Məzmuna keç

Qarabağnamə/Dördüncü fəsil

Vikimənbə saytından
Üçüncü fəsil Qarabağnamə Dördüncü fəsil
Müəllif: Mirzə Adıgözəl bəy
Beşinci fəsil
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, səh. 46-


DÖRDÜNCÜ FƏSİL

ŞUŞA QALASININ BİNA OLUNMASI VƏ
AĞA MƏHƏMMƏD ŞAHIN ATASI QACAR
MƏHƏMMƏDHƏSƏN XANIN MƏRHUM

PƏNAH XANLA MÜHARİBƏSİ HAQQINDADIR

Qarabağ vilayətinin ətrafı bir qədər asayiş tapıb Xəmsə məlikləri sakit olmağa başlayınca, baş qaldıran elatın bəzisi öz meyil və rəğbətlərilə, bəzisi də zorla mərhum Pənah xana itaət etdilər. Mərhum Pənah xan İranda olan qarışıqlığı[1] eşitdiyi zaman, onun işıqlı ürəyinin aynasına belə bir fikir əks etdi ki, Gəncə, Qarabağ, Ərdəbil və Naxçıvan hakimlərini öz hökmranlığı altına alsın.
Az bir zaman içərisində, bəzilərini qol gücü ilə, bəzilərini də elçilər göndərmək və cürbəcür mehribanlıqlarla itaətə gətirib, özünə tabe etdi. Sarıcalı Dərgah bəyi Ərdəbil şəhərində hökumət işlərini idarə etmək üçün təyin etdi. Gəncə xanzadələrinə qulluq vermək və onları qulluqdan çıxartmaq da Pənah xanın əmrilə olurdu. Bir qayda olaraq, adları çəkilən vilayətlərdəki xanların övladlarından bir neçə nəfəri həmişə Şahbulaq qalasında girov olaraq saxlanırdı. Bir müddət keçəndən sonra, Ağa Məhəmməd şahın atası Məhəmmədhəsən xan Qacar İraq, Azərbaycan və Mazandar hüdudlarında[2] istiqlaliyyət qazandı. Bu xəbər mərhum Pənah xana çatıncaya qədər yuxarıdakı qayda davam etdi.
Mərhum xanın hüzurunda olan əmirlər onun işarəsilə belə məsləhət gördülər: "Nadir şah öldürüləndən sonra, Əliqulu xan və Əmir Aslan sərdarla aramızda dostluq əlaqəsi və məhəbbət rabitəsi möhkəm idi. İndi ola bilər ki, Qacar Məhəmmədhəsən xan bizimlə pis rəftar etsin, bizə qarşı ədavət və düşmənçilik yolunu tutsun. Ətraf xanlarından da xatircəmlik yoxdur və bu dövlətlə ürəkdən düşmən olan çoxdur. Ola bilər ki, Məhəmmədhəsən xanı təhrik etsinlər və ona qoşulub bizimlə müharibəyə girişsinlər. Ola bilsin ki, Qarabağın rəiyyət və elatı düşmən qoşunu atlarının ayaqları altında məhv olsun, Şahbulaq qalasının müdafiəyə tab və taqəti olmasın. Belə olan surətdə "hər bir hadisənin çarəsi qabaqcadan düşünülməlidir" misrasmin məzmununca əqlə və vaxtın tələbinə münasib xətt-hərəkət budur ki, möhkəm bir yer və meydan tapıb orada şəhər və hasar binasını qoyaq, bürc və divar saldıraq. Düşmənin hücum və sədəməsindən arxayın olaq".
Yuxarıda işarə olunduğu kimi, Pənah xan Məlik Şahnəzərlə məsləhətləşdi. Onun məsləhəti və bələdçiliyilə Şuşa şəhərini bina etdi. Şəhərin bina olunacağı yerdə axar su və bulaq yox idi. İmtahan üçün bir neçə quyu qazdılar. O quyulardan su çıxandan sonra, 1170-ci ildə[3] Şuşa şəhərinin binasını qoydular.
Bütün yuxarıda deyilənlərə əsasən müəyyən etmək olar ki, Şuşa qalasının əsası ən geci 1751-ci ilin birinci iki ayı, yaxud 1750-ci ilin ikinci yarısında qoyulmuşdur.
Şahbulağında sakin olanları, bir para kənd əhalisilə köçürüb buraya gətirdilər. Hər bir şəxsə yurd və yer verib xalqı sakit etdilər. Sonra Pənah xan öz ailəsi üçün uca imarətlər və geniş binalar saldırdı. Hünərli ustalar, sənət sahibi və iş bilən memarlar barı, hasar, bürc və divar çəkdilər. O divarların asan bəzi yerlərdə indi də durur. Bu şəhərin bina edilməsindən bir il keçəndən sonra, Ağa Məhəmməd şahın atası Məhəmmədhəsən xan Qacar Astarabad, Mazandaran və Gilan vilayətlərindən daşların sayından çox və yağışın qətrələrindən artıq qan-içən qoşun topladı, Şuşa şəhərini almaq məqsədilə hərəkət etdi. Şuşa qalasına yaxınlaşıb Xatun arxında dayandı. O bir çox tədbirlər gördü və hiylələr işlətdi ki, bəlkə bu vasitə ilə Pənah xanı itaət toruna salıb Qarabağ ovlağının ovçusu olsun. Lakin şahin ovlayan o qızılquşu (Pənah xanı) hiylə toruna salıb əsir edə bilmədi. Xatun arxında səfər yükünü açdı (düşdü), çadırını qurdu və səngərlər qazdırdı. Qarabağın igidləri onun qoşununa çox zərər yetirirdilər. Azuqə gətirən adamlarını, qoşun əhlinin heyvan və mal-qarasını qarət edib aparırdılar.
Məhəmmədhəsən xan Qacar bu əsnada Kərim xan Zəndin tərəqqi və istila səsini eşitdi. Öz toplarını Xatun arxında qoyaraq qayıtmaq təblini çaldırdı və səfər bayrağını hərəkətə gətirdi. Mərhum Pənah xan o topları qalaya gətirtdi.
Qızılbaş qoşunu Şuşa şəhərini mühasirə etdiyi zaman, bu toplar uca olan Rusiya dövləti məmurlarının ixtiyarında idi. Lazım gəldiyi zaman onlardan istifadə edirdilər[4]

Qeydlər

[redaktə]
  1. Nadir şahın ölümündən sonra şahlıq taxt-tacını iddia edənlər arasında gedən mübarizə nəticəsində İranda baş vermiş daxili qarışıqlıqlar nəzərdə tutulur.
  2. Ehtimal ki, 50-ci illərin əvvəllərində, Məhəmmədhəsən xanın Cənubi Azərbaycan sahəsinin çox hissəsini ələ keçirib, özünün sonuncu güclü düşməni olan urmiyalı Azad xana qarşı mübarizə apardığı zamanda olmuşdur.
  3. Hicri 1170-ci tariximizin 1756-1757-ci ilinə mütabiqdir. Bu tarix bizdə şübhə oyadır. Ağdamda Pənah xanın qəbri üstündəki mərmər başdaşı kitabəsinin mətnindən göründüyü kimi, o, hicri 1172-ci ildə, yeni tariximizin 1758-1759-cu ilində vəfat etmişdir (başdaşı kitabəsinin üzü tarix elmləri namizədi Ə.Ələsgərzadə tərəfindən çıxarılmış və Pənah xanın ölüm tarixini də o oxumuşdur).
    Bu tarixi daha düzgün təyin etmək məqsədilə biz Camal Cavanşir Qarabağinin 1855-ci ildə "Kavkaz" qəzetində A.Berjenin tərcüməsilə dərc edilmiş "Qarabağ" adlı əsərinə müraciət etdik. Burada da haman hicri 1170-ci ilin qeyd edildiyini gördük. Mirzə Camal yazır: "O (Pənah xan- V. L.), hicri 1170-ci ildə Şahbulağı və bəzi ətraf kəndlərin bütün əhalisini Şuşaya köçürtdü". Bu cümləni iki cürə başa düşmək olar: ya o zaman qala tikilib qurtarmış, ya da yenicə tikilməyə başlanmış, lakin bunu qəti olaraq demək mümkün deyil. Şuşa qalasının binasından qabaq və sonra baş vermiş hadisələrin tarixini müəyyən etmək məqsədilə son dövrlərə aid olan Rövzətüssəfayi Nasiri kimi mənbələrə də müraciət olundu, lakin heç bir müsbət nəticə əldə edilmədi. Bu əsərlərin elmi-tənqidi mətnləri olmadığından, onlar hadisəiəri aydınlaşdırmaq əvəzinə daha da dolaşıq salırlar.
    Tarix elmləri namizədi T.İ.Ter-Qriqoryanın verdiyi məlumata görə, erməni müəllifləri, o cümlədən Raffı "Beş məliklik" və Barxudaryan "Artsax" adlı əsərlərində Şuşa qalası binasının tarixini Camal Cavanşir Qarabaği və Mirzə Adıgözəl beyin verdikləri məlumata əsasən təyin edirlər.
    Beləliklə, hələlik, aparılmış tədqiqatla kifayətlənərək demək olar ki, Şuşanın əsası 1750-ci ilin ikinci yarısında, yaxud 1751-ci ilin əvvəllərində qoyulmuşdur.
    Əgər şəhərin əsası hicri 1170-ci ildə qoyulduğuna inansaq, onun əsasının Pənah xanın ölümündən iki il qabaq qoyulmuş olduğunu etiraf etməyimiz lazım gələcəkdir, bu isə Pənah xanın həyatından bizə məlum olan faktlara ziddir. Hicri 1170-ci il tarixi şübhə əmələ gətirdiyindən, biz "Qarabağnamə"nin digər nüsxələrinə: Azərbaycan SSR EA Mərkəzi kitabxanası Şərq şöbəsinin 1 nömrəli əlyazmasına, Azərbaycan SSR EA A.Bakıxanov adına Tarix İnstitutu elm arxivinin 1522 nömrəli əlyazmasına müraciət etdik və bu nüsxələrdə Şuşa qalasının bina edilməsi tarixinin hicri 1170-ci il qeyd edildiyini gördük. Lakin buna baxmayaraq, hicri 1170-ci ili Şuşa qalasının binası tarixi kimi qəbul etmək olmaz. "Qarabağnamə"nin mətnini öyrənərkən, Mirzə Adıgözəl bəyin hadisələr izahındakı ardıcıllığını qeyd etmək olar. O, uzun illər ərzində baş vermiş hadisələri təsvir edərkən, xronoloji ardıcıllığı heç bir yerdə pozmamışdır, bu da təqdirəlayiqdir. Əgər Mirzə Adıgözəl bəyin uzun illər ərzində baş vermiş hadisələrin təsvirində riayət etdiyi ardıcıllığı, Şuşa qalasının binası haqqında yazdığı səhifələrdə də davam etdirdiyini təsəvvür etsək, o zaman biz Şuşa qalasının əsası qoyulduğu vaxtı tamamilə düzgün təyin edə bilərik. Mirzə Adıgözəl bəy yazır ki, şəhərin əsası qoyulduqdan bir il sonra, Məhəmmədhəsən xan Qacarın qoşunları Qarabağa soxuldular. Qacarın qoşunları Qarabağda olan zaman Şuşa qalası var idi. Məhəmmədhəsən xan Qarabağda cəmisi bir aya qədər qalmış, sonra isə cənuba tərəf getmişdi. Bir az keçdikdən sonra Gəncə, Qarabağ, Qaradağ, Naxçıvan və İrəvan xanları şəkili Hacı Çələbi xana qarşı müharibə etmək niyyətilə Gəncənin yaxınlığında Gürcüstan padşahı II İrakli ilə görüşürlər, lakin II İrakli onları həbsə aldı. Bu salnaməyə görə, göstərilən hadisələr 1752-ci ilin mart ayında baş vermişdir.
  4. Qarabağ xanlığı Rusiya ilə birləşdikdən sonra, İran qoşunları Şuşanı ilk dəfə 1806-cı ildə mühasirə etmişdilər.