Məzmuna keç

Sərbəst insanlar ölkəsində/Müqəddimə

Vikimənbə saytından
Sərbəst insanlar ölkəsində. Müqəddimə
Müəllif: Əhməd bəy Ağaoğlu
Mən bir əsir idim, azad olmaq istədim

Monteskyö "Qanunların ruhu" adlı əsərində hakimiyyət biçimlərindən bəhs edərkən, deyir ki: "İstibdad (despotiya) - qorxuya, monarxiya – şərəfə, respublika isə fəzilətə (virtue-ing.) dayanır". Bu bölgü hələ də məna və əhəmiyyətini itirməyib. Şəxsi hakimiyyət zamanı xalq - tək şəxsin şıltaq və həvəsinə tabe olduğundan, milyonlarca insanın bu şıltaqlıq və həvəsə itaət etməsi üçün yeganə çarə xalqı qorxutmaq və xof içində saxlamaqdır. Bax, buna görə də, istibdad, tərbiyə və təlimdən başlayaraq, idarə üsullarınadək, hər şeydə qorxu aşılamağa söykənir.
Konstitusiyalı monarxiya zamanı hakimiyyət hökmdarla imtiyazlı bir sinfin əlindədir. Bu ortaq hakimiyyətin yaşaya bilməsi üçün bəllidir ki, hər iki tərəf bir-birinə sədaqət göstərməli və bağlı olmalıdır. Yəni şərəf şərt sayılır. Respublikaya gəlincə, orada hakimiyyət bütövlüklə xalqın əlindədir və xalqa aiddir: əhalidən hər kəsin idarəçiliyə qatılmaq haqqı vardır. Aydındır ki, milyonlarca insanın qatıldığı idarəçiliyin öz varlığını sürdürməsi və bəyənilməsi üçün bu insanlar yüksək vəzifə və məsuliyyət duyğularına, üstün əxlaqi dəyərlərə yiyələnməlidirlər; yəni respublika zamanı vətəndaşların ləyaqətli olmaları şərtdir.
Bu ləyaqət nədən ibarətdir? Özünü necə göstərir? Oxucuların diqqətinə yetirdiyim bu əsəri, bax, həmin suallara cavab verməkdən ötrü yazmışam.
Türk milləti, dahi rəhbərinin aparıcılığı ilə (Mustafa Kamal Paşa Atatürk nəzərdə tutulur - tərc.) Respublika kimi ən mükəmməl bir idarə biçiminin doğru olduğunu ortaya çıxarıb; ancaq bu çox incə, çox zərif və buna görə də çox mürəkkəb olan dövlət idarə biçiminin inkişaf və sağlamlığı üçün Respublika bizdən, yəni türk millətinin fərdlərindən bəzi mənəvi özəlliklər tələb edir.
Millətin bir fərdi olduğuma görə, mən aciz də həmin özəllikləri necə anlayıb-qavradığımı bu naciz əsərdə (yəni əhəmiyyətsiz əsərdə. Müəllif təvazökarlıq edir və öz əsərini sadəcə təşəbbüs kimi qiymətləndirir - tərc.) yazmaq istədim, yəni Respublikanın mənəvi cəbhədən ideologiyasını özümə görə qurmaq cürəti göstərdim.Əsərimə hansı biçim verməklə bağlı xeyli tərəddüd keçirdim; nəhayət, onu bir hekayə şəklində yazmağa qərar verdim. Əsarətdən qurtulmuş bir Türk fərdini azad və sərbəst bir ölkəyə apardım; bu ölkənin rəhbərləri Türk Cümhuriyyətini quran dahinin əməl və arzularının gerçəkləşməsi üçün çalışmaqdadırlar. Türk fərdi mənim Pir dediyim bu rəhbərlərlə görüşür, onların bir Respublikada azad və sərbəst vətəndaşların necə olmaları haqqında fikirlərini öyrənir; eyni zamanda sərbəst ölkədə gördüyü elm və mədəniyyət ocaqlarını təsvir etməklə məmləkətimizin Azadlıq və Ləyaqət sayəsində necə inkişaf edərək gələcəkdə nur və mədəniyyət mənbəyi olacağını da göstərir.
Bax, bu umacaqsız əsərimin biçimi, hədəfi və amacı budur. Bu əsər əvvəlcə hissə-hissə "Cümhuriyyət" qəzetində nəşr olundu. Xalqımızın göstərdiyi rəğbət və aldığım bir çox çağırış məktubları bu dəfə onu bir kitab şəklində diqqətinizə yetirmək cürətini verdi.