Qocalar marşı
Görünüş
Qocalar marşı Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 81. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Bir qocayam, çaq nər kimi yaşaram,
Dörd arvadı bir-birinə qoşaram,
Bir ildə üç-dördün alıb boşaram,
Qoca kişi yalqız yatmaz...m!
Barmağıma əqiq üzük taxaram,
Saqqalıma çox-çox xına yaxaram,
Hər yerdə bir arvad görsəm baxaram,
Qoca kişi yalqız yatmaz...m!
Oruc tutub, namazımı qılaram,
Dəsmalımı göz yaşıma bularam,
Huriləri virdimdə arzularam,
Qoca kişi yalqız yatmaz...m!
On yaşında uşaqların başına,
Əl çəkərəm gah gözünə, qaşına,
"Xod" verərəm gecə-gündüz maşına,
Qoca kişi yalqız yatmaz...m!
Axirətim, imanım var, dinim var,
Ariflərnən ədavətim, kinim var,
Bir xoruzam əlli yerdə hinim var,
Qoca kişi yalqız yatmaz...m!
Mənbə
[redaktə]- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 47