Qaldı (Növrəs İman)
Görünüş
Qaldı Müəllif: Növrəs İman |
Mənbə: "Növrəs İman" (az.). "Ozan dünyası" jurnalı. 2010. 2016-08-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Qərib bağban idim, çox çəkdim cəfa,
Dərilməmiş güli-bostanım qaldı.
Gəlmədi bimürvət fələk insafa,
Dərdli, qəmli günüm, dövranım qaldı.
Qəza rəfiq oldu, mənilən gəzdi,
Ümidim, əlacım hər yandan üzdü.
Fələk öz əliynən rövnəqim pozdu,
Qəm mətalı dolu meydanım qaldı.
Bəxti kəm olmuşam mən əvvəl başdan,
Can qəmdən ayrılmaz, didəm qan-yaşdan.
Qurtarmadım bircə oddan, ataşdan,
Xəstəyəm, dərd üçün dərmanım qaldı.