Məzmuna keç

Sual-cavab (" – Şəhri-mə’lumunuzun vəz’ü qərarı necədir?")

Vikimənbə saytından
Sual-cavab (" – Şəhri-mə’lumunuzun vəz’ü qərarı necədir?")
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 147. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

CAVAN-QOCA
– Şəhri-mə’lumunuzun vəz’ü qərarı necədir?
– Həmdülillah, necə görmüşdüsə Nuh1, oyləcədir!
– Yeni məktəb açılıbmı vətən övladı üçün?
– Az deyil Adəm açan mədrəsə əhfadı üçün!
– Oxuyurmu qəzetə şəhrinizin əhli təmam?
– Bə’zi sarsaq oxumuşlar oxuyur, mən oxumam!
– Ölkənizdə açılıbdırmı qiraətxanə?
– Tazələr açmış idi, qoyduq onu viranə!
– Ac qarındaşlara infaq edilirmi, əmi can?
– Onu görməzmi xuda, el niyə versin ona nan?!
– Bivə övrətlərin əmri alınırmı nəzərə?
– Canı çıxsın, о da getsin yenə bir tazə ərə!
– Ittihad əmrinə dair danışırsızmı barı?
– Danışır bir paramız2, leyk boğazdan yuxarı!
– Sünniyü şiə təəssübləri ləğv oldumu ya?
– Nə dedin? Küfr danışdın! Cıraram ağzını ha!..
– Qabili-ərz sözüm yox, məni əfv et, gedirəm…
– Bəcəhənnəm ki, gedirsən, səni xud mən nedirəm?!
– Buna bax, ağzına bax, surəti-idbarına bax!
– Başının şapqasına, etdiyi göftarına bax!..