Töhmət edir qəzetçilər, - məşəri-nası bir belə
Görünüş
Töhmət edir qəzetçilər, - məşəri-nası bir belə Müəllif: Mirzə Ələkbər Sabir |
Töhmət edir qəzetçilər, - məşəri-nası bir belə...
Özlərinin inan ki, yox fəhmü zəkası bir belə...
Mən kimi aqil olsalar şüğl edələr oğurluğu, -
Zəhməti, rənci bir belə!.. Zövqü səfası bir belə...
Cümlə maarif əhlinin haləti göz önündədir, -
Vəchi – məaşı bir belə!.. Dərdü, bəlası bir belə...
Madəri – elmə söylənir Məryəmə söylənən tühəm,
Elmin anası bir belə!.. Cəhlin atası bir belə...
Mən dəliyəmmi oğlumu məktəbə, dərsə sövq edəm?
Dərsin əzası bir belə!.. Xəlqin ədası bir belə...
Mənbə
[redaktə]- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 97