Məzmuna keç

Qafqaz müsəlmanlarına xitab

Vikimənbə saytından
Qafqaz müsəlmanlarına xitab
Müəllif: Seyid Əzim Şirvani


Əssəlam, ey əhaliyi Qafqaz,
Ey rəisani-sahibül-ezaz!

Əssəlam, ey güruhi-xeyr-əsər,
Millətin qeyrətin çəkən kəslər!

...Dadü fəryad, ey güruhi-izam,
Oldu zaye bu milləti-islam.

Günü-gündən zəlilü xar oluruq,
Möhnətü qüssəyə düçar oluruq.

Bu qədər dərd kim olur hadis,
Ona bielmlik olur bais.

Bir bəladır bu dərdi-nadani,
Ki, onun elm olubdu dərmani.

Bu təəccübdür, ey güruhi-bəşər,
Bir kişi yatsa, naxoş olsa, əgər,

Axtarır bir təbibi-danadil,
Ta ki səhhət ola ona hasil.

İndi naxoşdu milləti-islam,
Ona lazımdır eyləmək əncam.

Dərdimizdir bu dərdi-nadanlıq
Ki, tutubdur bizi pərişanlıq.

Qeyrilər etdilər tərəqqiyi-tam,
Qaldı zillətdə firqeyi-islam.

Hər vilayətdə var beş-on kəsəbə,
Əlli min seyyidü axund, tələbə.


Əlli dərviş, əlli mərsiyəxan,
Hamının sözləri tamam yalan.

Əlli min suxtə, əlli min sail,
Əlli min hoqqabazi-naqabil.

Hamının fikri xalqı soymaqdır,
Quru yerdə bu xalqı qoymaqdır.

Xalqa bunlar hamı qurublar dam,
Bir bunu anlamır bu qövmi-avam.

Bizə qeyrilər eyləyir töhmət,
Çün tərəqqi edibdir hər millət.

Gərçi var iş qanan kişi tək-tək,
Əksəri-xalq avamdır bişək.

...Bilmirik biz hədis mənasın,
Qanmırıq əhli-şər fitvasın.

Bixəbər olmuşuq şəriətdən,
Başımız çıxmır elmi-hikmətdən.

Kəsb üçün Həzrəti-Rəsulüllah,
Dedi: “Əlkasibü həbibüllah”.

...Ziynəti-şəxs elmi-ürfandır,
Elmsiz şəxs misli-heyvandır.

...Çünki var idi bizdə nadanlıq,
Bizə üz verdi çox pərişanlıq.