Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Həcc surəsi

Vikimənbə saytından
Jump to navigation Jump to search
Əl-Ənbiya surəsi Quran. Əl-Həcc surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əl-Muminun surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Ey insanlar, öz Rəbbinizdən qorxun! Həqiqətən qiyamətin (Surun birinci dəfə çalınmasından qabaq baş verəcək) zəlzələsi çox böyük bir şeydir.
2. Onu gördüyünüz gün, (şahid olacaqsınız ki,) hər bir əmzikli qadın körpəsinə süd verməyi unudacaq və hər bir hamilə qadın öz (bətnindəki) yükünü yerə qoyacaqdır. Və (həmin gün) insanları sərxoş görərsən, amma onlar sərxoş deyildirlər, lakin Allahın əzabı şiddətlidir.
3. İnsanlardan eləsi var ki, həmişə, heç bir biliyi olmadan Allah barəsində (mələklər Onun qızlarıdır, Qur’an keçmişlərin əfsanələridir, axirət yalan şeydir deyə) mübahisə edir və hər bir murdar və itaətsiz şeytana tabe olur.
4. (Allahın əzəli elminə müvafiq olaraq Lövhi-Məhfuzda) onun (Şeytanın) barəsində (belə) yazılıb və qərara alınıb ki: «Kim onu (özünə) dost və başçı götürsə şübhəsiz, (Şeytan) onu (səadət yollarından) azdıracaq və şöləli odun əzabına doğru istiqamətləndirəcəkdir.»
5. Ey insanlar! Əgər (ölümdən sonra) dirilməyə şübhə edirsinizsə, onda (öz yaradılışınıza diqqət yetirin. Görmürsünüzmü ki,) Biz sizi (ulu baba və nənənizi möcüzəvi şəkildə birbaşa) torpaqdan, sonra (onların sonrakı nəsillərini isə vasitə ilə, torpağın tərkibində olan maddələri cəzb edib bədənə ötürməklə) nütfədən, sonra ələqədən (nütfənin dönüb olduğu laxta qandan) daha sonra bəzisinin yaradılışı kamil, bəzisininki isə qeyri-kamil olan muzğədən (ələqənin dönüb olduğu ət parçasından) yaratdıq ki, sizə (bu tədrici yaradılışda qüdrət və hikmətimizin son həddini) aydınlaşdıraq. Biz (muzğədən) istədiyimizi (dölün kamilləşdiyi) müəyyən müddətədək uşaqlıqda saxlayırıq. Sonra sizi körpə olaraq (doğurub) çıxarırıq. (Daha) sonra cismi və ruhi kamala çatmağınız üçün (sizi qoruyuruq). Sizdən bəzisi (qocalmamış) vəfat edir və bəziniz ömrün ən aşağı mərhələsinə kimi aparılır ki, nəhayət o, (çoxlu) elmdən sonra heç nə bilməz. Və (qışda) yeri (torpağı) quru və ölmüş görürsən. Amma ona (yağış, qar və dolu şəklində) su göndərən kimi hərəkətə gəlir, qabarır və sevinc gətirən hər növ (bitki)dən bitirir.
6. (İnsan və bitkilərin) bu (cür yaradılmaları) ona görədir ki, Allah haqdır, ölüləri dirildən Odur və O, hər şeyə qadirdir.
7. Və buna görə(dir) ki, qiyamət (mütləq) gələcəkdir, onun barəsində heç bir şübhə yoxdur. Və (həm də) buna görə ki, Allah qəbirdə olanların hamısını dirildəcək (və Məhşər səhnəsinə gətirəcək)dir.
8. İnsanlardan eləsi var ki, heç bir elmi dəlili (və əqli sübutu), heç bir hidayəti (və batini idrakı) və heç bir aydın səma kitabı olmadan həmişə Allah barəsində mübahisə edir.
9. (Özü də bunu, başqalarını) Allah yolundan azdırmaq üçün (ilahi dəvətdən) təkəbbürlə üz döndərərək və ona arxa çevirərək (edir). Dünyada onun üçün (Məkkə müşrikləri kimi) xarlıq və rüsvayçılıq vardır və Qiyamət günü ona yandırıcı bir əzab daddıracağıq.
10. (Cəhənnəmdə ona deyiləcək:) «Bu əzab sənin öz əllərinin qabağa göndərdiyi əməllərə görədir, (yoxsa ki,) Allah bəndələrinə əsla zülm edən deyildir (onları cəzalandırandır).
11. İnsanlardan eləsi var ki, Allaha bir tərəfli ibadət edir (əqidəsi qeyri-sabit, əməli havadadır). Buna görə də əgər həmin şəxsə bir xeyir (sərvət, can sağlığı və məqam) yetişsə, ona arxayınlaşar və əgər bir sınağa çəkilsə (mal və canına bir zərər-ziyan dəysə) üz döndərərək qayıdar. Belə olan şəxs öz dünya və axirətində ziyana uğramışdır (dünyada əməlləri puç olar və axirətdə şirk və günahlarının cəzasına düçar olar). Budur həmin açıq-aşkar ziyan!
12. O, Allahın yerinə ona nə zərər vuran və nə də xeyir yetirən şeyi (bütləri) çağırır. Budur həmin uzun-uzadı azğınlıq!
13. O, ziyanı xeyirindən daha (çox və) yaxın olan kəsi çağırır (onun ziyanı şirkin nəticələri, xeyiri isə xülyadır). Necə də pis yardımçı və başçı, necə də pis yoldaş və həmdəmdir!
14. Həqiqətən Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Əlbəttə, Allah qəti istədiyini yerinə yetirər.
15. (Məkkə müşriklərindən) kim Allahın ona (Muhəmmədə) dünya və axirətə əsla kömək etməyəcəyini güman edirdisə (amma indi Allahın ona yardım etməsini görürsə) [yaxud: kim özü barəsində Allahın dünya və axirətdə ona kömək etməyəcəyini güman etsə və haqqın mərhəmətinə naümid olsa] tavana bir kəndir uzatsın, sonra (özünü) boğazdan assın. O zaman baxsın ki, bu hiylə onun qəzəb və qeyzini aradan qaldırır?
16. Biz bu kitabı beləcə (bu ayələri nazil etdiyimiz kimi tovhid və dini təlimlərin) aydın dəlillər(i) olaraq nazil etdik və həqiqətən Allah istədiyini doğru yola yönəldir.
17. Şübhəsiz, Allah Qiyamət günü (Muhəmmədə və onun kitabına) iman gətirənləri, yəhudiləri, sabiiləri, xaçpərəstləri, zərdüştiləri və müşrikləri (dinlərinin doğruluğu və ya səhvliyi və kimin mükafata, kimin cəzaya layiq olması baxımından) şübhəsiz bir-birindən ayıracaqdır. Həqiqətən Allah hər şeyə şahiddir.
18. Məgər göylərdə və yerdə olan hər bir kəsin (və onlarda olan hər bir şeyin), günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların (qeyri-ixtiyari şəkildə), həmçinin (mömin) insanların çoxunun (ixtiyari şəkildə) Allah qarşısında səcdə etmələrini və (səcdə etməkdən boyun qaçırdıqları üçün insan və cinlərin) bir çoxlarına (şeytanların isə hamısına) əzabın təsbit olunduğunu (qəlb gözü ilə) görmürsən? (Bəli, Allah onları alçaldıb.) Allahın alçaltdığı kəsi əsla əziz tutan olmaz. Çünki Allah qəti istədiyini edir.
19. Bu ikisi (mömin və kafir dəstələri) öz Rəbbləri barəsində (Allahın varlığı, təkliyi, rübubiyyət və übudiyyəti barəsində) çəkişən düşmənlərdir. Beləliklə küfr etmiş kəslər üçün oddan libaslar kəsilmişdir və (Cəhənnəmdə) onların başlarına qaynar su töküləcəkdir.
20. Onunla da (həmin su ilə) qarınlarında olanlar və dəriləri əriyəcəkdir.
21. Və onlar(a əzab vermək) üçün dəmir toppuzlar (da) vardır.
22. Nə vaxt qüssədən (onun çoxluğundan) oradan çıxmaq istəsələr (yenidən məcburi şəkildə) ora qaytarılarlar və (onlara deyilər:) dadın yandırıcı əzabı!
23. Şübhəsiz, Allah iman gətirib yaxşı işlər görmüş kəsləri (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl qolbağlar və mirvari (boyunbağılarla) bəzədilərlər və onların oradakı (adi) libasları naxışlı ipəkdəndir.
24. Onlar (mələklərlə rastlaşanda və öz aralarında salam, şükr və bu kimi fərəh gətirən) pak söz(lər)ə istiqamətləndiriliblər və sifətləri mədh edilmiş Allahın yoluna hidayət ediliblər (ki, onlar da tərifə layiq sifətlərə malik olsunlar).
25. Əlbəttə, kafir olmuş və (insanları) Allahın yolundan və Bizim (bütün) insanlar(ın ibadət etməsi) üçün müəyyənləşdirdiymiz və yerli ilə müsafirin bərabər olduğu Məscidul-həramdan saxlayan kəslər (yollarını azmış və camaata zülm edən bir dəstədirlər). Kim onda (insanlara) zülm etmək məqsədi ilə (haqqdan) üz döndərsə ona ağrılı əzab daddırarıq.
26. Və (yada sal) o zaman(ı) ki, İbrahim üçün (Kə'bənin sütunlarını Adəmin qoyduğu təməl üzərində qaldırsın deyə) Kə'bə evinin yerini hazırladıq (və ona dedik) ki: «(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və Mənim evimi təvaf edənlər, (ibadətə) duranlar və ruku və səcdə edənlər üçün təmizlə!»
27. «Və insanları ümumi şəkildə (Allah evinin) həcc(in)ə çağır ki, (onlar sənin dəvətin nəticəsində Qiyamət gününə kimi) piyada və hər uzaq yoldan gələn arıq dəvələr üstündə sənə tərəf üz tutsunlar.»
28. «Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər və müəyyən günlərdə (Zilhiccə ayının ilk on günündə, yaxud bayram günü və ondan sonrakı üç gündə) Allahın onların ruzisi etmiş olduğu heyvanlar(ı – dəvə, inək və qoyunu qurban kəsərkən onların başı) üzərində Onun adını çəksinlər. Beləliklə, ondan özünüz də yeyin, çox ehtiyac içində olan yoxsula da yedirin.»
29. «Sonra (başı qırxmaq, ehramdan çıxmaq və qüsl verərək təmizlik işləri aparmaqla) öz (bədənlərinin) bulaşıq və çirklərini yox etsinlər. Və öz (boyunlarında olan) nəzirlərinə vəfa etsinlər və həmin əziz, qədim və azad evin ətrafında təvaf etsinlər!»
30. (Ya Peyğəmbər!) Budur (İbrahimə və sənə yazdığım həcc)! Kim Allahın müqəddəs ayinlərinə ehtiram göstərsə, (bu,) onun üçün Rəbbinin yanında daha yaxşıdır. Həmişə sizə oxunanları çıxmaqla, bütün heyvanlar sizə halal edildi. Buna görə də murdar bütlərdən çəkinin və (yalan, böhtan, yalandan şahidlik və mahnı oxumaq kimi batil və) əyri söz(lər)dən uzaq olun.
31. Allaha görə haqpərəst olub müşriklərdən olmadan (murdar və batildən çəkinin). (Vücud, rübubiyyət, xilqət və ibadətdə) Allaha şərik qoşan kəs, sanki göydən düşüb və ov quşları onu qapırlar (və özlərinə yem edirlər) və ya (güclü) külək onu uzaq bir yerə atır.
32. Budur (həcc əməlləri)! Kim Allahın (buyurduğu həccin və Onun dininin) nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur.
33. Onda (qurbanlıq heyvanlarda) müəyyən müddətədək (ehram bağlayandan onları kəsənə kimi) sizin üçün (süd, yun, bala vermələri və minik olmaları kimi) mənfəətlər vardır. Sonra onları qurban kəsməyin vaxtı o qədim və azad (Kə'bə) ev(in)ə çatandadır.
34. (Qurban kəsmək təkcə İbrahimin davamçıları olan sizin həcc əməllərinizə aid deyil.) Hər bir şəriət əhli üçün məxsus qurban ibadəti (və ya qurbanı olan həcc əməlləri) müəyyənləşdirmişik ki, (qurbanlarını kəsəndə) ruziləri etdiyimiz heyvanların (başları) üzərində Allahın adını çəksinlər. Çünki sizin Allahınız tək olan Allahdır. Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə müjdə ver.
35. O kəslərə ki, Allah yad ediləndə (Onun adı çəkiləndə) qəlbləri qorxuya düşür, üz verən (çətinlik)lərə səbr edir, namaz qılır və verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
36. Biz kök dəvələri (də həcc mərasimində) sizin üçün Allahın (dininin) əlamətlərindən (rəmzlərindən) etmişik. Onlarda sizin üçün (dünya və axirət) xeyir(i) vardır. Buna görə də (onları qurban kəsəndə) ayaq üstə dayandıqları halda başları üzərində Allahın adını çəkin (və sonra özünəməxsus qaydada kəsin). Elə ki, yanları yerə dəydi (və onları təmiz kəsib qurtardınız) onlardan yeyin və qane yoxsullara və uman kasıblara da yedirin. Onları beləcə sizə ram etmişik ki, bəlkə şükr etdiniz.
37. Allaha əsla onların əti və qanları çatmaz, əksinə Ona sizin tərəfinizdən (qəlb və batində olan) təqva çatar. Allah onları beləcə sizə ram etdi ki, sizi doğru yola yönəltməsinin müqabilində Allaha təkbir deyəsiniz və Onu uca tutasınız. Və (ey Peyğəmbər, sən) yaxşı işlər görənlərə müjdə ver.
38. Həqiqətən Allah iman gətirmiş kəsləri müdafiə edir (düşmənlərin hücumlarını dəf edir və qələbə yolunu açır). Əlbəttə, Allah heç bir nankor xəyanətkarı sevmir.
39. Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə əlbəttə, tam qadirdir.
40. O kəslər(ə) ki, öz evlərindən haqsız yerə (heç bir günahları olmadan) yalnız «bizim Rəbbimiz tək olan Allahdır» dediklərinə görə çıxarılmışlar. Əgər Allah insanların bəzisini digər bəzisi ilə (bütün əsrlərdə kafirləri möminlər vasitəsi ilə dini toplum və məkanlardan) dəf etməsəydi əlbəttə, rahiblərin monastırları, xaçpərəstlərin kilsələri, yəhudilərin məbədləri və müsəlmanların, içərisində çox vaxt Allahın adı zikr edilən məscidləri viran olardı. Allah şübhəsiz, Ona (Onun dininə) yardım edənə yardım edəcəkdir. Həqiqətən Allah qüvvətli və yenilməzdir.
41. O kəslərə ki, əgər yer üzündə onlara qüdrət (hakimiyyət) və güc versək namaz qılar, zəkat verər, (insanları ağıl və şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir nalayiq və çirkin işdən saxlayarlar. Bütün işlərin sonu Allaha məxsusdur.
42. (Ya Peyğəmbər!) Əgər səni təkzib etsələr (bu təəccüblü deyil, çünki) onlardan qabaq Nuhun qövmü, (Hudun qövmü) Ad və (Salehin qövmü) Səmud da (öz peyğəmbərlərini) təkzib etmişdi.
43. Həmiçnin İbrahimin və Lutun qövmü.
44. Və eləcə də (Şüeybin qömü) Mədyən əhli. Musa da təkzib edilmişdi. Kafirlərə bir müddət möhlət verdim, sonra onları qəzəblə yaxaladım. Buna görə də (bax gör) Mənim kəskin əks-əməlim necə idi?
45. Beləliklə neçə-neçə insan cəmiyyətlərini (özlərinə və başqalarına) zalım olduqları halda məhv etdik. (Əzabın nazil olması nəticəsində tavanları yatıb və) evləri(nin divarları) tavanların üstünə uçub. Və (nə çox) tərk edilmiş quyular və uca möhkəm saraylar (ki, hamısı boş sahibsiz qalıb)!
46. Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur.
47. Onlar (istehza ilə) səndən (vəd olunmuş) əzabın tezləşdirilməsini istəyirlər. Halbuki Allah əsla vədinə xilaf çıxmaz. Həqiqətən sənin Rəbbinin yanında bir gün sizin saydığınız min il kimidir. (Zaman çərçivəsindən xaric və onun yaradanı olan Allah üçün bir gün ilə min il birdir. Buna görə də Onun barəsində tələsmək təsəvvüredilməzdir.)
48. Neçə-neçə insan cəmiyyətləri (var idi) ki, onlara zalım oduqları halda möhlət verdim. Sonra onları (qəzəblə) yaxaladım. (Bütün canlı varlıqların) qayıdış(ı) Mənə tərəfdir.
49. De: «Ey insanlar! Mən sizin üçün yalnız aşkar bir qorxudanam (sizi küfr və itaətsizliyin pis nəticəsindən qorxuduram).
50. Buna görə də bağışlanma və gözəl, ürəyəyatan ruzi iman gətirib yaxşı işlər görənlər üçündür.
51. Bizi aciz qoymaq məqsədi ilə ayə və nişanələrimiz(lə mübarizə aparmaq istiqamətin)də çalışanlar od əhlidirlər.
52. Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda və ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın və onun yüksək hədəfləri müqabilində batil məsələlər təlqin etməsin. Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən və hikmət sahibidir.
53. (Şeytana belə bir imkan verməkdən məqsəd budur) ki, şeytanın təlqin etdiklərini qəlblərində mərəz olanları və daşürəkli kəslərin sınaq vasitəsi etsin. Həqiqətən zalımlar uzun-uzadı bir müxalifətdə, ədavət içərisindədirlər.
54. Və (dini) elm verilmiş şəxslərin onun (rəsul və nəbinin dəvətinin) sənin Rəbbin tərəfindən haqq olmasını bilmələri, buna görə də ona iman gətirmələri və nəticədə onların qəlblərinin onun qarşısında ram və müti olması üçün! Həqiqətən Allah iman gətirənləri doğru yola (imandan sonrakı kamilliklərə) tərəf istiqamətləndirəndir.
55. (Qüreyş kafirlərindən) küfr edənlər həmişə (ölüm) saatı qəfil onlara çatana və ya qısır günün (heç bir şeyin yenidən yerinə yetirilməsi mümkün olmayan Qiyamət gününün) əzabı onların arxasınca gələnə kimi bunun (Qur’anın və ya sənin peyğəmbərliyinin) barəsində şübhə və tərəddüddə olarlar.
56. Həmin gün (həqiqi və zahiri mütləq) hökmdarlıq Allaha məxsusdur. Onların (Məhşər səhnəsində olanların) arasında O, hökm çıxaracaqdır. Beləliklə iman gətirmiş və yaxşı işlər görmüş kəslər nemət dolu bağlarda olacaqlar.
57. Küfr etmiş və Bizim (tovhid, kitabın doğruluğu və din) nişanələrimizi təkzib və inkar etmiş kəslər üçün isə alçaldıcı əzab vardır.
58. Allah Onun yolunda (cihad etmək, elm öyrənmək və ya digər ilahi bir iş üçün) hicrət edib sonra öldürülmüş və ya ölmüş kəslərə mütləq gözəl ruzi verəcəkdir. Həqiqətən Allah ruzi verənlərin ən yaxşısıdır.
59. Şübhəsiz, onları bəyəndikləri bir yerə daxil edəcəkdir. Həqiqətən Allah (onların ehtiyaclarını) bilən və həlimdir (və büna görə də düşmənlərinin məhvinə tələsmir).
60. (İman və küfr barəsində mətləb) budur! Kim cəzalandırıldığı miqdarda cəzalandırsa (ona zülm etmiş şəxsdən qisas yaxud da qanbahası alsa) sonra ona zülm edilsə (cinayətkar bir daha ona qarşı həddini aşsa), şübhəsiz, Allah (dünya və axirətdə) ona (məzluma) kömək edəcəkdir. Həqiqətən Allah (zülmə məruz qalmış şəxsi) əfv edən və bağışlayandır (və bu cür cəzalandırma üsuluna icazə verir).
61. Bu, (zalımın müqabilində məzluma kömək etmək) ona görədir ki, Allah (yaradılış aləmində hər növ qələbəyə qadirdir,) gecəni (hər yeri bürüməsi üçün) gündüzə daxil və qalib edir və (hər yerin işıqlı olması üçün) gündüzü gecəyə qalib edir (və ya bir fəsildə gecənin bir hissəsini gündüzə, digər bir fəsildə isə gündüzün bir hissəsini gecəyə daxil edir). Və (bu kömək həm də) ona görədir ki, Allah (məzlumlarla zalımların hallarını) eşidən və görəndir.
62. Buna (Allahın yaradılış və şəriətdəki bu qüdrətinə) səbəb odur ki, yalnız Allah müstəqil mütləq haqqdır və (müşriklərin) Onun yerinə çağırdıqları batildir. Allah uca və böyükdür.
63. Məgər Allahın göydən (yağış, qar və dolu şəklində) su nazil etməsini və onun vasitəsi ilə yerin yamyaşıl olmasını görmədin? Həqiqətən Allah lətif (əşyaların lap incəliklərinə nüfuz edən) və (dünyanın işlərinin necə idarə olunmasından) xəbərdardır.
64. Göylərdə və yerdə olanlar (göylər və yerin özü də daxil olmaqla) Ona məxsusdur. (Çünki onları yaratmaq, qorumaq, idarə etmək və yox etmək Onun əzəli istəyi ilədir.) Həqiqətən Allah (hər şeydən zatən) ehtiyacsız və (bütün kamilliklərlə) mədh edilməyə layiqdir.
65. Məgər Allahın yer üzündə olanları və həmçinin dənizdə Onun əmri ilə hərəkət edən gəmiləri sizə ram etməsini (varlıq səlahiyyətlərinin müxtəlif olmasına baxmayaraq, onların hamısını sizin elm və istəyinizə tabe etməsini) və göyü (gözəgörünməz məxsus qüvvə ilə) Onun izn və qəti istəyi olmadan (varlıq aləminin quruluşunu pozmaq istəməsi istisna olmaqla) yer üzünə düşməkdən saxladığını görmədin? Həqiqətən Allah insanlara qarşı şəfqətli və mehribandır.
66. Sizi (növünüzü tarix boyu tədricən) dirildən, sonra (tədricən) öldürəcək, daha sonra (ikinci sur çalınan zaman Qiyamətdə hamılıqla) dirildəcək (qüvvə) Odur. (Əməl dünyasında olmaq neməti nəticə aləminin olması ilə kamilləşir. Amma) şübhəsiz, insan çox nankordur.
67. Biz (Nuhdan sənə kimi olub keçmiş ümmətlərdən) hər bir ümmət üçün (onların zaman və hallarına uyğun) bir ibadət müəyyənləşdirmişik ki, ona əməl edirlər. Buna görə də onlar (şəriət) iş(in)də səninlə mübahisə etməməlidirlər (nəsx edən şəriəti götürərək nəsx olunmuşu kənara qoymalıdırlar). Rəbbinə tərəf dəvət et! Şübhəsiz, sən doğru yoldasan.
68. Əgər (bütün dəlil-sübutlar təqdim edildikdən sonra yenə) səninlə mübahisə etsələr, onda (üz döndərərək) de: «Etdiklərinizi Allah daha yaxşı bilir.»
69. Allah Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şey barəsində sizin aranızda hökm çıxaracaqdır.
70. Məgər bilmirsən ki, Allah göydə və yerdə olanı bilir?! Əlbəttə onların hamısı bir kitabda (Allahın əzəli elmindən qaynaqlanan Lövhi-Məhfuzda) qeyd olunmuşdur. Şübhəsiz bu, (onları Lövhi-Məhfuzda yazmaq və Qiyamətdə icra etmək) Allaha asandır.
71. Onlar Allahın yerinə barəsində Allahın dəlil-sübut nazil etmədiyi və haqqında (tanrı və rəbb olmasına, Allaha yaxın olmasına və şəfaət edəcəyinə) özlərinin də elmləri olmayan (və yalnız gümana və keçmişlərinə təqlidə əsaslanan) bir şeyə ibadət edirlər. Zalımların əsla yardımçısı yoxdur.
72. Bizim (tovhid və ilahi maarifin) aydın dəlillər(i) olan ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslərin üzündə inkar (əlamətləri) görərsən. Az qalır ayələrimizi onlara oxuyan kəslərə hücum etsinlər (və onları vursunlar). De: «Sizə bundan (bu qəzəb və narahatçılığınızdan) da pisini xəbər verimmi? (O,) Allahın küfr etmiş kəslərə vəd etdiyi oddur və (o,) pis sonluqdur.»
73. Ey insanlar! (Sizin özünüz və bütləriniz barəsində) bir məsəl çəkilib, ona qulaq asın: Həqiqətən Allahın yerinə çağırdıqlarınız əsla, hətta bunun üçün bir yerə yığılsalar belə, bir milçək də yarada bilməzlər. Əgər milçək onlardan bir şey götürsə, onu ondan geri ala bilməzlər. İstəyənlə (müşriklərlə), (hacət) istənilənin (bütlərin) hər ikisi acizdirlər. (Yaxud da istəyəndən məqsəd milçəklər, istəniləndən məqsəd isə götürülüb aparılmış şeydir, ya da istəyən bütlər istənilən isə milçəklərdir.)
74. Onlar Allahı Onun Öz məqam və dərəcəsinə layiq (hətta insan üçün mümkün olan çərçivədə) qiymətləndirib tanımadılar (və buna görə də ən qüdrətli varlığa – varlıq aləminin yaradanına Onun ən zəif məxluqunu şərik qoşdular). Həqiqətən Allah qüvvətli və yenilməz qalibdir.
75. Allah (Özü ilə peyğəmbərləri arasında vasitə olmaq üçün) mələklərdən və (Özü ilə cəmiyyət arasında vasitə olma üçün) insanlardan elçilər seçir. Həqiqətən Allah (cəmiyyətin təlim-tərbiyə sahəsindəki ehtiyac çağırışlarını) eşidən və (onların pyeğəmbər və tərbiyəçilərinin vəziyyətini) görəndir.
76. Onların (mələk və insanlardan olan elçilərin) önlərində və arxalarında olanı bilir (və onları səhvdən, unutqanlıqdan və şeytanın müdaxiləsindən qoruyur). (Yaradılış və şəriətin) bütün işlər(i) Allaha tərəf qaytarılır.
77. Ey (Bizim peyğəmbərimiz Muhəmmədə – səlləllahu əleyhi və alih) iman gətirənlər, ruku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir.)
78. Və Allah (yolun)da Ona layiq tərzdə cihad edin. O, (Qur’an və İslam neməti ilə) sizi seçib və İslam dinində sizin üçün heç bir məşəqqət və dözülməz çətinlik qoymayıb. (Heç bir çətin hökm çıxarılmayıb və qarşıya çıxan hər bir çətinliyə bir yol qoyub.) Bu din (özünün əsas və qolları ilə) atanız İbrahimin dini və şəriətidir. (İbrahim Muhəmmədin, Muhəmməd isə İslam ümmətinin atasıdır. Deməli İbrahim müsəlmanların atasıdır.) Sizi əvvəldən (keçmiş peyğəmbərlərin kitablarında) və bunda (bu kitabda) müsəlman adlandıran o olub. (Bu seçim) bu peyğəmbərin (Qiyamət günü) sizə və sizin insanlara şahid olmağınız üçündür. (Məsumlar və onların canişinləri Qiyamətdə bu ümmətə və həmçinin keçmiş ümmətlərə şahid olacaqlar.) Buna görə də namaz qılın, zəkat verin və Allaha sığının. Sizin hami, sahib və başçınız Odur. O necə də gözəl hami və necə də gözəl yardımçıdır.