Məzmuna keç

Sərbəst insanlar ölkəsində/Mən bir əsir idim, azad olmaq istədim

Vikimənbə saytından
Müqəddimə Sərbəst insanlar ölkəsində. Mən bir əsir idim, azad olmaq istədim
Müəllif: Əhməd bəy Ağaoğlu
Sərbəst insanlar ölkəsinin əsas qanunu

Mən bir əsir idim; azad olmaq istədim. Zəncirlərimi qırdım, qala divarını deşdim və açıqlığa çıxaraq dərindən nəfəs aldım. Önümdə geniş bir çöl vardı. Hara gedəcəyimi, necə davranacağımı bilmirdim. Çaşqın-çaşqın bir neçə addım atdım. Bir də gördüm ki, iki yolun ayrıcındayam və yerə basdırılmış bir dirəyin üstündəki bu yazını oxuyuram:

Sol tərəfə gedən yol Azadlıq yoludur.
Sağ tərəfə gedən yol köləlik yoludur.

Sol tərəfi tutdum, səhərə qədər getdim. Dan yeri ağaranda gördüm ki, bir qalanın önündəyəm. Qala qapısının üzərinə qızıl hərflərlə yazılmış bu lövhəni oxudum:

Sərbəst insanlar ölkəsi

"Əsl mən istəyən yerdir" deyib qapıdan içəri girmək istədim. Keşikçilər yolumu kəsdilər:
- Sən kimsən? Hardan gəlib haraya gedirsən? - deyə soruşdular.
- Mən bir əsir idim, zəncirimi qırıb buraya gəldim. İndi azad olmaq istəyirəm, - dedim.
Keşikçilər diqqətlə baxdılar. Boynumda zəncirin, qollarımda buxovların izləri bəlli idi.
- Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı? - deyə soruşdular.
- Anlamadım.
- Elə isə bu suallara cavab ver:
1. Tamahına yiyə durursanmı?
2. Doğrunu sevirsənmi?
3. Həqiqətə dözümün varmı?
4. Ləyaqət sahibisənmi?
Anladım ki, yol verməkdən ötrü məni imtahana çəkirlər. Sualların hamısına "hə" cavabını verdim. Keşikçilər önümdə hörmətlə əyildilər. Qalanın qapısını açdılar və onlardan biri məni şəhərə apardı.
Şəhər artıq oyanmışdı. Dükan, bazar açılmışdı. Hər kəs öz iş-gücü ilə məşğul idi. Bu qədər gözəl və abad bir şəhəri mən ilk dəfə görürdüm. Xalqın xoşbəxt və firavan yaşadığı hallarından bəlli idi. Rastlaşdığımız adamlar bizi gülərüz və xoş davranışla salamlayırdılar.
Nəhayət, böyük bir evin qapısı önündə ayaq saxladıq. Keşikçi qapını döydü. İçəridən yaşlı bir adam çıxdı. Keşikçi:
- Yeni bir vətəndaş... - deyərək məni göstərdi.
Yaşlı kişi məni məhəbbətlə salamlayıb içəri çağırdı. Sonra geniş bir otağa aparıb dedi:
- Bu otaq və buradakı hər şey sizindir.
Mən heyrətləndim. Yaşlı kişi əlavə etdi:
- Bir az sonra pirlərimiz gəlib sizinlə görüşər. Hələlik dincəlin.
Yaşlı kişi getdi. Bir gənc adam gəlib mənə yemək-içmək gətirdi.
Bir müddət sonra pirlər gəldilər, məni bir başqa otağa aparıb, kim olduğumu, haradan və nə üçün gəldiyimi soruşdular.
Mən onlara belə cavab verdim:
- Əsilli-nəsilli soyum, nəcib elim, təmiz qanım var. Əvvəllər yurdum Orta Asiyanın yüksək yaylaları idi. Sonra qaynar qanımız güc gəldi, babalarım Şərqə, Qərbə, Şimala və Cənuba doğru yayıldılar. Məmləkətlər basdılar, dövlətlər qurdular, mədəniyyətlər doğurdular. Ulularımız əvvəl-əvvəl sadə yaşayar, el-elatla oturub-durar, qanuna baxar, doğruya və qurultaya tapınardılar. El ağaları, oba böyükləri, ölkə tərxanları haqqı qorumaqdan, doğrunu söyləməkdən, azğınlara hədlərini bildirməkdən və zorakılığa qarşı dayanmaqdan çəkinməzdilər. Nə qədər ki belə idi, elim qüvvətli və ellər arasında sayılan ellərdən idi. Ancaq sonralar qanımız qarışdı, kölə ellərin adətlərinə, mərasimlərinə qapıldıq, qurultaydan qaçdıq. Beləcə, qanun pozuldu, zorakılıq qələbə çaldı və bəy millətim qul oldu. O zamandan ocağımız söndü, adımız-sanımız batdı. Günün birində alçaq xaqanımız bizi yadellilərə satası oldu.
Artıq buna dayana bilmədik, aramızdan sarı saçlı, mərd üzlü, aslan baxışlı biri çıxdı: - "Yəni elindən əl çəkən, yurdunu əsirgəyən Tanrının elçisi sayılar?" Sözlər söylədi ki, donmuş qəlblərə istilik, ölmüş damarlara can verdi. İşlər gördü ki, bütün dünyanı heyrət bürüdü. Yadelliləri yurddan qovdu, xaqanı başıaşağı etdi. İndi o, millətini azadlığın işığına
toplayır. Mən həmin vaxtlar zindanda xaqanın əsiri idim. Ümidsizlik içində qıvrılarkən Tanrı elçisinin səsini mən də eşitdim, birdən-birə canlandım, zəncirlərimi qırdım, divarı dəldim və azadlıq araya-araya, bu diyara gəldim.
Pirlər məni artan bir diqqət və maraqla dinlədilər. Nəhayət, onlardan biri:
- Bəli! Bəli! Biz də o qəhrəmanımızı tanıyırıq, biz də onu sevirik. Burada onun idealı uğrunda hərəkət edirik - dedi və əlavə etdi, - Deməli, siz azad yaşamağa qərar verdiniz?
- Bəli!
- Ətraflı düşündünüzmü? Qərarınız qətidirmi? Azad yaşamağın nə qədər çətin olduğunu bilirsinizmi?
- Bəli, bilirəm. Qərarım da qətidir.
- O halda bilməyiniz və əməl etməyiniz lazım gələn bəzi şərtlər var. Həmin şərtlər bu risalədə yazılıb. Oxuyub düşünün. Bir neçə gündən sonra yenə gəlib görüşərik.
Yaşlı adamlar getdilər.