Qarabağnamə/Altıncı fəsil
←Beşinci fəsil | Qarabağnamə fəsil Müəllif: Mirzə Adıgözəl bəy |
Yeddinci fəsil→ |
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950) "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, səh. 51-56 |
URMİYA HAKİMİ FƏTƏLİ XAN ƏFŞARIN QARABAĞ
VİLAYƏTİ ÜSTÜNƏ GƏLMƏSİ, MÜHARİBƏ VƏ
SÜLH, İBRAHİMXƏLİL AĞANI ALDADIB
APARMASI VƏ MƏRHUM PƏNAH XANIN
Urmiya hakimi Fətəli xan Əfşar, Nadir şahın etibarlı və igidlikdə ad çıxarmış sərkərdələrindən olub, onun çarxçı-başçısı idi. O bütün Azərbaycan vilayətlərini almış və onun zəfər bayrağının mahçəsi (ayparası) bu ölkəni işıqlandırmışdı. Fətəli xan bilirdi ki, Pənah xandan başqa bir kimsə onun dövlət və şövkətini pozub dağıda bilməz. Buna görə, onun ədavətini ürəyində gizli saxlayırdı. Zatının xəmirəsi ona (Pənah xana) qarşı bəslədiyi gizli ədavətin suyu ilə yoğrulmuşdu. O, mərhum xana qarşı hərb etmək məqsədi[1] ilə yeddi dəfə fitnə-fəsadı göylərə qaldırdı. Lakin hər dəfəsində məqsədinə çatmadan, külli tələfatla geri qayıtdı. Axırıncı dəfə ulduzlar qədər saysız qoşunla gəlib Ballıca çayı ilə Xacə Əlili çayı arasında olan geniş bir səhrada düşdü. Ümumi yol kənarında olan bu yerdə səngər düzəltdi. O səngərin asarı və barılarının divarı indi də durur. Xalq arasında "Fətəli xan səngəri" adı ilə məşhurdur. O, qış fəslini də burada keçirtdi.
Bu zaman Çiləbörd və Talış məlikləri - Məlik Hətəm və Məlik Usub da gəlib Fətəli xanın qoşunları ilə birləşdilər. Onların yanında bir səngər düzəltdilər. Bu səngərin də asarı və nişanəsi indiyə qədər durur. Altı ay burada oturdular. Fətəli xan arzusuna çatmaq məqsədi ilə hər gün canından keçib meydana atılırdı. Lakin peşmanlıq və zərərdən başqa bir şey əldə edə bilmirdi.
Axırda o, məliklərlə bərabər böyük bir qüvvə ilə hücuma keçdi. İgidlik meydanına şücaət qədəmi qoydu. Pənah xan da müharibə meydanında üzağardan və düşməni qırmaq üçün ürəkləri lalətək dağlı olan Qarabağ qoşunu ilə müdafiəyə girişdi.
Hər iki tərəfdən qoşunlar səf çəkdilər,
Bellərini bağlayıb hərbə girişdilər.
Nayın səsi və təblin gumbultusundan
Bu mavi səma lərzəyə gəldi.
Oxla, kamanla bir-birinə hücum etdilər.
O dava meydanında çox qanlar tökdülər.
O qovhaqov və o qaçaqaçda şirlərin hay-huyundan,
(Gav-ü-) mahi[2] hərəkətə gəldi, fələkin qulaqları kar oldu.
O döyüş meydanında ürəkli və qoçaq döyüşçülərin
Əlində ox kamana, kaman oxa döndü.
O çarpışmada atlıların qaldırdığı tozdan
Hava qır dəryası kimi qapqara qaraldı.
Oxun və yayın ildırım kimi parıltısından
Oxun yağış kimi yağmasından
Yer üzündən elə bir qan çayı axdı ki,
Fətəli xan gördü ki, arzusunun gözəli varlıq aynasında görünmür. Cidd-cəhdinin ağacı zərər və peşmançılıqdan başqa bir səmərə vermir. Tədbirlər gördü, vasitəçilər saldı, saziş və barışıq binası qoydu. Ədavət və düşmənçiliyi aradan qaldırmaq istədi. Pənah xan da: "bacardığın zaman (müqəssiri) bağışla; çünki bu gözəl bir işdir" sözünün məzmununca, onun xahişini qəbul etdi. (Onlar) Ağa körpüsündə görüşərək sülh etdilər. Barışıq əhd və peymanla möhkəmləndi. (Fətəli xan mərhum) Pənah xana dedi: Bundan sonra dövlətlərimiz arasında ayrılıq və məmləkətlərimiz arasında düşmənçilik olmayacaqdır. Bunun əksini düşünmək ağlagəlməz bir xəyaldır. (İndi) sizdən dostcasına xahiş və ricamız budur ki, əgər mümkün olsa, uca xasiyyətli xanzadəni bir neçə günlüyə bizim çadırımıza qonaq göndərəsiniz. Bu bizə qarşı böyük qonaqpərvərlik və (bizdən ötrü də) son dərəcə başı ucalıq olar; çünki İbrahimxəlil ağanın məhəbbəti ürəyimizi kabab edib gözlərimizi yaşla doldurmuşdur. Bu vasitə ilə bir də onun ziyarətinə nail olarıq. Onu görüb ürəyimiz təsəlli tapar. Sonra onu böyük bir ehtiram və calalla hüzurunuza göndərərik.
Mərhum Pənah xan da onun qəliz andlarına və yalan sözlərinə etibar etdi. Gözünün işığı olan igid oğlunu bilikli və natiq adamlarla Fətəli xanın ordusuna göndərdi[3]. Bu xəbər Fətəli xana yetişincə, fərəh və şadlıq izhar etdi, övlad və əqrəbasından, əmir və sərkərdələrindən bir neçə nəfərini İbrahimxəlil ağanın istiqbalına göndərdi. (Xanzadə) sonsuz hörmət və hədsiz ehtiramla (Fətəli xanın ordugahına) yetişdi.
Bir neçə gün qaldıqdan sonra, o baxıb gördü ki, qayıtmağa izn ala bilmir. Hər gün bir xana, hər gecə bir əmirə qonaq olub, onların süfrəsi başında vaxt keçirməkdən bir şey çıxmır. (Buna görə) Pənah xana yazdı: "Belə məlum olur ki, Fətəli xan məni də özü ilə bərabər aparmaq fikrindədir. Mənim Qaladakı (Şuşadakı) kürən atımı təcili surətdə mənə göndərin. Bəlkə, yeriyən və səba yelitək mənzil kəsən o atın köməyinə qaça bilim".
At, Fətəli xanın ordusuna yetişincəyə qədər, Fətəli xan köçmək təblinin sədasını mavi göylərə yetirdi. İbrahimxəlil ağanı da özü ilə bərabər götürüb geri qayıtdı.
Bu dəhşətli xəbər Pənah xana yetişdi. O, gözünün işığı olan oğlunun ondan uzaqlaşdırıldığını gördü. Aydın dünya onun nəzərində tar oldu. Qulluğunda olan yaxın adamları ilə, igid və böyük oğlunun azad edilməsi üçün məsləhət məclisi qurub məşvərət çırağını yandırdı.
Fətəli xan atının cilovunu öz məmləkətinə çevirdikdən sonra, onunla Kərim xan Zəndin arası dəydi və düşmənçilik əmələ gəldi. Kərim xan dövlətli bir əmir idi. Fars ölkəsində calal atına minmiş və İraq tərəfində dəbdəbə badəsini içmişdi. Müstəqil və ixtiyar sahibi olmuşdu.
Kərim xan Zənd qardaşı İskəndər xanı böyük hazırlıq və təntənə ilə Fətəli xanın müharibəsinə göndərdi. İsfahan yaxınlığında iki qüvvə bir-birilə üz-üzə gəldi. Bu müharibədə İskəndər xan öldürüldü və qoşunu da məğlub oldu. Fətəli xan isə müharibədən qalib və müzəffər çıxdı. İraqın bəzi vilayətlərini zəbt edərək şövkət və calal bayrağını ucaltdı.
Kərim xan bu qəmgin hadisə və ürək yandıran qəziyyəni eşitdi. Qəzəb atəşi beyninə hücum etdi və intiqam almaq fikrinə düşdü. Hələ onun saysız-hesabsız qoşunu Azərbaycana girməmiş və zəfər nişanəli bayraqları o yerlərə əmin-amanlıq kölgəsi salmamışdı. O, Pənah xanın hüzuruna etibarlı elçi vasitəsilə məhəbbətlə dolu bir məkrub göndərdi. Məktubda lütf və mehribanlıq, birlik və həmrəylik izhar edirdi. Məkrubun məzmunu bundan ibarət idi:
"Fitnə və fəsad sahibi olan Fətəli xan indi bizimlə qan düşməni olmuşdur. Sizinlə də pis xasiyyətli bir düşməndir. Verdiyi söz və içdiyi andın əksinə olaraq hərəkət etmişdir. İbrahimxəlil ağanı apararaq, sizi dərd və qüssəyə salmışdır. Hər an bir fikirdə və hər gün də bir əmirlə hərb etməkdədir. Mən də "Ey ağıl sahibləri, sizin üçün qisas almaqda həyat vardır" ayəsinin məzmununa əsasən intiqam almağı və ədavət qılıncını qınından çəkib hərbə girişməyi qərara almışam. Buna görə cənabınızdan bir dost kimi xahiş edirəm ki, təcili surətdə durmadan və təxir etmədən, hökmünüz altında olan qalib qoşunlarınızla bizə yoldaşlıq edəsiniz; çünki, əsas məqsədim və günəş kimi işıqlı olan fikrim budur ki, həm sizin oğlunuzu xilas edim, həm də öz qardaşımın qanını alım".
Mərhum Pənah xan da belə bir fürsət axtarırdı və Fətəli xanın məhv olmasını Allahdan istəyirdi. O, saysız süvari dəstəsi və çoxlu qoşunla Kərim xanın köməyinə getdi. Azərbaycan torpağında Kərim xana yetişdi. Kərim xan da, ona qarşı lazımi hörmət və izzət şəraitini yerinə yetirdi. Hər ikisi düşmənləri olan Fətəli xana qarşı ittifaq bağladılar. Köçmək təblini çalıb Urmiya ətrafına yaxınlaşdılar. Şəhərin ətrafında fələklər qədər əzəmətli olan çadırlarını qurdular.
Çadırların çoxluğundan yerin üzü
Fətəli xan da özünün səhraları dolduran əsgərləri ilə müharibə meydanına hərəkət etdi. Bir az vuruşduqdan sonra qoşunu sındı və özü də Urmiya qalasına qaçdı. Qala mühasirəyə alındı. Bir neçə gün keçdikdən sonra Fətəli xan qalibiyyət pərisinin ondan bəxtinin ulduzu kimi üz döndərdiyini gördü. Dövlət günəşinin zavala yetişdiyini dərk etdi. İtaətdən başqa bir çarə tapmadı. Kərim xan vəkilin tərəfindən edilən vədlərə inamla tabe oldu[4].
Kərim xan vəkil, İranda müstəqil bir padşah olmadığından, özünə padşah vəkili adı vermiş və şahlıq adını qəbul etmək istəməmişdi. O, İbrahimxəlil ağanı hüzuruna gətirtdi. Ona qiymətli xələt, cavahiratla bəzədilmiş bir qılınc, qızıl yəhər və yaraqlı bir at bağışladı. Qarabağ vilayətinin xanlıq kağızını (fərmanının) ona verib qayıtmasına izn verdi. Sonra, Pənah xana təklif edib ondan xahiş etdi ki, bir neçə gün onunla birlikdə Şiraza səyahət etsin. Pənah xan da bu təklifi qəbul etdi.
Kərim xan Fətəli xanı da özü ilə bərabər götürüb mərhum Pənah xanla Darülelm[5] - Şiraza hərəkət etdi. Yolda, İsfahan yaxınlığında, Fətəli xanla Kərim xan Zəndin qardaşı İskəndər xanın hərb etdiyi mənzilə gəlib çatdılar.
Bu vaxta qədər Kərim xanın anası ona nə qədər yalvarıb xahiş edərdi ki, Fətəli xanı o dünyaya, qardaşı İskəndər xanın yanına göndərsin. Lakin Kərim xan etdiyi əhd və peymandan dönmək istəməyib anasının təklifini qəbul etməzdi.
Onlar bu mənzilə yetişdikdə, Kərim xan Fətəli xandan soruşdu: "Bu mənzili tanıyırsanmı, bu necə yerdir?"
Fətəli xan da çəkinmədən cavab verib dedi: "Bəli, bu haman hərb meydanı və qorxulu mənzildir ki, İskəndər xanın ömrünün günəşi burada batmışdır".
Kərim xan bu münasibətsiz cavabdan qəzəblənib, az qaldı ki, ödü partlasın. Dərhal Fətəli xanı axirətə, öz qardaşı İskəndər xanın yanına göndərdi.
Bir neçə gündən sonra onlar Şiraza gəldilər. Bir müddət keçəndən sonra mərhum Pənah xan öz əcəli ilə Allahın rəhmətinə getdi. Nəşini böyük hörmətlə gətirib Ağdamda pul ilə satın almış olduğu mülkündə dəfn etdilər. Allah ona rəhmət etsin.
Dəyişən zəmanənin qanunu belədir:
Onun nə mehribanlığı həmişəlikdir, nə də qəhri.
Heç olmadı ki, bir adamı bəsləsin, axırda öldürməsin,
Çünki o, mehribanlıqda yumşaq, düşmənçilikdə isə kobuddur
(rəhmsizdir).
Salari
Ey saqi! Ey mənim köhnə dostum, gəl!
Qeydlər
[redaktə]- ↑ A.Bakıxanov bu xüsusda yazır: "Nadir şahın ən mühüm əyanlarından biri olan və İran taxt-tacını iddia edən Fətəli xan Əfşar, hicri 1175 (1762)-ci ildə Azərbaycanı ələ keçirdi və qoşunla Qarabağa gəldi. Pənah xan ona zahiri itaət göstərdi və öz oğlu İbrahimxəlil ağanı onun yanında girov qoydu" (А.Бакиханов. Гюлистан-Ирам. Bakı, 1926, səh. 130).
- ↑ Öküz və balıq deməkdir. Qədim əfsanəyə görə, Yer öküzün buynuzları üzərində qərar tutur, öküz isə balığın arxasında durur.
- ↑ Başqa sözlə, Pənah xan sülh şərtlərinə görə, öz böyük oğlu İbrahimxəlil ağam Fətəli xan Əfşara girov verməyə məcbur oldu. Beləliklə, Pənah xan Fətəli xandan asılı olduğunu qəbul etdi.
- ↑ A.Bakıxanov bu hadisələri hicri 1176-cı ilə aid edir. Bu il 1762-ci il iyulun 23-də başlamış, 1763-cü il iyulun 11-də qurtarmışdır (А.Бакиханов. Гюлистан-Ирам. Bakı, 1926, səh. 130)
- ↑ Elm mərkəzi