Məzmuna keç

Töhmət edir qəzetçilər, – məş’əri-nası bir belə!

Vikimənbə saytından
Töhmət edir qəzetçilər, – məş’əri-nası bir belə!
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 142. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Töhmət edir qəzetçilər, – mə’şəri-nası bir belə!..
Özlərinin, inan ki, yox fəhmü zəkası bir belə!..

Mən kimi aqil olsalar, şüğl edələr oğurluğu, –
Zəhməti, rənci bir belə!.. zövqü səfası bir belə!..

Cümlə məarif əhlinin haləti göz önündədir, –
Vəchi-məaşı bir belə!.. dərdü bəlası bir belə!..

Madəri-elmə söylənir Məryəmə1 söylənən tühəm,
Elmin anası bir belə!.. cəhlin atası bir belə!..

Mən dəliyəmmi oğlumu məktəbə, dərsə sövq edəm?!
Dərsin əzası bir belə, xəlqin ədası bir belə!..