Vah!.. bu imiş dərsi-üsuli-cədid?!
Vah!.. bu imiş dərsi-üsuli-cədid?! Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 81. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Vah!.. bu imiş dərsi-üsuli-cədid?!
Yox…x! Yo…x! oğul, məktəbi-üsyandı bu!
Molla deyil bundakı tə’lim edən!
Əlhəzər et, bir yeni şeytandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..
Gör necə alt-üst eləyib şeyləri,
Döndərib "a-ba"yə "əlif-bey"ləri,
Bid’ətə bax, "ya" oxudur "yey"ləri,
Sanki hürufat ilə düşmandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..
Diqqət edib baxsan əgər dərsinə –
Hər sözü tə’lim eləyir tərsinə;
Dəyməz о bir paslı dəmir ərsinə –
Min də desə dürci-zərəfşandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..
Verdiyi dərsi uşağa yazdırır,
Hüccə demir, hər əməlin azdırır,
Gah oxudur, gah çıxarıb gəzdirir,
Bir demir övladi-müsəlmandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..
Bir də görürsən ki, olub heyvərə –
Əlli uşaq banladı birdən-birə,
Dərs demə, gülməli bir məsxərə!
Molla demə, məsxərəcünbandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..
Düz yeri bir yupyumuru şey qanır,
Həm də deyir sutkada bir fırlanır,
Ay dolanır, göy dayanır, gün yanır,
Kafirə bax, gör nə bədimandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..