Məzmuna keç

Sərbəst insanlar ölkəsində/Azad olmaq nə qədər çətin imiş

Vikimənbə saytından
Sərbəst insanlar ölkəsinin əsas qanunu Sərbəst insanlar ölkəsində. Azad olmaq nə qədər çətin imiş
Müəllif: Əhməd bəy Ağaoğlu
Azadlıq bir çiçəkdir


O türkünün sözlərini indi unutmuşam, ancaq mənası beləydi:

"İnsan kainatın şüurudur,
Ona tapınıb, onu müqəddəs sayırıq.
Azadlıq şüurun müqəddəs cövhəridir,
Onu sevib, ona bağlanmışıq.
Sərbəst insanlar ölkəsi şüurun və azadlığın məbədidir,
Ona sığınıb, ona güvənirik".

Bu sözlərin və bu türkünün məndə yaratdığı təsiri indi sizə anlada bilmərəm. Bir neçə dəqiqə bayğın bir halda qaldım.
Özümə gəldiyim zaman gördüm ki, qonaqlar üçbir-beşbir ayrılaraq öz aralarında söhbətləşirlər. Tezcə mənim yanıma gəldilər və çoxdanın tanışları kimi, təklifsiz-filansız danışmağa başladılar. Başa düşdüm ki, onlar da mənim kimi azadlıq axtara-axtara bu diyara gəlib çıxıblar.
Az sonra binanın başqa yerlərini gəzməyə başladım. Sadə bəzənsə də, təmizlikdən par-par işıldayan otaq və salonların divarlarına neçə-neçə nəfis şəkil, qiymətli lövhə asılmışdı. Bir çox lövhəyə sərbəst insanlar ölkəsi nizamnaməsinin maddələri incə xətlə yazılmışdı. Ancaq başqa yazılar da vardı. Bunlardan bəziləri diqqətimi çəkdi.
Oxudum:
"Ac...öz öz tamahının oduna yanar və ətrafını yandırıb-yaxar";
"Kəlam (ilk dini kitab nəzərdə tutulur-red.) kainatın duyduğu ilk ilahi səsdir";
"Hökm edib zor işlətmək, heyvanlar zamanından qalma bir pislikdir";
"Ədalət - mələklərin insanlarda qibtə etdikləri bir iç duyğusudur";
"Fədakarlıq yanğısı bəşərin ən yüksək bir təsəllisidir";
"Könlütoxluq və sadəlik yüksək ruhlara məxsus sifətdir";
"Lovğalıq və təkəbbür bəsit ruhun dəlilidir".

Evin bir tərəfində uzun və geniş bir salon vardı. Bura kitabxana idi. Salonun bu başından o başınacan uzanan masanın üstündə qəzetlər, toplular və kitablar qalaqlanmışdı. Rəflərə minlərcə cild kitab düzülmüşdü. Qonaqların bir çoxu burada kitab oxuyurdu.
Mən də masaya yanaşdım. Gözümə bir kitab dəydi. Kitabın üzərindəki "Sərbəst insanlar ölkəsinin tarixçəsi" başlığı marağımı çəkdi. O dəqiqə oxumağa başladım. Bu bir tarix deyil, faciə idi. İndi içərisində yaşadığım bu ölkənin başına gör nələr gəlibmiş...
Yüzillərcə azadlıq uğrunda çarpışıbmış! Bu gün bu qədər rahat və sakit olan küçələrdə bir vaxtlar insan qanı aşıbdaşıbmış. Gah əhali bir-birinin üstünə qalxmış, bir-birini öldürmüş, oda atmış, başına iş açmış, gah birlikdə qaniçənlərə qarşı mübarizə aparmış, gah yenilmiş, gah da qalib gəlmişlər! Və nəhayət, azadlıq tamam yerbəyer olmuşdur. Xalq əsrdən bəri artıq xoşbəxt şəhərdə dinclik və sakitlik içində sevinc dolu bir həyat keçirməkdəymiş!
Kitabı qapayarkən içimdən ixtiyarsız bu sözlər qopdu:
"Azad olmaq nə qədər çətin imiş!"