Məzmuna keç

Satıram ("Moldayı, salmadı el dil boğaza…")

Vikimənbə saytından
Satıram ("Moldayı, salmadı el dil boğaza…")
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 222. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

Moldayı, salmadı el dil boğaza…
Eybi yox, gərçi qoyulduq loğaza,
Yaz bu е’lanımı da bir kağaza:
Açmışam Reydə geniş bir mağaza,
Çox ucuz qiymətə hər şey satıram,
Ay alan!.. məmləkəti-Rey satıram!
Mağazamda tapılır hər cürə zad:
Cami-Cəm, rə’yəti-Key, təxti-Qubad;
Gərçi bazarımı etməkdə kəsad
Sə’y edir bir para İrani nəjad,
Leyk mən baxmayıram, hey satıram!
Ay alan!.. məmləkəti-Rey satıram!
Nə gərəkdir mənə bir munca ümur
Ki, edə qəlbimi bihissü hüzur?
Babama vermədi əl "abəki-şur",
Deyiləm naxələfü nabəşüur;
Qəsri-Şirin, əsəri-Key satıram!
Ay alan!.. məmləkəti-Pey satıram!
İstəməm nuri, qaranlıq sevirəm,
Mülki-İranı dumanlıq sevirəm,
Boşlayıb şəhri, yabanlıq sevirəm,
Bəsdi şahlıq, dəxi xanlıq sevirəm,
Səbzəvar ilə məyamey satıram!
Ay alan!.. məmləkəti-Rey satıram!
Söz mənim, ev mənim, əsrar mənim,
İrzü namus mənim, ar mənim,
Mal mənim, məsləhəti-kar mənim,
Satıram, dövləti-Qacar mənim;
Kimə nə dəxli ki, mən şey satıram?!
Ay alan!.. məmləkəti-Rey satıram!
Şah məşrutə-pənah olmaq isə,
El qoyan vəz’lə şah olmaq isə,
Guş bər əmri-sipah olmaq isə,
Şah olub həmdəmi-ah olmaq isə,
Xan olub, nuş eləyib, mey satıram!
Ay alan!.. məmləkəti-Rey satıram