Məzmuna keç

Qarabağnamə/İkinci fəsil

Vikimənbə saytından
Birinci fəsil Qarabağnamə İkinci fəsil
Müəllif: Mirzə Adıgözəl bəy
Üçüncü fəsil
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, səh. 37-39
İKİNCİ FƏSİL
MƏRHUM PƏNAH XANIN NƏSLİNDƏN VƏ ƏHVALATINDAN BƏHS EDİR

Pənahəli bəy əslən Sarıcalı tayfasındandır... Gəncə vilayəti xanlarının işi tərəqqidə olduğu zaman o, Gəncə tərəfinə gedib onların (Gəncə xanlarının) hüzurunda xidmət etdi. Uca himmət sahibi olan Pənahəli bəy qulluq etməyi özünə layiq görmədi. O, Qarabağ vilayətinin Cavanşir oymağına[1] gəldi. Şir qüvvətli cavan bəxti ona yar olub, çox varlandı. Evləndi, əziz və xoşbəxt bir oğlu oldu. O, yüksəklik səması parlaq ulduzunun adını Əli qoydu. Onun aləmi işıqlandıran sarı bənizi ata-anasının ürəyini, kəhrəba samanı çəkən kimi, özünə cəlb edirdi. Buna görə, onu "Sarıca Əli" deyə çağırırdılar.
Çox dövlət və nüfuz sahibi olduğuna görə, onun başına bir çox gəlib-keçən, naxırçı, muzdur, xidmətkar, çoban və ilxıçı toplandı və böyük bir oba oldu. O obanın adı isə "Sarıcalı" qaldı... Bu dövlət və nüfuz İbrahimxəlil ağanın ixtiyarına keçdiyi zaman daha da artdı. O, böyük dövlət sahibi olduğundan adı dillərə düşüb məşhur oldu. Onun Ağdamdakı bağı və hasar divarı, Arasbar və Araz kənarındakı mülkü, mal-qarasının otlaq və yataqları, yaylaqda "İbrahimxəlil qalağı" adı ilə məşhur olan bir imarəti onun varlı və böyük calal sahibi olmasına adil bir şahiddir.
Nadir şah Cavanşirdən qoşun yığdığı zaman, İbrahimxəlil ağanın rəşid və böyük oğlu Fəzləli bəyi özünə naib[2] etdi. Eşikağası[3] mənsəbini ona münasib gördü və bu qulluğu o mərhumə verdi. Zirəkliyin nuru onun alnında parlayır və nəcabət asarının günəşi mübarək üzündə görünürdü. Allahın qəzavü qədərindən və ruzgarın gərdişindən o rəhmətlik öldürüldü. O səadət bürcünün xoşbəxtlik ulduzu batdı. Nadir şah onun kiçik qardaşı Pənahəli bəyi hüzuruna çağırıb, əlinə çomaq verdi, əynini qiymətli eşikağası xələtilə bəzədi və böyük qardaşının mənsəbini ona verdi. O, tapşırılan işləri bir neçə gün lazımi dərəcədə sədaqətlə yerinə yetirdi. Lakin Nadir şahın ona olan qorxunc baxışından və qərəzkarlıqla etdiyi rəftarından başa düşdü ki, o (şah) mütləq belə bir zirəkmaddə cavanın kökünü kəsməkdə səhlənkarlıq və belə bir igid şəxsin vücudunu aradan qaldırmaqda kahallıq etməyəcəkdir.
Həm də əlinə çomaq alaraq, qarşıda durmağı və yasavullarla həmsöhbət olmağı (özünə) ar bilib, qaçmağı qərara aldı. O, Qarabağa gəlib öz uca nəslinə mənsub bir neçə nəfəri özünə yoldaş etdi. Dövlətinin aləmi işıqlandıran günəşinin doğmasına müntəzir və riyasət gözəlinin vüsalına çatmağı aramsız gözləyərək gəzib-dolanırdı. Onun hünər və igidliyinin səsi, heybət və mətanətinin sədası bir dərəcədə xalqın ürəyinə lərzə, xas və avam camaatın canına qorxu salmışdı ki, əgər kaftar xasiyyətli düşmənləri onun şirtək heybətli, aslan kimi dəhşətli vücudunu yuxuda görsəydilər, gözləri dovşan kimi rahatlıq yuxusuna həsrət qalardı. Əgər, məsələn, Zal oğlu Rüstəm onunla hərb etmək məqsədilə hərəkət kəmərini belinə bağlasaydı, onun oxunun və qaniçən qılıncının zərbindən qalxan salardı.

Şeir

Nəqqaş onun surətini görüncə,

Rəsmlərini əlindən salardı.

Nadir şah Azərbaycan və Şirvan xanlarına qəzavü qədər kimi nüfuzlu olan qələmilə çoxlu hökmlər yazdı. Bu hökmləri sürətli çaparlar vasitəsilə göndərdi ki, Pənahəlini tutub onun hüzuruna göndərsinlər. Lakin o rəşadət səmasının qızıl quşunu tora salıb tutmaq mümkün və müyəssər olmadı. O, gah Şirvan çəmənliklərində ovla, gah da Qarabağ ovlaqlarında şikarla məşğul idi. İşi gündən-günə tərəqqi edirdi. Bu qayda ilə güzəran etməkdə ikən, ittifaq belə düşdü ki, nifaqla dolu olan fələkin hərəkətləri nəticəsində, 1160-cı ilin cəmadiyəlaxır ayında[4] Nadir şahı Xorasan torpağında öldürdülər.
Bu xəbər hər tərəfə yayılıb camaatın dilinə, ağzına düşdü. Allahın himayəsinə sığınan mərhum Pənahəli bəy bundan sonra qızmış bir şirə və coşqun bir əjdəhaya döndü. Onun zərbə və hücumlarının şiddətli küləyi hər tərəfə əsdisə, düşmənin vücudunu çör-çöp kimi puç etdi. Qüvvət və əzəmətinin səsi, heybət və qüdrətinin sədası düşmənləri məğlub etdi. O kimə hücum edirdisə, qabağında dura bilməyib məhv olurdu. Cavanşir, Kəbirli, Otuziki və Gürcüstan ellərini Nadir şah Xorasana sürgün etmişdi. "Vətəni sevmək də imandandır" sözünün məzmununca, onlar vətən və yurdlarının eşq və arzusu ilə Xorasandan qayıdıb gəldilər. Bu vaxtadək Pənahəli bəyin güzəranı yuxarıda göstərildiyi kimi keçdi. Elat gəldikdən sonra o, gələnlərə yurd, mənzil və məskən mərhəmət etdi, onları mehribanlıq qanadı altına aldı və ehtiyaclarını təmin etdi.
Bu qayda ilə cəmiyyət quruldu və o öz istedadını göstərdi. Sonra bu səs tam ixtiyar və səlahiyyət sahibi sərdar Əmir Aslan xana yetişdi. O, Əliqulu şahın sərdarı idi. Əliqulu şah da, Nadir şahın qardaşı İbrahim xanın oğlu idi. Nadir şahdan sonra taxta oturmuş və Adil şah adilə sikkə və mənbərləri zinətləndirmişdi.
Əmir Aslan xan Pənahəli bəyi görmək arzusu ilə gəlib onunla görüşdü. Haman gecə Pənahəli bəyə sultanlıq[5] və sabahı gün xanlıq mərhəmət etdi. Adil şaha itaət etməyi ona təklif etdi. Pənahəli xan da razılıq verib, vaxtın məsləhəti üçün boyun qoydu. Əmir Aslan xan bunu Adil şaha xəbər verdi. Adil şah da Pənah xana xanlıq fərmanilə qiymətli xələt, cavahiratla bəzədilmiş xəncər və sair bir çox hədiyyələr göndərdi. Xanlıq rütbəsi mərhum Pənah xana Adil şah tərəfindən verilmişdir. Axırda Nadir şahın nəvəsi Şahrux Mirzə taxta oturub, Adil şahı öldürdü. Qaracadağ hakimi Kazım xan da Əmir Aslan sərdarı tutub həbs etdi.

Qeydlər

[redaktə]
  1. Oymaq – qəbilənin tərkibinə daxil olan tayfalardan hər birinin ümumi adıdır. Həmçinin hər hansı bir tayfanın tutduğu sahəyə də deyilir.
  2. Naib - burada xüsusi tapşınqları icra edən saray məmuru mənasında işlənmişdir.
  3. Eşikağası – hökmdarın sarayını idarə edən nazir.
  4. Hicri 1160-cı ilin cəmadiyelaxır ayı 1747-ci il iyunun 10-da başlanmış, iyulun 8-də qurtarmışdır.
  5. Sultan - XVIII esrdə rütbə etibarilə xanlardan aşağı olan feodallara verilən ləqəbdir.