Qəza yazıb sərimə eşq o gülzara, gözəl
Görünüş
Qəza yazıb sərimə eşq o gülzara, gözəl Müəllif: Növrəs İman |
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13. |
Qəza yazıb sərimə eşq o gülzara, gözəl,
Səbəb odur, ciyərim oldu para-para, gözəl!
O nazü qəmzə ilən baxmağın salıb dərdə,
İnsaf eylə, məni salma ahü zara, gözəl!
Bu dərdin öldürər axır qəribə canımı bəs,
Mürüvvət et, sinəmə vurma bir də yara, gözəl!
Bu didəmin qəzalısan, ey ahuyi-didətər,
Səyyadınam, təzədən gəlmişəm şikara, gözəl!
And olsun canuva, gər məndən məhəbbət kəssən,
Başımı alıb gedərəm ayrı bir diyara, gözəl!
Görmə rəva, çəkirəm aruziyi-didarın,
Lən eyləyim bu zaman mən bu ruzigara, gözəl!
Eşitsən ərzini sən gər bu Novrəs İmanın,
Müştaqıdır gözüm ol gözün, bəs nədir ki çara, gözəl!?