Uşaq və buz

Vikimənbə saytından
Uşaq və buz
Müəllif: Mirzə Ələkbər Sabir

Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq;

Sürüşdü birdən-birə,
Dəydi üz üstə yerə

Uşaq durub neylədi?
Buza belə söylədi:

“Sən nə yamansan, a buz!
Adam yıxansan, a buz

Az qalıb ömrün sənin,
Yaz gələr, artar qəmin:

Əriyib suya dönərsən,
Axıb çaya gedərsən!”