Məzmuna keç

Qarğa və tülkü

Vikimənbə saytından
Qarğa və tülkü
Müəllif: İvan Andreyeviç Krılov
Tərcümə edən: Mirzə Ələkbər Sabir


Pendir ağzında bir qara qarğa
Uçaraq qondu bir uca budağa.

Tülkü görcək yavaş-yavaş gəldi,
Endirib baş ədəblə, çömbəldi.

Bir zaman həsrət ilə qarğa sarı
Altdan-altdan marıtdı baş yuxarı;

Dedi: ”Əhsən sənə, a qarğa ağa!
Nə nəzakətlə qonmusan budağa!

Bəzədin sən bu gün bizim çəməni,
Şad qıldın bu gəlməyinlə məni.

Nə gözəlsən, nə xoşliqasan sən,
Yeri var söyləsəm - hümasan sən.

Tüklərindir ipək kimi parlaq,
Bədnəzərdən vücudun olsun iraq!

Bu yəqindir ki, var sevimli səsin,
Oxu, versin mənə şəfa nəfəsin!”

Böylə sözdən fərəhlənib qarğa
Ağzını açdı ta ki, etsin - ğa.

“Ğa” edərkən hənüz bircə kərə
Pendiri dimdiyindən endi yerə.

Tülkü fövrən havada qapdı, yedi,
Qarğaya tənə ilə baxdı böylə dedi:

“Olmasaydı cəhanda sarsaqlar,
Ac qalardı, yəqin ki, yaltaqlar”.