Sərhesab
Sərhesab Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 91. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Səs ucalaşdı, qoymayın!
Millət oyaşdı, qoymayın!
Rişteyi-dərsə, məktəbə…
Cümlə dolaşdı, qoymayın!
İş yavalaşdı, qoymayın!
El uyuşub azanlara,
Gündə qəzet yazanlara,
Od vurulub qazanlara,
Qaynadı, daşdı, qoymayın!
Həddindən aşdı, qoymayın!
Tərk eləyin cavanları, -
Zərrəcə yoxdu qanları,
Sözləri doğru isə də,
Başları saşdı, qoymayın!
Çöhrə təraşdı, qoymayın!
Sehri, füsunu xoşlayın,
Şairi, şeri boşlayın,
Məktəb ilə bu firqənin
Bağrı badaşdı, qoymayın!
Nikbəti var, səsin kəsin!
Qarğa, dolaşdı, qoymayın!
Çox pis ulaşdı, qoymayın!
Kafir olub, vurun, vurun!
Rişteyi-ülfətin qırın!
Yazdığı şərini cırın!
Dinə sataşdı, qoymayın!
Küfrə bulaşdı, qoymayın!
Əqli, şüuri, fəhmi yox,
Irzu həyadə səhmi yox,
Məzhəbi, dini, rəhmi yox,
Işləri yaşdı, qoymayın!
Lap danabaşdı, qoymayın!
Qırıldı qaşdı, qoymayın!
Gözdən uzaşdı, qoymayın!
Mənbə
[redaktə]- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 62