Məzmuna keç

Sirlər xəzinəsi/On beşinci söhbət

Vikimənbə saytından
On dördüncü söhbət On beşinci söhbət
Müəllif: Nizami Gəncəvi
On altıncı söhbət


PAXILLARI MƏZƏMMƏT

[redaktə]

Sehrikara döndərib bu fələyi hoqqası,
Qəribədir oyunu, hər kələyi, hoqqası.
Çal-çağırlı səhnədir, oynayan kəs hardadır?
İnci dolu dəryadır, qəvvası bəs hardadır?
Sərvət onda, zər onda, qılınc onda, tac onda,
Öc almağa ucalsan, xərac onda, bac onda.
Nə paxıldır, nə xəsis, qəza sənə darılmaz,
Cəbrayılla göylərə yüksələnə darılmaz.
Bu tükənməz xəzinə barındırsın səni də,
Neçin dünya varına darındırsın səni də?!
Yüksəldər yalnız bu yol, bil ki, səni dünyada,
Aç üzünə bu sirli xəzinəni dünyada.
İksir düzəlt otundan, yaqut çıxart daşından,
Yoxsa, sənət eşqini çıxart, çıxart başından.
Dopdoludur, tükənməz inci saçan xəzinə,
Söz fatehi fəthindən qorxub qaçan xəzinə.
Sənət bağı heç zaman kəsməz, bilin, nübarı,
Bir-birindən gözəldir hər fəsilin nübarı.
Şair - könül sapına söz incisi düzəndir,
Qəlbin qızıl qanıyla göz incisi düzəndir.
Yürüşdədir hər zaman söz-sənətin ordusu,
Hər alayı yenilməz, güclü, mətin ordusu,
Yalnız sözlə yüksəlib ərşə, məncə, düşüncə,
Nə qocaya baxandır, nə də gəncə düşüncə.
Deyirlər ki, ləl olur qartıyanda daş belə,
İnanmıram mən buna, olur-olsun kaş belə.
Paxıllıqdan qocalar gənci bada verəndir,
Hər sözünə dağ kimi əks-səda verəndir.
Bir südəmər uşaqsan ahılların gözündə,
Şirin südün zəhərdir paxılların gözündə.
Cavanların qədrini çətin bilər qocalar,
Sanma qayğı göstərər, uğur dilər qocalar.
Könül oxşar təzə gül, bil, haraya sancılar,
Köhnə tikan neştərtək düz yaraya sancılar.
Üzüm qora vaxtında tutiyaya dönəndir,
İlan qoca vaxtında əjdahaya dönəndir.
Nur çiləyər həmişə beyin başda kamala,
Köhnə beyin nur saçar, deyin, başda kamala?!
Kim ki, dalar gözüylə ulduzların seyrinə.
Ona köhnə təqvimin köməyi nə, xeyri nə?!
Şirtək qoca tazıya hər bir ovlaq yurd kimi,
Yırtar quzu ceyranın göbəyini qurd kimi.
Qoca qurdlar can atır - mən sızlayım, köynəyim,
Bir günahsız Yusifəm, parçalanıb köynəyim.
Qoca vuran yaradan mən olmaram key kimi,
Gənclik eşqi qanımda qaynar odlu mey kimi,
Vura-vura başını daşdan-daşa cavanlıq,
Olar ağıl dəryası başdan-başa cavanlıq.
Yasəmənin söyüdlü bağ olmağı baş tutmaz,
Hindu "ağam" desə də ağ olmağı baş tutmaz.
İnci səpəni gül kimi inci səpmək peşəmdir,
Cavanlıqda qocalıb yeri öpmək peşəmdir.
Ucaltsa da alçaldar hər nadana qulluğun,
Alçaltsa da ucaldar yaradana qulluğun.
Bir hilaldır təzə Ay - gərili bir yaydır o,
Yetkinliyə çatanda - bədirli bir Aydır o,
Elə bəslə ağacı meyvə görə biləsən,
Əllərini uzadıb xurma dərə biləsən.
Dən ki, düşdü torpağa, gözdən salma sən onu,
Dönüb sünbül olacaq, sanma daha dən onu.
Çayın suyu çağlayıb, hər an dolsa bir gölə,
Göl deməyin əbəsdir - dərya olsa bir gölə.
Gecə - yumub gözünü haçan danar Günəşi,
Səhər - gözə gur işıq saçan sanar günəşi.
Demə niyə qoynuna cillik çəkər qamışı?
Şəkəriylə ad alıb çünki şəkər qamışı.
Çəkişməyə uymazsan hünərinə güvənsən,
Sənət olsun şikarın, hünərinə güvən sən!
Sular bol-bol çoxda ki, axıb dolar sədəfə,
Bircə yağış damlası inci olar sədəfə.
Cummalısan dəryaya sən bir inci tapınca,
Taca layiq incini sən birinci tapınca.
Baxtın əli uzatsa sənə tərəf bayrağı.
Möhkəm saxla, düşməsin əldən şərəf bayrağı.
Yıxan hanı dünyanın sarayını dünyada?
Kəsmə sənət mülkündə harayını dünyada.
Darğa olma heç zaman yaradanın mülkündə,
İblis kimi qamçıyla çıxar canın mülkündə.
Yaradanın hökmündən kim ki, qaçan olubdur,
Fələk onun başına oyun açan olubdur.


ŞAHZADƏ HEKAYƏTİ

[redaktə]

Deyirlər ki, hakimdi uzaq Mərvə bir cavan.
Boy-buxunda bənzərdi uca sərvə bir cavan.
Dövlət adamlarından inciyirdi, bezirdi,
Onlar onun əksinə külək kimi əsirdi.
Köhnə şahlar bəslədi təzə şaha ədavət,
Lərzə saldı canına, həm dərgaha ədavət.
Bu qovğadan beynini təlaş yedi bir gecə,
Bir ixtiyar yuxuda ona dedi bir gecə:
"Ey təzə Ay, nurunla köhnə bürcü boğ daha,
Ey təzə gül, köhnə şax qoyma versin zoğ daha.
Belə etsən, şahlıqda başın daim sağ olar.
Qaş qabağın açılar, kef-damağın çağ olar."
Qalxan kimi yuxudan öz işini bildi şah.
Kim ki, ona qənimdi yer üzündən sildi şah.
Yıxıb köhnə sarayı yeni saray qurdu o,
Şahlığıyla bəzədi səltənəti, yurdu o.
Məmləkəti dağıdan başsız qalsa yaxşıdır.
Xain ordu basılıb tarmar olsa yaxşıdır.
Buda köhnə budağı, yeni pöhrə görərsən.
Təzə, cavan budaqdan təzə bəhrə görərsən.
Sel qoymasa işləsin kökü yerə çinarın,
Uzanarmı əlləri fələklərə çinarın?
Göz açmasan kor qalar öz yerində bulaqlar,
Coşmaz yerin qəlbində, gözlərində bulaqlar,
Mənliyinin hakimi səninlədir həmişə.
Qulağına dediyi, bil ki, nədir həmişə.
Paslandırma qanında xəncərini kamalın,
Xəncəriylə doğrasın daim kini kamalın.
Ağıl-kamal mücrüsü ülviyyətə bağlıdır.
Kin xəncəri sanma ki, pak niyyətə bağlıdır.
Kamalındır dövlətin, kamalına arxalan,
Amalındır comərdlik, amalına arxalan,
Güvəniblər həyatda səxavətə varlılar,
Qovuşublar əbədi səadətə varlılar.
Qurtuluşun tarlası kərəm dəni bəsləyər,
Vaxt gələr ki, nemətlə kərəm səni bəsləyər.
O comərdlik xəznəni görüb mini, ilahi!
Nemətinlə barındır Nizamini, ilahi!