Məzmuna keç

Vəfalı Səriyyə/İkinci məclis

Vikimənbə saytından
Vəfalı Səriyyə/Əvvəlinci məclis Vəfalı Səriyyə İkinci məclis
Müəllif: Cəfər Cabbarlı
Vəfalı Səriyyə/Üçüncü məclis


Vaqe olur keçən otaqda. S ə r i y y ə tək və pərişan oturub.

S ə r i y y ə . Bədbəxt canım! Neçə illər idi ümid edirdim ki, gələcəkdə Rüstəm, əmim oğlu, istəklim ilə bəxtiyar yaşayacağam. Amma, heyhat! Ey dövrani-zalım! Ey taleyi-bivəfa! Bumu illər ilə gözlədiyim həyat? Bumu illər ilə intizarı olduğum istiqbal? Bumu illər ilə həsrətini çəkdiyim səadət? Beləmi günləri mən xəyalımda bəsləyirdim? Ah! Azadə bir bülbül kimi həmişə güllər arasında gəzdiyim halda, indi gör qəza məni nələrə məhkum etmiş? Alçaq cinayətkarlar kimi məni həbsə salıb, nökəri də üstümə zindanban qoyublar. Ilahi! Bu qədər zülm rəvamı? Ey rəbbim! Yoх! Yoх! Mən dəxi bu zülmə tab edə bilmirəm. Hər nə tövr ilə olursa olsun, mən gərək bu gün R ü s t ə mi görüb, həmin zənciriəsarəti ya tar-mar edəm, ya özüm məhv olam. Mənim dəxi səbr etməyə taqətim qalmadı. Aх! Zalım kişilər! Ərlər! Məzlumə qadınlar! Qızlar! (Oturub yazandan sonra.) Səfər!.. Ay Səfər!..

S ə f ə r (daxil olur). Nə deyirsən?

S ə r i y y ə . Səfər! Hacı Muradalının evini görmüşsən?

S ə f ə r . Necə, Hacı Muradın?

S ə r i y y ə . Yox, Hacı Muradalının! Başa düşdün? Səfər. Yaxşı də, bunu deynən, Hacı Murad Əli. (Boğazından deyir.) Mən də başa düşüm!

S ə r i y y ə . Hə, deməli, başa düşdün, hə?

S ə f ə r . Əlbət ki, başa düşdüm, Murad Əli də.

S ə r i y y ə . Yaxşı, orada R ü s t ə m var, onu tanıyırsanmı?

S ə f ə r . Hansı R ü s t ə m? O küçədə Rüstəm o qədər var ki. (Fikirləşir.) Hə, o sizin qohumunuz Rüstəmi deyirsən?

S ə r i y y ə . Hə, hə, o Rüstəmi!

S ə f ə r . Tanıyıram! Sonra, nə olsun?

S ə r i y y ə . Gəl səni beş dəqiqəliyə ora göndərim.

S ə f ə r . Yoх! Yoх! Ağa gəlib qol-qıçımı sındırar.

S ə r i y y ə . Ağan gəlincə gedib gələrsən.

S ə f ə r . Yoх! Yoх! Allah xatiriyçün məndən xatanı uzaq elə.

S ə r i y y ə . Səfər! Allah rizasına mənə rəhmin gəlsin. Görürsən özün, mənə nə qədər zülm eləyirlər. Mənə rəhmin gəlmirmi?

S ə f ə r . Ay xanım, vallah gedərəm ha! Amma mən də qorxuram.

S ə r i y y ə . Səfər! Sən gəl get, sonra bir yaxşı şey verərəm, arvadın üçün apararsan.

S ə f ə r . Əvvəlcə ver, görüm nədir?

S ə r i y y ə (oyan-buyana baxır). Vallahı burada heç bir şeyə gümanım gəlmir. (Boğazından ipək örpəyi açıb ona verir.) Bu ipək örpəyi əmim mənə iki-üç gün vəfatından qabaq almışdı. Ala! Apar arvadına bağışla.

S ə f ə r (kənara). Bilirəm, dədə-babam gorbagor olacaq! Cəhənnəmə, ondan mənə bir zərər yoxdur. Amma burada beş manatlıq şey mənə qalar. (Səriyyəyə.) Gedirəm, amma gərək qapını qıfıllayım. Yoxsa oğru gəlib çarığımı-zadımı oğurlayıb aparar.

S ə r i y y ə . Yaxşı qıfılla. Bax, bu kağızı verərsən Rüstəmə, bildin?

S ə f ə r . Bildim, bildim. Amma lənət kor şeytana, bilirəm Həmzə qol-qıçımı sındıracaq, yainki, saqqalımın tükünü yolub, sifətimi arsız sifətinə döndərəcək. (Qapını qıfıllayıb gedir.)

S ə r i y y ə . Baxın, bunlar tamam məndən ötrüdür ki, mən çıxıb qaçmayım. Biçarə Səfər, ancaq üzümə deməyə utanır. Çarığımı apararlar, – deyə bəhanə gətirir. Amma o zalımlar heç utanmırlar. Bir aydır pərvanəni şamdan ayıran kimi məni də Rüstəmdən ayırıblar. Hələ srağagün anam mənə deyir ki, Rüstəm belədir, acıqlıdır, səni döyər. Mənim dayım oğlu Qurban belə gözəldir, belə pulludur, səni ona vermişəm. Mən də günahkar olub dedim ki, razı deyiləm. Sifətimə bir sillə vurdu ki, qulağım cingildədi. Hələ bu gün səhər məni o qədər vurublar ki, əndamım gömgöy göyərib. Hərgah Məhərrəm olmasaydı, məni öldürürdülər. O, onları sakit elədi.

S ə f ə r (daxil olur). A kişi, o oğlan gəlib ki, mən də bura girəcəyəm. Mən deyirəm olmaz. O heç qulaq asmır. İstədim qapını örtəm, itələdi. Əlim qaldı qapı arasında, əzildi. Aman! Aman! Vay, dədəm vay!.. Deyirəm ağam deyib buraya adam-zad buraxma.

S ə r i y y ə . Eybi yoxdur, qoy gəlsin, bu saat gedəcək!

S ə f ə r . Yox, heç yeri yoxdur.

S ə r i y y ə . Sən allah, Səfər! Burax gəlsin, indicə gedəcək.

S ə f ə r . Lənət kor şeytana, döyülməyinə döyüləcəyəm, qoy elə o da gəlsin. (Gedir.)

R ü s t ə m daxil olur, hər ikisi qucaqlaşırlar. S ə r i y y ə ağlayır.

R ü s t ə m. Səriyyə, əhdinizdən nə tez döndünüz? Nə üçün evə gəlmirsiniz?

S ə r i y y ə . Ah, Rüstəm! Rüstəm! Mən bivəfa deyiləm. Bir aydır sənsiz aramım yoxdur, dünya başıma dar olubdur. Amma sən məni heç axtarmırsan.

R ü s t ə m. Gözəl mələyim! Mən də fərağında məcnunam. Dörd dəfə gəlmişəm, deyiblər ki, Səriyyə evdə yoxdur. Mən də bu işi sizing əhdi sındırmaq istədiyinizə…

S ə r i y y ə . Ah, Rüstəm! Məni səndən ayırmaq istəyirlər. Ona görə səni içəri buraxmırlar. Məni Qurbana veriblər. Bir çarə tap, R ü s t ə m, məni xilas et!

R ü s t ə m. Nə danışırsan? Kim bizi ayırır? Bu nə sözdür?

S ə r i y y ə . Biz əhd eləmişdik ki, ölənə kimi bir-birindən ayrılmayaq. R ü s t ə m, əhdinə vəfa et! Məni bu zindandan xilas elə!

R ü s t ə m. Gözəlim! Siz razı olmasanız , gücləmi sizi verəcəklər?

S ə r i y y ə . Bəli! Güc ilə məni razı olmağa məcbur edirlər. Budur, qapılar üzümə bağlanıb, məni burada məhbus saxlayıblar. Heç kəslə danışmağa qoymurlar ki, dərdimi bir kimsə bilməsin. R ü s t ə m. Əzizim! Belə iş olmaz. Buna anan da razı olmaz.

S ə r i y y ə . Yox, anam onlardan da zalımdır. Onlar hamısı qət ediblər ki, səni burada mənim yanımda görsələr öldürsünlər.

R ü s t ə m. Axı nə səbəbə, nə üçün?

S ə r iy y ə. Bu gün anam, Həmzə və oğlanları məsləhət qoydular ki, məni Qurbana versinlər. Mən dedim ki, razı deyiləm. Bundan ötrü məni o qədər döydülər ki, ancaq Allah halımdan xəbər tutdu. Bu işlərin də baisi Həmzə ilə anamdır.

R ü s t ə m. Səriyyə, sevgilim, belə iş olmaz! Güclə şey yaramaz. Onlar bilirlər ki, biz bir-birindən ayrılmarıq! Belə iş eləməzlər.

S ə r i y y ə . Yox, R ü s t ə m, sən bilmirsən mənə nə zülmlər edirlər. (Ağlayır.)

R ü s t ə m. Səriyyə! Ağlama! Yenə yalvarın, görək, bəlkə rəhmləri gəldi.

S ə r i y y ə . R ü s t ə m! Yalvarmaq zamanı keçib. Əgər yalvarmaq ilə olsaydı, mən çox yalvarmışam, ağlamışam. Heç bir şey olmur. Hər kəlmə üçün bir dəfə döyülmüşəm.

R ü s t ə m. Bəs indi nə çarə edək?

S ə r i y y ə . Bax, bir kəlmə söz üçün məni nə cür vurublar! (Qolunu göstərir.)

R ü s t ə m. Allah, bu zülmlərə şahid ol! İllərlə ürəyimizdə bəslədiyimiz ümidləri məhv etmək istəyirlər. Atam ölmüş, daha bir kəsdən kömək diləməyə gümanım gəlmir. Yox, Səriyyə, elə də olmaz. Lazımdır ki, bir qədər mülayimanə yalvaraq.

S ə r i y y ə . Rüstəm, bunların rəhminə güvənməkdənsə, dəryada iynə üstünə minib xilas olmağa güvənmək daha əfsəldir.

R ü s t ə m. Artıq heç bir çarə yoxdur, gözəlim! Gəl nə qədər onlar burada yoxdur, qaçaq! Gəl, gedək!

S ə r i y y ə Səfərə baxır.

S ə f ər (kənara). Döyülməyinə döyüləcəyəm, qoy xırlı-pırlı, ağıllıbaşlı döyülüm! Oynayan yerli oynar. Gedin! Heç bir tikə sizi tutmaram. Gördüm dəyənək haqq-hesabı var, mən də qaçıb sizin yanınıza gələrəm. Gedin, Allah sizə kömək eləsin. (Səs gəlir.) Bircə dayanın, görüm o nə səsdir. (Gedir.)

S ə r i y y ə . Deyəsən, Rüstəm, xəbər tutublar.

S ə f ə r (daxil olur). Ay xanım, ağa öz oğlanları ilə gəlir.

H ə m z ə (öz oğlanları ilə daxil olur). Bu nə hekayətdir? Bunu kim buraxdı? R ü s t ə m. Məgər nə olar bura gələndə? Mən buranı öz evim kimi sanıb gəlmişəm. Atam sağ olanda da mən bura gələrdim. İndi nə olub ki, məni bura buraxmaq istəmirsiniz? Mənim təqsirim nədir?

H ə m z ə. Sənin təqsirini mən sənə bildirərəm. Sənin o qızın yanında nə işin var?

R ü s t ə m. Məgər o qızın yanına gəlmək qadağandır?

S ə r iy yə (kənara). Allah! İndi onu öldürərlər.

H ə m z ə. Əlbət ki, qadağandır. Məgər sən mənim evimi nə hesab edirsən?

R ü s t ə m. Mən həmişə gecə-gündüz o qızla olmuşam. Onunla böyümüşəm. İndi nə səbəbə gəlmək olmayır?

H ə m z ə. Dəxi sən görən ağaclar kəsildi. Bir də o qızın yanına gəlməyə ixtiyarın yoxdur, çünki o qızı özgəyə vermişəm.

R ü s t ə m. Necə özgəyə vermişəm, bəs mən?.. Mən?..

H ə m z ə. Sən bir də qiyamətdə onu görərsən?

R ü s t ə m (stulu götürür). Ox, dəxi can gəldi boğazıma, ya Allah… H ə m z ə (tutur stulu). Adə, vurun bu həyasız oğlunu! (R ü s t ə m tutur Həmzənin yaxasından.)

Q u r b a n. Adə, burax atamı?

H ə m z ə. Adə, Q u r b a n ölmüşsən? Tapança ilə vursana.

Q u r b a n tapançanı divardan götürüb Rüstəmi vurmaq istədikdə, S ə r i y y ə qışqırıb mane olur.

S ə r i y y ə . Yox, onu vurma, məni vur. M ə h ə r r ə m R ü s t ə mi bayıra itələyir.

Q u r b a n. Çəkil qabağımdan, sənə deyirəm. (İtələyir Səriyyəni. Getmək istədikdə M ə h ə r r ə m qoymur.)

H ə m z ə. Haram olsun sizə yediyiniz çörəklər. Mən onun üçün göydə gəzirdim, yerdə əlimə düşmüşdü, niyə onu tutub sağ buraxdınız?

Q u r b a n. Hərgah M ə h ə r r ə m onu qaçırmasaydı, onu bir gülləyə Qurban edərdim.

S ə f ə r (kənara). Bəs necə, kişi əvvəlinci qoçudur. (Çıxır bayıra.)

H ə m z ə (M ə h ə r r ə mə). Buna bax, bu da ona kömək edir. Yoxsa o mənim əlimdən sağ qurtara bilərdi?

M ə h ə r r ə m. Ay ata! Belə iş yaramaz. Mən dünən də demişəm: Qurban üçün qız az deyil. Birini alıb ölüb. İndi bir dul alsın və ya dul istəmir, ayrı bir qız alsın. Nahaq yerə iki cavanı bədbəxt edirsiniz. Qurban onu öldürər, özü də katorqaya gedər. Qız da Rüstəmsiz yaşamaz! Nə üçün yaxın bir qohumluq arasında ədavət qalxsın. Hərgah Qurban zor ilə o qızı alsa da… heç biri bir gün görməz, fəna bir həyat qarşısında məhv olub gedərlər. Çünki Səriyyə Rüstəmi sevir, Rüstəmə aşiqdir, Rüstəm də Səriyyəyə. Bunu bir dəfə demişəm, siz nahaq yerə bu cavanları zəlalətə salmayın.

H ə m z ə. Yəni sözün qısası nə demək istəyirsən?

M ə h ə r r ə m. Mən onu demək istəyirəm ki, Səriyyəni Rüstəmə verib, Qurban üçün özgə qız alın.

H ə m z ə. Səsini kəs məlun! Yoxsa başını əzərəm. Boyuna baх! Bir qarış boyu yoxdur, bizim başımıza ağıl qoyur.

M ə h ə r r ə m. Ay ata! Axı onlar bir-birini sevirlər. Onları ayırmaq da mümkün deyil. Bu sizin üçün günahi-kəbirədir. Çünki bədbəxtliyə bais siz olursunuz. Allahdan qorxun.

H ə m z ə. Adə! Burada nə günah yeri var? Qızdır, o da istəyir, mən də… O alanda savab oldu, mən alanda günah? Sabah biri gəldi ki, arvadını istəyirəm. Vermədim, bu da mənim üçün bir günah oldu?

M ə h ə r r ə m. Ay canım!..

H ə m z ə. Belə bir zəhrimar canım, dərd canım! Babının bir babı, gəlib bizim üçün vəkillik edəcək. Belə mənim də inadda əlim var. Ya gərək bunlar qəbirə getsinlər, ya Sibirə. Axır o qız ölsə də, verməyəcəyəm!.. Vəssalam.

M ə h ə r r ə m. Əhsən möminliyinə. (Gedir.)

H ə m z ə. Allah vursun sənin kimi övladı. Aləm oxuyar mömin, Axund olar. Amma bu Allah vurmuş oxuyub babı olub. Bu da camaatın təzə uşqollası! Səfər! Səfər!

S ə f ə r (daxil olur). Nə buyurursan ağa?

H ə m z ə. Adə, ay heyvan oğlu heyvan! Mən sənə deməmişdim qapıdan bir yana tərpənmə, bura adam-zad gəlməsin?

S ə f ə r (əsə-əsə). Ay ağa! Vallah qapını qıfıllamışdım, getmişdim. Tez yenə qayıtdım gəldim.

H ə m z ə. Məgər hansı cəhənnəmə getmişdin?

S ə f ə r . Ay ağa! Məgər neçə cəhənnəm var?

H ə m z ə. Heyvan oğlu heyvan, hələ mənimlə sual-cavaba başla! Belə hara getmişdin? (Gedir üstünə.)

S ə f ə r . Vallah, ağa, qələt eləmişəm! Gələn səfər gedəndə daha qapını qıfıllamaram, açıq qoyub gedərəm.

H ə m z ə. Allahü-əkbər! Adə, mən deyirəm heç getmə. Bildin?

S ə f ə r . Baş üstə, ağa, istəyirsən heç qapıda da dayanmayım.

H ə m z ə. Ay kişilər, belə heyvana nə deyəsən?

S ə f ə r (kənara). Hər nə deyirsən de, ancaq dəyənək haqq-hesabı olmasın.

Səriyyə (o biri otaqdan). Ah! İlahi!!!

H ə m z ə (S ə r i y y əyə tərəf). Zəhrimar! Səni bir dərdə salım ki, dərmanın ələ düşməsin! (Qurbana.) Qurban! Səfəri apar bu tin dükandan bir kəllə qənd al, ver ona, gətirsin, gedək Axundun yanına. Səfər ilə Qurban gedirlər. Yerdə qalanlar keçirlər o biri otağa.

S ə r i y y ə . Bəli! Hər bir yerdən ümidim kəsildi. Bircə ümidim qalır ki, o da şəriətimizdir. İndi məni Axundun yanına apararlar, onda deyərəm ki, razı deyiləm! Axund nikah kəsməz, sonra gərək nə olar. Belə də gözəl şəriət olar? Hər şeyi gözəl surətdə əmr buyurmuşdur. Qurban , Səfər daxil olurlar. Qurban baxır o biri otağa.

S ə f ə r . Qəndi A х u n d yeyəcək, nahaq yerə çiynim əzildi.

H ə m z ə. Hə… Gəlmişsiniz… Adə, Səfər, götür qəndi gedək. (Hamı çıxır.)

S ə r i y y ə (yıxılır ayaqlarına). Ay baba! Vallah mən bu işə razı deyiləm!

H ə m z ə. Səsini kəs, həyasız! Məgər sənin ilədir razı olmuyasan? Vaxta ki, anan və mən razıyıq, sən də qələt eləyirsən? Bir saatdan sonar səni həmişəlik adam elərəm.

S ə r i y y ə n i itələyib gedir və qapını qıfıllayır. Bir azdan sonra R ü s t ə m pəncərənin qabağında görünür.

R ü s t ə m. S ə r i y y ə! Ağlama! Səbr elə!

S ə r i y y ə R ü s t ə mi görcək pəncərənin qabağına atılır.

S ə r i y y ə . Bir az səndən qabaq anam, Həmzə və oğlu Axundun yanına getdilər. Məni aparmadılar. R ü s t ə m. Yaxşı, dəxi sən ağlama! Mən gedib bu saat Axunda sizin razı olmamağınızı bildirərəm. Salamat qal. (Gedir.)

Bu halda Q u r b a n o biri otaqdan daxil olur. Qapını itələyir, qapı bağlı olduğundan, mıxdan tapançanı götürüb, yan otaqdan çıxıb pəncərənin qabağına, R ü s t ə m gedən tərəfə yüyürür.

S ə r i y y ə . Ah, zalım, getdi! İlahi, sən Rüstə mə kömək ol. Bir bərk səs gəlir. Bir azdan sonra Q u r b a n qayıdır.

Q u r b a n. Hə… Yaxşıdır? İndi görək nə edəcəksən? Kiminlə danışacaqsan? Kimi sevəcəksən? R ü s t ə m də öldü?

S ə r i y y ə . Necə, R ü s t ə m öldü!

Q u r b a n. Canı da çıxdı!

S ə r i y y ə. Ah!.. Yox, mən də Rüstəmdən sonra yaşamaq istəmirəm. Dəxi mən ölüm istəyirəm.

Q u r b a n. Yenə dilini kəsmirsən?

S ə r i y y ə . Hərgah səndə insaf varsa, tapança ilə vur. Birdəfəlik məni bu bəladan qurtar.

Q u r b a n. Sənə demirəm kəs səsini! (İtələyir, gedir o biri otağa.)

S ə r i y y ə . Ya rəb, neçin rəvaqi dağılmır fələklərin? Görmürmü zalimani-cəhanın cəfasını? Zalim, nə qədər zülm eləyirsən, elə… fəqət, Axırda bu zülmün görəcəksən cəzasını!

Pərdə