Qazağa (Növrəs İman)
Görünüş
Qazağa Müəllif: Növrəs İman |
Mənbə: "Növrəs İman" (az.). "Ozan dünyası" jurnalı. 2010. 2016-08-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Səyyah idim, dolanırdım dünyanı,
Mürği-ruhum etdi cövlan Qazağa.
Axtarırdım, bulum yaxşı, yamanı,
Neçə gündə gəldim pünhan Qazağa.
Əyləşdim məxvidə, mən oldum xamuş,
Azca gedişata yetirirdim huş.
Baxın, a yoldaşlar, olun fəramuş,
Gör necə yaraşır dastan Qazağa.
Şagirdlərin səsi, qızlar dəstəsi,
Bir-biriynən eylər müəllimlər bəhsi.
Uzaqdan baxanın gəlir həvəsi,
Görməyənlər qalıb heyran Qazağa.
...Götürüb nazimlər desin kalamı,
Gözəl elm oxumuş, anlamış hamı.
Bir işrətli gündür Mayın bayramı,
Çağrılıb aşıqlar mehman Qazağa.
Çəməngahlı məclis – nə gözəl işrət!
Baxanın qəlbində qalmaz küdurət.
Alınsın nəzərə, çəkməsin həsrət,
Gəlibdi bu Novrəs İman Qazağa.