Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Ət-Tövbə surəsi
←Əl-Ənfal surəsi | Quran. Ət-Tövbə surəsi Tərcüməçilər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli |
Yunus surəsi→ |
1. (Bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən müşriklərdən əhd-peyman bağladığınız kəslərə nifrət (və onlarla olan əhd-peymanın ləğv edilməsi və onlara verilən amanın aradan qaldırılması) bildirişidir.
2. Odur ki, (ey müşriklər, bu nifrət bildirişinin elan olunmasından sonra) dörd ay yer üzündə (azad) gəzin və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Onun çəngindən yaxanızı qurtara bilməzsiniz) və Allah kafirləri xar edəndir.
3. Həmçinin (bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən (bütün) insanlara böyük həcc günündə (qurban bayramı günü, yaxud hicrətin doqquzuncu ilində müşriklərlə müsəlmanların həcc əməllərini birlikdə yerinə yetirdikləri böyük həcc günü) bir bildirişdir ki: «Allah və Onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç bir əhd-peymanları yoxdur)». Buna görə də (ey müşriklər), əgər tövbə etsəniz (və İslamı qəbul etsəniz), sizin üçün daha yaxşıdır və əgər üz döndərsəniz, bilin ki, siz (nə mübarizə etmək və nə də qaçmaqla) Allahı aciz qoya bilməzsiniz. (Ey Peyğəmbər,) kafirlərə ağrılı bir əzabla müjdə ver!
4. Müşriklərdən əhd-peyman bağladığınız, sonra sizdən (sizinlə olan əhdlərindən) bir şeyi əskiltməyən və (düşmənlərinizdən) sizin əleyhinizə heç kəsə kömək etməyənlər istisnadırlar. Beləliklə onların əhd peymanını müddətlərinin sonuna qədər tamamlayın. Həqiqətən Allah pərhizkarları sevir.
5. Beləliklə, elə ki, haram aylar (verilmiş möhlət və döyüşməyin haram olduğu dörd ay) sona çatdı, müşrikləri harada görsəniz (istər Hərəmin daxilində olsunlar, istərsə də xaricində, haram aylarda olsun və ya başqa aylarda) öldürün, tutun, mühasirəyə alın və hər yerdə onların pusqusunda durun. Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr yollarını açın ki, həqiqətən Allah çox bağışlayan və mehribandır.
6. Əgər (təqib edilən) müşriklərdən biri səndən aman istəsə, Allahın kəlamını eşitmək üçün ona aman ver. Sonra onu təhlükəsiz olduğu yerə çatdır. Çünki onlar bilməyən bir dəstədirlər.
7. Məscidül-Həramın yanında əhd-peyman bağladığınız kəslərdən başqa, müşriklərin Allahın yanında və Onun Peyğəmbərinin yanında necə əhd-peymanları ola bilər?! Buna görə də, nə qədər ki, onlar (Məscidül-Həramın yanında əhd-peyman bağladığınız müşriklər) sizinlə (olan əhdlərində) möhkəm durublar, siz də onlarla (olan əhdlərinizdə) möhkəm durun ki, həqiqətən, Allah pəhrizkarları sevir.
8. (Bəli, onların əhdlərinə) necə (etimad bəslənə bilər)? Halbuki, əgər sizə qalib gəlsələr, sizin haqqınızda nə bir qohumluğu nəzərə alarlar, nə də bir əhdnaməyə riayət edərlər. Sizi öz sözləri ilə razı salırlar, halbuki, ürəkləri imtina edir. Onların çoxu (Allaha və vicdanlarına qarşı) itaətsizdirlər.
9. Onlar Allahın ayələrini vermək müqabilində az bir qazanc əldə etdilər (Peyğəmbəri və onun kitabını inkar etməklə məqam və dünya əldə etdilər), beləliklə (insanları) Onun yolundan saxladılar. Doğrudan da onların əməlləri pisdir.
10. Heç bir mömin barəsində qohumluq haqqına və əhd-peymana riayət etmirlər. Onlar həmin həddi aşanlardır.
11. Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr, onlar sizin din qardaşlarınız olacaqlar. Biz öz ayə və nişanələrimizi bilən dəstə üçün ətraflı surətdə izah edirik.
12. Əgər yerinə yetirəcəklərini öhdələrinə götürdükdən sonra əhdlərini pozsalar və sizin dininizə tənə vurub irad tutsalar, onda bəlkə əl çəkələr deyə (bu) küfr başçıları ilə vuruşun ki, onların heç bir öhdəçilikləri yoxdur.
13. Yoxsa siz öz andlarını pozmuş, Allahın Peyğəmbərini (Məkkədən) çıxarmaq qərarına gəlmiş və sizinlə (müharibəyə) ilk dəfə başlayan da onlar olan bir dəstə ilə vuruşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? Əgər imanınız varsa, Allah qorxulmağa daha layiqdir.
14. Onlarla vuruşun ki, Allah onlara sizin əlinizlə əzab versin, onları xar etsin, sizi onlara qalib etsin və möminlərdən (müşriklərdən yaralı) olan dəstənin ürəklərinə şəfa versin.
15. Həmçinin onların qəlblərinin qəzəbini aradan aparsın. Allah nəzərini istədiyi şəxsə yönəldərək tövbəsini qəbul edər. Allah bilən və hikmətlidir.
16. Yoxsa Allahın sizlərdən cihad edənləri və Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə sirdaş etməyənləri hələ aydınlaşdırıb üzə çıxarmadığı halda (onlar haqqında olan əzəli elmi gerçəkləşməmiş öz başınıza) buraxılacağınızı zənn edirsiniz? Allah əməllərinizdən xəbərdardır.
17. Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur və onlar odda əbədi qalacaqlar.
18. Həqiqətən Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də onların hidayət olunmuşlardan olmalarına ümid vardır.
19. Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxs(in iman və əməli) ilə bir tutursunuz? Allah yanında (bu ikisi əsla) bir deyildir. Allah zalım dəstəni hidayət etməz.
20. İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır.
21. Rəbbi onları Öz tərəfindən bir rəhmət və razılıqla və içərisində onlar üçün sürəkli və daimi nemət olan Cənnətlərlə müjdələyir.
22. Onlar orada həmişəlik olaraq, əbədi qalacaqlar. Həqiqətən Allah yanında böyük bir mükafat vardır.
23. Ey iman gətirənlər, əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutsalar, onları özünüzə dost və köməkçi götürməyin. Sizdən kim onları dost və köməkçi götürsə, (dostluğu öz lazımi yerində sərf etmədikləri üçün) onlar həmin zalımlardır.
24. De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, (insan cəmiyyətinin əsasını təşkil edən) qohumlarınız, topladığınız mallar, kasadlaşmasından qorxduğunuz ticarət və (cəmiyyətin maddi cəhətdən möhkəmlənməsinin əsasını təşkil edən) razı olduğunuz yaşayış yerləri sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, onda Allahın Öz əmrini (sizə əzab etmək əmrini) verməsini gözləyin. Allah itaətsizlərin dəstəsini hidayət etməz».
25. Həqiqətən, Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn günü - sayınızın çoxluğunun sizi məğrur etdiyi, amma sizdən (hadisə və əzabdan) heç bir şeyi dəf etmədiyi və yer üzü bütün genişliyi ilə sizə dar olduğu, sonra isə düşmənə arxa çevirərək qaçmağa üz qoyduğunuz zaman kömək etdi.
26. Sonra Allah Öz Peyğəmbərinə və möminlərə Öz xatircəmliyini (məxsus vaxtlarda Öz dostlarının qəlbinə nazil etdiyi qəlb rahatlığını) nazil etdi, sizin görmədiyiniz qoşunları göndərdi və küfr edənlərə əzab verdi. Budur kafirlərin cəzası!
27. Sonra onun (həmin hadisənin) ardınca Allah nəzərini (kafirlərin döyüşə gələnlərindən və müsəlmanların dönüb qaçanlarından) istədiyinə yönəldər və tövbəsini qəbul edər. Allah çox bağışlayan və mehribandır.
28. Ey iman gətirənlər, doğrudan da müşriklər murdardırlar. Odur ki, bu ildən (Hicrətin doqquzuncu ili, Tövbə surəsinin nazil olduğu ildən) sonra Məscidül-Hərama yaxınlaşmamalıdırlar. Əgər (onlarla əlaqənin kəsildiyinə görə düçar olacağınız) yoxsulluq və kasıblıqdan qorxsanız, əgər Allah istəsə, tezliklə sizi Öz lütf və mərhəməti ilə ehtiyacsız edər. Həqiqətən Allah bilən və hikmətlidir.
29. (Yəhudilər və xristianlar kimi səmavi) kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən (çünki, onların etiqad bəslədikləri Allah və məad, həqiqi Allah və məad deyildir), Allahın və Onun Peyğəmbərinin (Muhəmmədin – səllallahu əleyhi və alihi və səlləm – Qur’anda, Musa və İsanın da «Əhdi-ətiq» və «Əhdi-cədid»də şərab, donuz əti, rüşvət və sələm kimi) haram buyurduğunu haram hesab etməyən və haqq dinə (İslama) tabe olmayanları ilə onlar tam təslim və zillətlə öz əlləri ilə (İslam hökümətinin hakimiyyəti altında) cizyə ödəyincəyə qədər vuruşun.
30. Yəhudilər dedilər: «(Yəhudi millətinə zillətdən sonra həyat bəxş etmiş və Tövratı yaymış) Üzeyir Allahın oğludur». Və xaçpərəstlər dedilər: «Məsih Allahın oğludur». Bu onların dilləri ilə dedikləri (həqiqəti və dəlili olmayan) bir sözdür. Onlardan qabaq kafir olmuş kəslərin (Allah üçün ata, oğul, ana və arvad fərz edən qədim bütpərəstlərin) sözlərinə oxşayır. Allah öldürsün onları! Necə və hara döndərilirlər?
31. Onlar öz alimlərini, rahiblərini və Məryəm oğlu Məsihi (əmrlərinə qeydsiz-şərtsiz itaət etmək baxımından) Allahın yerinə tanrılar götürdülər, halbuki onlara yalnız Ondan başqa bir məbud olmayan tək Allaha ibadət etmələri əmr olunmuşdu. O, qoşulan şəriklərdən pak (və uzaq)dır.
32. Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir.
33. Öz Peyğəmbərini müşriklərə xoş gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur.
34. Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu camaatın mallarını haqsız yerə (Tövrat və İncili təhrif etmək və rüşvət almaq bahasına) yeyirlər və (camaatı) Allahın yolundan saxlayırlar. (Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ.
35. O gün ki, onlar (həmin qızıl-gümüş) Cəhənnəm odunda qızardılacaq və onlarla həmin şəxslərin alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (onlara): «Bu, özünüz üçün yığdığınız həmin xəzinələrdir, odur ki, dadın yığdıqlarınızın cəzasını!» (deyiləcəkdir).
36. Həqiqətən Allah yanında (Onun əzəli elmi və Lövhi-Məhfuzunda, qəməri) ayların sayı on iki aydır ki, (onlar) Allahın kitabında (yaradılış kitabı olan varlıq aləmində) göyləri və yeri yaratdığı gündən sabit və gerçəkdir (və yer kürəsi ilə ayın günəş sistemində sıralanmasının necəliyindən yaranır). Onlardan dördü (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları) haram (möhtərəm) aylardır (və onlarda döyüş haramdır). Bu, möhkəm və əbədi bir dindir (dinin hökmüdür). Odur ki, bu aylarda (onlara hörmətsizlik etmək və onlarda bir-birinizlə döyüşməklə) özünüzə zülm etməyin. Və (döyüş zamanı) müşriklər sizin hamınızla vuruşduqları kimi siz də onların hamısı ilə vuruşun və bilin ki, Allah pərhizkarlarladır.
37. Həqiqətən (haram ayları) təxirə salmaq (və onların yerlərini dəyişdirmək) küfrü artırmaqdır (etiqadi baxımdan küfr olmaqdan əlavə, əməldə bidətdir) ki, kafirlər onun vasitəsilə azdırılırlar. Onu bir il halal və bir il haram sayırlar (məsələn, bir Şə’ban ayını Rəcəb ayının yerinə haram və Rəcəb ayını isə halal edirlər) ki, sizinlə və Allahın haram etdiyi ilə uyğunlaşsınlar (və bir ildə dörd haram ay olsun), amma (nəticədə) Allahın haram etdiyini halal edirlər. Əməllərinin çirkinliyi onlar üçün zinətlənmişdir. Allah kafirlərin dəstəsini hidayət etməz.
38. (Bu ayədən başlayaraq, daha on bir ayə Təbuk müharibəsinə və rumlularla döyüşə aiddir.) Ey iman gətirənlər, sizə nə olub ki, «Allah yolunda (döyüş meydanına tərəf) hərəkət edin» deyildikdə, ağırlaşaraq yerə yapışırsınız? Yoxsa, axirətin yerinə dünya həyatına razı olmusunuz? Belə isə, (bilin ki,) dünyanın xeyir və mənfəətləri axirət müqabilində yalnız cüzi bir şeydir.
39. Əgər (cihad meydanına tərəf) hərəkət etməsəniz, Allah sizə ağrılı bir əzab verəcək və sizin yerinizə başqa bir dəstəni gətirəcək. Siz Ona heç bir zərər vura bilməzsiniz. Allah hər şeyə qadirdir.
40. Əgər ona (Peyğəmbərə) kömək etməsəniz, şübhəsiz, kafirlər onu iki nəfərdən (Peyğəmbərlə Əbu Bəkrdən) biri olaraq Məkkədən çıxardıqları zaman, hər ikisi o mağarada (Məkkə yaxınlığındakı «Saur» mağarasında) olduqları vaxt və o, yanındakına «qəm yemə, Allah mütləq bizimlədir» dediyi zaman Allah ona kömək etdi(yi kimi yenə də kömək edəcəkdir). Beləliklə, Allah ona (Peyğəmbərə) Öz rahatlıq və xatircəmliyini nazil etdi, (İslam müharibələrində) onu sizin görmədiyiniz qoşunlarla qüvvətləndirdi və kafirlərin sözünü alçaltdı. Uca və üstün, Allahın kəlməsidir (Onun peyğəmbərlərə kömək və dininin digər dinlərə qalib gəlməsi barəsindəki əzəli vədidir)! Allah yenilməz qüdrətli və hikmət sahibidir.
41. Yüngül və ağır (süvari və piyada, yaxud cavan və qoca cihad meydanına tərəf) hərəkət edin və öz mallarınız və canlarınızla Allah yolunda cihad edin. Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir.
42. Əgər əl çatan mallar və qısa və asan səfər olsaydı, onlar sənə mütləq tabe olardılar. Lakin bu məşəqqətli yol (Təbuk müharibəsinin döyüş meydanında hazır olmaq) onlara uzaq göründü. Tezliklə Allaha and içəcəklər ki: «Əgər qüdrət və bacarığımız olsaydı, sizinlə çıxardıq». Onlar özlərini (küfr və yalanları ilə) həlak edirlər və Allah onların yalançı olduqlarını bilir.
43. Allah səni bağışlasın! Nə üçün doğruçular(ın halı) sənə aydınlaşmamış və yalançıları tanımadan onlara (döyüşə getməmək üçün) izn verdin?
44. Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etməkdən qalmaq üçün səndən izn istəmirlər (çünki təkid olunmuş bir vacib olan həmin cihadın yerinə yetirilməsi üçün izn istəmək lazım deyil və eləcə də onun haram sayılan tərki üçün icazə almaq caiz deyil). Allah pərhizkarları tanıyandır.
45. (Cihaddan yayınmaq üçün) səndən yalnız Allaha və axirət gününə imanları olmayan və qəlbləri şəkk və tərəddüdə düşən kəslər izn istəyərlər. Onlar həmişə öz şəkk və tərəddüdlərində sərgərdandırlar.
46. Əgər onların (cihad üçün) çıxmaq niyyətləri olsaydı, ona mütləq bir vasitə və xərc hazırlayardılar. Lakin Allah onların (yola düşüb) hərəkət etmələrini xoşlamırdı. Buna görə də (köməyini əsirgəməklə) onları saxladı və (sanki onlara) «oturanlarla (qadınlar, uşaqlar və acizlər kimi) oturun» deyildi.
47. Əgər sizin aranızda (döyüşə) çıxsaydılar, sizin üçün fəsaddan başqa bir şey artırmazdılar və şübhəsiz, sizə fitnə yaratmaq üçün sizin aranızda pozuculuq etməyə tələsərdilər. Sizin aranızda cəsuslar və onların sözlərinə çox qulaq asan imanı zəiflər vardır. Allah zalımları tanıyır.
48. Həqiqətən onlar bundan əvvəl (Ühüd müharibəsində) də fitnə yaratmaq istədilər və işləri sənə alt-üst etdilər (İslam ordusunu parçaladılar, camaatı döyüşdən soyutdular və sonda Ühüd faciəsi baş verdi). Nəhayət haqq gəlib çatdı və onlar istəmədikləri halda Allahın əmri aşkar oldu (siz qalib gəldiniz).
49. Onlardan bəzisi «mənə (bu döyüşü tərk etməyə) izn ver və məni fitnəyə (sənin əmrinə qarşı çıxmaq günahına) salma!» deyir. Bil ki, onlar fitnəyə (küfr və nifaq fitnəsinə) düşüblər. Şübhəsiz, Cəhənnəm kafirləri əhatə etmişdir (dünyada Cəhənnəm oduna girməyin səbəbi olan küfr və itaətsizliklə əhatə olunmaq formasında, axirətdə isə nəticə olan od ilə.)
50. Əgər sənə bir yaxşılıq (qələbə və qənimət) yetişsə, bu onları narahat edər və əgər bir müsibət (məğlubiyyət yaxud bir ziyan) yetişsə, «biz işimizi(n ehtiyatını) qabaqcadan götürmüşük» deyər və şad halda (öz yerlərinə) qayıdarlar.
51. De: «Bizə Allahın (Lövhi-Məhfuzda) bizim üçün yazdığından və qərara aldığından (zəfər, məğlubiyyət və sairədən) başqa əsla bir şey yetişməyəcəkdir. O bizim başçı və yardımçımızdır və bütün möminlər Allaha təvəkkül etməlidirlər.»
52. De: «Yoxsa bizim üçün iki gözəl xislətdən (döyüşdə qələbə çalmaq, yaxud haqq yolunda şəhid olmaqdan) başqa bir şey gözləyirsiniz? Biz də sizin barənizdə Allahın sizə Öz tərəfindən, ya bizim əlimizlə əzab yetirməsini (küfr halında həlak olmaq, yaxud küfr halında öldürülməyi) gözləyirik. Buna görə də gözləyin ki, biz də sizinlə gözləyənlərdənik».
53. De: «(İstədiyiniz kimi-) istər rəğbətlə, istərsə də ikrahla xərcləyin, sizdən əsla qəbul olunmayacaqdır. Çünki siz itaətsiz bir dəstəsiniz».
54. Onların sədəqələrinin qəbul olunmasına Allaha və Onun Peyğəmbərinə kafir olmalarından başqa bir şey mane olmadı. Onlar namazı yalnız tənbəlcəsinə qılarlar və yalnız narazılıqla sədəqə verərlər.
55. Odur ki, onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! Həqiqətən Allah onların (mal və övladlarının əldə edilməsi və qorunması) vasitəsilə dünya həyatında onlara əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.
56. Onlar həqiqətən də sizdən olmaları barəsində Allaha and içirlər. Halbuki, onlar sizdən deyildirlər, əksinə (nifaqlarının faş olmasından) qorxan bir dəstədirlər.
57. Əgər bir sığınacaq, ya mağaralar, ya da zirzəmilər tapsaydılar, şübhəsiz tələsik ora üz tutardılar (ki, müsəlmanlardan uzaq olsunlar).
58. Onların bəzisi sədəqələr(in bölünməsi) barəsində sənə irad tuturlar. Əgər ondan onlara verilsə razı qalar və əgər verilməsə (hətta haqları olmasa belə), qəfildən qəzəblənərlər.
59. Əgər onlar Allahın və Onun Peyğəmbərinin (sədəqələrdən) onlara verdikləri ilə razılaşıb «bizə Allah kifayətdir, tezliklə Allah və Onun Peyğəmbəri bizə Öz lütfündən əta edəcək, həqiqətən biz Allaha tərəf meylliyik» desəydilər (onlar üçün daha yaxşı olardı).
60. Həqiqətən sədəqələr (malların və canların zəkatı, səkkiz yerə sərf olunmalıdır, yəni) yoxsulların, miskinlərin (daha yoxsul olanların), onun (toplanması, qorunması və paylanılması) icraçılarının, (kafirlərdən, yaxud əqidələri zəif olan müsəlmanlardan bəzilərini dinə cəlb etmək, ya onlardan döyüşdə istifadə etmək üçün) ürəklərinin ələ alınması lazım olan kəslərin, qulların (azad olunmasının), borcluların (borclarının ödənilməsinin), Allah yolundakı xərclərin (xeyiri ümumi olan hər hansı bir xeyir işin, xüsusilə cihadın) və yolda (İslam və müsəlmanların din və dünyaları üçün lazım olan hər hansı bir hədəf yolunda) qalanlarındır. (Bu hökm,) Allah tərəfindən qəti bir vacibdir. Allah bilən və hikmətlidir.
61. Onların bəziləri Peyğəmbəri incidir və «o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!» deyirlər. De: «O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir». Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır.
62. Onlar sizi razı salmaq üçün sizə (öz xoşagəlməz işləri barədə) Allaha and içirlər, halbuki əgər mömin olsaydılar Allahı və Onun Peyğəmbərini razı salmaları daha yaxşı olardı.
63. Məgər Allahla və Onun Peyğəmbəri ilə müxalifət və düşmənçilik edən şəxs üçün doğrudan da əbədi qalacağı Cəhənnəm odu olmasını bilməyiblər? Budur həmin böyük rüsvayçılıq!
64. Münafiqlər (istehza məqsədi ilə) özlərini onların barəsində qəlblərində olanı (küfrü və İslam hökümətini devirmək niyyətlərini) onların özlərinə və camaata xəbər verən bir surə nazil olmasından qorxan kimi göstərirlər. De: «(Bu rəftarınızla İslama) istehza edin, şübhəsiz, Allah qorxduğunuz şeyi aşkar edəcəkdir».
65. Əgər onlardan (nə üçün İslam əleyhinə danışır və fəaliyyət göstərirdiniz?) soruşsan, «biz yalnız zarafat edir və oynayırdıq» deyəcəklər. De: «Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehza edirdiniz?»
66. Daha üzr və bəhanə gətirməyin, doğrudan da siz imanınızdan sonra kafir oldunuz (zahiri imandan sonra küfrünüz aşkar oldu)! Əgər sizdən bir dəstəni (tövbələrinə görə) bağışlasaq da, digər bir dəstəyə əzab verəcəyik. Çünki onlar günahkar olublar.
67. Münafiq kişilərlə münafiq qadınların bəziləri bəzilərindəndirlər (etiqad və əməldə bir-birləri ilə bağlıdırlar). Pis işlər görməyi əmr edərlər, yaxşı işləri qadağan edərlər və öz əllərini (mallarını haqq yolunda xəcləməyə) bağlayarlar. Onlar Allahı unutdular, Allah da onları unutdu (bütün dəlil-sübutları göndərdikdən sonra onları öz başlarına buraxdı). Şübhəsiz münafiqlər həmin itaətsizlərdir.
68. Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Onlara bu bəsdir. Və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.
69. (Siz kafir və münafiqlər) sizdən qabaq olmuş və qüdrətləri sizdən daha artıq və malları, övladları sizdən daha çox olmuş kəslər kimisiniz. Beləliklə onlar öz (dünya) paylarından bəhrələndilər. Sizdən qabaqkılar öz paylarından bəhrələndikləri kimi siz də öz payınızdan bəhrələndiniz və onlar (günah və nəfsi istəklərə) batdıqları kimi siz də batdınız. Onların (xeyir) əməlləri dünyada və axirətdə batil və puç oldu (dünyada yaxşı addan, müsəlmanların duasından və qeyb köməklərindən, axirətdə isə gözəl mükafatlardan məhrum oldular). Onlardır ziyana uğrayanlar!
70. Məgər onlardan qabaqkıların Nuhun (suda batmış) qövmü(nün), Adın (Hudun külək əsməsi ilə həlak olmuş qövmünün), Səmudun (Salehin göydən gələn bir bağırtı ilə məhv olmuş qövmünün), İbrahimin (ağcaqanad və digər əzabların göndərilməsi ilə məhv olmuş) qövmünün, Mədyən əshabının (Şüeybin od yağdıran buludla həlak olmuş qövmünün) və alt-üst edilmiş məlum şəhərlərin (Lut qövmünün üç şəhərinin) xəbəri onlara çatmayıb? Peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirdilər. Beləliklə, Allah onlara zülm etmək istəmirdi, lakin (özlərinə) zülm edən onlar özləri idilər.
71. Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət baxımından) yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət baxımından) pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə Öz rəhmətinə şamil edəcəyi kəslər onlardır. Həqiqətən Allah yenilməz qüdrət sahibi və (yaradılış, qanunvericilik və cəzalandırmaqda) hikmətlidir.
72. Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları Cənnətlər vəd etmişdir. Həmçinin əbədi Cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!
73. Ey peyğəmbər, kafirlərlə (vuruşmaqla) və münafiqlərlə (dəlil-sübut gətirmək və onlarla ünsiyyətdən uzaqlaşmaqla) cihad et və onlarla sərt davran. Onların qalacaqları yer Cəhənnəmdir və ora pis dönüş yeridir.
74. Münafiqlər Allaha and içirlər ki, (Peyğəmbərin arxasınca pis söz) deməyiblər. Halbuki şübhəsiz, küfr sözü deyiblər və İslamı qəbul etdikdən sonra (dönüb) kafir olublar (İslamı izhar etdikdən sonra küfrü izhar ediblər). Və onlar nail ola bilmədikləri təhlükəli bir qərar (Peyğəmbərə sui-qəsd, ya onu Mədinədən çıxarmaq qərarını) qəbul etdilər. Onlar (Allaha və Peyğəmbərə) yalnız Allah və Onun Peyğəmbərinin onları Öz lütf və kərəmləri ilə ehtiyacsız etmələrini irad tutdular və qəzəbləndilər (beləliklə, nemətə şükr etmək əvəzinə intiqam almaq istədilər). Odur ki, əgər tövbə etsələr, onlar üçün daha yaxşıdır və əgər üz döndərsələr, Allah onlara dünya və axirətdə ağrılı bir əzab verəcək və yer üzündə onların bir başçı və köməkçiləri olmayacaqdır.
75. Onlardan Allahla «əgər O Öz lütfündən bizə əta etsə, mütləq sədəqə verəcək (hər bir haqq sahibinin haqqını ödəyəcək) və mütləq salehlərdən olacağıq» deyə əhd bağlamış kəslər vardır.
76. Beləliklə, elə ki, (Allah) Öz lütfündən onlara əta etdi, ona xəsislik etdilər və (qəlbən) dönük olaraq üz çevirdilər.
77. Odur ki, Allaha verdikləri vədə xilaf çıxdıqlarına və daim yalan danışdıqlarına görə, Allah Onunla görüşəcəkləri günə (Qiyamət gününə) kimi onların qəlblərinə bir nifaq saldı.
78. Məgər Allahın onların sirlərini və pıçıltılarını bilməsini, eləcə də Allahın bütün qeybləri və gizlinləri tam bilən olmasını bilmirdilər?
79. Rəğbətlə sədəqə verən və müstəhəb sədəqələr ödəyən möminlərə və (Allah yolunda xərcləmək üçün) yalnız imkanları miqdarında tapanlara sədəqələri barədə irad tutanları (varlı və yoxsul möminlərə sədəqə vermələrinə görə tənə vuranları) və onlara məsxərə edənləri Allah məsxərə edir və onlar üçün ağrılı bir əzab olacaqdır.
80. Onlar üçün bağışlanma dilə, ya bağışlanma diləmə (birdir), əgər onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allaha və Onun Peyğəmbərinə kafir oldular. Allah fasiq dəstəni hidayət etməz.
81. (Təbuk döyüşünə aparılmayıb) yerdə qoyulanlar Allahın Peyğəmbərinin (hərəkət etməsinin) əksinə olaraq evdə oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməyi xoşlamadılar və (camaata) «istidə (döyüşə) getməyin!» dedilər. De: - əgər dərindən düşünürlərsə - «Cəhənnəm odu daha istidir».
82. Buna görə də gərək (küfr və itaətsizlikdən) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) az gülsünlər və çox ağlasınlar. [Və ya: Buna görə də gərək (küfr və itaətsizliklə) əldə etdiklərinin cəzası olaraq (həyatları boyu) dünyada azacıq gülsünlər və axirətdə çox ağlasınlar.]
83. Odur ki, əgər Allah səni (bu Təbuk müharibəsindən) (Mədinəyə) onlardan (döyüşdən qalmış) bir dəstəsinin yanına qaytarsa və onlar səndən (başqa bir döyüşə) çıxmaq üçün icazə istəsələr, de: «Əsla mənimlə çıxmayacaqsınız və əsla mənimlə birgə düşmənlə vuruşmayacaqsınız, çünki siz əvvəlcə döyüşdən qalmağa razı oldunuz, indi də qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə (evdə) oturun».
84. Və onlardan ölən heç bir şəxs üçün əsla namaz qılma və (barəsində dua etmək və bağışlanma diləmək üçün) qəbrinin üstündə durma. Çünki onlar Allaha və Onun Peyğəmbərinə küfr etdilər və itaətsiz halda öldülər.
85. Onların malları və övladları(nın çoxluğu) səni təəccübləndirməsin! (Çünki bu, onlara yaxşılıq etmək və ya onların yaxşı işlərinin mükafatı deyildir.) Əslində Allah onlara dünya həyatında o şeylər(i ələ gətirmək və qorumaq) vasitəsilə əzab vermək və canlarının kafir olduqları halda çıxmasını istəyir.
86. «Allaha iman gətirin və Onun Peyğəmbəri ilə birgə cihad edin» deyə bir surə nazil olan zaman, onların (münafiqlərin) qüdrət və sərvət sahibləri səndən izn istəyər və «qoy biz evdə oturanlarla birgə olaq» deyərlər.
87. Onlar yerdə qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə olmağa razı oldular və qəlblərinə (bədbəxtlik) möhür(ü) vurulmuşdur. Buna görə də daha (səadət yolunu) dərk etməzlər.
88. Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır (iki aləmin) yaxşılıqların(ın) sahibləri və onlardır nicat tapanlar!
89. Allah onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır. Orada əbədi qalarlar. Budur böyük uğur və qurtuluş!
90. Bədəvi ərəblərin üzürlüləri (qeyrət üzündən sənin yanına) gəldilər ki, onlara (cihada getmək üçün) icazə verilsin. Həmçinin səbəbsiz üzr istəyənlər gəldilər ki, (cihadı tərk etmək üçün) icazə alsınlar. Allaha və Onun Peyğəmbərinə yalan söyləmiş kəslər evdə oturdular (və cihaddan qalmaq üçün izn belə istəmədilər)! Tezliklə onlardan kafir olmuş kəslərə ağrılı bir əzab yetişəcəkdir.
91. (Qadın və uşaqlar kimi) zəiflərə, xəstələrə və xərcləməyə (yolxərci etməyə) bir şey tapa bilməyən kəslərə Allah və Onun Peyğəmbəri üçün (söz və əməldə) xeyirxahlıq edəcəkləri təqdirdə (cihadı tərk etmələrinə görə) bir günah yoxdur (onların boynuna vəzifə düşmür və buna görə də onlara təzyiq göstərilməməlidir). Yaxşı əməl sahiblərinə qarşı (onları məzəmmət etmək və cəzalandırmaq üçün) heç bir yol yoxdur. Allah çox bağışlayan və mehribandır.
92. Onları (bir miniyə) mindirməyin üçün sənin yanına gəldikləri zaman, sən «sizi mindirmək üçün bir miniyim yoxdur» deyəndə (cihad yolunda) xərcləməyə bir şey tapmadıqları üçün qəm-qüssədən gözlərindən yaş axa-axa dönüb qayıdan kəslərə də (bir günah yoxdur).
93. (Məzəmmət) yol(u) yalnız o kəslərə (açıqdır) ki, ehtiyacsız olmalarına baxmayaraq, yenə də (cihada getməmək üçün) səndən izn istəyirlər. Onlar (qadınlar, uşaqlar və əlillərdən ibarət) yerdə qalanlarla birgə qalmağa razı oldular. Allah onların qəlblərinə (bədbəxtlik) möhür(ü) vurub, buna görə də heç bilmirlər.
94. Siz (Təbuk döyüşündən) onların yanına qayıdanda onlar (döyüşə getmədiklərinə görə) sizə bəhanə gətirərlər. De: «Heç bir bəhanə gətirməyin ki, sizə əsla inanmayacağıq. Həqiqətən Allah bizi sizin xəbərlərinizdən agah etmişdir. Sizin əməllərinizi (gələcəkdə tövbə edəcəyinizi, yoxsa öz küfrünüzdə qalacağınızı) tezliklə Allah və Onun Peyğəmbəri görəcəklər. Sonra gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə O sizi etdiklərinizdən xəbərdar edəcəkdir.
95. Onların yanına qayıdanda tezliklə sizin üçün Allaha and içəcəklər ki, onlar(ı məzəmmət etmək və danlamaq)dan daşınasınız. Buna görə də onlardan üz döndərin. Çünki onlar murdardırlar (məzəmmət və danlaq onlara təsir etmir) və onların yerləri əldə etdiklərinin cəzası olaraq Cəhənnəmdir.
96. Onlardan razı olasınız deyə sizin üçün and içirlər. Buna görə də əgər onlardan siz razı olsanız da, həqiqətən Allah itaətsiz insanlardan razı olmayacaqdır.
97. (Cəmiyyətdən və mədəniyyətdən uzaq olduqları üçün) bədəvi ərəblərin küfr və nifaqları daha şiddətlidir və onlar Allahın Öz Peyğəmbərinə nazil etdiyinin hüdudlarını bilməməyə daha layiqdirlər. Allah bilən və hikmətlidir.
98. Bədəvi ərəblərdən (xeyir yolda) xərclədiyini ziyan və zərər hesab edənlər və sizin barənizdə (İslam dövlətinin süqutu kimi) pis hadisələr gözləyənlər vardır. Pis hadisələr onların özləri üçün olsun! Allah eşidən və biləndir.
99. Həmçinin bədəvi ərəblərdən Allaha və axirət gününə imanı olanlar və xərclədiklərini Allaha yaxınlaşmaq amili və Onun Peyğəmbərinin duaları(nın onlara şamil edilməsi vasitəsi) hesab edənlər vardır. [Yaxud: Onlar xərclədiklərini və Peyğəmbərin (onların haqqında etdiyi) dualarını Allaha yaxınlaşmaq amili hesab edirlər.] Bilin ki, o (xərclədikləri şeylər və Peyğəmbərin duaları) onların (Allaha) yaxınlaşma amilidir. Allah tezliklə onları Öz mərhəmətinə (mərhəmətinin pənahına) daxil edəcəkdir. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
100. Allah mühacirlərin və ənsarın (Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm–Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş!
101. Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan) bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhlindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Tezliklə onlara iki dəfə əzab verəcəyik (dünya əzabı, ölüm və Bərzəx əzabı), sonra isə (Qiyamətdə) daha böyük əzaba tərəf döndəriləcəklər.
102. (Onlardan) digər bir dəstə öz günahlarını etiraf edib, yaxşı bir işi başqa bir pis işlə qarışdırmışlar. Ola bilsin ki, Allah onlara nəzər yetirsin. Həqiqətən Allah çox bağışlayan və mehribandır.
103. (Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir.
104. Məgər onlar bilmirlərmi ki, bəndələrindən tövbəni Allah qəbul edir, sədəqələri (zahirdə Peyğəmbərin, yaxud haqq sahibinin almasına baxmayaraq) əslində Onun Özü götürür və Allah tövbələri çox qəbul edən və mehribandır?!
105. Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir».
106. Və digər bir dəstə (küfr əhli)nin (zəif hala salınmışlarıdır ki,) işləri Allahın əmrinə qalmışdır - onlara ya əzab verəcək (əgər küfrlərində israrlı olsalar), ya da (əgər imana yönəlsələr) nəzər yetirəcəkdir. Allah bilən və hikmət sahibidir.
107. Və (həmçinin münafiqlərdən müsəlmanlara) zərər, küfr(ü gücləndirmək), möminlərin arasında təfriqə salmaq və qabaqcadan Allah və Onun Peyğəmbəri ilə müharibəyə qalxmış şəxsi(n gəlməsini) gözləmək üçün bir məscid seçən kəslər vardır. (Mədinə kafirlərinin xaçpərəst rahibi üçün tikdikləri «Zirar» məscidi nəzərdə tutulur.) Və onlar mütləq and içəcəklər ki: «bizim xeyir işdən başqa niyyətimiz olmayıb». Allah isə onların mütləq yalançı olmalarına şəhadət verir.
108. Orada (həmin məsciddə) əsla (namaza) durma. Şübhəsiz, (bünövrəsi) ilk gündən təqva üzərində qurulmuş məscid (Quba məscidi, Mədinə məscidi və digərləri) sənin onda namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pakları sevir.
109. Belə isə öz (dininin) təməlini ilahi təqva və Onun razılığı əsasında quran şəxs yaxşıdır, yoxsa öz təməlini süst və uçmaq ərəfəsində olan bir uçurumun kənarında qurmuş və o binanın Cəhənnəm oduna yuvarlandıracağı şəxs?! (Möminin əməlləri iman və niyyət saflığı əsasındadır. Kafirin əməlləri isə əqidəsində şəkk və güman əsasındadır və onun sonu Cəhənnəmdir.) Və Allah zalımların dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) düz yola yönəltməz.
110. (Küfr və nifaq üzündən) tikdikləri o bina (hətta dağılsa belə) həmişə – (onlar ölməyincə və) ürəkləri parça-parça olmayınca onların qəlblərində bir şəkk və tərəddüd və nifaqın artması amilidir. Allah bilən və hikmət sahibidir.
111. Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Qur’anda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!
112. (Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmdü-səna deyənlər, oruc tutanlar, (cihad və din elmi kəsb etmək üçün) səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın (dininin əsas və qollarının) sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver.
113. Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz).
114. İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu ondan uzaqlaşdı (çünki əfv diləmək Allahla düşmən olan kəs üçün deyil Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən İbrahim haqdan qorxan, günahdan qəmgin olan, (Allah dərgahına) ürəkdən çox ah çəkən və həlim idi.
115. Allaha bir dəstəni (dinin əsaslarına) hidayət etdikdən sonra, (digər hökmlərdə) qorxmalı olduqları şeyi (vacib və haramları) onlara aydınlaşdırmadan (açıqlamadan) nadanlıqda buraxmaq (və ya müxalifət etdiklərinə görə cəzalandırmaq) yaraşmaz (və bu, «lütf» qanunu və ağıl ilə uyğun gəlmir). Həqiqətən Allah hər bir şeyi biləndir.
116. Şübhəsiz, göylərin və yerin həqiqi sahibi və mütləq hakimiyyəti Allaha məxsusdur. (Yaşamaq və ölmək qabiliyyəti olan hər bir şeyi) O dirildir və öldürür. Sizin üçün Allahdan başqa heç bir dost, başçı və yardımçı yoxdur.
117. Əlbəttə, Allah Peyğəmbərə və çətinlik zamanı (Təbuk müharibəsi səfərində) ona tabe olan mühacir və ənsara, onlardan bir dəstəsinin qəlblərinin («nə üçün say və təchizat baxımından bərabər olmayan bir döyüşə başlamalıyıq?» deyə Peyğəmbərin əmrinə) dönük çıxmasının yaxın olmasından sonra nəzər yetirdi və onların tövbəsini qəbul etdi. Sonra Öz mərhəməti ilə onlara üz tutdu. Həqiqətən Allah onlara qarşı çox şəfqətli və mehribandır.
118. Və həmçinin («Təbuk» qoşunu ilə aparılmayıb) yerdə qoyulan (və Peyğəmbərin – səlləllahu əleyhi və alihi və səlləm – əmri ilə camaatın əlaqələrini kəsdiyi) o üç nəfərə (rəhm etdi)! Nəhayət yer üzü bütün genişliyi ilə onlara daraldı, ürəkləri özlərindən təngə gəldi və bildilər ki, Allahdan (qaçmaq üçün) Onun Özündən başqa bir sığınacaq yoxdur. Sonra Allah Öz rəhməti ilə onlara üz tutdu ki, tövbə etsinlər və (Ona tərəf) qayıtsınlar. Həqiqətən Allah Özü tövbələri çox qəbul edən və mehribandır.
119. Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir).
120. Mədinə əhlinə və (onun) ətrafındakı bədəvi ərəblərə (cihad zamanında) Allahın Peyğəmbərindən boyun qaçırmaları və ya (səfər zamanı və döyüş təhlükələri vaxtı) özləri ilə məşğul olaraq ondan üz çevirmələri yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından rəva deyildir). Bu, ona görədir ki, Allah yolunda onların düçar olduqları hər bir susuzluq, əziyyət və aclığın, eləcə də kafirlərin qəzəbinə səbəb olacaq hər bir yerə qədəm basmalarının və düşməndən əldə etdikləri hər bir bəhrənin (onları öldürmək və əsir etməyin) mükafatı olaraq onlar üçün bir saleh əməl yazılır. Həqiqətən Allah yaxşı iş görənlərin mükafatını zay etməz.
121. Və çəkdikləri hər bir kiçik və böyük xərc və (cihad səfərində) qət etdikləri hər bir yer və dərə onların hesabına yazılır ki, Allah etdikləri çoxlu gözəl əməllərin mükafatını onlara əta etsin.
122. Möminlərə hamılıqla (döyüş cəbhəsinə, yaxud dini elm mərkəzlərinə, xüsusilə müəyyən zaman və məkana aid olan cihada) köç etmələri yaraşmaz (və bu, caiz və mümkün də deyildir). Buna görə də, nə üçün onların hər bir cəmiyyətindən (kiçik) bir dəstə (əsgərlər təcrübi tovhidə yiyələnməkdə və mədrəsədəkilər dini maariflərdə) dərin elmi təhsil almaq üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə qorxutsunlar, bəlkə onlar (batində və əməldə) çəkindilər.
123. Ey iman gətirənlər, (əvvəlcə məsləhətə və qayda-qanunlara uyğun olaraq) kafirlərdən sizə daha yaxınlıqda olanlarla vuruşun və onlar gərək sizdə mütləq bir möhkəmlik və (əməlinizdə) sərtlik görsünlər. Bilin ki, Allah təqvalılarladır.
124. Bir surə nazil olan zaman, onlardan (münafiqlərdən) bəzisi (istehza ilə) deyərlər: «Bu surə sizdən hansınızın imanını artırdı?». (De:) «İman gətirənlərə gəlincə, onların imanını artırdı və onlar (yeni səmavi töhfə aldıqlarına görə) sevinirlər.
125. Qəlblərində (şirk, küfr və nifaq) xəstəliyi olanlara gəldikdə isə, onların murdarlığının üstünə daha bir murdarlıq artırdı və onlar kafir olduqları halda öldülər.»
126. Məgər hər il (müharibə və ya digər hadisələrlə) bir-iki dəfə imtahan olunduqlarını görmürlər? Amma (bununla belə), nə tövbə edirlər və nə də ibrət alırlar.
127. Və bir surə nazil olan zaman (narahat olduqlarına və rəngləri dəyişdiyinə görə) onların bəzisi bəzisinə baxar (və sanki bir-birlərindən soruşarlar ki:) «sizi kimsə görürmü? (Məbada nifaqınız zahir ola, yaxud məclisdən çıxarılaq.)» Sonra (gizlincə sənin yanından) qayıdarlar. Onlar anlamaz bir dəstə olduqları üçün Allah onların qəlblərini (haqdan) döndərdi.
128. Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır.
129. Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: «Mənə Allah kifayətdir, O Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir».