Məzmuna keç

Səradan bir dəli şeytan deyər: insanlar, insanlar!

Vikimənbə saytından
Səradan bir dəli şeytan deyər: insanlar, insanlar!
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 81. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!
Nədir dünyanı dutmuş elmlər, irfanlar, insanlar!?

Qanan kim, qandıran kim, nəşri-irfan eyləyən kimdir?
Sizi irşad edir görmürsünüz fəttanlar, insanlar!?

Ədəbdən, elmdən gər feyzyab olsa əvamünnas,
Düşər şə’nü şərəfdən mollalar, işanlar, insanlar!

Sevərmi əhli-istibdad millət huşyar olsun?
Buna razı olurmu bir neçə vicdanlar, insanlar!?

Ayılmış rəncbərlər, almaq istər həqqi-məşruin,
Nə yerdə qalmısız bəylər, ağalar, xanlar, insanlar!?

Mühərrirlər, müfəttinlər usanmazlar, utanmazlar,
Yazarlar hərzələr, əfsanələr, hədyanlar, insanlar!

Şərarətdən çəkib əl, xeyrə mail olmayın bir dəm,
Kəsin başlar, alın canlar, tökün min qanlar, insanlar!

Bəşərsiz, sizdə qan tökmək təbiidir, cibillidir,
Bu fitrətdən uzaqdır, şübhəsiz, şeytanlar, insanlar!

Deyilmi heyf dillərdən qübari-cəhl məhv olsun?
Neçin hər gündə qandan qopmasın tufanlar, insanlar!?

Dəmadəm nəfsi-əmmarə deməkdə "üqtülül-ixvan",
Neçin salim qala başlar, bədənlər, canlar, insanlar?

Cəhalət pərdəsin çak etməyin, onda görərsiz kim,
Səradir cismlər, həm nəfslər, şeytanlar, insanlar!