Məzmuna keç

Vəfalı Səriyyə/Əvvəlinci məclis

Vikimənbə saytından
Vəfalı Səriyyə Əvvəlinci məclis
Müəllif: Cəfər Cabbarlı
Vəfalı Səriyyə/İkinci məclis


Vaqe olur Həmzənin evində. Döşənmiş otaq. Divarda bir xəncər, o biri divara bir tapança asılmış. Bir stul və bir kürsünün üstündə 2 kitab, kağız, qələm və mürəkkəb vardır. Stul üstündə Səriyyə oturub qəzet oxuyur. Bir qədərdən sonra məhzun bir halda qəzeti qoyub kitabın arasından bir şəkil götürüb deyir:

S ə r i y y ə . Ah, Rüstəm! Ah! Ey məhəbbətilə pərişan olduğum! Nə üçün məni yaddan çıxartdın? Nə üçün mənim halımdan xəbərdar olmaq istəmirsən? Nə üçün öz sevgilini zalımlar əlində qoyub xilas etmirsən? Biz ki, bir-birilə əhd bağlamışdıq ölənəcən bir-birindən ayrılmayaq. Hər cür əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub əhdimizdən dönməyək. Bəs nə üçün sən əhdinə vəfa edib məni buradan azad etmirsən? Yox, Rüstəm, sən bivəfa deyilsən! Amma mümkün olmadığını mən də bilirəm. Nə çarə edəsən? Sən bir tək, amma bu zalımlar bihədd. Ah, Rüstəm, ürəyim çatlayır! Taqətim kəsilir! Səni görmək istəyirəm. Fəraqi-yardan mən zarü giryan olmuşam, ya rəb! Cəfavü zülmi-zalımdan pərişan olmuşam, ya rəb! Günüm zülmət tək tarik səhrayi-məhəbbətdə… Cidayi-şəmsü mahü çeşmü müjgan olmuşam, ya rəb!

R ü s t ə m! Səndən ayrılanı bir aydır ki, gecələr yuxum gəlmir. Sübhədək sənin xəyalınla məşğulam. Gündüzləri aramım gəlmir. Həmişə səni arzu edirəm. Ürəyimdə fikrin, dilimdə adındır. İndi dəxi aşkar adını çəkməyi mənə qadağan eləyiblər. Yox, Rüstəm, mən sənsiz yaşaya bilmərəm. Ah, keçən günlər, keçən dəqiqələr! İndi zülm ilə bizi ayırdılar. Amma sən bixəbərsən! Yoх! Qoy məni öldürsünlər, amma mən səndən ayrılmaram. Çünki bizi sarıyan eşq zənciri o qədər möhkəm, o qədər qüvvətlidir ki, ayrılmaq da istəsəm, bacarmaram. Bu eşqə ölümdən başqa bir çarə yoxdur. Yox, mən elə bir vicdan sahibi deyiləm ki, belə keçmiş günlərdən sonra səni atıb qeyrisini tutum. Mən 8 yaşında idim, atam vəfat etdi. Əmim məni çox istədiyindən anamı alıb məni də öz evinə apardı. 9 il zəhmətimi çəkib oxutdurdu. Və hərdənbir deyirdi ki; "Səriyyə, səni oğlum Rüstəm üçün alacağam". Biz də bir yerdə məktəbə gedib, oynayıb gülürdük. Səhərlər Rüstəm məni aparıb məktəbin qapısından içəri salıb, öz məktəbinə gedirdi. Birbirinə can deyib, can eşidirdik. Gündüzlər məktəbdə min dəfə Rüstəmi yada salırdım. Lakin qəza işlətdiyini işlətdi. Bir ay bundan qabaq əmim də vəfat etdi. Bir həftə keçməmiş anam məni aldadıb, bir saatlığa bura, bu vİranəyə, öz dayısıgilə gətirdi. Indi bir aydır tamam qapıları üzümə bağlayıb, burada məhbus ediblər. Heç kəsə məni göstərmirlər. Ah! Nə bivəfa tale! Nə zalım zəmanə!

S ə f ə r əlində süpürgə daxil olur.

S ə f ə r . Xanım, dur o biri otağa keç, buranı süpürüm. (S ə r i y y ə keçir. Səfər süpürür.) Dünyada qəribə axmaq adamlar var ha! Mənə dəli deyirlər, amma məndən dəliləri çoxdur. Budur, mənim ağam gedib xalqın qızını, adaxlısını güc ilə tutub gətirib ki, nə var, bəs səni oğlumçun alacağam. Belə də, mən ölüm axmaq iş olar! İndi bir ay üç həftə iki gündür ki, qızı burada dustaq eləyiblər. O da, rəhmətliyin qızı, hələ uzun ağlayır. Hələ uzun "Rüstəm, Rüstəm!" – deyib başımızı dəng eləyir. İndi ağalarım buraya məsləhətə gələcəklər. Gərək otağı süpürüm. (Süpürür.) Qəribə burasıdır ki, oğulun biri razı deyil, amma atası və o biri oğlanları razıdırlar. O deyir belə, o birilər deyirlər, хеyr, belə, mən də deyirəm, lap hələ belədir ki, var. (Gedir.)

H ə m z ə, Çimnaz, Camal, sonra da M ə h ə r r ə m daxil olurlar.

H ə m z ə. Sən necə bilirsən, ay Çimnaz? Mən deyirəm ki, bu sözü Səriyyəyə deyək.

Ç i m n a z . Səriyyənə itdir ki, bir də ona məsləhət edək. Mən razıyam, vəssəlam!

H ə m z ə. Yox, deyirəm, axır ki, ona deyək. Sözdür də, razı olar… olar, olmaz… onda canını çıxardıb güc ilə razı edərik.

Çi m n a z . Hərgah R ü s t ə m ilə bacara bilsəniz, S ə r i y y ə nə eləyə biləcək? Əlindən nə gələcək?

H ə m z ə. Axı Rüstəmin əlindən nə gələcək? Üç nəfər əjdaha kimi oğlum var. Iki gözünü bir deşikdən çıxararlar.

M ə h ə r r ə m. Хеyr, məni saymayın, çünki mən belə işə qarışmıram. Mən həqqaniyyət tərəfdarıyam. Heç vaxt haqq tərəfi qoyub nahaq tərəfə, yəni sizə, kömək edə bilmərəm.

H ə m z ə. İndi guya nahaq biz danışırıq də?

M ə h ə r r ə m. Əlbət! Əlbət! İki nəfər məhəbbət zənciri ilə bağlanmış cavanı zor ilə ayırırsınız. Bu ədalətsizlik deyilmi? Nahaqlıq deyilmi?

H ə m z ə. Ay babıların lap, lap belə böyüyü! Bu, babıların kitabının hansı üzündə yazılıb?

M ə h ə r r ə m. Хеyr, babı deyil, öz kitabımızda yazılıb.

H ə m z ə. Əcəb eləyib ki, yazılıb. Öl ki, yazılıb. Sən qatışmırsan, cəhənnəmə-gora qatış. Adə, Səfər! Səfər!

S ə f ə r daxil olur.

S ə f ə r . Bəli, ağa! Nə buyurursan?

H ə m z ə. Get, o biri otaqdan qızı çağır gəlsin. (S ə r i y y ə girən otağı göstərməyib, onunla rubəru otağı göstərir.) Özün də gəl onunla. Tez!

S ə f ə r . Özümün gəlməyim vacibdir, ya ki, gəlsəm gəlmişəm, gəlməsəm yoх?

H ə m z ə. Özün də gəl, onu tək buraxma!

S ə f ə r . Deməli, mən də saldat kimi onun yanilə gəlim ki, qaçmasın də?

H ə m z ə. Adə, yeri, nadürüst oğlu! Sənə deyirəm get-get, gəl-gəl!

S ə f ə r . Baş üstə, ağa! (Gedir.)

M ə h ə r r ə m. Mən əminəm ki, Səriyyə heç vaxt razı olmayacaq və Rüstəmdən ayrılmayacaq. Çünki onlar bir-birini sevirlər.

H ə m z ə. Onun ağzı nədir razı olmasın. Biz ondan xala-xətrin qalmasın, deyə soruşuruq, yoxsa ona kim qulaq asır.

M ə h ə r r ə m. Hərgah şəriət və insaniyyətlə getmək istəyirsiniz, onda soruşun; razı olarsa, gözəl, olmazsa, əl çəkməlisiniz.

H ə m z ə. Ona qalsa, əlbət ki, razı olmaz.

M ə h ə r r ə m. Mən də bilirəm razı olmaz. Odur ki, ona zor etməyə haqqınız və ixtiyarınız yoxdur.

H ə m z ə. Onu Allah vurub. Elə razı olar ki!

M ə h ə r r ə m. Heç, heç vaxt razı olmaz.

H ə m z ə. A kişi, sənə nə var, yapışdın yaxamıza? Nə demək istəyirsən?

M ə h ə r r ə m. Mən onu demək istəyirəm ki, onun hər bir ixtiyarı özündə olmalıdır. Qeyri bir kəsdə onun ixtiyarı ola bilməz.

H ə m z ə. Bircə səsini kəs, vallahi durub çənəni çıxardaram! Sənə nə var!

M ə h ə r r ə m. Yəni güc ilə xalqın qızını öldürəcəksiniz?

H ə m z ə. Lap belə canını da alacağam.

M ə h ə r r ə m. Nə qız razı olacaq. Siz də ki, nahaqsınız.

H ə m z ə. Həftadi püştümə lənət yalan desəm; əgər bu işə razı olmasa, onu tikə-tikə doğrayıb quyuya tökdürəcəyəm.

M ə h ə r r ə m. Onda on iki il Sibirə səyahətə çıxmalısınız. C a m a l. Onu Allah vurub, ondan ötrü adam Sibirə getsin.

H ə m z ə. Adə, sən nə danışırsan? Biz məgər divan-dərə görməmişik. Canım bu divanlarda çıxıb, indi sən mənə öyrədəcəksən. Çox bədəbəd eləsə, sallam ipi boğazına, tullaram quyuya – nə dil bilər, nə də dodaq. (Səfər əlində süpürgə daxil olur.) Sonra iki nəfər şahiddir, inandıraram ki, Səriyyə Rüstəm ilə gedib gəlməyib. Hər şahidə üçcə manat verərəm, qurtarar gedər. Rüstəmi də tutub salarlar oraya, vəssalam.

S ə f ə r . Ağa, şahidlərin biri mən.

H ə m z ə. Adə, bəs necə oldu?

S ə f ə r . Nə, ay ağa!

H ə m z ə. Adə, mən demədim sənə qızı çağır?

S ə f ə r . Ay ağa, vallah heç yadımda yoxdur. Mən səhərdən otağı süpürürəm.

H ə m z ə (durur ayağa). Adə, nadürüst oğlu nadürüst. Sən mən deyənə qulaq asmırsan?

S ə f ə r . Yox, ağa, vallah qulaq asıram. Bu saat çağırım də. (Qaçır, bir azdan sonra.) A-a-ay ağa! Qız heç o-o-o-otaqda yoxdur.

H ə m z ə. Adə, necə! Kafir oğlu, kafir, qız qaçıb?

S ə f ə r . Bilmirəm? Ay ağa, bəlkə bu otaqdadır. Sən səhv etmişsən. (Gedib yenə tez gəlir.) Ay ağa, bu otaqdadır.

H ə m z ə. Adə, ay şeytan oğlu şeytan, ürəyim düşdü ki, vay sənin abavü əcdadın gorbagor olsun. Adə, hardadır ordan çağır də.

S ə f ə r . Ay ağa! Abavü əcdadım nə eləsin! Sən əlinlə bu otağı göstərdin bayaq, mən də ora getdim. Burda dəxi dədəm-babam nə eləsin.

H ə m z ə. Adə, tez yeri, çağır gəlsin!

S ə f ə r . Baş üstə ağa! (Gedir. S ə r i y y ə gəlir.)

H ə m z ə. S ə r i y y ə, bilirsən nə var? Səni Q u r b a na vermişik. (Səriyyə ağlayır.) Bu gün nikah kəsməyə gedəcəyik. Biz gəlincə hazır ol. (Kənara.) Şadlığından ağlayır, görürsünüz, dinmir. Yəni razıdır!

Çi m n a z . Mənim qızım ağıllıdır. Heç böyük sözündən çızmaz.

S ə f ə r (kənara). İndi bunlar əriştə doğrayırlar, amma qız heç razı deyil.

S ə r i y y ə. Mən R ü s t ə m ilə hələ uşaqlıqdan bir yerdə olduğum üçün ondan ayrı yaşaya bilmərəm.

H ə m z ə. Necə? Nə dedin? (S ə r i y y ə ağlayır.) Səninlə deyiləm? De görüm nə dedin?

S ə r i y y ə . Mən Q u r b a na getməyə… (Ağlayır.)

H ə m z ə. Sonra nə oldu.

S ə r i y y ə . Mən Q u r b a na getməyə razı… (Ağlayır.)

H ə m z ə. Sonra? De görüm, tez bağrım çatladı.

S ə r i y y ə . Bəli, razı deyiləm!

H ə m z ə. Razı deyilsən? (Qızı vurur. Qız yıxılır və durub o biri otağa gedir.) Mən səni bu saat razı edərəm. (Q u r b a n daxil olur. Məhərrəm bunları o biri otağa qoymur.) Bax bir belə kişi, o bir nəfər! O da bizim ilə inad yeritsə, onda gərək bizə papaq haram olsun.

M ə h ə r r ə m. Canım, güc ilə iş aşmaz. Bir toyuğu güc ilə tutmaq olmaz

H ə m z ə. Elə tutaram ki, özü də afərin deyər. Biz nikah eləyərik, iş düzələr, düzəlməz, necə bayaq dedim, doğrarıq və aparıb tullarıq. Heç kəs də onun burda olduğunu bilmir.

M ə h ə r r ə m. Bəs Rüstəm? Ona nə cavab verəcəksiniz? Bir aydan bəri həştad dəfə gəlib, içəri qoymayıbsınız.

H ə m z ə. Əgər mümkün olar, onu da adaxlısı kimi edərik.

M ə h ə r r ə m. Məgər Allahdan qorxmursunuz?

H ə m z ə. Yoх? Ya gərək onu öldürəm, ya da razı eləyəm. Artıq söz lazım deyil, vəssalam. İndi durun, gedək bir qədər paltar alaq, sonra gəlib gedək Axundun yanına. (Səfərə.) Sən burda dayan, heç kəsi bura qoyma. Burdakı qızı da bir yana qoyma getsin… Əgər bu qız qaçsa, eləcə gəlib lap atana od vuraram.

S ə f ə r . Baş üstə, ağa, heç kəsi qoymaram. Hamısı gedir, Məhərrəmdən başqa.

M ə h ə r r ə m (fikirdən sonra). Ah! Cəhalət! Cəhalət! Səndən daha nələr gözləmək olmaz! Əcəba, dünya üzündə bircə müsəlmanlardan ötrü yaranmışdın? Zalım! Napak! Bunlar hamı sənin təsirindir ki, insaf, mürüvvət, vicdan, hamısı unudulmuş!!! Bunlar hamı sənin təsirindir ki, ədl, ədalət, Quran, kitab, şəriət, hamısı yaddan çıxmış!!! Bunlar hamısı sənin təsirindir ki, Allah, peyğəmbər, imam, din, məzhəb, hamısı bir kənara atılmış!!! Ah, biçarə müsəlmanlar! Cəhalətin pəncəyibiəmanində, səfalətin qəhri-nəhanində puç olub gedirsiniz! Haradasınız, ey vicdaniyyət, ey həqqaniyyət ki, bu qədər zülmlərə qarşı bir çarə axtarmırsınız? Haradasınız, ey ədalət ki, bir nəfər zalımı muradına yetirmək üçün iki nəfər illərcə zəhmət çəkmiş, millətin gələcək çiçəklərini həyatından mərhum etmək istəyirlər. (Gedir, yavaş-yavaş dayanır qapının ağzında.)

S ə r i y y ə . Ah, öldüm! Allah!!! (O biri otaqdan zarıldayır.)

M ə h ə r r ə m. Ya rəb! Eşitgilən bu yetimin nəvasını. Gör millətin fələklərə çıxmış sədasını. Puç oldu cəhl ilə zərü zibası millətin, Ey vah!!! Puç olaydı binası cəhalətin.

Pərdə