Məzmuna keç

Səncan şahının yuxusu

Vikimənbə saytından
Səncan şahının yuxusu
Müəllif: Seyid Əzim Şirvani


Yuxuda gördü şahi-Səncani-
Ki, tökülmüş təmam dəndani.
Bir müəbbirdən etdi ani sual,
Dedi: - Ey padişahi-ərşcəlal,
Bil ki, dəndandır sənə övlad,
Böylə yazmış kitabdə ustad:
Öləcəkdir sənin çox övladın.
Çıxacaq ərşə ahü fəryadın.
Dedi şəh: - Böylədir, deyil böhtan,
Qətlinə eylədi onun fərman.
Tünd olub padşahi-danişvər,
İstədi bir müəbbiri-digər.
Bu müəbbirdən etdi hali sual,
Dedu: - Ey padşahi-nikufal,
Gördüyün xab üçün budur təbir,
Həqq sənə lütf edibdi ömri-təvil.
Çün bu rəmzi eşitdi şahi-cavan,
Verdi bu şəxsə xələti-əlvan.
Dedilər: - Ey şəhi-zəminü zəmən,
Sadir oldu əcibə iş səndən.
Hər müəbbir ki, halı etdi bəyan,
Söylədin böylədir, deyil böhtan.
Birini qanə eylədin qəltan,
Birinə xələt eylədin ehsan.
Dedi: - Ari, o iki mərdi-dilir
Yuxumu yaxşı etdilər təbir.
Leyk əvvəlki şəxs idi nadan,
Sözü bipərdə qıldı şərhü bəyan.
Neçə əvvəlki eylədi təbir,
Sonrakı eylə qıldı həm təqrir.
Sözü lazımdı şəxs eylə desin-
Ki, təbiət o sözdən inciməsin.