Məzmuna keç

Padşah və bağban

Vikimənbə saytından
Padşah və bağban
Müəllif: Seyid Əzim Şirvani


Sübh bir padşah oldu səvar,
Edibən sürət ilə əzmi-şikar.
Şəhrdən çıxdı ol fələkmiqdar,
Oldu bir mərdi-bağbanə düçar.
Rəm qılıb bağbandan ol heyvan,
Yerə atdan yıxıldı şahi-cahan.
Şah qəzəblə çağırdı fərraşın,
Dedi: - Al tiği, kəs bunun başın!
Ağlayıb söylədi o zarü fəqir:
Nədir ey şah, bəndəyə təqsir?
Buyurub: - Çünkü şum adəmsən,
Səni görcək yıxıldım atdan mən.
Dedi: - Ey şah, mən dəxi bu səhər
Görmədim səndən özgə bircə nəfər.
Məni görcək yıxıldı şahi-cahan,
Leyk bir üzvü tapmadı nöqsan.
Sən nə gör şumsən, özündən utan,
Qətlimə qıldın axırı fərman.
Görməsəydim əgər bu didarı,
Olmaz idim əcəl giriftarı.
Xoş gəlib şahə ol zərif kəlam,
Ona şəmşirin eylədi ənam.
Deyib əhsəntü bu kəlamə ki, sən
Gənci-göftari-nəqzə məhrəmsən.
Ey zəban, ey kilidi-gənci-süxən,
Sən gahi gənc, gahi əjdərsən.
Gah sən zəhrü, gah şəkkərsən,
Gahi marhəm, gahi çü neştərsən.
Mənə hər nə bəla olur hadis,
Ona sənsən zəmanədə bais.