Tərpənmə amandır bala, qəflətdən ayılma

Vikimənbə saytından
Tərpənmə, amandır, bala, qəflətdən ayılma (1906)
Müəllif: Mirzə Ələkbər Sabir

Tərpənmə, amandır, bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Aldanma ayıqlıqda fəraqət ola, heyhat!
Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!
Bidar olanın başı səlamət ola, heyhat!
At başını yat, bəstəri-rahətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Açsan gözünü rəngü məşəqqət görəcəksən,
Millətdə qəm ümmətdə, küdurət görəcəksən,
Qıldıqca nəzər millətə heyrat görəcəksən,
Çək başına yorğanını, nikbətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Bir ləhzə ayıldınsa, qutar canın yuxla,
At tiryakını, meyl elə qəlyanını, yuxla,
İncinsə sağın, ver yerə sol yanın, yuxla,
İllərcə şüar etdiyin adətən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Göz nurudur uyqu, onu dur etmə gözündən,
Yol vermə məbada çıxa bir ləhzə sözündən,
Amma elə bərk yuxula ki, hətta get özündən,
Afaqı tutan şurü qiyamətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!

Mənbə[redaktə]

  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 32