Romeo və Cülyetta/Birinci pərdə

Vikimənbə saytından
Proloq Romeo və Cülyetta I pərdə
Müəllif: Şekspir
II pərdə


Birinci səhnə[redaktə]

Veronada bir meydan. Qılınc və qalxan qurşamış Samson və Qreqori gəlirlər.

S a m s o n. Qreqori, bax ha, biz buradan kömür aparmayacağıq.

Q r e q o r i. Yox, canım, onda biz alçalıb kömürçü olarıq ki!

S a m s o n. Mən demək istəyirəm ki, əgər onlar qanımızı qaraltsalar, biz qanıqara getməyəcəyik, qılınclar işə düşəcək!

Q r e q o r i. Hə, dostum, nə qədər sağsan, başını dik tut.

S a m s o n. Mən coşdum, qurtardı, kim gəldi, fərqi yoxdur, tez vururam.

Q r e q o r i. Ancaq bir əngəli var, tez vursan da, səni tez coşdurmaq çətin məsələdir.

S a m s o n. Montekkə nəslinin hətta iti də məni hirsləndirib coşdura bilər.

Q r e q o r i. Coşmaq yerindən tərpənmək deməkdir. İgidlik isə yerində dayanmaqdır. Birdən yerindən tərpənən də dabanına tüpürüb əkilərsən ha...

S a m s o n. Əgər o nəslin iti məni acıqlandırıb coşdursa, yerimdə möhkəm dayanacağam. Montekkilərdən olan hər bir kişinin və ya qızın önündə divar olsa belə, bir həmlədə yerindən götürəcəyəm.

Q r e q o r i. Bu göstərir ki, sən zəif bir qulsan, çünki yalnız zəiflər divara sığınırlar.

S a m s o n. Bu, doğrudur. Qadınlar zəif olduqları üçün həmişə divara qısılırlar. Buna görə mən də Montekkilərin kişilərini divardan atacaq, qızlarını isə divara qısacağam.

Q r e q o r i. Bir de görüm, ağalaımız vuruşur, yoxsa onların nökərləri — biz, hə?

S a m s o n. Mənim üçün hamısı birdir. Bu gün necə bir yırtıcı vəhşi olduğumu hamıya göstərəcəyəm. Kişilərə divan tutacaq, qızlara qarşı amansız olacağam. Mən onların başını kəsəcəyəm.

Q r e q o r i. Qızların başını?

S a m s o n. Hə, qızların başını və ya onların bərəkət mücrüsünü. Necə istəyirsən, elə başa düş.

Q r e q o r i. Qoy onu hiss edənlər başa düşsün.

S a m s o n. Onlar mənim dayanmaq qabiliyyətimi yaxşı hiss edirlər. Bilirlər ki, necə gözəl bir vücudam.

Q r e q o r i. Yaxşı ki, balıq deyilsən. Balıq olsaydın, ancaq durna balığı olardın. Cəld tərpən, qılıncını hazır tut. Odur, iki nəfər Montekkinin evindən buraya gəlir.

Abram və Baltazar daxil olurlar.

S a m s o n. Elə bil ki, qılıncı sıyırmışam. Sən aranı qat dalında durmuşam.

Q r e q o r i. Necə? Dalımda daldalanıb qaçırsan?

S a m s o n. Sən məndən qorxma.

Q r e q o r i. Yox bir, mən səndən qorxuram?!

S a m s o n. Elə edək ki, qanun bizim tərəfimizdə olsun. Qoy davanı birinci onlar başlasınlar.

Q r e q o r i. Onların yanından keçəndə mən ağız-burnumu əyəcəyəm. Qoy istədikləri kimi də yozsunlar.

S a m s o n. İstədikləri kimi yox, cəsarət etdikləri kimi. Mən onlara dil çıxardacağam. Onlar buna dözsələr, rüsvay olacaqlar.

A b r a m. Siz bizə dil çıxardırsınız, cənab?

S a m s o n. Mən öz dilimi çıxardıram, cənab.

A b r a m. Siz bizə dil çıxardırsınız, cənab?

S a m s o n (Qreqoriyə yavaşca). Hə desəm, qanun bizim tərəfimizdə olarmı?

Q r e q o r i (Samsona yavaşca). Yox.

S a m s o n. Yox, cənab. Mən dilimi sizə çıxarmıram. Dil mənimdir, istəyirəm, çıxardıram.

Q r e q o r i. Siz dava axtarırsınız, cənab?

A b r a m. Mən? Xeyr, cənab.

S a m s o n. Əgər dava axtarırsınızsa, mən sizin hüzurunuzda hazır. Mənim ağam sizin ağanızdan əskik adam deyil.

A b r a m. Artıq da deyil.

S a m s o n. Nş deyirəm, cənab!

Q r e q o r i (Samsona yavaşca). De ki, artıqdır. Odur, ağamızın qohumlarından biri buraya gəlir.

S a m s o n. Artıqdır, cənab.

A b r a m. Yalan deyirsiniz.

S a m s o n. Kişisiniz, qılıncınızı çəkin. Qreqori, göstər onlara öz güclü zərbəni. (Vuruşurlar.)

Benvolio daxil olur.

B e n v o l i o.
Saxlayın qılıncı, durun, axmaqlar,
Nə iş tutursunuz, heç bilirsiniz?!

Onların silahlarını qılıncla vurub salır. Tibalt gəlir.

T i b a l t.
Necə? Vuruşursan gədə-güdəylə,
Benvolio, bəri dön, ölümünş bax!

B e n v o l i o.
Vuruşuram yalnız barışıq üçün.
Qılıncı qına qoy, ya da qılıncla
Kömək et, onları aralayaq biz.

T i b a l t.
Vuruşub danışma, gəl barışıqdan,
Cəhənnəmə, bütün Montekkilərə,
Bir də sənə nifrət etdiyim kimi
Mən nifrət edirəm barışığa da.
Hazırlaş, al gəldi, qorxağın biri.

Vuruşurlar. Hər iki nəslin tərəfdarları gəlib vuruşanlara qoşulurlar. Sonra şəhərlilər əllərində dəyənək və balta daxil olurlar.

Ş ə h ə r l i l ə r.
Vuruşun, kötəkliyin, döyün bunları,
Ölsün Montekkilər, Kapulettilər.

Kapuletti əynində xalat ledi Kapuletti ilə gəlir.

K a p u l e t t i.
Bu nə qalmaqaldır? Ehey, cəld olun,
Uzun qılıncımı gətirin mənə!

L e d i K a p u l e t t i.
Sənə çox yaraşar qoltuq ağacı,
Kişi, qılınc sənin nəyinə gərək?

K a p u l e t t i.
Dedim, qılıncımı, öz qılıncımı!
Bax, qoca Montekki durub həyəttə,
Mənim acığıma qılınc oynadır.

Montekki və ledi Montekki gəlirlər.

M o n t e k k i.
Ey bic Kapuletti! Qoy gedim, arvad.

L e d i M o n t e k k i.
Bir addım da olmaz! Az haray qopar,
Düşməni axtaran fəlakət tapar.

Hersoq öz məiyyəti ilə daxil olur.

H e r s o q.
Dinclik qatilləri, dinsiz xainlər,
Siz ey qılıncını qonşu qanıyla
Boyayan alçaqlar, eşidirsiniz?
Ey insan cildində vəhşi heyvanlar,
Ədavət odunu al-qan seliylə
Söndürən axmaqlar, sizinləyəm mən.
Salın yadınıza qorxunc cəzanı,
Bu saat ləkəli əllərinizdən
Mənfur silahları yerə atın siz.
Dinləyin Hersoqun qəti hökmünü.
Qoca Kapuletti, qoca Montekki,
Siz cəfəng, mənasız bir söz üstündə
Üç qırğın törədib, pozduz üç dəfə
Bizim küçələrin sakitliyini.
Veronanın qoca müşavirləri
Soyunub abırlı libaslarını,
Titrək əllərində köhnə silahlar
Sizin ədavəti məhv etmək üçün
Üç dəfə məhv etdi öz dincliyini.
Kim bir də bu yerdə dincliyi pozsa,
Mənə həyatıyla cavab verəcək.
Bu dəfə hamınız dağılın, gedin.
Gəlin, Kapuletti, gedək mənimlə.
Siz isə, Montekki, nahardan sonra
Əmrimi bilməkçün gəlin saraya.
Bir daha deyirəm, burda qalan kəs
Ölüm cəzasına məhkum olacaq.

Montekki, ledi Montekki və Benvoliodan başqa hamı gedir.

M o n t e k k i.
Aranı kim qatdı yenə təzədən,
Danış, qardaşoğlu, sən görə bildin?

B e n v o l i o.
Mən bura gələndə sizin düşmənin
Nökərləri ilə bizim nökərlər
Əlbəyaxa olub vuruşurdular.
İstədim onları aralayım mən,
Bu zaman qaçaraq qudurğan Tibalt
Gəlib başı üstə qılınc oynatdı.
Dəng etdi söyüşlə qulaqlarımı,
Qılıncla havanı kəsib doğradı,
Hava da rişxəndlə fit çaldı ona.
Elə ki, vuruşduq, səsə adamlar
Yığışdı, qızışdı qılınc döyüşü.
Bu vaxt Hersoq gəlib kəsdi döyüşü.

L e d i M o n t e k k i.
Bəs Romeo hanı? Gördünmü bu gün?
Yaxşı ki, sovuşdu o bu davadan.

B e n v o l i o.
Xanım, şərqin qızıl pəncərəsindən
Günəş baxmamışdan bir saat əvvəl
Darıxıb mən evdən çıxdım gəzməyə.
Şəhərdən qərbdəki o əncirlikdə
Gördüm bu tezlikdə gəzir oğlunuz.
Bir azca irəli addımlamışdım,
O bilib gizləndi sıx, qalın yerdə.
Mən özüm bilirəm, insanlar bəzən
Təsəlli tapırlar yalqız qalanda.
Onu izləmədim buna görə də,
Məndən həvəs ilə qaçan adamdan
Mən də həvəs ilə qaçdım uzağa.

M o n t e k k i.
Deyirlər, o gəzir orda səhərlər,
Çoxaldır ahıyla göydə buludu,
İnci göz yaşıyla çəməndə şehi.
Şərqdə yatan işıq ilahəsinin
Qızıl yatağından qara örtüyü
Günəş şəfəqiylə götürən kimi,
Nurdan qaçır evə kədərli oğlum,
Çəkilir gizlincə öz otağına,
Tutur pərdə ilə pəncərələri
Çevirir gündüzü zülmət gecəyə.
Bunun səbəbini tapmasaq əgər,
Oğlum bu zülmətdə məhv ola bilər.

B e n v o l i o.
Buna səbəb nədir, möhtərəm əmi?

M o n t e k k i.
Bilmirəm, heç nədən yoxdur xəbərim.

B e n v o l i o.
Onu heç tutmusuz soğu-suala?

M o n t e k k i.
Bəs necə, həm özüm, həm də dostlarım.
O isə dərdini eşidir yalnız,
Nə qədər haqlıdır, deyə bilmərəm.
Ancaq elə sirli, qapalıdır ki,
Müşküldür öyrənmək onun qəlbini.
İçini qurd yeyən gül qönçəsitək
Havaya yaymayır gözəl ətrini,
Günəşə göstərmir ləçəklərini.
Bu qəmin səbəbi olsaydı əyan,
Tezliklə tapardıq biz ona dərman.

B e n v o l i o.
Bir baxın, o gəlir, çəkilin yana,
İndi mən öyrənim, nə olmuş ona.

M o n t e k k i .
Sənə tale özü eyləsin kömək,
Öyrən həqiqəti. Xanım, biz gedək.

Montekki və ledi Montekki gedirlər. Romeo daxil olur.

B e n v o l i o.
Sabahın xeyir!

R o m e o.
Nə? Məgər sabahdır?

B e n v o l i o.
Vurdu yenicənə saat doqquzu.

R o m e o.
Necə də uzundur qəmli saatlar!
İndi burdan gedən mənim atamdı?

B e n v o l i o.
Bəli! Əmioğlu, bir söylə, görüm,
Hansı qəm uzadır bu saatları?

R o m e o.
Onları qısaldan gücün yoxluğu.

B e n v o l i o.
Sevirsən?

R o m e o.
Yoxluğu...

B e n v o l i o.
Sevgi yoxluğu?

R o m e o.
Onun sevgisinin yoxluğu, bəli,
Mən onu sevirəm, o sevmir ancaq.

B e n v o l i o.
Oh, sevgi zahirən nə qədər zərif,
Daxilən nə qədər sərtdir, qəddardır.

R o m e o.
Məhəbbət kor olur, gözsüz də özü
İstədiyi yerə aparır bizi.
Harda nahar edək? Nəydi o hay-küy?
Danışma, eşitdim hər şeyi özüm.
Mənə nifrət qorxunc, sevgi dəhşətdir.
Ah, rüsvayçı sevgi, ah, qəşəng nifrət,
Ah, hər şey və heç şey, həm nur, həm zülmət.
Ah, ağır yüngüllük, ciddi əyləncə,
Gözəl niyyətlərin çirkin vəhdəti,
Qurğuşun bir lələk, aydın bir tüstü,
Boş məna, soyuq od, xəstə sağlamlıq!
Yuxusuz bir yuxu, daş kimi mürgü!
Budur mənim eşqim, o müdhiş sevgi.
Sən buna gülmürsən?

B e n v o l i o.
Yox, əmioğlu, tirəyim ağlayır.

R o m e o.
Neçin, qardaşım?

B e n v o l i o.
Sənin könlündəki dərdə, nisgilə.

R o m e o.
Günahlar törədir məhəbbət elə.
Ağır qəm yükündən əsir bədənim,
Dərdinlə dərdimi artırdın mənim.
Qayğınla inlətdin qəm-qubarımı,
Daha çox göynətdin yaralarımı.
Məhəbbət yanıqlı ahdır, amandır,
Odlu ürəklərdən qalxan dumandır.
Elə ki, kənara dağılar, uçar,
Aşiqlər gözündə Günəş nur saçar.
Elə ki, toplaşar ürəkdə, qanda,
Dəryalar alışar göz yaşlarında.
Məhəbbət ağıllı bir dəlilikdir,
Acıdır zəhərdən, şirindir baldan.
Hələlik, qardaşım!

B e n v o l i o.
Səbir elə bir an,
Dayan, mən də gəlim, tək getsən əgər,
Sənin müsibətin məni məhv edər.

R o m e o.
Eyvah! İtirmişəm özümü tamam,
Romeo, hanı o, ah, mən hardayam?

B e n v o l i o.
Sən gəl ciddi danış, kimi sevirsən?

R o m e o.
Necə? İnildəyim, zarıyım gərək?

B e n v o l i o.
İnildəmək niyə, zarımaq niyə?
Mənə ciddi de ki, kimdir sevdiyin?

R o m e o.
Vəsiyyət etməyi xəstə adamdan
Ciddi tələb etmək yamandır, yaman.
Hə, ciddi sevirəm mən bir qadını