Ruhum!..
Görünüş
Ruhum!.. Müəllif: Mirzə Ələkbər Sabir |
Ruhum, ey şahbazi-ülviyyət,
Himmətimtək fəzadə pərvaz et!
Uç!Uç! Övci-səmadə pərvaz et!
Təngnayi-bədəndə var xiffət.
Şiyani-bədəndə etmə qərar,
Yanma sən də mənim kimi narə!
Bulamazsan məlalimə çarə!
Sıxılırsan, lətifsən, zinhar!
Boşla bu cismi, cism mən deyiləm;
Sana müşkül olursa hicranım -
Mən sənin, sən mənim dilü canım,
Mən sənin kəndinəm, bədən deyiləm!
Hara getsən səninlə mən də varam,
Şu bədəndə fəqət əsirsiz, zar,
Ölməyimlə sevinməsin eğyar, -
Aləm olduqca mən dəxi duraram!
Bir səfa bulmadıq bu aləmdə,
Başqa bir aləmə varıb gedəlim;
Bir ovuc xaki xakə tərk edəlim
Mədfəni-şumi-ali aləmdə!
Mən gedərsəm, var olsun amalım!
Yaşasın-şəhriayi-hürriyyət!
Yaşasın-şəhriayi-hürriyyət!
Mən gedərsəm, var olsun amalım!..
Mənbə
[redaktə]- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 285