Məzmuna keç

Qaradağlılar/Təmişli oymağı

Vikimənbə saytından
Toxmaqlı-Qaradağlılar Qaradağlılar. Təmişli oymağı
Müəllif: Ənvər Çingizoğlu
Xəlifələr


Ustaclı elinə qatılan oymaqlardan biri Təmişlidir. Təmişli oymağı Qızılbaşlar məmləkətinin yaranmasından sonra Diyarbəkr vilayətində yerləşdilər. I Şah Ismayıl Səfəvi bu vilayəti onlara yeyimlik yurd vermişdi. Təmişli oymağının sayılan soylarından biri Mirzəbəy uşağıdır. Soyun başçısı olmuş Mirzə bəy Təmişli-Ustaclı XV yüzilin sonu, XVI yüzilin önlərində yaşamışdı. Mirzə bəyin Xanməhəmməd bəy, Qara bəy, Mustafa bəy, Sarı Piri bəy, Ulaş bəy, Süleyman bəy, Əvəz bəy adlı oğulları vardı. Xanməhəmməd bəy Şah Ismayılın yaxın adamlarından sayılırdı. Adlı sərkərdələrdən idi. Şirvan yürüşündə iştirak etmişdi. Səliqə-səhmanı, ədəb-ərkanı, qəyyur-qoçaqlığı ilə şahın diqqətini cəlb etmiş, irəli çəkilmişdi. Şahın bacılarından birinə evlənəndən sonra, 1507-ci ildə Diyarbəkr bəylərbəyi təyin olunmuşdu. Xanməhəmməd bəy Diyarbəkrə gələndən sonra yerli ağalara qarşı savaşa başladı. Tarixçi Həsən bəy Rumlu yazır: «Həmin müharibədə Qasım bəyin 10 min nəfərlik qoşununa qarşı, Xanməhəmməd bəy Ustaclının 2 min nəfər qoşunu vuruşdu və qalib gəldi.» (Bax: H. Rumlu, Əhsən ət-Təvarix, səh. 95-96). «Cahanarayi-Şah Ismayıl Səfəvi» adlı tarixi əsərdə yazılır: «Xanməhəmməd bəy Ustaclı Diyarbəkri başdan başa tutaraq, böyük qələbələr qazanmışdı… Bütün vuruşmalarda qalib gəlirdi. Bu yüksək bacarıqlı əmirin igidlik və azmanlıqla ucalan ad-sanı Rum, Misir və Şamda geniş yayılmışdı… Buna görə bir neçə il o yerlərdə baş qaldırmağa ürək edən olmadı». (Bax: «Cahanarayi-Şah Ismayıl Səfəvi», əlyazma, vərəq 134). 1514-cü ildə Osmanlı və Qızılbaş ordusu qarşı-qarşıya gəldi. Şah Ismayıl müşavirə topladı. Savaşla bağlı sərkərdələrinin fikrini, məsləhətini dinlədi. Təcrübəli sərkərdə Xanməhəmməd bəy Osmanlı ordusunun hərbi hazırlıq vəziyyətini və vuruş taktikasını ətraflı təhlil etdi. Sonra də bildirdi ki, biz onları indiki halında yalnız çal-çevirə salmaqla səfər zamanı yenə bilərik. Şah Ismayılın qaynı və məhrəm əmirlərindən, eşikağasıbaşı Durmuş xan Bəydili-Şamlı dedi: «sənin belə kədxudalığın Diyarbəkrdə işə keçər. Burada Şah Ismayıl əyləşib, rəy və göstəriş də onundur». Şah Ismayıl da qürrələnib, Xanməhəmməd bəyi yerinə əyləşdirdi: «Mən harami deyiləm ki, karvan yolunu kəsəm!». Xanməhəmməd bəy 1514-cü ildə Çaldıran savaşında top mərmisindən həlak olmuşdu. Xanməhəmməd bəy Mir Ziyaəddin bəy Süleymaninin qızı Bikisi xanımla ailə qurmuşdu. Qılıc bəy, Bəyazid bəy adlı oğulları vardı. Qılıc bəy Qızılbaşlar arasında sözü, silahı ilə tanınan əmirlərdən idi. I Şah Ismayıl Səfəvinin fərmanı ilə xan ünvanı almışdı. Qılıc xan 1525-ci ildə çəkişmə nəticəsində öldürüldü. Xanməhəmməd bəyin ikinci oğlu Bəyazid bəy qoçaq, qeyrətli bir igid idi. I Şah Ismayıl Səfəvinin fərmanı ilə sultan ünvanı almışdı. Bəyazid sultan 1524-cü ildə öldürüldü. Mirzə bəyin ikinci oğlu Qara bəy öncə 600 atlının çarxçısı idi. Qardaşından sonra xan ünvanı ilə Diyarbəkrə bəylərbəyi təyin olundu. Qara xan 1516-cı ildə Mardin civarında Osmanlı sərkərdəsi «Bığlı Çavuş» ayamalı Mustafa paşaya qarşı savaşda öldürüldü. Qara xan Şeyx Heydər Səfəvinin qızı ilə evlənmişdi. Abdulla xan adlı oğlu vardı. Abdulla xan Diyarbəkrdə anadan olmuşdu. Savaş sənətinə yiyələnmişdi. I Şah Təhmasibin əmirülümərası vəzifəsində bütün qızılbaş əmirlərinə başçılıq etmişdi. 1549-cu ildən 1567-ci ilədək Şirvanın bəylərbəyisi olmuşdu. Abdulla xan 1567-ci ildə vəfat edib. Abdulla xan I Şah Ismayıl Səfəvinin qızı ilə evlənmişdi. Həmzə xan, Şahəli mirzə adlı oğulları vardı. Həmzə xan seçkin qızılbaş əmirlərindən sayılırdı. 1578-ci ildə Krım tatarlarına qarşı savaşda çərxçi olmuşdu. Aras xan Rumlu döyüşdə həlak olandan sonra Şirvan bəylərbəyiliyinə namizəd göstərilmişdi. Lakin şahın arvadı Xeyrənnisə bəyim (Məhdi Ulya) onun namizədliyini qəbul etmədi. Abdulla xanın ikinci oğlu Şahəli mirzə yarım şahzadə sayılırdı. Bir müddət atasının yanında Şirvanda yaşamışdı. Şirvanın bəzi qəzalarına başçılıq edirdi. Şahəli mirzə I Şah Təhmasibin qızı ilə evlənmişdi. Salman mirzə adlı oğlu vardı. Salman mirzə Təbriz şəhərində dünyaya gəlmişdi. Bir müddət Məşhəd şəhərinə hakimlik etmişdi. 1580-ci ildə Şirvan bəylərbəyi təyin olunmuşdu. Mirzə bəyin üçüncü oğlu Mustafa bəy qardaşlarıyla bərabər Diyarbəkrdə xidmət edirdi. Mirzə bəyin dördüncü oğlu Sarı Piri bəy I Şah Ismayılın özəl qvardiyasında qorçu kimi xidmət etmişdi. Sonra qorçubaşı vəzifəsinə yüksəlmişdi. Çaldıran savaşında aparıcı vəzifəyə, çarxçılığa təyin olunmuşdu. Savaşa ilk dəfə o atılmışdı. Sarı Piri bəy 1514-cü ildə Çaldıran savaşında həlak oldu. Mirzə bəyin beşinci oğlu Ulaş bəy I Şah Ismayılın fərmanı ilə Cəzirə vilayətinə hakim təyin olunmuşdu. Onun adıyla bağlı Ulaşlı toponimləri var. Mirzə bəyin altıncı oğlu Süleyman bəy I Şah Təhmasibin fərmanı ilə xan ünvanı almışdı. Qara xanın hakimliyi çağında Mardin şəhərinin müdafiəsi ilə məşğul olmuşdu. Mirzə bəyin yeddinci oğlu Əvəz bəy I Şah Ismayılın fərmanı ilə Bitlis əyalətinə hakim təyin olunmuşdu.