Məzmuna keç

Sələbiyyə/Başlanğıc

Vikimənbə saytından
Sələbiyyə Başlanğıc
Müəllif: Məhəmməd Bağır Xalxali
Biçarə tülkünün avara qalması hekayəti
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Belə nəql eyləyib Mirzə Filani
Kəlami doğrudur, yoxdur yalani -

Ki, bir Tülkü diyari-İsfəhanda
Ki, yəni qeyrəti-mülki cahanda.

Əlinə düşməyib quti-münasib,
Muradın verməyib çərxi-məlağib.

Neçün ki, salmayıb bir zad əlinə,
Keçib bir ay ki dəyməyib ət dilinə.

Tükəndi səbri, oldu taqəti taq,
Bu vüsətlə ona təng oldu afaq.

Qaraldı gözləri, getdi qərari,
Acından getdi əldən ixtiyarı.

Oalıb evdə özü ac, külfəti ac,
Xədəngi-ibtilayə oldu amac.

Günü qarə, üzülmüş çarədən əl,
Əli qoynunda qalmışdı məəttəl,

Müqavvayə dönüb cismi-nəzari,
Gecə-gündüz edərdi ahü zari.

Töküldü cism, qaldı misli-sayə.
Əqiqi rəngi döndü kəhrəbayə.

Uşaqlardan biri "acam" deyirdi.
Bu, yüz batman qəmü qüssə yeyirdi...