Məzmuna keç

Vaqifin Vidadiyə cavabı

Vikimənbə saytından
Təzkireyi-Nəvvab
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Ey Vidadi, yenə xan qulluğunda,

Qaim olub, nə qiyamət eylərsən?

Yaman gözdən Allah özü saxlasın,

İxlas ilə, kişi, xidmət eylərsən.


Bizim hərəmlərdir Quran oxuyan,

Üstündən, başından ənbər qoxuyan,

Olar deyil ölkən,* çatı toxuyan,

Kimin işin kimə nisbət eylərsən?


Belə dursan o qapıda qışü yaz,

Yetişərsən bir çörəyə sərəfraz,

Doğru budur, bundan əyilsən bir az,

Yəqin bil ki, çox xəyanət eylərsən.


Sizdə ki, bir övrət qurar bir palaz,

Boşalıb olanda ərişi nasaz,

Çağırıb çaxdırır hər yerinə paz,

Bunu ona bir mərifət eylərsən.


Xoş halına sənin, uzun dırnaqlı,

Baldırı çirməkli, yalın ayaqlı,

Yorğanı, yastığı tozlu-torpaqlı,

Həmdəm ilə hər dəm söhbət eylərsən.


Bumun silə-silə qatığı çalar,

Axşamadək eyməsini it yalar,

Altına yıxılcağ çır-çır çığırar,

Eşqin yatar, qət’i-şəhvət eylərsən.


Bit öldürüb, gedər xəmir yoğurur,

Mamaçılıq eylər, uşaq doğurur,

Söz xəbər alanda bar-bar bağırır,

Qulaqların batar, heybət eylərsən.


Axşam-sabah durar əlində çatı,

Buzov bağlar, gəlib tumarlar atı,

Palçığa bulanar suru-sufatı,

Öylə zada sən də ülfət eylərsən.


Əllərin, yüzlərin yuduqları yox,

Yaşlarında doğru dedikləri yox,

Hazır çobandırlar, düdükləri yox,

Onlar ilə hər dəm söhbət eylərsən.


Belə olur tərakəmə oymağı,

Övrət bilməz kişisindən doymağı,

Özgəyə yedirir yağı, qavmağı,

Qatığına sən qinaət eylərsən.


Günün qulağı ta oradan batar,

Mitilin bürünüb çaşta tək yatar,

Ev zadını tamam özgəyə satar,

Əgər yanın bir dəm xəlvət eylərsən.