoladın anası kimi buna haqqı var. Əslinə baxanda, Cahan xanım çox bacarıqlı arvad idi. On belə mülkü, belə ailəni və varidatı idarə edə bilərdi. Onun hikkəli-hökmlü xanım olduğunu, dünya işlərindən baş açdığını, təsərrüfatı bacarıqla idarə etdiyini nökərlər va qaravaşlar yaxşı bilirdilər. Hələ ərinin sağlığında o, işlərin çoxunu yığıb-yığışdırıb əlinə almışdı. Dağda mal-qaranın, bağda və tarlada məhsulatın miqdarını, ağacların sayına qədər illik gəlirini ərindən yaxşı bilirdi. Buna görə də mərhum bu cür işlərə o qədər də qarışmaz, günlərinin çoxu dövlət qulluğunda keçdiyi üçün Cahan xanıma arxayın olardı, onun hər cür ədalarına dözərdi ki, işləri yoluna versin. Yəni Cahan xanım onun için bir arvad yox, bir təsərrüfat müdiri olaraq daha qiymətli idi...

Ərinin "vay" xəbəri gələn kimi hır ehtimala qarşı ehtiyatlı tərpənib evin bəzi qiymətli şeylərini gizlədən Cahan xanım bir müddət sonra ayılıb özünə gəldi və başa düşdü ki, vərəsə bölgüsü barədə söhbət açmaq onun zərərinədir. Yaxşısı budur, indi ixtiyaratı əlinə alsın, evi idarə etsin. İkinci günüsü Afəridə xanım saman altından su yeridən olsa da, qorxaqdı, bərkdə əli yoxdu və Cahan xanımın hökmündən çıxa bilməyəcəkdi. Bir-iki il onun güzəranını əri zamanında olan kimi təmin edər, sonra yavaş-yavaş cirəyə salar və get-gedə cirəni azaldar, axırda da dığladıb öldürər, ya da evdən qovub didərgin salar. O vaxta qədər Xaspolad da böyüyər, yaşa dolar, ərsəyə çatar və anasına arxa olar. Namxuda, zirəkdir: boylu-buxunludur, heç kəsə aman verən deyil! O ki yekə kişi oldu, atasının yerini tutdu, ondan sonra gəlsin görüm kim bizimlə vərəsə davası çəkəcək!..

Cahan xanım Hürü sarıdan da o qədər narahat deyildi. Bu fikirdə idi ki, ərinin qırxını verəndən sonra ovcuna bir dilənçi payı atıb dalından dəyər, atası evinə yola salar. Doğrudur, Cahan xanım onun barəsində fikirləşəndə köhnə yaraları qövr eləyirdi, az qalırdı, ürəyi partlasın. Hürü hələ də nəzərində bir afət, bir cadugər idi ki, əlli beş yaşında kişinin ağlını başından çıxararaq onu Məcnuna döndərmişdi. Mümkün olsaydı, Cahan xanım öz əlləri ilə bu cadugəri boğardı. Uf deməzdi! Bu barədə düşünəndə Cahan xanım ərinin ölməyinə Allah əmri kimi baxır və sevinirdi; sevinirdi ki, vaxtında getdi, bir az da qalsaydı, təzə qancığı küçükləyib həyəti uşağınan dolduracaq və diri ikən kişidən vəsiyyətnamə alıb bütün var-yoxuna sahib olacaqdı! (Ərinin var-dövləti Hürü xanıma vəsiyyət etməsi barədə bu zaman buraxmış olduğu şayiələrə Cahan xanım artıq inanmırdı.) İndi əri ölüb getdiyi, Hürü xanımın sahibsiz inək kimi tək-tənha gəzdiyi bir zamanda onu rahatca başdan eləmək olardı. Bu barədə düşünərək Cahan xanım qaibanə surətdə ona müraciət edib deyirdi: "Sənin lələyini elə didəcəyəm ki, ay göyərçin, olacaqsan islanmış cücə!.."

İzahlar[redaktə]

  • 1 — XIX əsr nəzərdə tutulur.