Sərbəst insanlar ölkəsində/Azadlıq bir çiçəkdir

Vikimənbə saytından
Azad olmaq nə qədər çətin imiş Sərbəst insanlar ölkəsində. Azadlıq bir çiçəkdir
Müəllif: Əhməd bəy Ağaoğlu
"Yalan", "Riya" "Yaltaqlıq"


İki gün sonra pirlər yenə gəldilər. Onlardan biri məndən soruşdu:
- Yasanı oxuyub əzbərlədinizmi?
- Həm oxudum, həm əzbərlədim. Ancaq bəzi maddələrini anlaya bilmədiyimdən, o maddələri açıqlamanızı xahiş edəcəyəm. Bir şərtlə ki, əvvəlcə bu yasanın ümumi hikmətini anladasınız. O nə üçündür, hansı məqsədlə yazılıb?
- Məmnuniyyətlə! Bilməlisiniz ki, azadlıq bir kültür, bir mədəniyyət məsələsidir!
- Anlamadım. Bir az da açıqlayın.
- Açıq söyləyək. Heç bağçada çalışmısınız?
- Çalışmışam.
- O halda izahatım da asanlaşır. Yəqin bağçada çalışarkən bir ağacın, bir gül və ya çiçəyin tutub yetişməsi üçün, onların təbiətindən doğan şərtlərlə hesablaşmaq lazım gəldiyini bilmirsiniz. Azadlıq da o ağac, o gül, o çiçək kimidir. Onun da tutması və yetişməsi üçün təbiətindən doğan şərtlər ödənməlidir.
- Hansı şərtlərdən söhbət gedir?
- Ölkəmizin türküsünü öyrənib yadda saxladınızmı?
- Öyrənib yadda saxladım.
- Orada deyilir ki: "Azadlıq şüurun cövhəridir, şüur da insandır". Ona görə, bu cövhəri cilalayarkən, insandan gözqulaq olmalısan. İnsana baxmasan, cövhər tutmaz. Uzun-uzun zamanlar istibdada alışmış insana azadlıq aşılamaq heç də asan bir şey deyil. Axı istibdadın hökm sürdüyü yer insanın ruhu və qəlbidir. İstibdad burada yerləşir, burada taxtını qurur, burada tacını başına taxır. Bəzən sizə elə gələ bilər ki, istibdad yıxılıb. Və doğrudan da istibdadın gözə görünən əlamətləri yox ola bilər. Ancaq həqiqətə qalanda, onun hər tərəfdə və hər kəsdə hələ də yaşadığını görəcəksiniz. Tutalım, görəcəksiniz ki, ağzı köpüklənə-köpüklənə "azadlıq" bağıranlar, qonşusunun azadlığına dözmürlər. Özləri başqalarının azadlığı ilə toqquşan kimi, qəzəblənib, qarşısındakı adamı məhv etmək istəyirlər! Axı hələ istibdadın taxtı doğrudan da sınmayıb, ruhlardan, könüllərdən sökülüb çıxarılmayıb. Bax, o üzdən elə yerlərdə çox vaxt azadlıq özbaşınalığa çevrilir. Çünki əvvəlcə bir adamın şəxsindəki istibdad artıq özünü hər kəsdə göstərməyə başlayır və adamları bir-birinin üstünə salışdırır. Axırı da o olur ki, adamlar azadlıq adı ilə bir-birlərinə qarşı zorakılığa yol verirlər. Ancaq bu vəziyyətin uzun müddət davam etməsi mümkün olmadığından, yenə məhz azadlıq naminə hər kəsi susdurmaq və hər kəsə öz yerini göstərmək ehtiyacı yaranır.
Bax, beləcə, istibdadın mənəvi köklərini və izlərini öz içlərindən söküb atmayan mühitlər özbaşınalıqla azadlıqsızlıq arasında dolaşmaq məcburiyyətində qalırlar. Belə vəziyyət camaatı sonu bilinməyən faciəli bir sərsəmliyə yoluxdurur.
Ancaq azad ölkənin qanunu camaatı bu faciəli sərsəmlikdən qorumaq üçün yol göstərir. Bu qanunun hədəfi istibdadın ruh və qəlblərdəki taxt-tacını yıxmaq və yerinə azadlığın taxt-tacını qurmaqdır.
- Anladım, ustad. Qanunun bütün qiymətini qavradım. İndi isə, icazənizlə, maddələrə keçək.