Sərü hər muydə min aşiqi nalanın var
Görünüş
Sərü hər muydə min aşiqi nalanın var Müəllif: Mirzə Ələkbər Sabir |
Sərü hər muydə min aşiqi nalanın var,
Məgər ey şux nə bir cismdə min canın var.
Leyliyə Qeys olur aşiq, sənə min-min Leyli,
Axtarırsan gənə bir aşiqi əcəb qanın var.
Xahişin tərki dili canıdı, mən həm etdim,
Söylə, ey yar, görüm şimdi nə fərmanın var?
Eydi əzhada qoyun kəsmə, boyun qurbanı,
Aşiqi zar kimi kəsməyə qurbanın var.
Süzi binaleyi pərvanəni gör, ey bülbül,
Səhni gülzarda ancaq sənin əfqanın var.
Həm mərəz çarəsini eyləmək asandı, təbib,
Mərəzi eşqə nə tədbir, nə fərmanın var.
Sabira, qərq edər axır səni bu seyli bəla,
Olma qafil belə kim, dideyi giryanın var.
Mənbə
[redaktə]- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 311