Məzmuna keç

Qaradağlılar/Nəcəfqulu xan

Vikimənbə saytından
Məhəmmədqulu xan Qaradağlılar. Nəcəfqulu xan
Müəllif: Ənvər Çingizoğlu
Qaradağ vilayəti


Nəcəfqulu xan Məhəmmədkazım xanın oğludur. Əhər şəhərində dünyaya gəlmişdi. Mükəmməl saray təhsili almışdı. Nəcəfqulu xan bir müddət qardaşının əvəzinə xanlıq etmişdi. Qardaşı Mustafaqulu xan zindandan çıxdıqdan sonra onu tutdurub Şuşa qalasına göndərmişdi. Bir müddətdən sonra zindandan azad olundu. Qaradağa qayıtdı. 1791-ci ildə qardaşı tərəfindən Ağaməhəmməd xana girov verildi. Nəcəfqulu xan sonralar Ağaməhəmməd şah Qovanlı-Qacarın yaxın adamlarından birinə çevrildi. Şahın ətrafında olanlar bu yaxınlığı qəbul edə bilmədilər. Şərləyib, şahın nəzərindən saldılar. Ağaməhəmməd şah Nəcəfqulu xanın arvad-uşağıyla bərabər Marağa zindanına salınmasını əmr etdi. Bir müddət də Marağa zindanında yatan Nəcəfqulu xan kor oldu. 1797-ci ildə, Ağaməhəmməd şahın öldürülməsindən sonra Marağa zindanından azad edildi. Qaradağa qayıtmayıb, Təbrizdə məskunlaşdı. Fətəli şahın hakimiyyəti illərində şahzadə Abbas mirzə Naibəssəltənə ona Təbriz civarında, Ərvənəq mahalındakı Dizəc Xəlilli kəndini bağışladı. Nəcəfqulu xan həmin kəndin gəliri ilə dolanırdı. Nəcəfqulu xan şair idi. Sərşar təxəllüsü ilə şeir yazırdı. Türk, fars və ərəb dillərində şeirləri var. Nəcəfqulu xan Sərşarın şeirlərindən bir güldəstə:


Qarabağ içrə istər lalə könlüm bəs Qaradağı,
Çəkər bu həsrət odu sinəmə hər dəm qara dağı.

Bu gülşən içrə xar oldu günlü könül quşu,
Qaçan bülbül görər ağ gün əgər olsa qara bağı.

Nə qəm düstaqlıqdan şiri üçün zəncir eyb olmaz,
Qəfəsdə bülbülü, tutini saxlayırlar nə kim, zağı.

Sirişki-laləgündən qəsdim ər gülzarlıq olsa,
Edər baği-Irəm rəşgi gözüm bir ləhzə dəhr ağı.

Əgər düşmənlərim yağı olubsa səhldir billah,
Bənə bu dostlarım bilmən neçun, yarəb, olub yağı?

Bu Sərşarın məzarında bitən lalələrin cana,
Qara dağı edər zahir bu bikəs həm Qaradağı.

Nəcəfqulu xan 1818-ci ildə Təbriz şəhərində vəfat edib.