Təbib ilə xəstə
Görünüş
Təbib ilə xəstə Müəllif: Mirzə Ələkbər Sabir |
Bir təbibə gedib də bir bimar
Dedi: “Mədəmdə ağrı bir şey var;
Bir dəva ver, mənə əlac eylə,
Ölürəm, careyi-mizac eylə”.
Tutdu nəbzin təbib onun dərhal:
“Nə yemişsən?” - deyə edincə sual,
Dedi: “Yanmış çörək yədim, doktur,
Yediyim bir əlavə şey yoxdur”.
Baxa qaldı təbib onun sözünə,
Istədi bir dəva tökə gözünə.
Xəstə: “Mədəmdir ağrıyan, a gözüm,
Yoxsa məfhumunuz deyilmi sözüm?”
Dedi doktor ona ki: “Ey əhməq,
Eybli olmasa gözün mütləq,
Yanmış əkmək yəməz idin əsla,
Bu səbəblə yarar tökülsə dəva”.