Məzmuna keç

Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Furqan surəsi

Vikimənbə saytından
Ən-Nur surəsi Quran. Əl-Furqan surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əş-Şuəra surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Furqanı (haqq ilə batili bir-birindən ayıran, ayə və surələri bir-birindən ayrı olan Qur’anı) aləmdəkilərin hamısını (kökləri kəsilənədək bütün insan və cinləri) qorxutmaq üçün bəndəsinə tədricən nazil edən (Allah) uca, əbədi və çox bərəkətlidir.
2. O Allah ki, göylərin və yerin mülkiyyət və hakimiyyəti Ona məxsusdur, Özü üçün övlad götürməmişdir, mülkiyyət və hakimiyyətində heç bir şəriki olmamışdır, hər bir şeyi yaradıb və (onların) hər biri üçün (vücud, əlamətləri, həyatını davam etdirməsi və qarşılıqlı əlaqələr baxımından) öz halına münasib ölçü təyin etmişdir.
3. Allahın yerinə (nəinki) heç bir şey yaratmayan, (hətta) özləri yaradılan (yaradılmış olan), özləri üçün heç bir ziyan və xeyirə malik olmayan və öldürməyə, həyat bəxş etməyə və ölümdən sonra diriltməyə qadir olmayan məbudlar götürdülər.
4. Kafirlər dedilər: «Bu (Qur’an), onun (Muhəmmədin (s) ) özündən uydurduğu və digər bir dəstənin (yəhudilərin) bunda ona kömək etdikləri yalandan başqa bir şey deyildir.» Beləliklə onlar doğrudan da (Peyğəmbərə belə bir nisbət verməklə böyük) bir zülmə və yalana batdılar.
5. Və dedilər: «(Bu kitab) onun istəyi ilə (başqalarının) onun üçün yazdıqları keçmişlərin əfsanələridir; həmin yazı səhər-axşam ona oxunur (və o da eşitdiklərini əzbərləyərək camaata oxuyur)».
6. De: «Onu (Qur'anı) göylərdə və yerdə olan örtülü sirləri (məxluqatın elm və hisslərinin çərçivəsindən xaric olanları) bilən (Allah) nazil etmişdir.» Həqiqətən O, çox bağışlayan və mehribandır (və bu səbəbdən kafirlərə əzab göndərməkdə tələsmir).
7. (Müşriklər) dedilər: «Bu necə peyğəmbərdir ki, yemək yeyir və bazarlarda gəzir?! (Halbuki peyğəmbər mələk olmalıdır.) Nə üçün ona (heç olmasa) bir mələk nazil olmur ki, onunla birlikdə (insanları) qorxutsun (və onun peyğəmbərliyini təsdiq etsin)?»
8. Yaxud nə üçün (göydən) ona bir xəzinə göndərilmir və ya onun bir bağı yoxdur ki, ondan istifadə etsin?! Və bu zalımlar (camaata) dedilər: «Siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz.»
9. Gör sənin üçün necə məsəllər çəkdilər və nə sifətlər dedilər, beləliklə də (Peyğəmbərin və peyğəmbərliyin tanınmasında) yollarını azdılar və onların (haqqa tərəf) bir yol tapmaq qüdrətləri yoxdur.
10. Uca, əbədi və bərəkətlidir O (Allah) ki, əgər istəsə, sənə ondan (xəzinə və bağdan) daha yaxşısını – (ağaclarının) altından çaylar axan bağlar verər və sənin üçün saraylar yaradar. (Lakin bu kimi şeylər peyğəmbərliyə dəlalət edən işlər deyil.)
11. (Peyğəmbərin yemək yeməsinə və gəzməsinə görə peyğəmbərliyin inkar edilməsi bəhanədir.) Əksinə, (əslində) onlar Qiyaməti yalan hesab etdilər (və cəza günü olmayanda təbii ki, peyğəmbərlik və din də puç və əbəs bir iş olacaqdır). Biz Qiyaməti yalan sayan kəs üçün yandıran bir od hazırlamışıq.
12. (Həmin yandıran od) uzaqdan onları görəndə, onlar (kafirlər) onun hiddət və qəzəb nərəsini və şölələrinin səsini eşidərlər.
13. Əl-ayaqları bağlı və bir-birinə zəncirlənmiş halda həmin odda dar bir yerə atılan zaman onlar orada ah-vay və ölüm diləmək fəryadı ucaldarlar.
14. (Onlara deyilər:) Bu gün ah-vay və ölüm fəryadını bir dəfə ucaltmayın, ah-vay və ölüm fəryadını çox (dəfələrlə) ucaldın. (Çünki etiqad və əməldə olan hər bir günah üçün əzab, hər bir əzab üçün isə ah-vay və ölüm fəryadı vardır.)
15. De: «O yaxşıdır, yoxsa təqvalılara (Allahın əzəli elmi və Lövhi-Məhfuzda) mükafat və qayıdış yeri olaraq vəd edilmiş əbədi Cənnət?!»
16. Onlar üçün orada əbədi qalacaqları halda (Cənnət nemətlərindən) istədikləri şey vardır. Bu iş, sənin Rəbbinin öhdəsində olan (və möminlər tərəfindən həm dil, həm də əməl ilə) istənilmiş bir vəddir.
17. Və (yada sal) o gün(ü) ki, (Allah) onları (müşrikləri) və Allahın yerinə ibadət etdiklərini (bütləri, ulduzları, Məsihi və mələkləri) bir yerə toplayacaq və (həmin məbudlara) deyəcək: «Mənim bu bəndələrimi siz azdırdınız (və sizə ibadət etməyə dəvət etdiniz) yoxsa yolu onlar özləri azdılar?»
18. Onlar deyəcəklər: «Paksan Sən (ey Allah)! Bizə Səndən qeyrisini dost götürmək yaraşmazdı (və buna haqqımız da yox idi). Lakin Sən onları və atalarını (dünya nemətlərindən) bəhrələndirdin, nəhayət Səni (və Sənin peyğəmbərlər vasitəsi ilə göndərdiyin ayələrini) unutdular və məhv olmuş bir dəstə oldular.»
19. (İbadət edənlərə deyilər:) Həqiqətən (məbudlarınız) sizin dediklərinizi təkzib etdilər. Buna görə də nə əzabı (özünüzdən) dəf etmək, nə də (özünüzə) bir kömək etmək qüdrətiniz var. Biz sizdən (bu dünyada) zülm edənə, (axirətdə) böyük bir əzab daddırarıq.
20. Bizim səndən əvvəl göndərdiyimiz peyğəmbərlər istisnasız olaraq yemək yeyir və bazarlarda gəzirdilər. Biz sizin bir qisminizi digəriniz üçün (peyğəmbər və ümmət, ağıllı və nadan, varlı və yoxsul təbəqələrini) sınaq vasitəsi etmişik, ki, (görək öz vəzifələrinizi yerinə yetirməkdə) səbr edəcəksinizmi? Sənin Rəbbin (hamının halını) həmişə görəndir.
21. Bizim görüşümüzə ümidi olmayan (axirəti inkar edən) kəslər dedilər: «Nə üçün bizə mələklər göndərilmədi və ya öz Rəbbimizi görmürük?» Doğrudan da onlar öz batinlərində təkəbbür göstərdilər və böyük bir itaətsizlik etdilər.
22. Mələkləri (ölüm mələklərini və ya Bərzəx aləminin mələklərini və yaxud Qiyamət səhnəsinin mələklərini) görəcəkləri gündə günahkarlara bir müjdə olmaz və onlar (mələklərə) deyəcəklər: «Bizə tam (təhlükəsiz) bir aman (və sığınacaq) verin.» Mələklər deyəcəklər: «(Allahın rəhmət və Cənnəti) sizə qəti qadağandır.»
23. Biz (onların küfr halında) etdikləri (sədəqə, xalqa xidmət, xeyirli ixtiralar və bu kimi yaxşı) əməllərə üz tutacaq və onları (havada) dağınıq toz-torpaq edəcəyik. (Çünki Allah mükafatı kiminsə haqqı olduğu üçün deyil, Öz lütfü ilə verir. Bundan əlavə, elə dünya nemətlərinin özü mükafatdır. Axirət nemətlərindən bəhrələnmək isə imanın olması şərti ilə mümkündür.)
24. Həmin gün Cənnət əhli daha yaxşı yerə və daha gözəl istirahət məkanına malik olacaqdır.
25. Və (yada sal) o gün(ü) ki, göy onda olan ağ buludla parçalanar (və ya dünyanın nadanlıq və maddiyyat buludu kənara çəkilər və uca aləmin həqiqətləri zahir olar) və mələklər xüsusi nizamla yerə endirilərlər.
26. Həmin gün (bütün varlıq aləmi üzərində) həqiqi mülkiyyət və hakimiyyət Rəhman olan Allaha məxsus olar və o gün kafirlər üçün çox çətin bir gün olacaqdır.
27. Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: «Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım.»
28. «Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım.»
29. «Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Qur’anın həqiqəti) mənə çatdıqdan sonra o (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən və Qur'andan) yayındırdı.» Şeytan insanı həmişə xar edib və (indi də) edir.
30. (Həmin gün) Allahın peyğəmbəri deyəcəkdir: «Ey mənim Rəbbim! Həqiqətən mənim qövmüm (peyğəmbərliyin əvvəlindən dünyanın sonuna kimi) bu Qur’anı tərk etdi (və onun təlimlərini dərk etməkdən və ona əməl etməkdən üz döndərdi).»
31. Biz beləcə (insanda nəfsi istək yaratmaq, şeytanı insana vəsvəsə etməkdə azad buraxmaqla) hər bir peyğəmbər üçün günahkarlardan düşmənlər qoyduq. Sənə Rəbbinin doğru yol göstərən və yardımçı olması kifayətdir.
32. Küfr edənlər dedilər: «(Əgər Qur’anın mənbəyi Allahın elmidirsə onda) nə üçün Qur’an ona bir yerdə (bütöv halda) nazil olmayıb?» Onun vasitəsi ilə sənin qəlbinə sabitlik və möhkəmlik vermək üçün (onun nazil olması) belədir. Və (buna görə də) onu yavaş-yavaş, bir-birinin ardınca (iyirmi üç il ərzində müxtəlif həcmlərdə sənə) oxuduq.
33. Onlar sənin (peyğəmbərliyinə tənə vurmaq) üçün (sehrbaz, şair, əfsanə söyləyən və bu kimi) hər nə məsəl və sifət gətirsələr, Biz (cavabında) sənin üçün həqiqəti və daha gözəl izah, açıqlama gətiririk.
34. (Qiyamət günü) üzü üstə düşüb Cəhənnəmə tərəf toplanılanlar ən pis yerdədirlər və onlar ən azğın insanlardır.
35. Həqiqətən Biz Musaya (səma) kitab(ı olan Tövratı) verdik və qardaşı Harunu onun yanında (Tövrat elmi, onun qorunması, əməl edilməsi və çatdırılması işində, eləcə də düşmənlə mübarizədə ona) yardımçı etdik.
36. Beləliklə (onlara) dedik: «Bizim ayə və nişanələrimizi təkzib etmiş dəstənin (Firon və onun tayfasının) yanına gedin.» (Onlar deyilən yerə getdilər və həmin tayfa onları təkzib etdi.) Belə olduqda Biz onları ən ağır üsulla həlak etdik.
37. Nuhun qövmünü Bizim elçilərimizi (bütün peyğəmbərlərin təkzibi ilə nəticələnən ilahi peyğəmbərliyin əsasını) təkzib etdikləri zaman suda batırdıq və onları(n hekayətini) insanlar üçün (Öz qüdrət və əzəmətimizi göstərən) bir nişanə etdik. Biz zalımlar üçün ağrılı bir əzab hazırlamışıq.
38. Və (Hudun qövmü) Adı, (Salehin qövmü) Səmudu, (Şüeybin qövmü olan və ya şam ağacına ibadət edən) Rəss əhlini və bu fasilədə (onların arasında dünyaya gəlmiş) bir çox cəmiyyətləri (həlak etdik).
39. (Həmin qövmlərin) hər birinə (ibrətamiz) məsəllər çəkdik və (qəbul etmədikləri üçün onların) hamısını pərən-pərən (saldıq) və məhv etdik.
40. Onlar (Məkkə müşrikləri) yəqin ki, pis yağış yağdırılmış şəhərdən (Lutun qövmünün daş yağışı yağdırılmış məskənlərindən) keçiblər. Belə isə məgər oranı görməyiblər? (Görməyə bilməzlər,) lakin onların yenidən dirilməyə ümidləri (və etiqadları) yoxdur.
41. Onlar səni görən zaman yalnız məsxərə edərlər (və deyərlər:) «Allahın peyğəmbərliyə göndərdiyi (şəxs) budur?!»
42. «Doğrudan da əgər biz onlara (bütlərimizə ibadətdə) səbr etməsəydik az qalmışdı ki, o bizi tanrılarımızdan azdırsın.» Əzabı (qəbr, Qiyamət və yaxud da Bərzəx əzabını) görəndə kimin daha azğın olduğunu biləcəklər.
43. Nəfsi istəklərini öz tanrısı etmiş (ağıl, fitrət və millətlərin qəbul etdiyi Allahı öz nəfsi istəklərinə uyğun gələn həddə aşağı endirən) kəsi gördünmü? Yoxsa sən onun (doğru yola gəlməsi və ya axirət əzabından qorunması) işlərini düzəldəcəksən?!
44. Yoxsa onların çoxunun (sənin dediklərini) eşitdiyini və ya düşündüyünü güman edirsən? (Xeyr,) onlar yalnız heyvanlar kimidirlər, hətta daha azğındırlar. (Çünki heyvanlar yaradılışın hədəf və məqsədi istiqamətindəki yollarını instinktlə düzgün gedirlər, bunlar isə yox!)
45. Məgər Rəbbinin (səhərlər və axşamlar) kölgəni (bütün cismlərin kölgələrini) necə uzatdığını (Onun bu qüdrətini) görmədin? Əgər istəsəydi (yeri hərəkətdən saxlamaqla) onu dayandırardı. Sonra biz günəşi ona (kölgənin varlığına və ya hərəkətinə) dəlil etmişik.
46. Sonra onu (kölgəni günəş cismlərin başı üzərinə çatana kimi) yavaş-yavaş Özümüzə tərəf çəkdik (qüdrətimizlə yox etdik).
47. Gecəni(n qaranlığını) sizin üçün örtük (kimi), yuxunu işlərdən ayrılmaq və rahatlıq vasitəsi və gündüzü (cəmiyyət arasına çıxaraq ruzi qazanmaq üçün) dağılışmaq vaxtı edən Odur.
48. Buludları Öz rəhmətinin önündə (yağışdan qabaq) müjdəçilər olaraq göndərən Odur. Biz göydən (yağış, qar və dolu şəklində özü) pak (olan) və pak edən bir su nazil etdik
49. ki, onun vasitəsi ilə ölmüş torpağı dirildək və onu yaratdıqlarımızdan heyvanların və çoxlu insanların içməsi üçün (onların) ixtiyarına verək.
50. Doğrudan da Biz yağış nemətini xatırlamağı (lap qədimdən) insanların arasında müxtəlif üsullarla bəyan etmişik və bunu (bu neməti) insanların arasında həmişə dolandırmışıq (dünyanın kamil quruluşuna əsasən hər bir mühitə və hər bir millətə ondan pay vermişik) ki, (Bizim qüdrət, hikmət və mərhəmətimizi) yada salsınlar. Lakin insanların çoxu haqqa kafir və nemətə nankor olmaqdan başqa (hər şeydən) boyun qaçırdı.
51. Əgər istəsəydik hər bir cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərərdik (lakin müəyyən səbəblərdən dünyanın sonuna kimi bütün cəmiyyətlər üçün səni seçdik).
52. Buna görə də heç vaxt kafirlərə tabe olma və bundan (bu kitabdan və onun güclü məntiqindən) ilhamlanaraq onlara qarşı böyük bir cihad et (onlarla həm silahlı, həm də ideoloji mübarizə apar.)
53. İki dənizi bir-birinə birləşdirən Odur. Onlardan biri(nin suyu) dadlı və şirin, o biri isə şor və acıdır. O, onların arasında (bir-birlərinə qarışmamaları üçün Öz qüdrəti ilə) möhkəm maneə yaratmışdır. (Böyük şirin çaylar dənizə tökülür və onların şirin suyu şor suyun ortasında geniş bir ərazidə şor suya qarışmadan qalır.)
54. Sudan (nütfədən) insan yaradan və onu nəsəb və səbəb əlaqələri (vasitəsi, hər bir insanın öz qan qohumları ilə olan nəsəb əlaqələri, eləcə də həyat yoldaşının qohumları ilə sonradan yaranan səbəb əlaqələri) sahibi edən Odur. Sənin Rəbbin həmişə hər şeyə qadirdir.
55. (Müşriklər) Allahın yerinə onlara nə bir xeyir verən və nə də bir ziyan vuran şeyə (bütə) ibadət edirlər. Kafir həmişə öz Rəbbinə qarşı (Şeytana və Allahın düşmənlərinə köməkçi və) arxadır.
56. (Ey Peyğəmbər!) Biz səni yalnız müjdə verən və qorxudan (bir peyğəmbər) olaraq göndərmişik (və cəmiyyətə hakim olaraq hökmlərin icrası imamətin, mükafatlandırmaq və cəza vermək isə rübubiyyətin vəzifələrindəndir).
57. De: «Mən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində – sizdən kiminsə öz Rəbbinə tərəf yol tutmaq istəməsi istisna olmaqla, bir muzd istəmirəm. (Peyğəmbərin dəvətindən sonra ümmətin ixtiyari şəkildə Allaha tərəf getməsi peyğəmbərliyin muzdudur.)»
58. Heç vaxt ölməyən O diriyə təvəkkül et və Onu həmd-səna ilə birgə pak sifətlərlə mədh et (və hər bir nöqsandan uzaq və pak bil). Bəndələrinin günahlarından Onun xəbərdar olması kifayətdir.
59. Göyləri, yeri və onların arasında olanları altı gündə (altı gündüzdə, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaradan, sonra yaradılmışlar üzərində hakimiyyət taxtında qərar tutan(ın)! (O,) Rəhman (olan Allah)dır. Buna görə də (həqiqəti hər şeydən) xəbərdar olan Ondan (Allahdan) soruş.
60. Onlara «Rəhman (olan Allah)a səcdə edin» deyilən zaman (məsxərə edərək) deyərlər: «Rəhman nədir? (Tanımadan) sənin əmr etdiyinə səcdə edək?!» Və (sənin sözün) onların nifrət və uzaqlığını artırır.
61. Göydə (ulduzlardan) bürclər vücuda gətirən və onda çıraq (günəş) və parlaq ay yaradan (Allah) uca, əbədi və bərəkətlidir.
62. (Allahı və Onun əzəmət və cəlalını) yada salan və ya (Onun nemətlərinə) şükr etmək istəyən şəxs üçün gecə və gündüzü bir-birinin əvəzləyicisi edən Odur. (Belə edib ki, yada salmaq və şükr etmək birində yaddan çıxsa, onun əvəzi digərində çıxılsın.)
63. Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir.
64. Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər.
65. Və o kəslər(dir) ki, «ey Rəbbimiz, Cəhənnəm əzabını bizdən dəf et, ki, həqiqətən onun əzabı (Cəhənnəm əhli üçün) ayrılmaz və həmişəlikdir» deyərlər.
66. Şübhəsiz, Cəhənnəm pis yer və pis məskəndir.
67. Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar.
68. Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şər’i cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar.
69. (Və əqidə və əməl günahları birləşdiyi üçün) Qiyamət günü onun əzabı ikiqat olar və xarlıqla həmişə həmin əzabda qalar.
70. (Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır.
71. Kim tövbə etsə və yaxşı işlər görsə, o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdar. (Buna görə də günahın savaba çevrilməsi təəccüblü deyil.)
72. O kəslər ki, yalandan şahidlik etmir (yalan, qina, söyüş və sairə məclislərində iştirak etmir) və bihudə və boş şeyin yanından keçən zaman etinasız və alicənablıqla keçirlər;
73. Və o kəslər ki, Rəbblərinin (vəhy, Qur’an və moizə kimi) nişanələri ilə öyüd-nəsihət verildikdə onun müqabilində özlərini kar və kor (kimi) aparmırlar (əksinə, onu qəlb ilə dinləyir və batini gözlə görürlər);
74. Və o kəslər ki, «ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et» deyirlər,
75. səbrləri müqabilində (Cənnətin) yüksək talvar və dərəcələr(i i)lə mükafatlandırılanlar və orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılaşanlar onlardır!
76. (Onlar) orada əbədi qalacaqlar (və ora) gözəl yer və gözəl məskəndir.
77. (Müşriklərə) de: «Əgər mənim Rəbbim (ümumi mərhəmətin və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun tamamlanmasının tələbinə əsasən) sizi (tovhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi. Çünki həqiqətən siz (Onun ayələrini) təkzib etdiniz. Buna görə də (bu təkzib) tezliklə (sizin üçün) ayrılmaz və daimi bir əzab olacaqdır.»