Qocalıqdan şikayət

Vikimənbə saytından
Qocalıqdan şikayət (1906)
Müəllif: Mirzə Ələkbər Sabir


Əfsus qocaldım, ağacım düşdü əlimdən,
Səd hey cavanlıq!
Zəf eylədi aciz məni, qaldım əməlimdən,
Çəkdim nə ziyanlıq!
Satdıqca cavanlıqla keçən günləri yadə
Dərdim olur on qat!
Ya rəb, yetərəm birdəmi dünyada muradə?
Heyhay və heyhat!
Saqqal ağarıb, bel bükülüb, dinmə filanı!
Övqatım olub təlx;
Övrət də yaxır saqqalına gündə hənani,
“Rişi ki, bərəng əlx”.
Yad olsun o günlər ki, muradımca gəzərdim
Sazəndə Oruğnan:
Min acizü biçarələrin başın əzərdim
Sillə və yumuruqnan.
Bu sayədə hər ləhzə edib səyü təlaşı,
Sərvət qazanardım;
Təhsil eləyib qol gücünə əmri-məaşı,
Dövlət qazanardım.
Əzalar isə süst olub indi qocalıqdan,
Bir dadrəsin yox!
Görməzmisən əhvalımı, düşdüm ucalıqdan,
Fərdayəsim yox,
Heç yerdə səsim yox,
Kəskin nəfəsim yox,
Fikrimdə cavanlıq,
Başqa həvəsim yox.

Mənbə[redaktə]

  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 22