Məzmuna keç

Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əbəsə surəsi

Vikimənbə saytından
Ən-Naziat surəsi Quran. Əbəsə surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Ət-Təkvir surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Qaşqabağını tökdü və üz çevirdi (Üzünü turşutdu və çevirdi).
2. O, kor yanına gəldiyinə görə. (Peyğəmbərin hüzuruna gəlmiş varlı bir şəxslə, yaxud İslamı qəbul etmək üçün onun yanına gəlmiş kor bir kişi ilə rəftarını bəyan edir.)
3. Sən nə bilirsən? Bəlkə də o, (yaxşı əməllər etməklə günahdan) paklanacaqdır?!
4. Yaxud (haqq sözü eşitməklə) öyüd – nəsihət alacaq və bu öyüd – nəsihət ona fayda verəcəkdir (və İslama gələcəkdir)?!
5. Amma dövlətli, yaxud özünü dövlətli və ehtiyacsız hesab edənə gəldikdə isə,
6. Sən onu (yaxşı) qarşılayırsan və istiqanlı rəftar edirsən!
7. Halbuki, onun paklanmamasına (İslamı qəbul etməməsinə) görə sən məsul deyilsən.
8. Sənin yanına gələrək (doğru yol və xeyir tapmağa) çalışan kəs,
9. (Özü də Allahından) qorxduğu halda,
10. Sən ona diqqət yetirmək əvəzinə başqaları ilə məşğul olursan?!
11. Belə olmamalıdır. Bu Qur’an ayələri bir xatırlatma (öyüd - nəsihət)dir.
12. Kim istəsə, onun məzmununu xatırlayar (və haqq yola yetişər).
13. (Bu Qur’an) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.
14. Uca, (batildən, ziddiyyət və ixtilafdan uzaq və) pak (səhifələrdə).
15. (Onun üzünü Lövhi – Məhfuzdan köçürən) mələklərdən ibarət olan yazanların, yaxud (onu vəhy mənbəyindən Peyğəmbərə çatdıran) mələklərdən ibarət olan elçilərin, və ya (onu dünyanın müxtəlif guşələrində qafillərə yetirən) ümmətin alimlərindən ibarət olan səfirlərin əlləri ilə.
16. (Onlar) yaxşı iş görən əzizlərdir.
17. Ölsün insan! Nə qədər də kafir və nankordur!
18. (Allahı) onu nədən yaratmışdır?
19. Onu (qarışıq, dəyərsiz) bir nütfədən yaratdı, sonra da (yaradılışının əvvəlindən kamalının zirvəsinədək kəmiyyət və keyfiyyət baxımından bütün hərəkətlərinə) bir ölçü-biçim verdi.
20. Sonra yolunu (xeyir və şər seçmək yolunu – ağıl, iradə və ixtiyar verməklə) ona asanlaşdırdı,
21. Sonra onu öldürdü və qəbrə qoydu.
22. Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
23. Belə deyildir. (İnsan Allahın əmrlərinə və bu nemətlərin müqabilində itaət və şükr etməmişdir, əslində) o hələ də ona əmr olunanı (tamam – kamal surətdə) yerinə yetirməmişdir.
24. Belə isə, (Haqqın qüdrət əlini müşahidə etmək üçün) insan öz yeməyinə baxmalıdır!
25. Biz suyu xüsusi bir tərzdə (yağış, qar və dolu şəklində) yağdırdıq.
26. Sonra da yeri xüsusi bir üsulla (otların, ağacların və bulaqların halına mütənasib surətdə) yardıq.
27. Beləliklə orada dən (müxtəlif və saysız – hesabsız növlərdə dənli bitkilər) bitirdik;
28. Üzüm ağacı və (hər il) bir neçə dəfə biçilən göyərtilər;
29. Zeytun və xurma ağacı;
30. İri gövdəli və böyük ağaclarla dolu hasarlanmış bağlar;
31. Həm yaş, həm də azuqə üçün qurudulmuş meyvə və ot – ələf
32. Sizin və heyvanlarınızın bəhrələnməyi üçündür.
33. Beləliklə, qulaqları kar edən o nə’rə (surun ikinci dəfə üfürülməsi) gəlib çatdıqda,
34. O gün insan qaçar öz qardaşından;
35. Anasından və atasından;
36. Zövcəsindən və oğullarından.
37. O gün hər bir insanı özü ilə məşğul edəcək işi – gücü olacaqdır.
38. O gün bir çox üzlər parıldayacaq,
39. Güləcək və sevinəcək.
40. O gün bəzi üzlərdə isə toz – torpaq və küdurət olacaqdır.
41. Qaranlıq və zülmət onları bürüyəcəkdir.
42. Onlar həmin kafirlər və pozğunlardır!