Məzmuna keç

Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Ət-Talaq surəsi

Vikimənbə saytından
Ət-Təğabun surəsi Quran. Ət-Talaq surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Ət-Təhrim surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Ya Peyğəmbər, qadınlara təlaq vermək istədikdə, onlara «iddə» vaxtında təlaq verin (elə bir vaxtda ki, iddəyə başlamaq mümkün olsun, yəni heyzdən pak olduqları və ərləri ilə cinsi əlaqədə olmadıqları vaxt) və iddəni hesablayın və Rəbbiniz olan Allahdan qorxun; açıq-aşkar çirkin bir əməl etməyincə, (iddə zamanı) onları (yaşadıqları) evdən çıxarmayın və onlar da çıxmasınlar. Bunlar Allahın hüdudları və sərhədləridir. Kim Allahın hüdudlarından kənara çıxsa, həqiqətən, özünə zülm etmiş olar. Sən (ey kişi) nə bilirsən, (və o qadın nə bilir) ola bilsin ki, Allah ondan (o təlaqdan) sonra (iki tərəf arasında sülh baxımından) bir iş icad etsin.
2. (Təlaq verilmiş qadınlar) iddə müddətinin axırına yaxınlaşdıqda, ya onları (evliliyə qayıtmaqla) yaxşılıqla (evlilik vəzifələrinə əməl etməklə) saxlayın, yaxud (iddə qurtardıqdan sonra) xoşluqla ( mehriyyəni və vacib hüquqları ödəməklə) onlardan ayrılın. (Təlaq icra olunan zaman) özünüzdən (möminlərdən) olan iki adil kişini şahid tutun və (siz ey şahidlər,) şəhadəti Allaha görə verin (saxtakarlıq etməyin). Bununla (bu əmrlərlə) Allaha və axirət gününə iman gətirən şəxsə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən) çıxış yolu qoyar.
3. Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində mahiyyət, kəmiyyət, keyfiyyət, varlıq əlamətləri, ömür müddəti baxımından) hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur.
4. Heyzdən kəsilən qadınlarınızın (heyzdən kəsilmələrinin səbəbi heyzdən kəsilmə yaşına çatdıqları üçün, yaxud başqa bir səbəbdən olması barədə şəkk etsəniz, onların iddələri üç aydır və həmçinin (yaşlarının tələbinə baxmayaraq) heyz görməyən qadınların (da iddə müddətləri üç aydır), hamilə qadınların iddə müddətləri bari-həmlini yerə qoyana kimidir. Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər.
5. Bu (hökmlərin hamısı) Allahın sizə nazil etdiyi hökmüdür. Kim Allahdan qorxsa, Allah onun günahlarını örtər və onun mükafatını böyük edər.
6. Onları (təlaq verilmiş qadınları) imkanınız daxilində öz yaşadığınız yerdə sakin edin. (Yaşayışı) onlar üçün sıxıntılı etmək (və onları getməyə məcbur etmək) üçün onlara (məskən, xərc və s. cəhətdən) zərər vurmayın. Əgər hamilə olsalar, bari-həmli yerə qoyana qədər onların xərclərini verin və əgər sizin üçün uşağa süd versələr, ücrətlərini ödəyin və öz aranızda (körpənin halı barəsində) gözəl bir şəkildə məşvərət edərək və bir-birinizin sözünü dinləyib qəbul edərək keçinin. Əgər bir-birinizi çətinliyə salsanız, başqa bir qadın o körpəyə süd versin (kişi uşaq üçün dayə tutmalıdır).
7. (Mal-dövlət cəhətindən) zəngin olan kimsə (zövcəsi və övladı üçün) öz var-dövlətinə görə xərcləsin və ruzisi az olan kimsə Allahın ona verdiyindən xərcləsin; Allah əsla imkan verdiyindən artıq bir şeyi heç kəsin üzərinə vəzifə qoymaz. Allah hər hansı çətinlikdən sonra tezliklə bir asanlıq yaradar.
8. Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərlərinin əmrindən boyun qaçırtdı. Biz də onları çətin bir hesaba çəkdik. Olduqca pis bir əzabla əzab verdik.
9. Beləliklə onlar öz işlərinin pis aqibətini daddılar və işlərinin axırı ziyana uğramaq oldu.
10. Allah onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır. Belə isə, ey iman gətirən ağıl sahibləri, Allahdan qorxun! Şübhəsiz, Allah sizə bir öyüd-nəsihət vasitəsi nazil etmişdir.
11. Elə bir Peyğəmbər (göndərmişdir) ki, iman gətirib yaxşı işlər görənləri (şirk, küfr və cəmiyyətdəki digər mənəvi pozğunluqların) zülmət(in)dən (hidayət və tovhid) nur(un)a tərəf çıxarmaq üçün Allahın aşkar və aydınlıq gətirən ayələrini sizə oxuyur. Və kim Allaha iman gətirsə və yaxşı işlər görsə, Allah onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil edər, orada əbədi qalarlar. Həqiqətən, Allah ruzini ona gözəl etmişdir!
12. Allah yeddi göyü və bir o qədər də yeri (yeddi ədəd yer kürəsi yaxud yerin yeddi təbəqəsi və yaxud yer kürəsinin səthində yeddi iqlim qurşağını) yaradandır. (Vacib başlanğıcın) mütləq baş verəcək iradə(si) (yaradılışın tərtibinə uyğun olaraq) onların arasında (mümkün olan ilk məxluqdan tutmuş, onun axırıncı mərtəbələrinə kimi tədriclə) nazil olurdu. (Beləliklə, hamısına varlıq libası geyindirdi) və (həqiqi hakimin) əmr(i mələklərə) onların arasında (onların kamil nizamının tədbiri, intizamı barədə) daim nazil olur ki, biləsiniz. Allah hər şeyə qadirdir və Allahın elmi hər şeyi əhatə etmişdir!