Məzmuna keç

Vəqta ki, qopur bir evdə matəm

Vikimənbə saytından
Vəqta ki, qopur bir evdə matəm
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

Vəqta ki, qopur bir evdə matəm,

Təşkil edilir büsati-ehsan,

Mə’lumlər əyləşir müəmməm,

Təfrih ilə əllərində qəlyan,

Ev sahibinin xəyalı bərhəm,

Əfkarı qonaqların fisincan,

Bişdikcə qazan-qazan mütəncəm,

Gəldikcə tabaq-tabaq badımcan –

Yad et məni, yaglı-yaglı yad et!

Vəqta ki, əsas olur mürəttəb

Məcmuəyi-nazü ne’mət ilə,

Sərsüfrədə səf çəkir müəddəb

Eyzən nücəba mətanət ilə,

Dərvazədə əhli-fəqr: "Ya rəb!

Ya rəb!.." çağırır zəlalət ilə;

Sərsüfrədə dadlı-dadlı şərbət,

Içdikcə qonaqlar əldə fincan,

Dərvazədə həsrətü nədamət,

Olduqca nəsibi-müstəməndan –

Yad et məni, qəmli-qəmli yad et!

Vəqta gətirir bir əhli-sərvət

Minheysi-zəkat bir qədər pul;

Səyfül-üləma edib icabət,

Övradə olur və leyk məşğul;

Yə’ni ki, müqəddəsəm həqiqət (?)

Mən fazili-əsr, xəlq məfzul.

Məbləğ tökülüb hüzurə lay-lay,

Olduqda həvaleyi-cibişdan,

Həqqül-füqərayə şeyx: "Oxqay,

Bəllə’tü" deyib udanda pünhan

Yad et məni, gizli-gizli yad et!..