Məzmuna keç

Qazilər qazisi Sədrəddin Əhmşadı mədh

Vikimənbə saytından
Qazilər qazisi Sədrəddin Əhmşadı mədh
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: M.Soltan


Göylər sənin camalını bəzərkən,
Eşqin ilə çiçəkləndi dağ, çəmən.

Ağıl sənin qarşında bir qul oldu,
Dodağından can aləmi doğuldu.

Zülfun oldu mələklərin şeytanı,
Hüsnün oldu ölkələrin soltanı.

Eşqin ilə yarandı bir qiyamət,
Fitvan isə oldu əsil səadət.

Camalına baxan hər göz nurlandı,
Ürək isə sövdan ilə varlandı.

Zülfun ilə pərdələndi fələklər,
Etməyələr ta başını dəngəsər.

Qırsan əgər sən fələyin riştəsin,
Dağıdarsan bu dünyanı sən yəqin.

Bir tükünün həlqəsi itsə əgər,
Cəm üzüyü olmaz ona bərabər.

Dodağından kövsər suyu dad alar,
Xaqaninin qəlbindəsə od yanar.

Sənin qiblən dil açır bir Cövza tək,
Qədəmlərin gövhər saçar dərya tək.

Ellər içrə möhtərəmdir Əhmşad,
Soltan kimi bir qazidir o ustad!

  • * *

Ayrılmışam bütün aləm qeydindən,
Varlığımla bağlanmışam sənə mən.

Bu can nədir, mən ki, sənin sayənəm,
Sayəndəsə məndən qaçır derdü qəm.

Fərağında ölüm məni yaxalar,
Hüzurunda əzablarım yox olar.

Sonsiz qanlı yaş axıdar gözlərim,
Bir fəğanə dönər ürək sözlərim.

Dilim səndən söz açanda hər zaman,
Adın ilə qəlbim olur şadiman.

De, hicransız vəslə çatmaq olarmı?
Sümüyü heç ətdən atmaq olarmı?

Ciyər odum yandırmışdır naləmi,
Odlu ahım bürümüşdür aləmi.

Günəş mənim gözlərimdə söndü, bax,
Hər şöləsi bir almaza döndü, bax.

Fələklərə qalxsa ahımdan tüstü,
Yeddi fələk səkkiz olar əlüstü.

Xaqaninin qəlbi qəmlə doludur,
Dərdi isə bitməz karvan yoludur.

Bircə nəfəs qalmamışdu" onda can,
Sanki Günəş kölgəsidir, ah, aman!

Din Günəşi, ey Müştəri ismətli,
Əzəliyyət, əbədiyyət şövkətli.

Soltanlığa layiqsən, ey Əhmşad!
Bir kəramət sahibisən, könlü şad.

  • * *

Bir sehirkar şair mənəm cahanda,
Sözlərimdə möcüz var hər zamanda.

Ağacımdan meyvə dərir şairlər,
Kitabımdan dərs öyrənir sahirlər.

İnci səpən təbim tanıdır məni,
Ona çatmaz cavahirlər mədəni.

Nəzmdə, həm nəsrdə mən ustadam,
Yox mənimtək söz yaradan bir adam.

Süfrəm açıq bu qəhətlik ilində,
Mislim yoxdur bizim Şirvan elində.

İlhamımın Yusifini görsələr,
Barmaqların doğrar gözəl hurilər.

Məndən ağıl öyrənmək istəyənlər,
Gəlib, mənim sözlərimdən öyrənər.

Zənginlikdən xəbər verər vəhdətim,
Əzizliyi nişan verər üzlətim.

Bir tərəfdən yoxluq verərkən nişan,
Bir tərəfdən göstərir o xanüman.

Papaq versən, ya da başımı kəssən;
Nə sevinnəm, nə də qəmlənərəm mən.

Söz yaradan şairəm mən dünyada,
İncimərəm kim şerimi dansa da.

Gözlər özü görsün gərək, sözü yox,
Gövhər şəfəq versin gərək, sözü yox.

Can mülkündə olmalıdır şan, şərəf,
Yoxsa olar çör-çöp kimi o tələf.

Biri hər dəm milçək kimi sorar qan,
Biri banlar xoruz kimi durmadan.

Ağıl belə hərzələrdən çəkinər,
Tülküləri saya salmaz şiri-nər.

Dəvə quşu nə quşdur, nə dəvədir,
Od ələyir, min cür bəla törədir.

Bir yaramaz gücənib bir beyt yazar,
Oxuyanda qafiyəsi hal pozar.

İbarəsi zəhərli yay yeli tək,
Mənaları soyuq qışın seli tək.

Mən gülürəm belə yaramazlara,
Amma, varda onlar hara, mən hara?!

Uşaq kimi at çaparlar ağacdan,
Mən baxaram onlara heyran-heyran.

Xaqaninin təbi Məryəm kimidir,
Belə cahil cuhudları kiridir.

Bəsdir Məryəm ismətinə bu dəlil,
Ki, uşağı bir günlükdə açdı dil*.

Bu bəsdir ki, imamı mədh etdim mən,
Təki, mənə toxunmasan Əhrimən.

Alimlərin başçısıdır Əhmşad,
Şərəfilə rövnəq tapır bu həyat.

Səs salmışdır bu diyara həşməti,
Cənnətə yol nişan verir isməti.

Dərrakəsi dərk eyləyir aləmi,
Biliyilə açır sirri-mubhəmi.

Hörmüz kimi xeyirxahdır məzaci,
Ona görə ellərə oldu qazi.

Küll-nəfsin sahibi olduğundan,
Gedir onun arxasınca bu cahan.

Əllərindir səxavətin məxzəni,
Can evidir cəlalının mədəni.

Nəzərlərdən qeyb olana əyandır,
Daim sənin kəramətin həyandır.

İslamiyyət qələsinə hər zaman,
Qələmindir ən mötəbər pasiban.

Düşməninə vurmaq üçün zərbələr,
Odda – nizə, suda isə var sipər,

Mədh edəndə səni, dedi asiman:
Ütarid tək yaz bu mədhi, et bəyan*.

Mədh edirəm bu misilsiz dil ilə,
Çörəkçin yox, ad qazanmaq qəsdilə.

Bil, təbimdə yox tamahın əsəri,
Kim görmüşdür nərdivanda filləri?

Mənə ruzi verir Allah və qələm,
Təmənnasız mən səni mədh edirəm.

Sözlərimi hesab etmə yalvarış,
Mənim təbim yaltaq şair olmamış.

Mən bilirəm, sən də yaxşı bilirsən,
Ki, qətrədə mühiti görürəm mən.

Könlüm olmuş yorğun, məni bağışla,
Bir şəfa ver dərdimə xoş baxışla.

Əcəb olmaz – qələmin edə bir an,
Bu şoranlıq varlığımı gülüstan.

Məlumdur ki, müdrik, alim adamlar,
Kiçikləri etmiş daim bəxtiyar.

Qarışqada vardır Cəmşid mülkündə,
Çibinə də vəhy gələr xoş gündə.

Çobanı da nəbi yola gətirər,
Görünmüşmü çoban olsun peyğəmbər?

Canlılara şahlıq edər Süleyman,
Bir qadına namə yazsa mehriban.

Ya da seyyid atəşpərəst kafərə,
Qələm alıb namə yaza, göndərə.

Ayın nuru gün açdırar tikandan,
Günəş daşı yaqut edər hər zaman.

Bulud qara torpağa gövhər səpər,
Külək kimi gülüstana döndərər.

Kərəmdəndir, ağıldandır bu xislət,
Çox yaraşır sənə bu xoş məziyyət.

Ey vəfası göylərə zinət verən,
Ey zəkası azmışa yol göstərən!

Qoy mənzilin olsun kərəm meydanı,
Qoy səadət atın gəzsin dünyanı.

Seyrəngahın olsun parlaq ulduzlar,
Qoy üzünə gülsün daim ruzigar.

İqlimləri fəth eyləsin kəlamın,
Qoy əbədi olsun sənin məqamın.

Uzaq olsun səndən fitnə və fəsad,
Baxtın daim ayıq olsun, Əhmşad!