Məzmuna keç

Qarının pişiyi

Vikimənbə saytından
Qarının pişiyi
Müəllif: Seyid Əzim Şirvani


Bir qarının bir pişiyi var idi,
Lağər idi, surəti-divar idi.
Çün yox idi qari evində təam,
Dərd çəkirdi o pişik sübhü şam.
Çünki yox idi o səra içrə nan,
Hiç tapılmazdı o evdə siçan,
Dolandıra muş ilə ta başını,
Tökməyə gözdən yerə qan yaşını.
Çıxmış idi damə qəzadən pişik,
Ruzi üçün çəkirdi hər yan keşik.
Bəlkə düşə bircə qaranquc ələ,
Ta yeyibən löğməni canə gələ.
Həsrət ilə pişik çəkirdi keşik,
Gördü gəlir necə qəvi, kök pişik.
Yalvarıb ərz eylədi ol binəva
Ey sizə olsun bu bəlakeş fəda,
Siz nə səbəb böylə kökü çağsız,
Başdan ayaq quyruqsuz, yağsız,
Dişlərivüzdür necə dürri-səmin,
Yoxsa yeyirsiz gecə icli-səmin?
Mən gecələr tapmayıram bir siçan,
Həm yuxuda görməyirəm buyi-nan.
Söylədilər: - Biz gedib, ey bədniyyət,
Mətbəxi-xanda yeyirik aşü ət.
Bizim ilə gəl gedək ziyafətə,
Sən də yeyib aşü plov gəl ətə.
Qarət edək yağlı qovurmaları,
Başa çəkək firnivü dolmaları.
Qoz ləpəsi, yağlı fisincanı gör,
Süfrəyə bax, neməti-əlvanı gör.
Vəqtüvə, get ol dəxi amadə sən,
Bir kef elə ömrdə dünyadə sən.
Gəldi evə, ol gecə yatdı pişik,
Sübhün açılmağına çəkdi pişik.
Qarı pişik sarıya etdi nigah,
Gördü çəkir həsrət ilə dudi-ah.
Gördü pişikdə görünür bir xəyal,
Qarı bunun vəchini etdi sual.
Açdı zəban, dedi pişik: - Ey qarı,
Kökdü pişiklər hamısı elcarı,
Bircə olan dəhrdə lağər mənəm,
Rəngləri bir rişteyi-mistər mənəm.
Damə dünən çıxmış idim seyd üçün,
Müntəzir oldum bu sifət eyd üçün.
Düşmədi bir danə qaranquc ələ,
Sərçə üçün qurmuş idim bir tələ.
Olmadı əsla mənə bir quş şikar,
Ta eyləyim seyd onu mən aşikar.
Həsrət ilə damda çəkirdim keşik,
Gördüm o əsnadə neçə kök pişik.

Yağ salıb cümlə bağlayıb göbək,
Hər biri yağ ilə dolan bəsti tək.
Seyqəl olub tükləri şəffaf idi,
Ayinə tək çeşmləri saf idi.
Hər biri sövlətdə necə nərrəşir,
Bığlarının hər birisi bir nəfir.
Pəncələri zurdə aslan kimi,
Hər biri bir əjdəri-qəzban kimi.
Hər birisi rəzm günü bir pələng,
Filbədən, bəbrliqa, şircəng.
Yalvarıban onları etdim səda,
Key sizə olsun dilü canım fəda!
Mən də sizin cinsinizəm aşikar,
Bəs əlimə düşməyir axır şikar.
Bir qarının xanəsidir mənzilim,
Olmayır ol xanədə həl müşkülüm.
Xaneyi-qaridə tapılmır siçan,
Gəlməyir ol evdə mənə buyi-nan.
Söylədilər lütf ilə: - Ey binəva,
Qarı evində hanı bərgü nəva?
Biz gedirik mətbəxi-xanə səhər,
Eyləyirik xanə-ara kərrü fər.
Aşü plovdan oluruq kamyab,
Yağlı fətirlər yeyirik, həm qutab.
Sən də bizimlə səhər eylə səfər,
Ta olasan biz təki sən bəxtəvər.
Fikrim odur mən də olarla səhər.
Mətbəxi-xanə eləyim ta güzər.
Bəlkə ki, ağzım çata bir ləzzətə,
Mən də gələm aşü plovdan ətə.
Bircə görüm təmi-fisincan nədir,
Mahi nədir, bərreyi-büryan nədir.
Qarı pişikdən ki, eşitdi cavab,
Açdı nəsihət dilin ol nüktəyab,
Söylədi: - Ey munisi-canım pişik,
Cismim-ara ruhi-rəvanım pişik,
Kim ki, təməkar olur – xar olur,
Möhnəti üzmayə giriftar olur.
Künci qənaətdədi gənci-rəvan,
Olgilən öz gəncüvə sən pasiban.
Rəsmdi kim, gənc olu viranədə,
Dürr səlamətdi bu kaşanədə.
Qane olan aləmə sultan olur,
Tame olan xak ilə yeksan olur.
Eyləmə sən mətbəxi-xanə güzər,
Qorxum odur vaqe ola bir xətər.
Qarı nə qədr etdi nəsihət ona,
Etmədi təsir bu hikmət ona.
Yatdı gecə, çıxtı səhər afitab,
Xani-fələkdə görünüb ol qutab.
Mətbəxi-sübhün dəri oldu fəraz,
Eylədi təbbaxi-qəza təbx saz.
Yatmamış idi pişiyi qarının,
Fikri var idi dili-əfkarının.
Gəldi pişiklər, onu etdi səda,
Gəldi qulağinə səda aşina.
Sıçrayıban çıxdı pişik xanədən,
Şəst ilə ol xaneyi-viranədən.
Etdi hamı mətbəxi-xanə şitab,
Düşdü yola bir neçə tiri-şəhab.
Mətbəxi-xanə var idi bir deşik,
Girdi deşikdən hamı fövci- pişik.
Girdi bacadan içəri elcarı,
Mırr ha mırro salıban hər sarı.
Çəngələrin açdı hamı qarətə,
Düşdü xələl yağə, pənirə, ətə.
Karını görmüşdü çü hökmi-qəza,
Var idi zahir xələli-ma məza.
Gəlmiş idi təngə o mətbəxnəvaz,
Etmiş idi saz neçə tir-saz.
Mətbəxə ta etsə pişiklər güzər,
Eyləyələr tir ilə zirü zəbər.
Keşikçilər qoydu kəmanə oxu,
Pişiklərin qaçdı bacadan çoxu.
Tullana bilməz pişiyi qarının,
Lağər idi canı o bimarının.
Küncə sıxıldı, dedi ki, ey xuda!
Olsam əgər bu ox atandan rəha,
Tışraya çıxsam dəxi viranədən,
Bəsdi mənə məhzəri-pirəzən.