Məzmuna keç

Sərgüzəşti mərdi-xəsis/Üçüncü məclis

Vikimənbə saytından
İkinci məclis Sərgüzəşti mərdi-xəsis. Üçüncü məclis
Müəllif: Mirzə Fətəli Axundzadə
Dördüncü məclis


Üçüncü məclis vaqe olur Arazın kənarında. Qızılbaş səmtində. Bəylər və Hacı Qara Təbrizdən qaçaq mal alıb qayıdırlar. Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz qıjhaqıj axır, dumanlı gecədir, gah-gah ildırım şaxır.

H e y d ə r b ə y. Burdan indi keçmək olmaz. Gərək bir dört verst aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb burdan keçək.

Ə s g ə r b ə y. A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altında yığışıblar. Arazın qırağında cin də tapılmaz, gəlmişkən keçək.

H e y d ə r b ə y. Heç vaxt olmaz! Mən Arazdan bu taya çox oğurluğa gəlmişəm; kazakların həmişə Arazın qırağında busqusu olur.

H a c ı Q a r a. Heydər bəy doğru deyir. Ehtiyatı əldən qoymamaq gərək! O deyən kimi edək.


S ə f ə r b ə y. Hacının sözü doğrudur. Gedək aşağıda küy salaq. Hacı, sən yüklərin yanında qal. Bəylər uzaqlaşırlar aşağı. Bir azdan sonra küy, qalmaqal qopur. Yuxarıdan kazaklar yaraqlı-əsbablı başlayırlar beş bir, üç bir aşağı enməyə.

K a z a k l a r d a n b i r i s i. Ax, məlunlar! Yəqin quldurdurlar, at qovub gətirib keçirmək istirlər!

İ k i n c i s i. Mən belə bilirəm qaçaqçıdırlar!


Ü ç ü n c ü s ü. Hər kim olsa, haqqına fikir çəkərik. Kazakların dalı kəsilir. Bir azdan sonra qalmaqal sakit olur. Bəylər Hacı Qaranın yanında olurlar.

H e y d ə r b ə y. Di tez olun, keçin! Dayanmaq vaxtı deyil. Hamısı tökülürlər Araza, ortasında Hacı Qaranın atı büdrüyür. Hacı Qara atdan oynuyub düşür suya, axır, kənardan suya uzanan söyüd ağacının budağına ikiəlli yapışıb sallanır, çağırır.

H a c ı Q a r a. Ay aman, Heydər bəy, Səfər bəy, Əsgər bəy, mənim dadıma yetişin, mən boğuldum!

H e y d ə r b ə y. Hacı, hardasan?

H a c ı Q a r a. Burda, söyüd ağacına yapışıb sallanmışam!

H e y d ə r b ə y. Ay evin yıxılsın, bir elə dərin yerə düşübsən ki, səni çıxarmaq heç mümkün deyil!

B ə d ə l. A başınıza dönüm, mənim atamı çıxardın!

K ə r ə m ə l i. A gədə, qoy boğulsun, malı, dövləti tökülsün qalsın, beş gün yeyin, için, kef edin! Nəyinə gərəkdir qaydına qalırsan?

Ə s g ə r b ə y. Gədə, sarsaq danışma! Xurcundan sicimi çıxart, bura ver! Kərəməli sicimi tez çıxardıb verir.

H e y d ə r b ə y. Əsgər bəy, tez sicimi gətir! Əsgər bəy sicimi yetirir.

H e y d ə r b ə y. Hacı, sicimi atırıq, tut!

H a c ı Q a r a. A qurbanınız olum, tuta bilmənəm. Əlimi budaqdan üzsəm, su güclüdür, məni aparacaq. Halqa edin, atın, belimə düşsün! Heydər bəy sicimi halqa edib tullayır, düşür Hacı Qaranın boğazına, çəkir. Hacı Qara ikiəlli sicimdən yapışıb boğula-boğula qırağa çıxır, suyu səpələnir.

H a c ı Q a r a. Evin yıxılsın məni bu günə salan! Qapın çırpılsın məni dükanımdan avara qoyan!

H e y d ə r bəy. Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq! Söyləmək vaxtı deyil, indi üstümüzə tökülərlər. Tez gərək qıraqdan uzaqlaşaq, qamışlıqda gizlənək. Gecəyarısı adam yatan vaxtda yola düşək. Hamısı tez qıraqdan uzaqlaşıb gözdən itirlər. Sonra on nəfər yaraqlı-əsbablı ermənilər bu yan tərəfdən yetişirlər.

O h a n (ermənilərin yüzbaşısı). Qoççum Sərkis, qoççum Karapet, qoççum Qəhrəman, siz mənim yanımda durun, qabaqda tüfənglərinizi hazır edin, mən havaxt deyərəm, o saatda atın, vurun! Mən sizi adbaad murova nişan verib istəmişəm, siz mənim yanımda olandan sonra yüz qaçaqçı da olsa, öhdəsindən gəlləm. Ay qalan uşaqlar, siz bizim dalımızda olun, qorxmuyun. İnşallah bizi görən kimi yükləri töküb qaçacaqlar. Qaçmasalar, əl açsalar, allah bilir, hamısını xingəl kimi doğrayacağam!

S ə r k i s. A yüzbaşı, hansı tərəfdən gələcəklər?

O h a n. Bax, elə qabağımızdan gələcəklər. Qasid xəbər gətirib ki, burdan başqa gələsi yolları yoxdur. Sərkis, muğayat ol! Allah qoysa, bu yüklərdən adama əlli manatdan artıq bəxşeyiş yetişəcək!

S ə r k i s. A yüzbaşı, elə hamı yüklərini alacaqsan?

O h a n. Allah bilir ki, xurcunlarınadək alacağam!

S ə r k i s. A yüzbaşı, yazıq deyillərmi? Hər necə olsa axır qarabağlıdırlar.

Biz onların tərəfin saxlamasaq, kim saxlayacaq? Genə gərək bir zad özlərinə qoyaq qalsın; yoxsa bəd dua yiyəsi olluq.

O h a n. Olan, nə danışırsan, tərəf saxlamaq bizəmi düşübdür? Tərəf saxlasan, qarabağlılığını gözətləsən, bəd duadan qorxsan, qulluq yaraşdıra bilməzsən.

S ə r k i s. Yüzbaşı, bir irəli gedim, baxım görüm gəlirlərmi?

O h a n. Yaxşı, ehtiyatlı ol, qorxudub geri qaçırma!

S ə r k i s. Xeyr, heç gözlərinə görükmənəm! Gedir.

O h a n. Uşaqlar, sərhesab olun! Başlayır adamları düzməyə, sonra Sərkis qayıdıb.


S ə r k i s. Yüzbaşı, evinə od düşsün, qaçaqçılar gəlirlər! Amma qabaqlarınca bir ucaboylu, qıvraq geyinmiş, yaraqlı-əsbablı oğlan gəlir ki, çox heybətlidir. Gözlərindən qan damır.


O h a n. Doğru deyirsən?

S ə r k i s. Allah bilir ki, doğru deyirəm!

O h a n. De ki, sən öləsən!

S ə r k i s. Sən öləsən, sənin başın üçün! O h a n. Üstündə doğrudan tüfəng və tapança gördün?

S ə r k i s. Vallah gördüm!


O h a n. Neçə idilər?


S ə r k i s. Hamısı üç adam nəzərə gəldi, amma o bir oğlan heç birisinə bənzəməz.


O h a n. Heç qorxu yoxdur, qoy gəlsinlər. Amma, Sərkis, çox irəli durmuşuq, bu yerdə qapaqap üstümüzə çıxarlar. Bir az geri dursaq yaxşıdır ki, sərvaxt olaq. Adamları geri durğuzur. Bu halda bəylər qabaqca, dallarınca Hacı Qara və yüklər yetişirlər.


H e y d ə r b ə y (əlində tüfəng irəli yeriyir). Ey, nə atlısınız? Yolu niyə kəsibsiniz? Çıxın yoldan! O h a n . Ba, olan, yoldan niyə çıxırıq? Sən kimsən ki, belə ürəklə danışırsan?

H e y d ə r b ə y. Qırışmal, qara soransan, rahdarsan, bizim yolumuzu kəsdiribsən? Sənə nə kiməm! Demirəm çıxın yoldan, doldurummu qarnını tüstü ilə! (Tüfəng qaldırır). A gədə, Əsgər bəy, Səfər bəy, niyə durubsunuz, niyə buları qırmırsınız? Vursanız buları yıxılalar!

O h a n (yoldaşlarilə yoldan yan durub). Olan, dəli olubsunuz, qudurubsunuz? Nahaq qan eləməyə, gümanam, çox örgənibsiniz, amma balam, biz qırılası adamlar deyilik.


H e y d ə r b ə y. Qırışmal, siz yəni nə qoçaq adamlarsınız ki, qırılmayasınız? Al gəldi! (Tüfəngi uzadır).

O h a n. A balam, dəli olma! Bax, biz gedirik. Gəl yolunla düz çıx get. Allahı sevirsən, nahaq qan yiyəsi olma. Bizim sizlə işimiz yoxdur!

H e y d ə r b ə y. Olmaz, qırışmal, öyünmə! Səni öldürməmiş qoymayacağam!

O h a n. A canım, mən qoçaqlıqdan ötrü demirdim ki, biz qırılası adam deyilik. Mən dediyim odur ki, bizi murov göndərib, bizi öldürsəniz, murova nə cavab verərsiniz?

Heydər b ə y . Qırışmal, özümüz billik murova nə cavab verrik; sənin nə borcundur soruşursan? Çıxın yoldan, yoxsa bu saatda hamınızı yarpaq kimi tökərəm!!

O h a n. Çıxırıq, çıxırıq, darıxma balam! Sərkis, Karapet, Qəhrəman, dönün, qayıdın, balam! Bulardan qan iyisi gəlir!

S ə r k i s. A yüzbaşı, bəs murova nə deyək?

O h a n. Olan, nə deyəcəyik? Görmürsən bular quldurdullar? Qaçaqçı belə olar? Qaçaqçı yarım ağaclıqdan qaraltı görəndə malın tökür, qaçır. Bular ha bizi də soymaq, qırmaq istirlər. Sarsaq köpək oğlu qasid, buları nahaq yerə qaçaqçı hesab edib, xəbər gətiribdir! Qayıdırlar.

S ə r k i s. A yüzbaşı, murov soruşsa ki, heç bir adama rast gəlmədinizmi, nə deyək? O h a n. Deyərik ki, heç qaçaqçıya rast gəlmədik!

S ə r k i s. Bəs deyəkmi quldura rast gəldik? O h a n. Balam, nə işimiz var? Deyərik: dəvə gördün qığın da görmədik.

K a r a p e t. Xeyr, yüzbaşı, deyərik quldura rast gəldik, çox idilər, girişə bilmədik.

O h a n. Yaxşı, onu sonra fikir edərik, hələ gəl!

S ə r k i s. Qoy bir bulardan soruşum ki, qaçaq malınız varmı? (Geri dönür).

H e y d ə r bəy. Erməni, genə geri dönürsən? Vallah, sizin əcəliniz yetib. Mən sizi qırmasam, siz burdan itməzsiniz. Ermənilərin üstünə hərəkət edir. Bu halda Sərkisin papağı qaçdığı yerdə başından düşür. O h a n (diltəng). A gədə, Sərkis, bu yana dön, bizi qana çalxama! S ə r k i s. Yüzbaşı, papağım düşübdür, qoy bir əyilim, götürüm.

O h a n (darıxmış). A gədə, qoy gəl, qoy qalsın! Sərkis tez dönür, hamısı gedirlər.

H e y d ə r b ə y (dallarınca). Ey, atamın goru haqqı, əgər bizi gördüyünüzü bir yerdə deyərsiniz, xəbər verərsiniz, sonra evinizin içində beşikdəki uşaqlarınızadək tamam gəlləm qırram! Özünüz bilin!


O h a n (uzaqdan). Olan, nə danışırsan? Bir elli deyilik, üz-üzə gəlmiyəcəyik? Nə işimiz var xəbər verək? Sən elə bilirsən, biz sizin üstünüzə gəlmişdik? Yalandan sizə sataşırdıq ki, bizi murov göndərib, görək siz nə deyirsiniz. Biz hadrutluyuq, gəlmişdik şahsevənlərdən camış almağa, sövdəmiz baş tutmadı, qayıdıb gedirik. H e y d ə r b ə y. Yaxşı, di gedin! (Heydər bəy qeyzlə ayağın yerə çırpıb). Tez-tez gedin!.. Ermənilər qədəmlərin yeyin götürürlər, uzaqlaşıb gözdan itirlər. Bundan sonra Hacı Qara irəli yeriyib yoldaşlarına.


H a c ı Q a r a. A kişi, niyə erməniləri buraxdınız? Niyə qolların bağlayıb bu qamışlığa salmadınız? H e y d ə r b ə y. Nədən ötrü, Hacı?

H a c ı Q a r a. Ondan ötrü ki, gedib üstümüzə kazak gətirməsinlər.

H e y d ə r b ə y. Camış alanın nəyinə lazımdır ki, gedib özünə zəhmət verə, üstümüzə kazak gətirə? H a c ı Q a r a. Sən bilmirsən, şəksiz, bular camış alan deyillər! Oların sözünə necə inanmaq olar? Eşitmədin, Səfər bəy deyirdi ki, buların yüz hiyləsi olur?

H e y d ə r b ə y. Hacı, mən zamın ki, bu səfərdə bulardan sənə heç bir xəta yetişməsin.

H a c ı Q a r a. Olan, nə danışırsan? Məgər elə bu səfərdir? Gərək belə adamların bir neçəsinə tənbih oluna ki, qaçaqçının qabağına çıxmayalar. Hər qabağa gələni adam sağ-salamat buraxsa, dəxi buların əlindən qaçağa gedib-gəlməkmi olar? Bundan sonra hərgiz dəxi belə qazanclı səfərdən geri qalmayacağam. Çifayda, mən sənə arxayın oldum, dalda durdum, yoxsa bulara zərbi-dəstimi göstərib, bu nadürüstlərdən gələcəyinə yolları təmizlərdim!

Ə s g ə r b ə y. Yaxşı, bir özgə dəfə rast gələndə zərbi-dəstini göstərərsən, indi keçdi dəxi.

H a c ı Q a r a. Allah qoysa, siz də eşidərsiniz. Di sürün, durmağa vaxt yoxdur; gərək bu gecə Qarğabazarına yetişək. Ordan mən Bədəli sizin yanınızda qoyub gərək Kərəməlilə ötüm Ağcabədiyə ki, sabah cümə günüdür, bazara çatam, malı satam.


H e y d ə r b ə y. Hacı, oradan o yana yalqız gedə bilərsənmi?


H a c ı Q a r a. Oradan o yana dəxi ki, kazak yoxdur.

H e y d ə r b ə y. Kazak yoxdur, amma murov yasavuluna tuş gələsən, onda yaxşı olmaz.

H a c ı Q a r a. Mən özüm tarıdan istirəm ki, bir murov yasavuluna rast gələm, olardan bir qisas alam! H e y d ə r b ə y. Bərakallah, Hacı, maşallah qoçaq imişsən!

H a c ı Q a r a. Bir-iki yasavul mənə rast düşsün, oların başına bir iş gətirim ki, qiyamətədək dadı damaqlarından getməsin; bundan sonra xalq olar sarıdan farağat olsunlar. Ta bu yasavulların bir neçəsinə toy tutulmasa, ölkə oların əlindən dincəlməz!

H e y d ə r b ə y. Əcəb olar, Hacı, biz də hünərini eşidərik. Başlayırlar getməyə, bir az gedib gözdən itirlər. Pərdə salınır. DÖRDÜMCÜ MƏCLİS Dördümcü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə, iki erməni, biri piyada, biri eşşək üstə gəlirlər.

A r a k e l. Mkrtıç, allah qoysa, bu il səksən çuval taxılımız olar.

M k r t ı ç. İnşallah olar. Üç ildir taxılımızı çəyirtkə yeyirdi, amma tarı bu il o qədər veribdir ki, keçən illərin də əvəzi çıxacaq.

A r a k e l. Mkrtıç, nə yaxşı deyirəm ki, bizim köhnə zamandan quyularda taxıllarımız qalırmış, yoxsa bu bahalıq illərdə çox korluq çəkərdik.

M k r t ı ç. Bişək, bizim kəndin taxılı olmasaydı, Dizaq mahalı acından qırılacaq idi.

A r a k e l. Əkinçiliyə allah bərəkət versin. Dünyada ondan yaxşı peşə yoxdur.

M k r t ı ç. At tappıltısı gəlir. Dayan görək kimdir. Dayanırlar, bu halda qabaqda Hacı Qara görükür.

K ə r ə m ə l i. Evimiz yıxıldı, ağa, qabaqda iki adam görürük. Dedimmi, yoldaşlardan ayrılma! Tamahın güc gətirdi, gəldin di indi yaxşı Ağcabədi bazarında malını satarsan. Bu saatda yükü alacaqlar.

H a c ı Q a r a. Gədə, nə danışırsan? Kimin həddi var mənim malımı ala?

K ə r ə m ə l i. Belə bu görükənlər! Bir irəli dur, bax! Bular, şəksiz, murov yasavullarıdırlar. Di çalış görək necə yükünü saxlayacaqsan. H a c ı Q a r a. Allah qoysa olara bir çöp də vermənəm dişlərini qurtlayalar! Sən yükün üstündə bərk otur, qorxub yıxılma. Mən buları qabaqlayım, görüm sözləri nədir? Tutub qollarını bağlayıb yıxacağam dərəyə. Ta mən özümü bir neçə beləsinə göstərməsəm, yollar əmin olmaz! Allah qoysa bir iş tutum ki, dəxi heç kəs cürət edib qaçaqçı malına tamah etməsin.

K ə r ə m ə l i. Mən mıx kimi yükün üstünə qaxılmışam. Dartıb salan olmasa, yıxılan deyiləm.

H a c ı Q a r a. Yaxşı, otur irəli! (Ermənilərlə qabaqlaşıb əlində tüfəng). Ay adam, kimsiniz? Dinin, yoxsa vurdum! M k r t ı ç. A canım, niyə vurursan? Biz ki, sənə yamanlıq eləmirik? Yoldan gedənik!

H a c ı Q a r a. Yava-yava danışma! Yoldan çox adam gedir. Doğrusun de görüm, kimsiniz? Bu gecə vaxtı burda niyə görükürsünüz? M k r t ı ç. Tuğluyuq, getmişdik çöldə taxılımızı biçirdik. Biçib qurtarıb evimizə qayıdırıq. H a c ı Q a r a. Bu sözlər ilə məni aldada bilməzsiniz. Mən siz deyənlərdən deyiləm. Mən bilirəm ki, siz kimsiniz! Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz, gəlib-gedənlər sizin əlinizdən qurtarmaz! M k r t ı ç (təəccüb ilə). Arakel, bu nə danışır?!

A r a k e l. Bir ağıllı-başlı soruş gör, sözü nədir, nə istir?

M k r t ı ç. Ay qardaş, biz fağır padşah rəiyyətiyik. Öz kasıblığımız ilə başımızı saxlayan adamıq. Biz ömrümüzdə bir kəsə zərər yetirməmişik. Yol kəsmirik, bunt salmırıq. Biz neylirik ki, ölkə bizim əlimizdən dincələ bilmir?


H a c ı Q a r a. Mən sizin tamam hiylələrinizdən xəbərdaram! Əgər siz dürüst adam olsaydınız, bu gecə vaxtı bu yolda görükməzdiniz. Sizin fikriniz həmişə xalqa zərər yetirməkdir, xalqın evin yıxmaqdır. Tüfənglərinizi yerə salın, yoxsa vurdum!

M k r t ı ç. A canım, tüfəngimiz harda idi ki, yerə salaq! Bir cüt oraqdan başqa bizdə bir zad yoxdur. Əgər qərəzin bizi soymaqdır, onu bildir.

H a c ı Q a r a. Mən adam soyan deyiləm. Sizin kimi özgə malına tamah edənlərin canını alanam!

A r a k e l. Mkrtıç, bu necə quldurdur? Mən heç bunun sözlərin başa düşmürəm.

M k r t ı ç. Heç mən də başa düşmürəm. Dinmə, görüm nə danışır. (Hacı Qaraya mütəvəcceh olub), Qardaş, biz kimin malına tamah eləmişik. Biz bir əkinçi xalqıq. Allaha şükür, padşaha xərac da, töycü də veririk. Biyara gedirik. Bacardıqca xalqa da xeyrimiz dəyir. Bu qış bahalıqda tamam qonşu müsəlman obalarına taxıl borc verdik ki, aclarından qırılmasınlar. Əgər bu zamanadək tuğlu bir adamın bir quruşunu yeyibsə, bizim qanımız sənə halaldır!

H a c ı Q a r a. Sizin qanınız çoxdan halaldır. Amma bu zamanədək tökən olmuyub. İndi sizi əcəl çəkə-çəkə mənə düçar edibdir. Özgəyə quyu qazan özü düşər. Çox adamların evin yıxıbsınız. İndi cəzanıza yetişərsiniz! Yaraqlarınızı salın, yoxsa, vallah, tüfəngi bu saatda ürəyinizin başına boşaldaram! Ermənilər başlayırlar qorxmağa.

M k r t ı ç. Ay qardaş, yer haqqı, göy haqqı bizim yarağımız yoxdur! Axır bizim təqsirimiz nədir ki, sənin bizə belə qəzəbin tutur?

H a c ı Q a r a. Sizin təqsiriniz nə yerə sığışır, nə göyə! Qurumsaq uşağı, başınıza sənət qəhət olubdur?

M k r t ı ç. A canım, dünyada bizim sənətimizdən yaxşı sənət varmı? Bizim peşəmiz olmasa, aləm çörək tapmaz. H a c ı Q a r a. Bax, bax, cürətinə bax, sənətini tərif də edir! Qırışmal uşağı, xalq əzab çəksin, alnının tərilə mal qazansın, siz müftə yerə sahiblik edin! Bu harda görülübdür?


M k r t ı ç. A qardaş, allahı sevirsən, bizi incitmə, qoy ötək, çıxaq gedək! Sənin işin zarafata bənzir. Hacı Q a r a . Vallah, əgər ayaq-ayaqdan tərpədibsiniz, cəmdəklərinizi yerdə sərilmiş bilin! Mənim sözlərimi zarafat sayırsınız? Qərəziniz budur ki, mən sizin kimi sarsaqlara allanam, yaxın gəlib öz bildiyinizi edəsiniz? Yaraqlarınızı tulluyun, deyirəm!

M k r t ı ç . Arakel nə eyliyək?

A r a k e l. Vallah, mən özüm də mat qalmışam.

M k r t ı ç. Pərvərdigara, bu nə iş idi düşdük? A canım, irəli qoymursan ötək, bəs qoy geri qayıdıb, başqa yol tapıb gedək.

H a c ı Q a r a. Heç vaxt olmaz! Ayaq tərpədə bilməzsiniz, fikriniz odur ki, gedib murova xəbər verəsiniz, özü gəlib mənim üstümə tökülə? Allah qoysa, sizin ölüm xəbəriniz murova çatar! Bundan sonra qalan yoldaşlarınıza ibrət olar!

M k r t ı ç. A canım, sən bizi kim hesab edirsən ki, bu oyunu bizim başımıza gətirirsən?

H a c ı Q a r a. Mən sizi hesab edirəm quldura, yol kəsənə, xalqın evini yıxana, zalıma, müftəxora, dar ağacına layiq olana!


M k r t ı ç. Bəs sən özün kimsən?

H a c ı Q a r a. Məni siz özünüz yaxşı bilirsiniz. Bilməsəydiniz bu gecə vaxtı dərənin ortasında məni qabaqlardınızmı?

M k r t ı ç. Vallah, biz özümüz də çox-çox peşmanıq ki, bu yol ilə gəldik, sənə düçar olduq. Biz heç səni tanımırıq və xəyalımızdan da keçməzdi ki, səni görəcəyik.

H a c ı Q a r a. Bu sözlər bir pula dəyməz! Axırıncı sözümdür, məni məəttəl eləməyin. Tez olun, yaraqlarınızı salın!

M k r t ı ç. Arakel, nə çarə edək? A r a k e l. Vallah, yarağımız yoxdur! Bu iki oraqdan başqa bizdə bir kəsər tapılmaz; istirsən tullayaq, ha! Oraqları qabağa tulluyurlar.

H a c ı Q a r a. Tüfənginizi, tapançanızı, qılıncınızı tulluyun! Yoxsa od elədim!

A r a k e l. A kişi, sən necə adamsan? Allah haqqı, peyğəmbər haqqı tüfəng, tapança yoxdur!

H a c ı Q a r a. İnanmanam, yalan deyirsiniz, gizliyibsiniz, tulluyun.

M k r t ı ç. Çünki inanmırsan, özün bil, hər nə eləyəcəksən elə! Allah cəzanı versin! H a c ı Q a r a. Bəs belə? Görün nə eylərəm! (Başlarının üstündən tüfəngi atır. Eşşək ürkür, Arakel qorxusundan eşşəyin üstündən yumbalanır. Hacı Qara tapançanı çəkib buların üstünə yüyürür, çığırır). Tərpənməyin! Biçarə ermənilərin biri yıxılmış, biri ayaq üstə.

M k r t ı ç. Ay allah bəndəsi, bizi nahaq yerə niyə öldürürsən?


H a c ı Q a r a. Tərpənməyin! (Sonra üzün Kərəməliyə tutub). A gədə, Kərəməli, mən buları əyləmişəm, tez qaç qurtar!

K ə r ə m ə l i. Ay ağa, geri qaçım, ya irəli!

H a c ı Qa r a. Gic oğlu gic, geriyə hara qaçacaqsan? Genə Araza qayıdıb gedəcəksən? İrəliyə qaç qurtar, tez! K ə r ə m ə l i. Yəni yük ilə qaç demirsənmi? H a c ı Q a r a. Fu, gic balası gic! Əlbəttə, yüksüz necə gedərsən?

K ə r ə m ə l i. Mən özüm də belə bilirəm. Atı çubuqlayıb qabağa, gözdən itir. Bu halda Arakel istiyir ayağa dursun. H a c ı Q a r a (qaim sövt ilə). Ay tərpənmə, yoxsa vurdum!

A r a k e l genə yerə enir. Bu əsnada m u r o v, üstüncə bir dəstə adam yetişir. X ə l i l yüzbaşı(murova). Ay ağa, burdadırlar, tapmışam, gəlin!

M k r t ı ç. Ay başınıza dönüm, gəlin bizi bu zalımın əlindən qurtarın!

A r a k e l (ayağa durmuş). Ay qurbanınız olum, yetişin, bizə bu quldurdan nəcat verin! H a c ı Q a r a. Gözünüzə dönüm, hər kimsiniz, gəlin! Bular mənim qorxumdan tərpənə bilmirlər. Buların qolun bağlayın, əyliyin, mən çıxım gedim. Bu halda murov adamları ilə bulara tərəf çevrilir. M u r o v. Haramzadalar, mənim əlimdən hara gedəcəksiniz? Sorağınızı alıb dalınızca gəlmişəm! Xəlil yüzbaşı, qoyma! X ə l i l yüzbaşı(irəli yeriyib ermənilərə). Ey, vallah, tərpənərsiniz, hamınızı qırrıq, yarağınızı salın!


M k r t ı ç. Ay başına dönüm, biz quldur deyilik. Bizim üstümüzə tökülən bu kişidir. Hacı Qaraya işarə edir. Xəlil yüzbaşı onun tərəfinə çevrilir.

X ə l i l y ü z b a ş ı. A kişi, tərpənmə, yarağını sal!

H a c ı Q a r a. A qardaş, mən dinc, farağat kəsb əhliyəm. Yoldan ötdüyüm yerdə bular məni qabaqlayıb əyləyiblər, istirdilər soyalar, çalışıb özümü soydurmamışam.


M u r o v. Xəlil yüzbaşı buyurur ki, hamınız yarağınızı salın! Sonra hər kim təqsirlidir, məlum olar!

M k r t ı ç v ə A r a k e l. Ay ağa, vallah, bizim yarağımız yoxdur. İstirsən, yaxın gəlin, baxın.

X ə l i l y ü z b a ş ı (Hacı Qaraya). A kişi, sən yarağını sal, murov buyurur! H a c ı Q a r a. A başına dönüm, murov burdadır? Başım üstə, budur saldım! Mənim canım və malım murova peşkəşdir. Amma bular yalan deyirlər, yaraqların gizləyiblər. Yaraq-əsbabını yerə salır, sonra murov öz adamları ilə yavuqlaşıb Hacı Qaraya.

M u r o v. A kişi, mən səni üç gecədir axtarıram. Xəlil yüzbaşı, bağla bunun qolların! Xəlil yüzbaşı Hacı Qaranın qollarını bağlayır.

H a c ı Q a r a. A başına dönüm, mənim təqsirim nədir?


M u r o v. Çox danışma, yoldaşlarını de, yoxsa sabah səni dar ağacından asdırram. H a c ı Q a r a. Ağa, niyə məni dar ağacından asdırırsan? Mən quldur deyiləm, yolkəsən deyiləm. Quldur, yolkəsən dar ağacından asılır.

M u r o v. Necə quldur deyilsən! Bəs sən Əylis ermənilərini soyub ipəklərini aparanların yoldaşı deyilsən?

H a c ı Q a r a. Ay ağa, başına dönüm, mən bir fağır adamam, peşəm sövdəgərlikdir. Adam soymaq bacarmanam.

M u r o v. Bəs yaraqlı-əsbablı bu gecə vaxtı burda nə qayırırsan? Düz adam burda gəzməz. Ay uşaqlar, bunu bərk saxlayın, görüm bu adamlar kimdir (Üzün çevirir ermənilərə). A kişi, siz kimsiniz?

M k r t ı ç. A qurbanın olum, biz tuğlu fağır biçinçiyik. Əkindən evimizə qayıtdığımız yerdə bu kişi bizi əyliyib qoymuyub gedək. Sən yetişməsəydin, bunun əlində dustaq idik.

M u r o v (Hacı Qaraya). A kişi, buları sən burda saxlamışdın? H a c ı Q a r a. Mən buları saxlamışdım? Yalan isə buların evini allah yıxsın! A başına dönüm, bular mənim yolumu kəsib məni soymaq istirdilər. M k r t ı ç. Ağa, yalan deyir, o bizi soymaq istirdi.

H a c ı Q a r a. Bularda çox hiylə var, ağa! Bulara inanma! Deyirdilər ki, guya sizin yasavullarınızdırlar. İndi öz sözlərini gizlirlər.

M k r t ı ç. Ay ağa, vallah, bu kişi yalan deyir! Bunun sözünə inanma! Biz əvvəldən axıra özümüzü tuğlu biçinçi deyib buna yalvarmışıq ki, bizdən əl çəksin. Bunun bir yoldaşı da var idi, qaçdı.


M u r o v. Xəlil yüzbaşı, di gəl qan ki, buların hansı doğru deyir. Şeytan da buların sözündən baş aça bilməz. Kim bilsin bular necə adamdırlar? Buların üçün də götürün gedin, sabah naçalnikə göstərrik, silist olunar. Hər necə buyursa, əməl edərik. Xəlil yüzbaşı hamısını dustaq edir. H a c ı Qara(başlayır ağlamağa). Evin yıxılsın mənim evimi yıxan! Qan qusasan məni qana çalxayan! İmansız öləsən məni bəlaya salan! Mən harda, divan harda! Mən silistdən qaçırdım, genə silistə düşdüm! Çibindən birəyədək başlayacaqlar soruşmağa. Di gəl boş-boş suallara cavab ver! Gözlə ki, axırı olacaq!

E r m ə n i l ə r d ə n b i r i s i. A kişi, səni görək könlün şad olub, üzün gülməsin ki, bizi nahaq yerə müsibətə saldın. Kim bilsin indi silistdən havaxt qurtaracağıq! Urusun silisti beş ilə qurtarmaz. Taxılımızı kim yığacaq, xırmanımızı kim döyəcək. Ax-ax!

X ə l i l y ü z b a ş ı. A kişi, az danışın, yeriyin. Hamı gedirlər, gözdən itirlər. Pərdə salınır. BEŞİMCİ MƏCLİS Beşimci məclis vaqe olur obada. Heydər bəy alaçığın içində oturubdur bir gün irəli toy edib gətirdiyi gəlini ilə. Çöldə zurna-qaval çalırlar. Cahıl uşaqlar oynuyub söz oxuyurlar. H e y d ə r b ə y. Allah, kərəminə şükür! Yuxudur, görəsən, ya zahirəndir ki, mən səninlə qabaq-qabağa oturmuşam. İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükürün yerinə yetirə bilmənəm.

S o n a x a n ı m. Heydər bəy, səni allaha and verirəm ki, bundan sonra dəxi gəzməyə getməyəsən! Vallah, dəxi mənim ayrılığa hərgiz tabım yoxdur. Allah eləməmiş, əgər sənin başına bir iş gələ, ya qaçaq olasan, ya tutulasan, mən dünyada sağ qala bilməyəcəyəm. Bundan sonra səni bir gün görməsəm, öləcəyəm! H e y d ə r b ə y. Xatircəm ol! Quldurluğa, oğurluğa hərgiz getməyəcəyəm. Naçalnik də mənə dililə tapşırıbdır. Amma bir yaxşı qazanc yolu tapmışıq. İnşallah sən özün də ona mane olmazsan. Çünki bir artıq iş deyil. S o n a x a n ı m. De görüm, necə işdir? H e y d ə r b ə y. Özün bilmirsən? İyirmi beş gün bundan irəli sənə demədim ki, Hacı Qaradan pul götürüb qaçaq mala gedirik? Onda razı olmurdun. İndi xeyrini gördünmü? Gedib gətirən kimi bir gündə Qarğabazarında satıb mayasını verdik Hacı Qaranın oğluna, qazancını götürüb gəldik. Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. On günün içində xərc çəkib, el adətincə toy edib səni gətirdim. Əgər sənin sözünə baxıb getməsəydim, ya gərək səni götürüb qaçaydım, ya indiyədək hələ atan evində qalaydın.

S o n a x a n ı m. Bəs deyirlər ki, axır qadağandır, gedib-gələnlərə tənbih edirlər.

H e y d ə r b ə y. Əlbəttə, acizləri həmişə tuturlar. Malını alıb tənbih edirlər. Amma mənə kim yavuq gələ bilər! S o n a x a n ı m. Bəs sənin qabağına çıxan olmadı?

H e y d ə r b ə y. Niyə olmadı? Onu birdən çıxdı, qorxutdum, hamısı qaçdı, getdi.


S o n a x a n ı m. Ay aman, Heydər bəy, bu iş də xatalı işə bənzəyir! Doğrusu, mən buna da razı deyiləm! Hacı Qaraya sifariş edəcəyəm ki, dəxi sizə pul verməsin, sizi tovlaşdırıb aparmasın. Vallah, bu işi də fikir edəndə ürəyim əsir!


H e y d ə r b ə y. A qız, nə var ki, ürəyin əsir? (Sona xanımın boynun qucaqlayıb üzündən öpür). A qurbanın olum, bəs nə işə yapışım? Bəs nə ilə səni saxlayım?

S o n a x a n ı m (başlayır ağlamağa). Əl çək. Bu işdən də əl çək! Mən atam evindən gətirdiyim cehiz ilə bir il yaxşı dolannıq. Sonra bir yaxşı iş tapmasan, özün bil! H e y d ə r b ə y. Bəs qoy bir-iki dəfə də gedim, yoldaşlarımın borcunu verim, sonra deyərsən dəxi getmənəm. S o n a x a n ı m (ağlaya-ağlaya). Heç bir dəfə də qoymanam! Yarım dəfə də qoymanam! Qoy yoldaşların gözləsinlər!


H e y d ə r bəy. Axır şərtimiz belə idi. Getməsəm, pullarını istirlər, gözləməzlər.


S o n a x a n ı m. Sənin işin olmasın, anama sifariş edərəm, atama deyər, oları sakit edər. H e y d ə r bəy. Yaxşı, amma mən heç bilmirəm ki, sən nədən ehtiyat edirsən? S o n a x a n ı m. Mən ondan ehtiyat edirəm ki, genə sənin adın çəkilə, işə düşəsən, mən günü qara olam.

H e y d ə r b ə y. Boş-boş xəyal eləmə. Bu heç vaxt olmaz!

S o n a x a n ı m. Çifayda mən dincələ bilmirəm. Ürəyim yarpaq kimi əsir. Elə bilirəm genə səni əlimdən alacaqlar. Bu halda Hacı Qaranın arvadı

T ü k ə z içəri girir. T ü k ə z. A başına dönüm, mənim ərimi neylədiniz? Mənim ərimin başına nə iş gəldi? Siz hamınız gəlibsiniz, onun nə özü var, nə nökəri var! H e y d ə r b ə y. Ay arvad, hələ bu vaxtadək gəlib çıxmayıbdır?

T ü k ə z. Xeyr. Axır bu nə iş idi eylədiniz? Kişiciyi tovluyub aparıb avara saldınız! Yoxsa ölümə verdiniz? H e y d ə r bəy. Ay arvad, qorxma, görəsən kəndlərin hansında əylənibdir, gələr çıxar, fikir eləmə!

T ü k ə z. Kəndlərdə əylənməz. İndiyədək başı əlində olsaydı, gələrdi. Mən ərimi sizdən istirəm! Gərək mənim ərimi necə ki, aparıbsınız, elə də mənə tapşırasınız!

H e y d ə r b ə y. Bizə mühəssil vaqe oldun! Ərin uşaq deyildi, nabaliğ deyildi, biz onu tovlayıb aparaydıq. Biz ona bir təklif elədik, öz xeyrini yoxladı, qoşuldu bizə getdi. Hər yerdə muğayat olub, qorxulu yerlərdən ötürüb yola saldıq. Dəxi biz nə eləyək ki, gəlib çıxmayıbdır. Çıx get, başımı ağrıtma!

T ü k ə z. Gedirəm murova, naçalnikə şikayət etməyə. Mənim ərimi siz itiribsiniz! Bu halda qışqırıq qopur, murov və naçalnik adamları ilə alaçığı çevirirlər.

M u r o v. Naçalnikin buyruğudur ki, heç kəs yerindən tərpənməsin.

H e y d ə r b ə y (qabağa çıxıb).


Murov, naçalnikin qərəzi nədir, buyursun görüm! Burada təqsirli yoxdur ki, ondan qaça.


M u r o v. Təqsirli var, ya yoxdur, ancaq naçalnik Heydər bəyi görmək istəyir.

H e y d ə r b ə y. Heydər bəy mənəm, hər nə qulluğunuz var, buyurun!

N a ç a l n i k (irəli yeriyib). Heydər bəy, sən mənim nəsihətimi eşitməyib, genə yaman işə qoşuldun? İndi gərək mənim ilə Qalaya gedəsən! Sona xanım başlayır titrəməyə, ağlamağa. H e y d ə r bəy.Naçalnik, sən mənə buyurmuşdun ki, oğurluğa, quldurluğa getmə. Əgər mən sənin sözündən çıxmışam, mənim yerim Sibirdir.

N a ç a l n i k. Bəli, çıxıbsan! On gün bundan irəli Arazdan bir az yuxarı Əylis ermənilərini soyub, ipəklərini alıbsınız. İş aşkar olubdur. Yaxşısı odur ki, tənbihin yüngül olmaq üçün boynuna götür, yoldaşlarını nişan ver.

H e y d ə r b ə y. Naçalnik, buyurursan ki, bu iş aşkar olubdur. Amma mən bir adamı soymamışam. Əgər bir kəs mənim üzümə durub, bir söz desə, mən qanımı sənə halal elədim.

N a ç a l n i k. Yaxşı, Xəlil yüzbaşı, o erməniləri bura çağır! Xəlil yüzbaşı Ohan yüzbaşını öz dəstəsi ilə irəli gətirir. N a ç a l n i k. Ohan yüzbaşı, bu idimi sizə rast gələn?

H e y d ə r b ə y. Naçalnik, hər belə mujik sözünə etibar edib məni bədbəxt etməyin!

O h a n. Başına dönüm, mən hərgiz mujik deyiləm. Mən iyirmi ildir vilayət böyüklərinə qulluq edirəm. İyirmi rizaməndlik kağızım var. Keçən il mənə gümüş medal yazmışdılar! Alın bu kağızları bir oxuyun, görün! (Kağızları göstərir).

N a ç a l n i k. Hələ mənə sənin qulluqlarını bilməyə vaxt yoxdur. Gördüyün işi söylə!

O h a n. Başına dönüm, mənim bəylik üçün şəhadətnaməm dəxi var! Alın, oxuyun! (Şəhadətnaməsini cibindən çıxarıb uzadır naçalnikə).

N a ç a l n i k. Olan, sözünü de, nəcabətini isbat eləmək qoy sonraya qalsın!

H e y d ə r bəy. Naçalnik, bu şəhadətnamələrin yüzü bir pula dəyməz. Zatında şübhə olanlar öz nəsəbləri üçün şəhadətnamə qayırdarlar. O h a n. Bu sözü naçalnik hüzurunda deməyib, bir özgə yerdə mənə desəydin, bu tüfəng ilə sənə cavab verərdim! (Əlin uzadır tüfənginə, sonra naçalnikə mütəvəcceh olub). Başına dönüm, mən bu axırıncı nüfus dəftərində bəy yazılmışam. İndi bu mənim bəyliyimi istir batırsın. Haqq elə, mən bədbəxt olmuyum.

N a ç a l n i k. Bu saatda buyurram sənə əlli çubuq vurarlar. Bəyliyini lap unudarsan, əgər sualıma cavab verməsən! Səndən mən soruşuram ki, bu idimi sizə rast gələn? O h a n. Bəli, başına dönüm, bu idi bizim üstümüzə yoldaşları ilə tüfəng və qılınc çəkən! İyirmi yaraqlı-əsbablı atlı idilər. Biz ancaq on adam idik. Əgər bizdən çox olmasaydılar, sizin dövlətinizdən, buları tutardıq. Elə ki, bizdən ötüblər, gedib Əylis ermənilərini soyublar.

H e y d ə r b ə y. Naçalnik, tamam danışdığı sözlər böhtandır!

N a ç a l n i k. Tatar tayfası tamam yalançı olar. Sən də o cümlədənsən, sözünüzə etibar eyləmək müşküldür. Birisi də yaraqlı-əsbablı, iki tuğlu ermənini əyləyib soyurmuş. İndi aşkara yalan deyir ki, guya ermənilər onu soymaq istirlərmiş.

H e y d ə r b ə y. Mən bilirəm ki, o, kişi kimdir. Mən Qarabağın tamam yaxşı-yaman adamların tanıyıram. Onu görsəm billəm ki, onun sözü doğrudur, ya yalandır. Sənin başına and olsun ki, həqiqətini ərz eylərəm!

N a ç a l n i k. Xəlil yüzbaşı, o tutulan kişini bura gətirin! Xəlil yüzbaşı gedib Hacı Qaranı hüzura gətirir.

N a ç a l n i k. De görüm, bu kimdir, necə adamdır? H e y d ə r b ə y.

Naçalnik, mən bunu tanıyıram. Sənin başına and olsun ki, bu adamsoyan deyil, ermənilər xilaf ərz ediblər.

N a ç a l n i k. Xəlil yüzbaşı, erməniləri gətir. Xəlil yüzbaşı tuğluları gətirir.

N a ç a l n i k. Heydər bəy, odur ki, sənin sözünə etibar etmirəm! Axır özün bir fikir eylə: bəs bu ermənilər adam soyandırmı? Amma bu kişi deyir ki, guya bular onu soymaq istirmişlər!

H e y d ə r b ə y. Belə deyil, bu kişi də yalan danışır.

N a ç a l n i k (acıqlanmış). Bəs necə olmaq gərək? Məlum ki, hamınız yalan danışırsınız! Hamınız tənbihə layiqsiniz! Mən gərək səni aparam!

H e y d ə r b ə y. İxtiyar sənindir. Sona xanım başlayır titrəməyə. 

N a ç a l n i k (Hacı Qaraya). A kişi, sən axır bu erməniləri nə səbəbə əyləmişdin?

H a c ı Q a r a. Başına dönüm, mən öz kəsb-karım ilə dolanan adamam. Heç vaxt yol kəsmək mənim işim deyil. Həmişə alış-veriş eylərəm. Padşaha çox qulluqlar etmişəm.


N a ç a l n i k. Padşaha sən nə qulluq etmisən, a kişi?

H a c ı Q a r a. Başına dönüm, on beş ildir padşah gömrüyünə ildə əlli tümən xeyir verirəm.


N a ç a l n i k. Bəli, çox böyük qulluqlar edibsənmiş! Əlhəq böyük mərhəmətə layiq imişsən! H a c ı Q a r a. Bəli, başına dönüm, bu qulluqlarıma görə gərək mənə qızıl medal veriləydi, nəinki...

N a ç a l n i k. Bəli, sənin kimi qulluq edənlər çoxdur. Verdiyiniz pulları gərək verib qızıl medal qayırdaq, genə özünüzə dağıdaq. Cəfəngiyat danışma! De görüm, erməniləri niyə əyləmişdin?

H a c ı Q a r a. Başına dönüm, olar məni əyləmişdilər. Ermənilərin birisi, y əni Mkrtıç.

M k r t ı ç. Qurbanın olaq, yalan deyir, bu bizi soymaq istirdi! Bu halda Cavanşir murovunun yasavulu yetişib. Yasavul (naçalnikə). Ağa, murovumuz əylisliləri soyan quldurları tutub, tamam ipəkləri alıb, özlərini dustaq edib. Məni qulluğunuza göndərdi ki, bu xüsusda ərz edim. Dalınca əhvalatı yazı ilə bildirəcək. M u r o v. Yəqin ki, genə tatardırlar.

Y a s a v u l. Bəli. N a ç a l n i k. Yoxsa xəyal edirdin ki, ingilis ya firəngdirlər? O h a n. Başına dönüm, quldur həmişə tatardan olur. Bizlərdən heç vaxt quldur olmaz!

N a ç a l n i k. Kəs səsin, bu sizin doğruluğunuzdan deyil. Ondan ötrü ki, cürət edə bilmirsiniz və bacarmırsınız!

Y a s a v u l. Ağa, murov bir qaçaqçı da yük ilə tutub göndəribdir. Hacı Qaranın rəngi qaçır.

N a ç a l n i k. Hardadır! Hüzura gətir! Yasavul gedir. Heydər b ə y. Naçalnik, indi sizə məlum oldu ki, mən quldur deyiləm? O h a n. Ağa, o tutulan quldurlar bişək bunun yoldaşlarıdırlar.

N a ç a l n i k. Həqiqət olunar. Bu halda yasavul Kərəməlini hüzura gətirir. Hacı Qara onu görən kimi "vay" edib özündən gedir. Naçalnik (təəccüb ilə), Bu necə işdir? Bu kişi niyə özündən getdi? Bunu ayıldın görək!


M u r o v su tökür, Heydər bəy, Xəlil yüzbaşı qolun boğur, H a c ı Q a r a gözün açır.

N a ç a l n i k. A kişi, sənə nə gəldi özündən getdin? Hacı Qaranın dili tutulur. N a ç a l n i k (Kərəməliyə). A gədə, doğrusun de, səni buraxaram. Bu kişi səni görəndə niyə özündən getdi? K ə r ə m ə l i. Bilmirəm, başına dönüm!

N a ç a l n i k. Sən kim ilə və haçan qaçaq mala getmişdin?

K ə r ə m ə l i. Mən heç kim ilə və heç vaxt qaçaq mala getməmişdim. N a ç a l n i k. Nə danışırsan? Səni yükün üstündə tutublar, necə dana bilərsən? K

ə r ə m ə l i. Mənim o yükdən heç xəbərim yoxdur. N a ç a l n i k. Bəs o mal kimindir? 

K ə r ə m ə l i. Bilmirəm.

N a ç a l n i k. Bəs sən at üstündə deyildin? K ə r ə m ə l i. Bəli.

N a ç a l n i k. Bəs yükü atın üstünə kim qoyubdur? K ə r ə m ə l i. Şeytan qoyubdur, mənim ondan xəbərim yoxdur. N a ç a l n i k. Əzizim, biz şeytanı səndən yaxşı tanıyırıq. Ondan çox iş baş verər. Amma qaçaq mal alış-veriş eləməz. Doğrusunu de, yoxsa dərini soyaram.

H e y d ə r b ə y. Naçalnik, bir ərzim var.


Na ç a l n i k. De görüm.

H e y d ə r b ə y. Qulluğunuzda çox-çox müqəssirəm, amma təqsirimi boynuma götürürəm. Bu kişini mən iki yoldaşım ilə qaçaq malı gətirməyə aparmışdım. Bu tutulan onun nökəridir. Çün bu çox xəsis olduğu üçün malı tutulduğundan ötrü özündən getdi. Erməniləri də malının qorxusundan yolda əyləmiş imiş. Naçalnik (Heydər bəyə). Mətləb məlum oldu. Bəs yoldaşların kim idi?

H e y d ə r b ə y. Əsgər bəy, Səfər bəy. Naçalnik (murova). Oları çağırt, gətirt.

M u r o v. Bu saatda. Murov bir yasavul göndərir.


N a ç a l n i k (Heydər bəyə). Bəs niyə utanmadın, dedin ki, Ohan yalan danışır? Heydər bəy. Ohan həqiqətdə yalan danışdı, naçalnik! Ondan ötrü ki, biz hamı bir yerdə altı adam idik, qaçaq mal gətirirdik. Dörd yükümüz var idi. Bulara rast gəlib, qorxudub qovduq, çıxıb gəldik. Sənin başın üçün, Əylis ermənilərinin soyulmağından bizim xəbərimiz yoxdur! Bu halda bir yasavul Əsgər bəyi, Səfər bəyi gətirir.


N a ç a l n i k. Heydər bəy, yoldaşların bulardımı?

H e y d ə r b ə y. Bəli, bulardır! N a ç a l n i k. Heydər bəy, əgərçi quldurluq cəhətindən sənin təqsirin yoxdur, amma çün paşburtsuz sərhəddən o taya keçib, qaçaq mal gətirib, murov göndərən qaravulların üstünə qılınc və tüfəng çəkibsiniz, zakona görə gərək mən bu saatda sizi dustaq edib Qalaya aparam.


H e y d ə r b ə y. İxtiyar sənindir, naçalnik! S o n a x a n ı m (yeriyib naçalnikin ətəyin tutur). Qurbanın olum, məni öldür, onu aparma! Məni bisahib qoyma!

N a ç a l n i k. Heydər bəy, bu kimdir? H e y d ə r b ə y. Naçalnik, bu mənim arvadımdır. Dünən toy edib gətirmişəm. Bu bədbəxtliyimə bais budur!


N a ç a l n i k. Necə məgər? H e y d ə r b ə y. Naçalnik, biz bir-birimizi nəhayətdə sevirdik. İki il idi qovuşmaq həsrətin çəkirdik. Pul tapmırdım toy edim. Axır ki, qaçaq mal gətirib satdıq, qazancı ilə toy elədim, bunu gətirdim. Kaş öləydim, bu günü görməyəydim. S o n a x a n ı m. Başına dönüm, bizi padşahın başına çevir! Qul xatasız olmaz, ağa kərəmsiz. Yaz bu işi yuxarı bildir, bəlkə mənim göz yaşıma rəhm eləyələr. Mən dilimdən kağız verrəm ki, bundan sonra Heydər bəyi heç bir yaman işə qoymuyum.


H e y d ə r bəy. Naçalnik, mən hazıram ki, bu təqsirimi öz qanım ilə Dağıstanda padşahın düşmənlərinin qabağında yuyam. N a ç a l n i k (murova). Vallah, yazığım gəlir bu biçarələri bir-birindən ayırmağa. Görəsən mən bu işi yuxarı bildirənədək buları zamına vermək olarmı?


M u r o v. Olar. Ə s g ə r b ə y. Naçalnik, biz də düşmən qabağında qılınc çalmağa hazırıq!


N a ç a l n i k (murova). Buları zamına ver, ta yuxarıdan cavab gəlincə.


M u r o v. Baş üstə! Bu halda Hacı Qaranın arvadı T ü k ə z içəri girib, naçalnikin ayağına döşənib.

T ü k ə z. Başına dönüm, mənim ərimi mənə ver! N a ç a l n i k (Hacı Qaraya). Kişi, dəxi qaçaq mala getməzsən ki? H a c ı Q a r a. Tövbə olsun, naçalnik! Tövbə, tövbə! Gecə-gündüz sənə dua edəcəyəm ki, məni bu əməldən qaytardın! N a ç a l n i k (murova). Bunu da zamına ver.


M u r o v. Baş üstə! H a c ı Q a r a. Başına dönüm, bəs malım necə olsun?

N a ç a l n i k. O barədə səbr elə. H a c ı Q a r a. Qurbanın olum, malım yetişməsə ölləm!


N a ç a l n i k. Özün bil. Xəlil yüzbaşı, Hacı Qaranın nökərini və tuğluları da burax getsinlər. (Bəylərə). Sizin nəcabətinizə hərgiz layiq deyil ki, yaman əməllər ilə özünüzü bədnam edib ümənayi-dövlətin nəzərində xar və zəlil olasınız. Necə ki, oğurluq, elə də qaçaq mala getmək dövlət tərəfindən qadağandır. Padşahın əmrindən çıxan - allahın əmrindən çıxan kimidir. Allahın əmrindən çıxana o dünyada qəzəb yetişər, padşahın əmrindən çıxana bu dünyada; allahın əmrin bitirənə behişt var, padşahın əmrini bitirənə mərhəmət və şəfəqqət. Ümənayi-dövlətin rəhmi çoxdur, olur ki, sizin bu təqsirinizi bağışlayalar. Amma bundan sonra gərəkdir niyyəti-xalis ilə dövlətə sədaqətindiş olub, hər bir xüsusda, yaman xəyalları başınızdan çıxardasınız!

B ə y l ə r. Can-baş ilə nəsihətini qəbul edirik, naçalnik.

N a ç a l n i k (Sona xanımın əlindən tutub). Bax, sənin gözəlliyinə və göz yaşına Heydər bəyi səndən ayırmadım. Ondan yaxşı muğayat ol, genə bir pis iş tutmasın, ta yuxarıdan cavab gəlincə.


S o n a x a n ı m. Mənim başım üstə, naçalnik! Arxayın ol! Özümü öldürrəm ki, onu yaman işə qoymanam. N a ç a l n i k. Çox-çox razıyam! Sənin zamınlığın hər kəsin zamınlığından etibarlıdır. Xudahafiz! (İstir getsin).

H a c ı Q a r a. Başına dönüm, naçalnik, murovun yasavulları məni tutanda cibimdən yarım abbasımı çıxardıblar, buyur versinlər. N a ç a l n i k (murova). Buyur, bu saatda bunun pulunu versinlər! Yasavulların gərək belə əməlləri tərk ola!

H a c ı Q a r a. Allah sənin ömür və dövlətini artıq eləsin, ağa! Nə qədər bədənimdə canım var, sənin bu şəfəqqətini unutmayacağam! Naçalnik uzaqlaşır, dalısınca da adamlar.

Pərdə salınır. Tamam oldu.