Peyğəmbər (Hüseyn Cavid)/Hicrət
←Dəvət | Peyğəmbər. Hicrət Müəllif: Hüseyn Cavid |
Nüsrət→ |
Eyni şəhərdə məzarlıq. Kənarda bir evciyəz, iki-üç xurma ağacı. İkindi çağı... Ev sahibi Səid təlaş ilə gəlir, qapıyı şiddətlə çalar. Qapı açılır. Onun 30 yaşını keçməyən qarısı – Xəttab qızı qarşısına çıqar.
X ə t t a b q ı z ı
Səid, yüz-gözünü saran
Bu təlaş niçin, əcəba?
S ə i d
Əhd etdi qardaşın əl’an
Dəhşətli bir qurultayda...
Sükut...
X ə t t a b q ı z ı
Aman, nədir əhd etdiyi?
Bu təlaş, bu susmaq niçin?
S ə i d
Xəttab oğlu and içdi ki,
Peyğəmbəri məhv eyləsin!
X ə t t a b q ı z ı
(sarsılmış və qorqulu)
Ah, bu qorqunc xəbər bəni
Bir yıldırım kibi vurdu.
Tanrı qurutsun əlini
Yoq, o artıq pək qudurdu!
S ə i d
Bilsə hələ sən də, bən də
O dinə iman etmişiz;
Hiç sağ bıraqmaz, ilk öncə
Bizdən öc alır şübhəsiz.
(Uzaqdan Xəttab oğlu görünür)
X ə t t a b q ı z ı
İştə kəndisi! Şərrindən,
Ya Rəb, sən saqla bizləri.
X ə t t a b o ğ l u
(kinli adımlarla yaqlaşır)
Səid! Sizdən varmı görən
Hiç o düzmə Peyğəmbəri?
X ə t t a b q ı z ı
Yoq bir kimsənin xəbəri.
(Səidi göstərir)
Nə zevcim görmüş, nə də bən.
(Hər ikisi içəri girər)
X ə t t a b o ğ l u
(əli qılıcının qəbzəsində, qızğın)
Xayır, əsla o sərsəri
Qurtulamaz şu pəncəmdən.
(Bu sırada Əbu Talib oğlu sür’ətli adımlarla gəlib keçər)
Dur, ey Əbu Talib oğlu,
Bu sur’ətlə sən nerəyə?
Ə b u T a l i b o ğ l u
Gediyorum Tanrı qulu
Peyğəmbərlə görüşməyə.
X ə t t a b o ğ l u
Sizlərdəki həsəb-nəsəb
Bəlli, hər kəscə möhtərəm.
Ə b u T a l i b o ğ l u
(onun sözünü kəsərək)
Fəqət bəncə elm, ədəb
Həsəb-nəsəbdən müqəddəm...
X ə t t a b o ğ l u
Sözlərimi kəsmə, dinlə!
Ə b u T a l i b o ğ l u
Dinliyorum, əvət, söylə.
X ə t t a b o ğ l u
Bəncə atıb yeni dini,
Əcdadınla öyünməli...
Ə b u T a l i b o ğ l u
İnsan deyil əcdadını,
Yalnız haqqı düşünməli.
X ə t t a b o ğ l u
Nə istərsiniz əcəba
Gözə görünməz Tanrıdan?
Ə b u T a l i b o ğ l u
Görmədiyim bir Tanrıya
Bən əyilməm hiç bir zaman.
X ə t t a b o ğ l u
Nerdə gördün onu, nerdə?
Ə b u T a l i b o ğ l u
Hər zaman iştə hər yerdə,
Əvət, göstərir hər səda.
Hər hərəkət onu daim,
Bir şey görmədim ki, onda
Tanrıyı görmüş olmayım.
X ə t t a b o ğ l u
(yarımistehza)
Sən bu fevqəl’adə yolu
Lütf edib də öyrət bana.
Ə b u T a l i b o ğ l u
(eyni ahənglə)
Bir çocuq, ey Xəttab oğlu,
Öyrətəməz bunu sana.
X ə t t a b o ğ l u
(mə’nalı təbəssümlə)
Fəqət diyorlar Peyğəmbər
Tapınırkən Tanrısına;
Daim izhari-əcz edər,
Heyrətlə der “ma ərəfna”...
Ə b u T a l i b o ğ l u
İzhari əcz edən arif
Ən böyük idrak əhlidir.
X ə t t a b o ğ l u
(məğrur və istehzalı baqışlarla)
Dursun! Xaliqini hərif
Bu gün məzarda öyrənir.
Ə b u T a l i b o ğ l u
(əli qılıcının qəbzəsində titrər)
Sakit ol, onun məzarı
Deyil yerdə, göylərdədir.
Ona yalnız uca Tanrı
Öz qucağında yer verir.
Həm də onu, inan bana,
Hər yigit qılıcı kəsməz.
Dünya dağılsa da ona
Əsla ölüm yeli əsməz.
X ə t t a b o ğ l u
(istehzalı qəhqəhə ilə)
Fəqət rəngin pək dəyişdi,
Könlün qavğamı istiyor?
Ə b u T a l i b o ğ l u
Xayır, çünki qan dökməyi,
Böyük Tanrı mən’ ediyor.
X ə t t a b o ğ l u
Bu bir yaldızlı hiylə ki,
Həp qorqudan nəş’ət eylər.
Ə b u T a l i b o ğ l u
Saqın! O sevməz hiyləyi,
Nə söylərsə doğru söylər.
Abdulla oğlunu əsla
Qorqutacaq bir qüvvət yoq,
Hiç öyünmə, keçmiş ola;
(əlini köksünə qoyaraq)
Onun yardımçısı pək çoq...
X ə t t a b o ğ l u
İştə qəhrəman bir çocuq!
Ərəbsin, eşq olsun sana!
Inan, səndəki məğrurluq
Ciddən xoş göründü bana!
Lakin tutub öz əhdimi
Bən məhv etməliyim onu.
(İstehzalı təbəssümlə)
Tanrıdan xəbər gəldimi,
Ararsın Xəttab oğlunu.
(Məğrur və əzəmətli adımlarla uzaqlaşır)
Ə b u T a l i b o ğ l u
(sinirli)
Ah, Peyğəmbərin bu helmi
Həp düşmanları güldürür.
Yoq, bu dərd yaqar könlümü,
Çoq sürməz bəni öldürür.
(Kəskin bir əzm ilə)
Xayır, bən Xəttab oğluna
Yüz verməm tüğyan eyləsin.
Bıraqmam şu cəllad ona
Güldən ağır söz söyləsin.
(Sür’ətli və kinli adımlarla eyni yolu izlər)
Bu sırada digər tərəfdən azğın yüzlü, canavar gözlü bir ərəb hənuz beş-altı yaşına varmış qızının qolundan tutub qızğın adımlarla məzarlığa doğru yürür.
Ə r ə b
Artıq usandım, gəl, yetər!
Q ı z
(acı fəryad ilə)
Annəciyim!.. Ah, nerəyə?
Ə r ə b
Sən də bacın kibi gəbər!
Qızlar məhkumdur hiçliyə!
Q ı z
(yalvarır)
Aman, babacığım, aman!
Ə r ə b
Gəl, yetər!..
(Hiddətlə sürüklər)
Q ı z
(qorqaraq çığırır)
Ah, annəciyim!
Ə r ə b
Gəl, ölümdür sənin cəzan,
Artıq yoq fəzlə ətməyim.
Q ı z
Ah, bıraq, anamı bir də
Görəyim, sonra vur, öldür.
Ə r ə b
Haydı sən dəf’ ol, gəbər də,
O da həsrətindən ölür.
(Boş məzarın içinə atar)
Q ı z
Ah!
Ə r ə b
(məzarın üzərini iki-üç böyük daşla qapar)
İştə... Sus, yetər, bana
Qız evladı lazım deyil.
Q ı z ı n s ə s i
Annəciyim...
Ə r ə b
(mütəəssir)
Bədbəxt ana...
Şimdi yavrusundan qafil...
(Peşiman və məhzunca bir tevrlə əli alnında düşünür, sonra)
Ah, nə duyğusuzmuş Tanrım,
Bir gün taleyim gülmədi.
Niçin, bilməm, niçin qarım
Qız doğururkən ölmədi?!
(Qızğın və sinirli)
Xayır, bən oğuldan başqa
Evlad istəməm, istəməm.
Qız və qadın insanmı ya?
Yoq, bən qıza evlad deməm.
(Kinli adımlarla çəkilib gedər. O getdiyi kibi, S ə i d ilə X ə t t a b qızı təlaş ilə qapıyı açıb çıqarlar)
X ə t t a b q ı z ı
(Səidə)
Aman, durma, nerdə olsa
Peyğəmbəri get, ara bul!
Ah, qardaşım onu bulsa,
Hiç sağ bıraqmaz, əmin ol!
S ə i d
Şaşırma, ey Xəttab qızı,
Qardaşın gərçi qəhrəman.
Peyğəmbər o imansızı
Bir sözlə susdurur, inan!
X ə t t a b q ı z ı
Hər işdə ehtiyat eyi,
Get, xəbər ver evlərinə.
Həmən get bul Xədicəyi,
Zevcəsidir, bilsin yenə.
(Peyğəmbər uzaqdan görünür)
S ə i d
(baqar)
Çoq şükür, iştə kəndisi!
(Xəttab qızına)
Saqın, bir şey söyləmə, dur...
Qayıbdan bir səs
Annəciyim...
X ə t t a b q ı z ı
Çocuq səsi.
Ah, bu səs nerdən gəliyor?
S ə i d
(təlaş ilə Peyğəmbərə yaqlaşır, əyilib əlini öpdükdən sonra)
Aman, ey Tanrı elçisi!
Bir cəllad arıyor səni.
Qayıbdan bir səs
Annəciyim...
P e y ğ ə m b ə r
Çocuq səsi.
Qayıbdan bir səs
Annəciyim...
P e y ğ ə m b ə r
Bu səs bəni
Xərab etdi, ah, nə həzin!..
A n a
(acı fəryad ilə qoşub gəlir)
Aman, yavrum, mələk yavrum,
P e y ğ ə m b ə r
(xarab olmuş bir məzara yaqlaşır. Üzərindəki böyük daşı bir tərəfə çəkib baqar)
İştə bir qız! Yardım edin,
Yardımı əmr etmiş Tanrım.
Ah, görünür diri-diri
Məzarə gömmüşlər bunu.
A n a
Əvət xain bir sərsəri
Məhv etmək istiyor onu.
Səid məzara enər, qızı yuqarı qaldırır, Peyğəmbər yardım edib çıqarır.
Of, yavrum...
Q ı z
Ah, annəciyim...
(Qucaqlaşırlar)
P e y ğ ə m b ə r
(anaya)
Dur, yüksəltmə fəryadını,
Söylə, bən bilmək istərim
Şu mə’sumun cəlladını.
A n a
Cəlladı iştə pək aydın,
Kəndi alçaq babasıdır.
(Yaralı bir ahəng ilə)
Onca bir qız, ya bir qadın
Uğursuz baş bəlasıdır.
P e y ğ ə m b ə r
(müztərib və həyəcanlı)
Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən
Yaqar düşüncəmi bir şö’lə, bir zəhərli dikən.
Bütün həyatı çiçəkləndirən fəqət o... niçin,
Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!
Qadın – günəş, çocuq – ay... nuri ay günəşdən alır [1]
Qadınsız ölkə çabuq məhv olur, zavallı qalır.
Qadın əlilə fəqət bəxtiyar olur şu cihan,
O bir mələk... onu təqdis edər böyük Yaradan.
O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,
Onun ayaqları altındadır fəqət cənnət:
Qadın gülərsə şu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək...
A n a
Haydı, gəl gedəlim quzum.
Q ı z
Ah, babamdan qorquyorum.
P e y ğ ə m b ə r
Allah əsirgəsin, aman!
Vəhşiləri keçdi insan.
A n a
Qorqma! O hiç görməz səni!
Q ı z
Görsə öldürəcək bəni.
A n a
Evdə yoq, bizi tərk etdi,
Şimdi yol kəsməyə getdi.
Qorqma, annən dilənir də,
Verməz səni o namərdə.
P e y ğ ə m b ə r
Tanrı yardımçınız olur,
Azğın cəzasını bulur.
(Evi göstərir)
Baq, şu evdə yaşayanlar
Pək mərhəmətli insanlar...
Bunlarda qan var, vicdan var,
Yuca Tanrıya iman var.
Burda qalın hər ikiniz,
O cəlladı görməyiniz.
A n a
(qızilə bərabər Peyğəmbərin ayaqlarına qapanır)
Allah səndən razı olsun.
Peyğəmbər qollarından tutub qaldırır.
S ə i d
Gəlin, bir az rahat bulun.
X ə t t a b q ı z ı
Gəlin, hiç məraq etməyin.
P e y ğ ə m b ə r
(mə’nalı bir baqışdan sonra)
Məhəbbətdir ən böyük din.
İçəri girərlər.
X ə t t a b q ı z ı
(Peyğəmbərə)
Aman, buyursanız siz də...
P e y ğ ə m b ə r
Xayır, bən getmək istərim...
X ə t t a b q ı z ı
Bir az saqlanınız bizdə,
Qəzəblənmiş bəradərim...
P e y ğ ə m b ə r
(sözünü kəsərək)
Lakin Tanrının qəzəbi
Onunkindən daha müdhiş...
X ə t t a b q ı z ı
Ah, qorqarım, pək əsəbi,
Bəlkə doğar çirkin bir iş.
P e y ğ ə m b ə r
Sən get, şu kimsəsizləri
Avut, barındır, əkmək ver.
Böyük Tanrı Peyğəmbəri
Hər an bəladan hifz edər.
Qadın onun əlini öpər, müztərib baqışlarla içəri girər və qapıyı qapar. Bu mənzərəyi uzaqdan görünən Nəim ilə Topal seyr edərlər.
N ə i m
Yazıq şu Xəttab oğluna,
Peyğəmbərə kin bəsliyor.
Həmşirəsi uymuş buna,
Din içində din bəsliyor.
Peyğəmbər dalğın adımlarla məzarlıqda bir daş üzərində oturub düşünür. Bu sırada qız, oğlan bir yığın çocuq aşağıdakı şərqiyi söyləyərək gəlir və hər parça bitdikdə əl çalar, oynarlar.
Ç o c u q l a r
Diyor göydə bağçalar var,
Orda çiçəklər nur saçar,
İnsan mələk kibi üçar...
İstəməm, masaldır onlar,
Bən vuruldum yalnız sana
Vətən! Ah, sevgili ana!
Dün bir quş gördüm yaralı,
Düşmüş yurdundan aralı.
Dişlərdi köksünü çalı,
Söylərdi sanki hər halı;
Vəhşi qartal qıydı bana,
Vətən! Ah, sevgili ana!
Bir qaç çocuq ıslıq çalaraq yerdən daş parçaları alıb Peyğəmbərə atar, o çəkilib getmək istərkən Baş kahin yanında birinci, ikinci, üçüncü rəis və iki kahin olduğu halda qarşı tərəfdən çıqarlar.
B a ş k a h i n
(Peyğəmbəri göstərir, istehzalı bir tevrlə)
İştə əngin fəzaların
Qəhrəman nümayəndəsi!
İştə Latü Üzzaların
Böhtançı bir xanəndəsi!
B i r i n c i r ə i s
Görünür bizdən bıqmış da,
Şimdi başqa yol gediyor.
Diriləri bıraqmış da,
Ölülərə və’z ediyor.
İ k i n c i r ə i s
Tuhaf!.. Bən Xəttab oğlunu
Sadiq bilirdim əhdinə.
Hənuz sağ bıraqmış bunu,
Əski keyfindədir yenə.
Ü ç ü n cü r ə i s
Qüsur yoq onda, hər kəscə
Bəllidir ki, o pək cəsur...
(Peyğəmbərə işarətlə)
Bəlkə hərif sehr etmiş də,
Yalnız ona görünmüyor.
P e y ğ ə m b ə r
Sus! Allahın Peyğəmbəri
Pək uzaqdır o işlərdən.
Onun sehridir sözləri
Varmı qarşılıq söyləyən?!
B a ş k a h i n
(son dərəcə qızğın)
Bilməm niçin sarsılıb da
Göylər yerə dökülmüyor?
Bilməm niçin savrulub da
Şu dünya alt-üst olmuyor?
Ah, o mə’budlar ki, bizə
Altın verir, şöhrət verir,
O bütlər ki, ölkəmizə
Həyat verir, qüvvət verir;
Hiç rəvamı dünkü yetim
Onları təhqir etsin də,
Biz kənardan seyr edəlim,
O sağ qalsın yer yüzündə?!
Bu sırada ətrafda qadın, çoluq-çocuq toplaşıb dinlər.
P e y ğ ə m b ə r
Xayır, aldanma, ey zavallı bəşər,
Səncə qalibmi xeyrə fitnəvü şər?
Əlverir qəflət, istəməz tüğyan,
Səni er-gec həlak edər isyan.
(Yerdən bir avuc topraq alıb havaya savurur)
Sən nəsin? Iştə bir avuc topraq!
Baq, düşün! Kibri at, qüruru bıraq.
Əyri yoldan çəkil, fəsadı unut!
Əvət, ancaq düşün də haq yolu tut.
(Məzarları göstərir, qızğın və həyəcanlı)
Var, səninçin də böylə bir gün var,
Bir gün əldən çıqar şu altınlar.
Həp susar tapdığın sənəmlər, əvət
Yardım etməz güvəndiyin şöhrət.
Həp sönər duyduğun şərəf, iqbal;
Tanrıdan başqa hər nə varsa, xəyal!..
Ü ç ü n c ü r ə i s
Arqadaş, söylənmə artıq
Biz dinləməkdən usandıq.
Vaz keç də sən bu sözlərdən,
Qarşılıq hər nə istərsən:
Altın, riyasət, gözəl qız,
Hər şey verməyə hazırız.
P e y ğ ə m b ə r
Yoqsulluq ən böyük sərvət,
Qarşımda hiçdir rəyasət.
Xayır, istəməm, gözəl qız,
Sevgilim Tanrıdır yalnız.
Çünki ən son pənah odur,
Ona tapanlar qurtulur.
Hətta günəşi sağıma,
Ayı soluma qoysanız;
Fikrimdən dönəməm əsla,
Bir qul yaşarmı Tanrısız?
(Gedəcək olur)
B a ş k a h i n
Getmə, bir dur, ah, nerəyə?
P e y ğ ə m b ə r
Haqq əmrini yetirməyə;
Kim eşitsə nicat bulur.
Kim rədd etsə həlak olur,
Haq sevən arqamca gəlsin;
Korlar qəhr olub əzilsin.
(Saymazca və məğrur adımlarla uzaqlaşır)
B a ş k a h i n
Ah, şu uğursuz sabei
Yaqar bəni atəş kibi.
(Camaata heyrət və hiddətlə)
Həp baqar, həp susarsınız,
İsyan etməzmi qanınız?
Məzarlıqda yatanlarla
Yoq sizin fərqiniz əsla.
C a m a a t d a n
– Ah, o xain məhv olmalı!
– Şimdi cəzayı bulmalı!
– Haydı, yoldan çevirməli!
– Susdurmalı, öldürməli!
Qadınlar və çocuqlar yerdən daş parçaları alır, Nəim ilə Topaldan başqa hər kəs gurultu ilə Peyğəmbər getdiyi tərəfə doğru yürür. Eyni zamanda göy gürlər.
T o p a l
Haydı gəl, biz də bərabər gedəlim,
Gəl şu Peyğəmbəri bir seyr edəlim.
N ə i m
Fəzlədir bəncə şu yersiz həyəcan,
Nə imiş sanki o bədbəxt insan...
Ş ə m s a
(Nədimə ilə bərabər gəlir)
Bu nə, yahu, bu nə dəhşət əcəba?
Sarsılır həp təməlindən dünya.
N ə i m
(müstəhzi)
Göylərin elçisi me’rac ediyor,
O böyük baş içimizdən gediyor.
Ş ə m s a
Nə demək? Anlamadım, söylə, nə var?
T o p a l
Verdi hər kəs onu e’damə qərar.
Göy gurultusu kəsilir.
Ş ə m s a
(Nədiməyə)
Pək yazıq! Gəl baqalım bir bu nə hal,
Ah, o layiqmi ki, olsun pamal?
(Sür’ətli adımlarla camaat getdiyi tərəfə gedərlər)
N ə i m
(istehzalı təbəssümlə Şəmsayə)
Hiç təlaş etmə, o artıq getdi,
Çünki göylərdəki tufan bitdi.
T o p a l
(qarşı tərəfə baqar)
Şuna baq!..
N ə i m
Kimdir o?
T o p a l
Xəttab oğlu!
N ə i m
(baqar)
Nə də qızğın! Gözü al-qanla dolu...
(Kinli baqışlarla gələn Xəttab oğluna)
Bunca hiddət əcəba, söylə, nədən?
X ə t t a b o ğ l u
Onu öldürməyə əzm etdim bən,
Kimə sorsam, buradan keçdi diyor,
Ararım, yoq, görünür sehr ediyor.
N ə i m
(istehzalı təbəssümlə qafasını oynatır)
Onu öldürmə, xayır, başqası var,
(evi göstərir)
Burda bir zevc ilə bir zevcə yaşar...
X ə t t a b o ğ l u
Şu qadın bəlli, bənim həmşirəm.
N ə i m
İştə Peyğəmbərə onlar məhrəm,
Çıqmıyor hiç birinin gərçi səsi.
Yeni din aşiqidir hər ikisi;
Öncə onlardır, əvət, məhv olacaq...
X ə t t a b o ğ l u
(qılıcını yarıya qədər çəkər, son dərəcə sinirli)
Sus, Nəim! Ah, nə diyorsun, bana baq!
Kə’bə mə’budlarına and olsun,
Doğru çıqmazsa sözün, məhv oldun!
N ə i m
Xayır, əsla; bana layiqmi yalan?
(İstehzalı qəhqəhəylə)
Şanlı Peyğəmbəri əl’an buradan,
Baq, şu evdən çıqıyorkən gördüm.
(Topal ilə bərabər uzaqlaşır)
X ə t t a b o ğ l u
(çılğın)
Ah, ölüm! Onlara dəhşətli ölüm!..
(Qapıyı çalmağa başlar. Içəridən gələn xoş ahəng bir qadın səsi diqqətini cəlb edər, durub dinlər)
E ş i d i l ə n s ə s
Ulu Tanrı, o görünməz yaradan
Əmr edər yalnız ədalət, ehsan.
O, fəna işləri, föhşiyatı
Nəhy edər, varlığının isbatı
Şu təbiət, şu məhabətli fəza...
Onca birdir: ulu, zəngin, füqəra.
Qapıyı bir daha şiddətlə çalar. S ə i d ilə r ə f i q ə s i çıqar. Xəttab qızı əlindəki yazılı bir parça dəriyi həmən qoltuğuna saqlar.
X ə t t a b o ğ l u
(Səidə)
Bana baq, doğrumu, əcdadımızın
Bıraqıb dinini oldun xain?
(Sükut)
Niyə susdun, niyə susdun böylə?
Şaşırıb durma, cəvab ver, söylə!
X ə t t a b q ı z ı
Fəzlə israr ediyorsun, yetişir.
X ə t t a b o ğ l u
(Səidə)
Səni zənn etməz idim bunca həqir.
(Qılıc parlar)
İştə, al!
(Araya girən həmşirəsinin başı yaralanır, fışqıran qan alnını və köksünü boyar)
X ə t t a b q ı z ı
Ah, yaralandım, eyvah!
X ə t t a b o ğ l u
Söylə, həmşirə! Bu söz doğrumu, ah?!
X ə t t a b q ı z ı
Doğru, pək doğru, əvət, Peyğəmbər
Bizcə ən şanlı, böyük bir rəhbər…[2]
Onun Allahına iman etdik,
Duyğusuz bütlərə isyan etdik.
Qorqumuz yoq, eyi bil, hər ikimiz
Haq için can ilə başdan keçəriz.
(Köksünü açar)
İştə öldür! Acıdan qurtuluruz,
Qavuşub Tanrıya məs’ud oluruz.
X ə t t a b o ğ l u
(əvvəlki mətanəti söndüyü halda, həmşirəsinə)
Bir taqım ayət oqurdun da dəmin,
Onu göstər bana!
X ə t t a b q ı z ı
Olmaz!
X ə t t a b o ğ l u
Bu niçin?
X ə t t a b q ı z ı
Etmədin bəlkə riayət, hörmət.
X ə t t a b o ğ l u
Edərim.
X ə t t a b q ı z ı
And iç!
X ə t t a b o ğ l u
İnan!
X ə t t a b q ı z ı
İştə!
(Yazılı dəri parçasını çıqarıb verir)
X ə t t a b o ğ l u
Əvət!
(Şaşqın və vurulmuşcasına oqur)
“Ulu Tanrı, o görünməz yaradan
Əmr edər yalnız ədalət, ehsan.
O, fəna işləri, föhşiyatı
Nəhy edər, varlığının isbatı
Şu təbiət, şu məhabətli fəza...
Onca birdir: ulu, zəngin, füqəra”.
(Sarsılmış bir halda)
Nə ilahi, nə müqəddəs ilham!
Duyduğum yoq şu fəsahətdə kəlam.
Bəni əfv eylə, mələk həmşirəm,
Doğru din... qalmadı əsla şübhəm.
(Həmşirəsini qolları arasına alır və əlindəki məndil ilə yarasının qanını silər)
Yaranı şimdi sarıb bən gedərim,
O böyük dahiyə iman edərim.
(İçəri girərlər)
Azacıq sonra Peyğəmbər qana boyanmış və başı sarınmış olduğu halda Şəmsa ilə Nədimənin yardımı ilə gəlir.
Ş ə m s a
(Nədiməyə)
Daha dur, bir qadar etsin rahət.
P e y ğ ə m b ə r
(əlini ağzına götürür, acı bir fəryad ilə)
Dişlərim! Ah, qırılıb oldu səqət.
(Böyük bir daş üzərinə oturur)
Ş ə m s a
(əlini onun omuzuna qoyaraq)
Ağrıdır, bəlkə bir az sonra keçər,
Ölmədin, iştə bu dünyayə dəyər.
P e y ğ ə m b ə r
Səni pək başqa tanırdım, lakin
Bir mələkdən daha munis qəlbin.
Duyğusuz bütlərə vurğun cühəla
Daha xoşdur sana aciz qul ola.
Ş ə m s a
Latü Üzza səni qurtardı dəmin,
Yenə təhqir ediyorsun, bu niçin?
P e y ğ ə m b ə r
(sinirli)
Latü Üzzamı? Çəkil, sus, dəf’ ol!
Ş ə m s a
Uçurum – izlədiyin qorqulu yol.
P e y ğ ə m b ə r
Qorqu yoq, izlədiyim haq yoludur,
Yaradan, öldürən ancaq bir odur.
Hər nə mevcud isə xilqətdə onun,
(Şəmsaya işarətlə)
Bu gözəllik, bu lətafət də onun.
Ş ə m s a
Bana baq!
P e y ğ ə m b ə r
(əlilə rədd edər)
Haydı, çəkil get, yetişir.
Ş ə m s a
(məğrur və istehzalı təbəssümlə)
Bir gözəl bunca edilməz təhqir.
P e y ğ ə m b ə r
Bən gözəllərdə gözəl ruh ararım,
Ruhu düşkünləri çirkin sayarım.
Bir gözəl levhə ki, yapmış rəssam,
Daha xoşdur ona məftun olsam.
Tanrı eşqilə yanan haq nuru
Səndə yoq, durma, çəkil get!.. Doğru,
Zahirin xoşsa da bədbatinsin,
Bu gözəlliklə, əvət, çirkinsin.
Ş ə m s a
(pək fəna sarsılır)
Yoq, bu təhqirə dayanmam əsla.
(Nədiməyə)
Gedəlim.
P e y ğ ə m b ə r
İştə açıq yol!
Ş ə m s a
(hiddət və nifrətlə ətrafa)
Budala!
(Peyğəmbərə)
İstədim bən səni məs’ud edəyim,
Duymadın qəlbimi, artıq nə deyim?
P e y ğ ə m b ə r
Bəni haq düşmanı məs’ud edəməz,
Tanrısız bir qızın eşqində nə həzz?
Ş ə m s a
Düşman olsam da sənin Tanrına bən,
Sana hörmət duyarım, ah, bilsən!
P e y ğ ə m b ə r
(sözünü kəsərək əli ilə rədd edir)
İstəməm... öylə məhəbbət, hörmət
Doğurur bəndə tükənməz nifrət.
Ş ə m s a
(acı təbəssümlə Peyğəmbərə)
Nə könül varmış, əvət səndə, nə hiss.
(Nədimə ilə bərabər uzaqlaşır)
P e y ğ ə m b ə r
Saçların pək uzun, əqlin naqis.
Ş ə m s a
(dönər, məğrur və sərt bir baqışla)
Naqis olsam da kəmalın bəndən,
Varlığın, həm də zəvalın bəndən.
(Gedərlər)
Hava qararmağa başlar, Mələk nurlar və təbəssümlər içində Peyğəmbərin qarşısına enər.
M ə l ə k
Ey ulu Tanrı elçisi!
Göydən sana müjdələr var.
Yüksək mələklərin səsi
Həp birdən səni alqışlar.
Mübarək alnında açan
Eşqin qanlı qönçələri;
Çiçəkləndirəcək, inan,
Ən parlaq səhifələri.
Böyük dahilərin payı
Həp olmuş mızraq, qılıc, oq.
Onlardakı fırtınayı
Susdurmaz daş, dikən, yumruq.
Qorqma, söylə! Şəfəq sökər,
Bir gün qaranlıq sıyrılır;
Hər kəs qarşında diz çökər,
Xain silahlar qırılır.
İzlədiyin pənbə yıldız
İssız bir hiçlikdən gülər.
Səndən insanlara yalnız
Sevgili, tatlı busələr.
(Çəkilir)
İ s k e l e t
(boş məzardan çıqar, qorqunc və istehzalı qəhqəhələrlə)
Busə, həp busə! Iştə şe’rü xəyal,
Busə, həp busə! Daima bu sual?!
Busə pək tatlıdır mələklər için,
Sevgi xoşdur duyan yürəklər için.
Busədən həzz edərmi bir qaplan?
Sevgi anlarmı hiç zəhərli yılan?
Qaniçən, kinli, möhtəris qartal
Kirli dırnaqlarilə bulsa məcal,
Qoparıb parçalar, didər, əsəbi
Şu məhəbbətlə çırpınan qəlbi.
Busədən xoşlanırmı hiç canavar?
Vəhşi insan da öylə həp qəddar!
(Əlindəki sıyrılmış qılıcı oynataraq)
Boş xəyal... Əldə parlamazsa silah,
Tanımaz haqqı sayğısız gümrah.
İştə hər ölkə, iştə hər millət
Həp qılıcdan alır şərəf, qüvvət.
Parlar ancaq onunla izzəti-nəfs,
Qaplar onsuz həyatı hüznilə yə’s,
Son sözüm: boş düşüncədən ayrıl,
Busə istərmisin, silaha sarıl.
(Sürəkli qəhqəhələrlə çəkilir)
P e y ğ ə m b ə r
(yalnız)
Ah, nə dəhşət, nədir bu sisli xəyal?
Yenə rö’yamı gördüyüm, bu nə hal?
M ə l ə k
(tatlı təbəssümlərlə enər)
Hiç məraq etmə, ey böyük rəhbər!
Oqu altın kitabı, etmə kədər;
Zəfər istərmisin, bu şəhri bıraq,
Köç!.. Həmən başqa yurda köç!.. Ancaq
O zaman sözlərin qəbula keçər.
Yoq çıqan yerdə bir mətaə dəyər.
Hər dəha başqa bir cihan istər,
Kimsə olmaz evində Peyğəmbər.
(Çəkilir. Hava ışıqlanır)
Ə b u T a l i b o ğ l u
(sür’ətli adımlarla gəlir. Peyğəmbəri qucaqlar)
Bu nə? Ey fəxri-kainat, eyvah,
Gözlərim kaş ki, kor olaydı da, ah!
Görməyəydim şu halı... Söylə sənin
Düşmanın hanki duyğusuz, xain?..
P e y ğ ə m b ə r
Düşmanım varsa Tanrı düşmanıdır,
Şu aqan qan da, iştə haq qanıdır.
Ə b u T a l i b o ğ l u
(əli qılıcının qəbzəsində titrər)
Daha səbrim tükəndi, söylə, aman,
Hərb için hökm yoqmu Allahdan?
P e y ğ ə m b ə r
Bəklə, dur! Hiç təlaşa yoq hacət,
Xainin bir cəzası var əlbət.
Bu sırada X ə t t a b o ğ l u evdən çıqar. Peyğəmbəri görüncə heyrətdən dona qalır.
Ə b u T a l i b o ğ l u
(sarsılmış bir halda qılıc çəkmək istər)
Sağ bıraqmam, xayır, şu azğını bən!
P e y ğ ə m b ə r
(sərt və kəskin bir baqışla Əbu Talib oğluna)
Dur! Unutdunmu Tanrı hökmünü sən?
(Xəttab oğluna)
Gəl, yaqın gəl, durub şaşırma, əvət,
Bəllidir bəncə etdiyin niyyət.
X ə t t a b o ğ l u
(yaqlaşır)
Nə imiş niyyətim?
P e y ğ ə m b ə r
Bənim ölümüm!
X ə t t a b o ğ l u
Əcəba yoqmu səndə qorqu?
P e y ğ ə m b ə r
Ölüm,
Bəncə bir cismin inqilabı demək
Həm də pək fəzlədir məraq etmək.
X ə t t a b o ğ l u
Titriyorkən bütün cihan bəndən,
Bu cəsarətlə pək böyüksün sən.
(Qılıcını çəkərək)
Söylə, hər kimsə düşmanın gedəyim,
Öc alıb bir vuruşda məhv edəyim.
Baq, şu elmas qılıc bu gün ancaq
Sənin uğrunda parlayıb duracaq.
P e y ğ ə m b ə r
İstəməm başqa dürlü yardım bən,
Etiqad eylə tək o Tanrıya sən.
X ə t t a b o ğ l u
Haqdır, əlbət, inandığın Yaradan,
Ona qəlbimlə eylədim iman.
(Tə’zim ilə Peyğəmbərin əlini öpər, o da qarşılıq olaraq kəndisini öpüb qucaqlar)
P e y ğ ə m b ə r
(böyük bir sevinc ilə)
Cümlə dünya verildi sanki bana,
Versin Allahım əcri-xeyr sana.
X ə t t a b o ğ l u
(Əbu Talib oğlu ilə qucaqlaşıb öpüşür)
Pək böyükmüş güvəndiyin qüdrət,
Bəni, ey şanlı qəhrəman, əfv et.
P e y ğ ə m b ə r
Öpüşüb birləşin ki, hər ikiniz
Haq yolun ən dəyərli rüknüsünüz.
Dini-islamə yoq zaval artıq,
Haqqı təbliğə başlayın apaçıq.
Səid ilə X ə t t a b q ı z ı çıqar. Peyğəmbəri o halda görüncə təlaş ilə kəndisinə yaqlaşırlar.
X ə t t a b q ı z ı
Nə qiyafət bu, ah, aman, ya Rəb?
P e y ğ ə m b ə r
(göyə işarətlə)
Həp Onun eşqidir bu halə səbəb.
Ə b u T a l i b o ğ l u
(Peyğəmbərə pək həyəcanlı)
Hər nə zülm etdilər durub baqdıq,
Şimdi yoq səbrə ehtiyac... artıq
Çırpınır intiqam için könlüm,
Ya zəfər, haq və ya şərəfli ölüm!..
P e y ğ ə m b ə r
Daha dur, öylə bir düşüncə əbəs...
Bu günün hökmü başqadır: hər kəs
Xəbər etsin də kəndi bildiyinə,
Başlayın cümlə yol tədarikinə.
Gecə erkən beşər-üçər həpimiz
Buradan ayrı-ayrı köçməliyiz.
X ə t t a b o ğ l u
Hazırız cəngə, gəlsə həp dünya,
Bu təlaş anlamam niçin əcəba?!
P e y ğ ə m b ə r
Tanrıdan çünki böylədir fərman,
“Köç!” Əvət “köç” diyor böyük Yaradan.
Göy gürlər, qaranlıq çökər.
İ s k e l e t
(acı qəhqəhələrlə Peyğəmbərin qarşısına fırlar)
“Köç!” Əvət “köç!” Fəqət unutma, saqın,
Ərəb evladı şimdi pək çılğın...
Rəhbərin əldə həp kitab olsa,
Sana olmaz zəfər nəsib əsla.
(Ridasının altından çıqardığı parlaq qılıcı Peyğəmbərə uzatır)
İnqilab istiyormusun, bana baq!
Şu qılıcdır o fikri parlatacaq.
Xəstə bir üzvə bənzər amili-şər.
Kəs də, bulsun şəfa vücudi-bəşər.
P e y ğ ə m b ə r
(qılıcı alır, mə’nalı və kəskin bir ahənglə)
Əvət, ən doğru, ən gözəl ayin:
Əhli-vicdanə – busə, xainə – kin!..