Rübailər (Seyid Əzim Şirvani)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Rübailər Müəllif: Seyid Əzim Şirvani |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Ey qüdrətin asarı sənin ərzü səma,
Ey amri qılan kövnü məkanı peyda.
Vəchindən əgər almasa nurin, xürşid –
Bir zərrə qədər cahanə verməzdi ziya.
Şəhri-Qarabağə Şişə qoymuşlar ad,
Bu şəhr pərilərdən olubdur abad.
Təsxiri-pəri şişədə qılmaq xoşdur,
Əmma, bu pərirulər əlindən fəryad!
Bu Gəncədə bir gənci-nihanım qaldı,
Bir simbədən, qönçədəhanım qaldı.
Tanrı bili kim, tari-səri-zülfündə
Guya üzülüb rişteyi-canım qaldı.
Var Ərdəbilin xeyli gözəl torpağı,
Tər yoncası, göy səbzəsi, xürrəm bağı.
Hərdəm ki, düşər yadıma, həsrət çəkərəm,
Bali-Səbəlan ilə gomuş qaymağı.
Xaki-Nəcəfi-Əşrəfə oldum vasil,
Səd şükr xudayə, feyz aldım kamil,
Sərsəbz olub məzrəeyi-amalım,
Xirmən-xirmən səadət etdim hasil.
Tiflisdə bir sərvqədü siməndam,
Mehmanım olub bir gecə içdi neçə cam,
Sordum ləbini güldü, dedi: ey Seyyid,
Şər ilə məgər degil sizə badə həram?
Ey Şeyx Nizami, ey nizami dağılan,
Ey Gəncədə izzü ehtişamı dağılan,
Olmuşmu səninlə mən kimi aləmdə
Beyti, evi, məktəbi, kəlamı dağılan?