Məzmuna keç

Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/İbrahim surəsi

Vikimənbə saytından
Ər-Rəd surəsi Quran. İbrahim surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əl-Hicr surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Əlif, Lam, Ra. (Mən hər bir şeyi görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu Qur’an dünyadakı) insanları onların Rəbbinin istək və köməyi ilə qaranlıqlardan (əqidə, əxlaq və əməl əyriliklərindən) nura (ilahi hidayətə) tərəf çıxarmağın və O qüdrət və mədh olunmuş xislətlər sahibi olan (Allah)ın yoluna istiqamətləndirməyin üçün (Öz əzəli elmimizdən Lövhə, oradan Cəbrailin qəlbinə və oradan da) sənə nazil etdiyimiz bir kitabdır.
2. O Allah ki, göylərdə və yerdə olanların hamısı (onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür (çünki onların yaradılışı, qorunması, idarə edilməsi və sonda yox edilməsi Onun istək və iradəsindən asılıdır). Çətin əzaba görə vay və ölüm olsun kafirlərə!
3. O kəslərə ki, dünya həyatını sevir və onu axirətdən üstün tuturlar, (insanları) Allahın yolundan saxlayır və onun əyriliyini istəyirlər (onun qanunlarını əyri kimi təqdim edir və camaatı ondan azdırırlar). Onlar uzun-uzadı bir azğınlıq içərisindədirlər.
4. Biz hər bir peyğəmbəri (hətta peyğəmbərlik dairəsi digər dillərdə olan insanları da əhatə etmiş olsa belə) yalnız öz qövmünün dilində göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin. Beləliklə, Allah (ilahi dəlil-sübutu qəbul etməyənlərdən) istədiyini azğınlıqda boşlayır və istədiyini (ilahi dəlil-sübutu qəbul etdikdən sonra, kamilliklərə doğru) hidayət edir. Odur yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibi!
5. Həqiqətən Biz Musanı (əsa, şəffaf əl və Tövrat kimi) Öz nişanə və möcüzələrimizlə göndərdik ki: Öz qövmünü (nadanlıq, küfr və itaətsizlik) zülmətlər(in)dən (iman) nur(un)a tərəf çıxart. Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mənsub olan günləri) onların yadlarına sal ki, həqiqətən bunda (bu xatırlatmada) hər bir səbr və şükr edən üçün (oyaqlıq və ibrət) nişanələr(i) vardır.
6. Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Allahın sizi fironçulardan u sizə pis işgəncələr verən, oğlanlarınızı kütləvi şəkildə qətlə yetirən və qadınlarınızı (xidmət etmək üçün) diri saxlayanlardan nicat verən zaman sizə olan nemətini xatırlayın. Bu işdə sizin üçün Rəbbiniz tərəfindən böyük bir bəla və imtahan var idi».
7. Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükr etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir.»
8. Musa (öz qövmünə) dedi: «Əgər siz və yer üzündə olanların hamısı Allaha kafir olsanız, yaxud Onun nemətlərinə qarşı nankorluq etsəniz (Ona bir zərər vurmazsınız, çünki) həqiqətən Allah ehtiyacsızdır və sifət və işləri mədh olunandır (ki, mələklər və möminlər Onu dilləri ilə, yaratdıqlarının kamilliyi isə Onu öz halları ilə mədh edirlər).»
9. Məgər sizdən qabaqkıların – Nuh, Ad və Səmud qövmünün və onlardan sonra olub (sayları və hallarını) Allahdan başqa heç kəsin bilmədiyi kəslərin xəbəri sizə çatmayıb?! Peyğəmbərləri onlara (tovhid və öz nübuvvətləri barədə) aydın dəlillər gətirdilər. Onlar isə peyğəmbərlərin əllərini ağızlarına qaytardılar (ki, sakit olun, yaxud öz əllərini öz ağızlarına qoydular ki, susun və ya əllərini ağızlarına qoyub qəzəbdən sıxdılar) və dedilər: «Biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik və həqiqətən biz sizin, tərəfinə çağırdığınız şey (tovhid və bütlərin batil olması etiqadı) barəsində tərəddüd doğuran və qaranlıq bir şəkk içərisindəyik (din və kitabınızı inkar edir, tovhid barəsindəki dəlillərinizi qənaətbəxş saymırıq).»
10. Peyğəmbərləri onlara dedilər: «Məgər göyləri və yeri yaradan Allah barəsində şübhə var?! O sizi günahlarınızdan bəzisini bağışlamağa və sizə (ömrünüzün) müəyyən bir müddət(in)ədək möhlət verməyə çağırır. Dedilər: «Siz də bizim kimi yalnız bir bəşərsiniz (və) bizi atalarımızın ibadət etdikləri şeylərdən saxlamaq istəyirsiniz.Odur ki, bizim üçün açıq-aşkar bir dəlil (bu gətirdiklərinizdən qeyrisini) gətirin».
11. Peyğəmbərləri onlara dedilər: «(Bəli,) biz də sizin kimi yalnız bir bəşərik. Lakin Allah Öz bəndələrindən istədiyinin boynuna haqq qoyur (və onu peyğəmbərliyə seçir). Allahın əmri və istəyi olmadan biz sizə bir dəlil (və möcüzə) gətirə bilmərik və (bu) ağıl baxımından (da) mümkün deyildir. Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər».
12. «Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbr edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər».
13. Və küfr edənlər öz peyğəmbərlərinə dedilər: «Əgər bizim dinimizə qayıtmasanız, biz sizi mütləq öz vilayətimizdən çıxaracağıq». Beləliklə, Rəbbi onlara vəhy etdi ki: «Zalımları mütləq həlak edəcəyik».
14. «Və şübhəsiz, onlardan sonra həmin vilayətdə sizi yerləşdirəcəyik. Bu (vəd), Mənim məqamımdan (Mənim cəlal, əzəmət və ədalətimdən, ya Qiyamət günü Mənim hüzurumda durmaqdan) qorxan və Mənim hədələrimdən çəkinən kəs üçündür».
15. Və peyğəmbərlər (Allahdan) hökm, qurtuluş və zəfər istədilər, (yaxud) kafirlər Allahın əzabını istədilər və (nəhayət) haqqa düşmən olan hər bir itaətsiz təkəbbür sahibi naümid oldu və ziyana uğradı (və qırmızı ya ağ ölümlə küfr halında dünyadan getdi).
16. Onun (ölümünün) ardınca (gələn) Cəhənnəmdir və (ona) qanla qarışıq çirkli su içirdiləcəkdir.
17. Onu çətinliklə qurtum-qurtum içər və rahat uda bilməz. Və ölüm (Cəhənnəm işgəncələri) hər bir tərəfdən ona üz tutar, halbuki o ölən deyildir (çünki, o dünyada ölüm yoxdur) və onun ardınca çətin və ağır bir əzab vardır.
18. Özlərinin Rəbbinə kafir olanların hallarının təsviri belədir: Onların (xeyir) əməlləri tufanlı bir gündə üzərindən şiddətli bir külək əsən (və hamısı sovrulub dağılmış) kül kimidir. Onlar kəsb etdiklərindən bir şey (dünyəvi nəticələr, mənəvi təsirlər və axirət mükafatları) əldə etməzlər. Budur həmin uzun-uzadı zəlalət!
19. Məgər (qəlb gözü ilə) Allahın göyləri və yeri (və bu heyranedici əzəmətli quruluşu) haqq olaraq (uca və əqli bir məqsəd üçün) yaratdığını görmədin? Əgər istəsə sizi (azğınlıq və itaətsizlik edəcəyiniz təqdirdə) yox edər və (varlıq səhnəsinə) yeni bir məxluq gətirər.
20. Və bu (yox etmək və yenisini vücuda gətirmək) Allaha çətin deyildir.
21. Və (Qiyamət günü hesab üçün) hamılıqla Allahın hüzurunda zahir olarlar. Beləliklə, (dünyada dərrakə baxımından) zəiflər təkəbbürlülərə deyərlər: «Biz sizə tabe idik, bizdən Allahın əzabından (az da olsa) bir şeyi dəf edərsinizmi?» Onlar deyərlər: «Əgər Allah (dünyada) bizə hidayət qismət etsəydi, biz də mütləq sizi hidayət edərdik, ya əgər burada bizi nicat yoluna hidayət etsə, biz də sizi hidayət edərik; bizim üçün istər (ah-zar edib) dözümsüzlük göstərək, istərsə də səbr edək, birdir, bizə heç bir çıxış yolu yoxdur.»
22. (Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır.»
23. İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edilərlər. Onların (bir-birlərinə, yaxud Allah və mələklərin onlara) oradakı xeyir-duaları «salam»dır.
24. Məgər (qəlb gözü ilə) Allahın necə məsəl çəkdiyini görmədin? Pak kəlməni (tovhidi) kökü (yerdə) möhkəm, budağı (isə) göydə olan pak ağaca (bənzədib). (Tovhid ağacının kökü cəmiyyətin etiqadının əsasları, onun budaqları isə dinin şəriətdə buyurduğu əməllərdir ki, yüksək bir cəmiyyətin səmasına ucalır.)
25. O, Rəbbinin izni ilə həmişə (münasib olan hər bir vaxtda) öz meyvəsini verir. (Bu ağacın meyvəsi dünyada ideal cəmiyyətin və ali ilahi bir ictimai həyatın gerçəkləşməsi, axirətdə isə kamil bir səadətə nail olmaqdır.) Allah insanlar üçün (belə) məsəllər çəkir ki, bəlkə ibrət götürdülər.
26. Pis (küfr və şirk) kəlmə(si)nin məsəli isə yerdən qopardılmış və əsla sabitlik və qərarı olmayan pis ağac kimidir. (Küfr və şirk əqidələri və ya hər hansı bir batil iş onu daşıyan fərdlərin ölümü ilə puç olacaqdır və həmçinin kafir cəmiyyət nəhayət bir gün məhv olacaqdır.)
27. Allah iman gətirmiş kəsləri möhkəm söz (tovhid kəlməsi) ilə dünya həyatında və axirətdə sabitqədəm edir. Və həmçinin, Allah zalımları zəlalətdə boşlayır. Allah istədiyini edir.
28. Məgər (küfr başçılarından və rifaha uyanlardan) Allahın nemətlərini (nemətlərin şükrünü) nankorluğa dəyişənlərin və öz qövmlərini (onlara tabe olanları) həlakət diyarına salanların halına baxmadın?!
29. Daxil olacaqları, toxunaraq hərarətini duyacaqları və yanacaqları Cəhənnəmə! Ora pis bir məskəndir.
30. Onlar (insanları) Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşdular. De: «(Bir neçə günlük bu dünyanızda) bəhrələnin ki, dönüşünüz mütləq oda tərəfdir.»
31. İman gətirən bəndələrimə de ki, namaz qılsınlar və onlara ruzi olaraq verdiyimizdən (mal, məqam və canlarından) heç bir alış-verişin və dostluğun olmayacağı (mal və tanışlıq əlaqələrinin nə olacağı və nə də işə keçəcəyi) gün gəlməmişdən qabaq gizlində və aşkarda Allah yolunda xərcləsinlər.
32. Allah göyləri və yeri yaradan, göydən (yağış, qar və dolu şəklində) su nazil edən, beləliklə, onun vasitəsilə müxtəlif məhsullardan sizin (yeməyiniz, müalicəniz və geyinməyiniz) üçün ruzi çıxardan və gəmiləri Onun istək və iradəsi ilə dənizdə üzsünlər deyə sizin üçün ram edən və həmçinin çayları sizin üçün ram edəndir.
33. Həmçinin (yaradılış məcburiyyəti ilə) daim (hərəkətdə, nur saçmaqda və yerə təsir göstərməkdə) olan günəşi və ayı sizə ram etdi. Və (yerin hərəkətini günəşlə tənzim etməklə) gecə ilə gündüzü də sizə ram etdi.
34. Və (dil, əməl və ya təbiətinizlə) Ondan istədiyiniz hər bir şeydən sizə əta etdi. Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz. Həqiqətən insan çox zalım və nankordur.
35. Və (yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!» (O, Bəqərə surəsinin 126-cı ayəsində də belə bir istək istəyib.)
36. «Ey Rəbbim, o bütlər insanların çoxunu azdırmışlar (onların azmalarına səbəb olmuşlar). Odur ki, kim mənə tabe olsa, o məndəndir və kim mənə itaətsizlik etsə, həqiqətən Sən çox bağışlayan və mehribansan.»
37. «Ey Rəbbimiz, həqiqətən mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, – ey Rəbbimiz, – namaz qılsınlar. Buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükr etsinlər».
38. «Ey Rəbbimiz, şübhəsiz, Sən bizim gizlətdiyimizi də, aşkar etdiyimizi də bilirsən. Yerdə və göydə heç bir şey Allahdan gizlin deyildir».
39. «Həmd və şükr olsun qocalıq çağımda mənə İsmaili və İshaqı əta edən Allaha! Həqiqətən mənim Rəbbim duanı eşidən və qəbul edəndir».
40. «Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!»
41. «Ey Rəbbimiz, hesab (tərəziləri) qurulan gün məni, ata-anamı və möminləri bağışla!»
42. Və Allahı zalımların etdiklərindən əsla xəbərsiz sanma! (Allah) onlara əslində yalnız gözlərin (Məhşərin dəhşətindən) bərələcəyi gün üçün möhlət verir.
43. Boyunlarını uzadıb başlarını yuxarı qaldıran halda gözlərini belə qırpmazlar. Onların qəlbləri (dəhşətin çoxluğundan hər hansı bir fikir və diqqətdən) boşdur.
44. Və insanları onlara əzabın gələcəyi, beləliklə, zülm edənlərin «ey Rəbbimiz, yaxın bir müddətədək bizi(m əzabımızı) təxirə sal ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərinə tabe olaq» deyəcəkləri günlə qorxut. (Onda onlara deyilər:) «Məgər bundan öncə sizin üçün heç bir yoxluq və zavalın olmayacağına and içən siz deyildiniz?!»
45. «Və özlərinə zülm etmiş kəslərin mənzillərində məskunlaşdınız, sizə onlarla necə rəftar etdiyimiz (onları hansı əzablarla məhv etməyimiz) aydın oldu və sizin üçün məsəllər çəkdik (amma bütün bunların sizə heç bir təsiri olmadı).»
46. Və şübhəsiz, onlar (bizim peyğəmbərlərimizə qarşı) öz hiylələrini işə saldılar, halbuki onların hiylələri – dağları yerdən qoparacaq qədər güclü olsa da – (onu əzəldən bilmək, dünyada onunla mübarizə aparmaq yolu və onun axirətdəki cəzası) Allahın yanındadır.
47. Buna görə də Allahı Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxan sanma. Şübhəsiz Allah yenilməz qüdrət və intiqam sahibidir.
48. Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının (bütün ölülərin hesab və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir olacağı gündə!
49. Həmin gün günahkarları (məzhəb, məslək, günah, rəhbər və davamçılarının yaxınlığı baxımından) zəncirlərdə bir-birlərinə bağlanmış görəcəksən.
50. Onların köynək və libasları qətrandan (pis iyli və alışan tünd yağdan)dır və üzlərini od bürüyəcəkdir.
51. Allahın hər bir kəsi (küfr və itaətsizlikdən) kəsb etdiyinin müqabilində, yaxud həmin əqidə və əməllərin gerçək təzahürü ilə cəzalandırması üçün. Həqiqətən Allah tez hesab çəkəndir (bütün əməllərin hesabı və cəzanın miqdarının təyin olunması dərhaldır, yaxud cəzanın müddəti, hətta Bərzəx ya Qiyamət olsa belə, Allahın nəzərində çox tezdir).
52. Bu, insanlar üçün yetərli bir moizə və kifayət edən bir təbliğdir (ki, doğru yolu tapıb hidayət olunsunlar) və onunla qorxudulsunlar və bilsinlər ki, O, tək olan məbuddur və həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.